Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-860/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, cavabdeh cavabdeh1 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2.537,31 (iki min beş yüz otuz yeddi dollar, 31 sent) ABŞ dolları-bundan 548,47 (beş yüz qırx səkkiz dollar, 47 sent) ABŞ dolları əsas, 248,46 (iki yüz qırx səkkiz dollar, 46 sent ) ABŞ dolları faiz, 1.658,14 (bir min altı yüz əlli səkkiz dollar, 14 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 82,24 (səksən iki dollar, 24 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 63,14 (altmış üç manat, 14 qəpik) manat dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ********* nömrəli, ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Şəxsi istehlak məqsədi” ilə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 6.370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh1 kredit verilərkən cavabdeh2 ilə Bank arasında ZM-********* nömrəli, ##.##.2015-ci il Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 6.103,83 (altı min yüz üç dollar, 83 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə cavabdeh cavabdeh1 kredit üzrə cəmi borcu 2.537,31 (iki min beş yüz otuz yeddi dollar, 31 sent) ABŞ dolları təşkil edir. Bundan 548,47 (beş yüz qırx səkkiz dollar, 47 sent) ABŞ dolları əsas, 248,46 (iki yüz qırx səkkiz dollar, 46 sent ) ABŞ dolları faiz, 1.658,14 (bir min altı yüz əlli səkkiz dollar, 14 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 82,24 (səksən iki dollar, 24 sent) ABŞ dolları faiz borcu təşkil edir.
3. Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə e-*(***)-***/**** saylı mülki işin iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
5. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh1 170.33 (yüz yetmiş ABŞ dolları otuz üç sent) ABŞ dolları əsas, 98.96 (doxsan səkkiz ABŞ dolları doxsan altı sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 24.01 (iyirmi dörd ABŞ dolları bir sent) ABŞ dolları faiz borcu, cəmi 343.3 (üç yüz qırx üç ABŞ dolları, otuz sent) ABŞ dollarının qətnamə icra olunan günə (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi, cavabdeh cavabdeh1 məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin cavabdeh cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə digər cavabdeh cavabdeh2 zaminliyinə artıq xitam verilmiş hesab olunmalıdır. Çünki iş materialları ilə müəyyən olunur ki, cavabdeh cavabdeh2 zamin olduğu müqavilə öhdəliyinin icra müddəti ##.##.2022-ci il tarixədək müəyyən olunmuşdur. İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə, yəni zaminliklə təmin olunmuş öhdəliyin icrası müddəti bitəndən 2 il sonra müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh2 münasibətdə zaminliyinə artıq xitam verilmiş hesab olunmalı, cavabdeh2 qarşı iddia tələbi rədd edilməlidir. Cavabdeh cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. İş üzrə keçirilmiş ekspertiza zamanı verilmiş rəydə ##.##.2022-c il (müqavilə müddəti tarixinə) borcu 269.29 ABŞ dolları, əsas borc üzrə 170.33 ABŞ dolları, faiz borcu üzrə 98.96 ABŞ dolları ##.##.2022ci il (müqavilə müddətinə tarixinə) borcu 293.3 ABŞ dolları, əsas borc üzrə 170.33 ABŞ dolları, faiz borcu üzrə 98.96 ABŞ dolları, illik 5 faiz hesablanmaqla faiz borcu 24.01 ABŞ dolları müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın 1658.14 (min altı yüz əlli səkkiz ABŞ dolları on dörd sent) ABŞ dolları məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdeh cavabdeh1 cəmi 50 (əlli) dolları məbləğində cərimə tutulmalıdır.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 331.1, 385.1, 389.1, 427.3, 442, 443.1, 445, 448.1, 448.2, 470.1, 472.1, 739.1, 739.2, 740, 462.1, 465.1, 467, 477.0-ci maddələrinə istinad edərək istinad edərək iddianı təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
8. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qismən – mübahisələndirilən hissələrdə (əsas, faiz, illik 5% və cərimə) ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankın cavabdehlərdən faiz borcu üzrə 248,46 ABŞ dolları pulun tutulmasına dair iddia tələbi Bank ilə cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələblərinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 24% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Göründüyü kimi, cərimə borcunun məbləği və ödənilməsi qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunmuşdur. Məhkəmə isə cərimə məbləğini qismən, yəni 50 ABŞ dolları məbləğində müəyyən etməklə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, birinci instansiya məhkəməsi tələb olunan 1.658,14 ABŞ dolları məbləğində cəriməni əsassız olaraq azaltmaqla 467-ci maddədə göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafelərini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi əsas, faiz, illik 5% borclarını azaldarkən ekspert rəyinə istinad etmiş, lakin birinci instansiya məhkəməsi özünün bu istinadını əsaslandırmamışdır. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarışlar və maliyyə arayışı mövcuddur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər, həmin ödənişlərin edildiyi tarixlər və açıqlamaları qeyd edilmişdir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyini bu cür əsaslandırmadan, sadəcə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olur. Beləliklə də, məhkəmə həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədəmüvafiq hesab etməmiş, nəticədə Bankın maraqlarına toxunaraq əsassız qətnamə qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, Bank peşəkarlıq qaydasında kreditlər verilməsi ilə məşğul olan subyektdir və bu səbəbdən də Bankların hər bir sahə üzrə əməkdaşları xüsusi ixtisaslaşmış şəxslərdir. İddiaçı Bankın əməkdaşları da iddia ərizəsini tərtib edərkən dəfələrlə dəqiq hesablanmış maliyyə göstəricilərinə əsaslanmışlar. Göründüyü kimi birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub obyektivliyi və düzgünlüyü ciddi şübhələr doğuran ekspert rəyini hüquqi qüvvəsinə görə digər sübutlardan üstün tutmaqla, gəldiyi nəticədə tək ekspert rəyinə əsaslanmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddalarına da riayət etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 10 Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, kredit alarkən ABŞ dolları ilə kredit verildiyini bilməmişdir. Apellyasiya şikayətini əsassız hesab edir və təmin edilməməsini xahiş edir.
12. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ərizə ilə müracitə edilərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq cavabdeh və cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
14. İddiaçı İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ********* saylı ##.##.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, ********* saylı ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir..
15. *********/ZM saylı ##.##.2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, cavabdeh2 ********* saylı ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşlar.
16. ********* saylı ##.##.2015-ci il tarixli kredit müqaviləsinə ## #### 2017-ci il tarixdə ** saylı əlavə sazişin surətindən görünür ki, ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın banka 4470.33 (dörd min dörd yüz yetiş ABŞ dolları otuz üç sent) ABŞ dolları ümumi borcu vardır. Kreditin müddəti 60 ay təyin olunmuşdur.
17. *********/ZM saylı ##.##.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, cavabdeh2 ********* saylı ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə ## #### 2017-ci il tarixli əlavə sazişə dair cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur.
18. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş ## ### 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh cavabdeh1 ********* saylı ##.##.****-ci saylı kredit müqaviləsi üzrə ## ### 2025-ci il tarixə borcalanın banka 548,47 (beş yüz qırx səkkiz dollar, 47 sent) ABŞ dolları əsas, 248,46 (iki yüz qırx səkkiz dollar, 46 sent ) ABŞ dolları faiz, 1.658,14 (bir min altı yüz əlli səkkiz dollar, 14 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 82,24 (səksən iki dollar, 24 sent) ABŞ dolları faiz borcu, cəmi borcu 2.537,31 (iki min beş yüz otuz yeddi dollar, 31 sent) ABŞ dolları borcu mövcuddur.
19. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən borcalan cavabdeh1 və zamin cavabdeh2 borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir.
20. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2026-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, ********* saylı ##.##.2015-ci il tarixli kredit müqaviləsin üzrə cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ##.##.2022-c il (müqavilə müddəti tarixinə) borcu 269.29 ABŞ dolları, əsas borc üzrə 170.33 ABŞ dolları, faiz borcu üzrə 98.96 ABŞ dolları, ##.##.2022-ci il (müqavilə müddətinə tarixinə) borcu 293.3 ABŞ dolları, əsas borc üzrə 170.33 ABŞ dolları, faiz borcu üzrə 98.96 ABŞ dolları, illik 5 faiz hesablanmaqla faiz borcu 24.01 ABŞ dolları təşkil edir. ## ###### 2026-ci il tarixli */**** saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
22. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdeh cavabdeh1 tutulan pul məbləği hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tələb olunan borc məbləğinin əsaslılığının yoxlanılması üçün ekspertiza təyin etmiş və əldə edilmiş ekspert rəyi ilə cavabdehin banka olan əsas və faizi borcu müəyyən edilmiş, ekspert rəyinə müvafiq olaraq da iddianı qismən təmin etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşsa da şübhələrinin konkret olaraq nədən ibarət olmasını, yəni hesablamanın hansı hissədə düzgün aparılmamasını və sair halları göstərməmişdir. Buna görə də məhkəmə kollegiyası iş üzrə əldə edilmiş ekspert rəyini mötəbər hesab etmişdir.
26. Bundan başqa birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsin tətbiq etməklə tələb olunan 1658.14 ABŞ dolları məbləğində cərimə məbləğini azaldılaraq, cavabdeh cavabdeh1 cəmi 50 (əlli) dolları məbləğində cərimə tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, qanunvericiliyə əsasən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda kreditor dəbbə pulu tələb etməkdə haqlıdır. Müqavilə üzrə tələb olunan 548,47 ABŞ dollarına görə 1658,14 ABŞ dolları cərimə borcu tələb edilməsi tənasübsüz surətdə yüksək olmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, birinci instnasiya məhkəməsi cavabdehdən 170.33 ABŞ dolları əsas borc məbləğini tutmuşdur ki, 50 ABŞ dolları cərimə məbləği də əsas borc məbləğinə münasibətdə mütənasib olmuşdur.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.