Məhkəmə qərarları › İş №e-2(3-8)-852/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-852/2026

13.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-852/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 may 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları 1.Müştəri Cavabdeh və bank İddiaçı ASC arasında bağlanılmış ##.##.2023-cü il tarixli, *-Y-*- *-****-** saylı istehlak kredit müqaviləsi və ##.##.2023-cü il tarixli, *-Y-*-*-****-** saylı kredit müqaviləsinə * saylı əlavədən görünür ki, müştəri bankdan illik 17.50% faizlə 48 ay müddətinə ödəmək şərti ilə 11000 manat məbləğində kredit götürmüşdür. 2.##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə ##.##.2023cü il tarixli, *-Y-*-*-****-** saylı razılaşma üzrə 8341.44 manat əsas, 1317.87 manat faiz, 18.69 manat cərimə olmaqla, cəmi 9678 manat borcu vardır. 3.##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu və poçt qəbzindən görünür ki, Cavabdeh borcunu 5 gün müddətində İddiaçı ASC-yə ödəməsi tələb olunmuş, borcun könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək, daşınar və daşınmaz əmlaklarınıza yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün iliik 5 %- lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacacağı barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8341.44 manat əsas, 1317.87 manat faiz, 18.69 manat cərimə olmaqla, ümumilikdə 9678 manat borcun və 116.78 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 17.50 % faizlə 48 ay müddətinə 11000 manat məbləğində kredit götürmüş, lakin müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticədə ##.##.2025-ci il tarixədək cavabdehin iddiaçıya ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8341.44 manat əsas, 1317.87 manat faiz, 18.69 manat cərimə olmaqla, ümumilikdə 9678 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 04 may 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 8341.44 manat əsas, 1317.87 manat faiz, 18.69 manat cərimə olmaqla, cəmi 9678 manat borc və 116.78 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 462.1, 465.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 04 may 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız iddiaçı bankın təqdim etdiyi maliyyə arayışına istinad etmiş, hesablanmış borcun, faizlərin və cərimənin düzgünlüyünü hərtərəfli araşdırmamışdır. Kredit üzrə edilmiş ödənişlərin, hesablanmış faizlərin qanuniliyi və borcun real məbləği məhkəmə tərəfindən yoxlanılmamışdır. Məhkəmə tərəfindən işə baxılarkən prosessual hüquqları tam təmin edilməmiş, işin faktiki halları hərtərəfli və obyektiv araşdırılmamışdır. Belə ki, məhkəmə qətnaməsində onun məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyiNi qeyd etsə də, faktiki olaraq məhkəmə iclasında iştirak edə bilməmiş və iddia tələbinə münasibətimi bildirmək imkanı olmamışdır. Nəticədə çəkişmə və tərəflərin bərabərliyi prinsipləri tam təmin edilmədən işə baxılmışdır.

Apellyasiya şikayətinə etiraz

11. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

İşdə iştirak edən şəxslərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətini vaxt qazanmaq üçün vermişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq idddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, İş materiallarından görünür ki, tərəflər arasında ##.##.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 11.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirməmiş və nəticədə onun iddiaçı qarşısında 8.341,44 manat əsas borc, 1.317,87 manat faiz və 18,69 manat cərimə olmaqla, ümumilikdə 9.678 manat borcu yaranmışdır.

18. Cavabdeh apellyasiya şikayətində borcun, faizlərin və cərimənin düzgün hesablanmadığını bildirsə də, qeyd olunan dəlilləri təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, cavabdehin məhkəmə kollügiyasının iclasında apellyasiya şikayətini vaxt qazanmaq məqsədilə verdiyini bildirmişdir ki, bu da şikayətin formal dəlillərdən barət olduğunu sübut edir.

19. Cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirak edə bilməməsi və bununla da prosessual hüquqlarının pozulması barədə dəlili də əsaslı hesab edilə bilməz. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə SMS bildiriş onun kredit müqaviləsində özünün göstərdiyi mobil telefon nömrəsinə göndərilmişdir. SMS bildirişin cavabdehə çatmaması məhkəmə tərəfindən yol verilmiş prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh müqavilədə göstərdiyi əlaqə nömrəsi dəyişdiyi halda bu barədə məlumat verməli idi.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 04 may 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar