Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-755/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İslam qızının cavabdeh Cavabdeh Abilsayad qızına qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı İddiaçı İslam qızının cavabdeh Cavabdeh Abilsayad qızına qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı İslam qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiadan və iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı İslam qızı cavabdeh Cavabdeh Abilsayad qızına qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulduğunu bildirdiyi maddi zərərə görə 700 manat, mənəvi zərərə görə isə 200 manat olmaqla, ümumilikdə 900 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı İddiaçı İslam qızı cavabdeh Cavabdeh Abilsayad qızına qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 700 manat, mənəvi ziyanla bağlı 200 manat olmaqla, cəmi 900 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 3.Məhkəmə iclasında iddiaçı İddiaçı İslam qızı izahatında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, o, yaxın qohumun xeyir işinə getmişdi. Cavabdeh Cavabdeh onu uşağının ad gününə dəvət etdi. Lakin o, cavadehin uşağının ad gününə getmək istəmirdi. Qeyd olunmalıdır ki, cavabdeh ona zəng edib dönə-dönə çağırdı. Əl çəkmədi gəl onun uşağının ad gününə narahat olma bu xeyr iş elədi ki, bu gün bizdədir səhər sizdə heçkəsin hörməti yerdə qoyulmur, nə eləsən o, artıqlamasıyla qaytaracaq, çox üz vurandan sonra ad gününə getməyi qərara aldı. Qızıyla gedib geyim əşyaları, şirniyat və 3 qram qızıl üzük aldı, qızı isə 1 qram qızıl klon aldı və getdilər cavabdehin nəvəsinin ad gününə. Bu işin üstündən 1,2-il keçdikdən sonra o, nəvəsinə ad günü keçirdi, cavabdehi ad gününə dəvət etdi, gəlmədi və ona bildirdi ki, indi gələ bilmir. Gələn xeyir işlərində gələcək, yenə də xeyir iş elədi çağırdı gəlmədi. Həmçinin cavabdehin qızının toyuna getdi 50 manat pul yazdırdı. 2025-ci ilin sentyabr ayında nəvəsinə toy elədi, cavabdehi yenə dəvət etdi yenə gəlmədi. Cavabdehi 3- 4 dəfə xeyir işlərinə dəvət etdi gəlmədi. O, cavabdehə zəng edib bildirdi ki, sənin vaxtın yoxdursa gələ bilmirsənsə xahiş edir onun aldığı qızılları qaytar. O, qızılları istədiyinə görə başladı söyüşlə onu təhqir etməyə. Ona hədə qorxu gəlir. Onda olan məlumata görə cavabdehə dövlət tərəfindən 50 hektar torpaq sahəsi verilib Xırdalanda, Məmmədili kəndinəd ev verilib. 11500 manat şəhid pul verilib. Məhəmmədi kəndindəki evi , marketləri, sexləri var hamısını verib icarəyə. İcarədən bir aya 2000 manatdan cox pul qazanır. Məhkəmənin nəzərinə çatdırır ki, onun imkanı yoxdur məlum hadisələrlə bağlı qaçqın düşmüşlər. II qrup əlilldir, şəkər xəstəsidir, onun nəyi var heç özünə dərman almağa pul tapmır. Odur ki, o, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. 4.Cavabdeh Cavabdeh Abilsayad qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. 5.Belə ki, iddiaçı ərizəsində cavabdeh Cavabdeh nəvəsinin ad gününə qızıl aldığını, lakin onun xeyir işində cavabdehin gəlmədiyini və hədiyyə (yaxud pul) vermədiyini bildirmişdir. Lakin iddiaçı cavabdehin nəvəsinə ad günündə qızıl hədiyyə etdiyini, daha sonra cavabdehin bu hədiyyənin əvəzini qaytarmalı olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı fləşkartda olan səsyazmalar olduğunu bildirsə də, iddianın təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. 6.Həmçinin məhkəmə qeyd edir ki , iddiaçı tələbində 200 manat mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etsə də qeyd edilənlərin cavabdehdən tutulmasını xahiş etsə də qeyd edilənləri tədiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi bu hissədə də təmin edilməməlidir. 7.Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Habil Əhmədov). 8.Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2008-ci il tarixli * nömrəli Qərarına, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” işi üzrə ##.##.2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” işi üzrə ##.##.2008-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri 9.İddiaçı İddiaçı İslam qızı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh onu uşağının ad gününə dəvət etdi. Lakin o cavadehin uşağının ad gününə getmək istəmirdi. Qeyd olunmalıdır ki, cavabdeh ona zəng edib dönə-dönə çağırdı. Əl çəkmədi gəl mənim uşağımın ad gününə narahat olma bu xeyr iş elədi ki, bu gün bizdədir səhər sizdə heçkəsin hörməti yerdə qoyulmur, nə eləsən mən artıqlamasıyla qaytaracam, çox üz vurandan sonra ad gününə getməyi qərara aldı. Qızı ilə birlikdə geyim əşyaları, şirniyat və 3 qram qızıl üzük, qızı isə 1 qram qızıl klon aldılar və getdilər cavabdehin nəvəsinin ad gününə. Nəzərinizə çatdırır ki, bu işin üstündən 1,2-il keçdikdən sonra o nəvəsinə ad günü keçirdi cavabdehı ad gününə dəvət etdi gəlmədi və ona bildirdi ki, indi gələ bilmirəm. Gələn xeyir işlərində gələcəm, yenə də xeyir iş elədi çağırdı gəlmədi. Həmçinin cavabdehin qızının toyuna getdi 50 manat pul yazdırıdı. 2025-ci ilin sentyabr ayında nəvəsinə toy elədilər cavabdehi yenə dəvət etdi yenə gəlmədi. Cavabdehi 3-4 dəfə xeyir işlərinə dəvət etdi gəlmədi. O cavabdehə zəng edib bildirdi ki, sənin vaxtın yoxdursa gələ bilmirsənsə xahiş edirəm mənim aldığım qızılları qaytar. O qızılları istədiyinə görə başladı söyüşlə onu təhqir etməyə. Ona hədə qorxu gəlir və ona deyir ki, nə badə mənim qarşıma çıxasan səni məhf edərəm, qardaşı vasitəsi ilə ona mesaj göndərib üstünə şər böhtan atır deyir ki, sən mənim ata-anamın qızıllarını oğurlayıb satıb yemisən və ona deyir ki, onu guya polislər tutub aparıb atıb içəri o türmədə yatıb. Onun oğurladığı qızılları və onu polislər neçə dəfə tutublar cavabdeh ona sübut etsin. Cavabdeh ən ağır ifadə olunması mümkün olmayan sözlərlə onu təhqir edir həyat yoldaşının ünvanına nəlayiq sözlərlər işlədir. Cavabdeh hər cür söyüşlə təhqir edir ağzına gələni deyir ona hədə qorxu gəlir. Cavabdeh Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq cəzalandırılmalıdır. Cavabdeh bildirir ki, hamının mənə borcu var heç kim mənim qabağıma çıxa bilməz. Mən şəhid ailəsiyyəm hamının mənə borcu var. Cavabdehin səs yazıları mövcuddur və onun tərəfindən məhkəməyə təqdim olunacaq. Cavabdeh ona bildirir ki, sən şəhid anası deyilsən, şəhid bacısı deyilsən. Cavabdeh şəhid adından istifadə edərək öz çirkin əməllərini həyata keçiri və hamıya haramçılıq edir. Məhkəmənin nəzərinə çatdırır ki, onun imkanı yoxdur məlum hadisələrlə bağlı qaçqın düşüblər. II qrup əli şəkər xəstəsidir, onun nəyi var heç özünə dərman almağa pul tapmır. Cavabdeh ona vurduğu ziyanın əvəzini qaytarmaq əvəzinə onu söyüb təhqier edib üstünə şər böhtan atır. Məhkəmədən xahiş edir ona şər böhtan atıb onun tutulduğunu və qızıllarını oğurlamasını məhkəmədə sübut etsin və deyir hələ çox şeylər bilir nə bildiyini ona sübut etsin. Qeyd olunanlardan aydın görünür ki, cavabdeh onun səmimiyyətindən istifadə edərək ona məxsus pulları ələ keçirmişdir. Cavabdeh tərəfindən ona 700 (yeddi yüz) manat maddi ziyan vurulmuşdur. Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi cavabdehlərin əməli nəticəsində o maddi zərərə qanunun normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir, qətnaməsi qanuni və əsaslı deyildir. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır, məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Məhkəmə tərəfindən işin faktiki halları obyektiv araşdırılmamışdır. Onun tərəfindən məhkəməyə vəsatət verilmiş və səs yazısının məhkəmə işinə əlavə edilməsi xahiş edilmişdir bu hal iş üçün mühüm əhəmiyyət kəsb etsə də, məhkəmə tərəfindən qiymət verilməmişdir. Ona vurulmuş maddi zərərin cavabdehdən tutulmasının qanuni olması və qanunvericiliyə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıması və digər hallar iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq sübut edilməmişdir. Məhkəmə yalnız qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, göstərilən nəticə işin hallarına uyğun deyildir və səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 11.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları 12.Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 13.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 14.Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 15.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 16.Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. 17.Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 18.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 19.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 20.Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 21.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 22.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 23.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 24.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 25.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 26.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 28.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini tam mübahisələndirdiyindən kollegiya Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 31.İşin faktiki halları kimi müəyyən edilmişdir ki, iddiaçı İddiaçı İslam qızı cavabdeh Cavabdeh Abilsayad qızına qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulduğunu bildirdiyi maddi zərərə görə 700 manat, mənəvi zərərə görə isə 200 manat olmaqla, ümumilikdə 900 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.İddiaçı ona cavabdeh tərəfindən otarılaraq ziyan vurulduğunu iddia etmişdir. 32.Məhkəmə kolllegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı göstərdiyi dəlilləri və istinad etdiyi halların mövcudluğunu və doğruluğunu sübut edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. 34.Belə ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. 35.Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. 36.Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar). 37.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-755/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-755/2026
30.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver