Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-898/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İlqar oğluna qarşı mülki iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 İlqar oğlunun iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İlqar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyana görə cavabdehlər cavabdeh2 və cavabdeh1 İlqar oğlundan müştərək qaydada 15000 manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 135 manat pul vəsaiti olmaqla, cəmi 15135 manatın tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixində Cəlilabad rayonu, Bərdəli kəndində qeydiyyatda olan iş yoldaşının oğlu cavabdeh2 və Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatda olan cavabdeh1 İlqar oğlu əlbir olaraq etibarından sui-stifadə edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X3, 6-cı küçəsi 126, 2-ci Döngə ünvanında yerləşən fərdi yaşayış evini ona çox baha qiymətə, yəni 72000 (yetmiş iki min) manat məbləğində satıblar. Halbuki, sonradan əmlakçılardan öyrənmişdir ki, sözügedən fərdi yaşayış evinin halhazırdakı bazar qiyməti, maksimum 50000 (əlli min) manat civarında təşkil edir. Qeyd edir ki, həmin ev yüksək elektrik gərginliyinin mühafizə zonasının ərazisində yerləşir. Bu problemli vəziyyəti həmin zaman əmlak sahibi cavabdeh cavabdeh1 soruşmuş, lakin o, naqillərin yaxın zamanlarda söküləyəcəyini bildirmişdir. O, hal-hazırda Xəzər dənizində yerləşən 28 May NQÇİ QƏYTS qazma qurğusunun maşinisti vəzifəsində işləyir. İş yoldaşı Rauf Əsədov, oğlunun Abşeron rayonun, Xırdalan şəhərində kirayədə qalması üçün ev axtardığını bildirərək, ona məsləhət etdi ki, imkan edib Abşeron rayonu, Xırdalan şəhərində ev alsın və onun oğlu cavabdeh2 yaşamağa yeri olmadığına görə alacağı evdə kirayədə yaşasın. Bu niyyətlə onlar qərara gəldilər ki, dənizdə olduqları üçün iş yoldaşı Rauf Əsədovun oğlu cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhərində satışda olan evlərə baxsın. Bundan sonra cavabdeh cavabdeh2 yuxarıda sözügedən və guya yaxşı vəziyyətdə olan və buna görə 72000 (yetmiş iki min) manat dəyərində satıldığını ona bildirmişdir. Sonra onun həmin evə dənizdən sahilə gələrək baxmağını təklif etmişdir. Bundan sonra, o, dənizdən sahilə qayıdandan sonra sözügedən həmin fərdi yaşayış sahəsinə tez-tələsik baxa bilmiş, hətta cavabdehlərlə notariusa getmiş, lakin evdə kimlərinsə qeydiyyatda olması faktı üzə çıxmış və bu səbəbdən alqı-satqı baş tutmamışdır. Evdə kimlərinsə qeydiyyata olmasını əmlak sahibi cavabdeh cavabdeh1 necə bilməyə bilərdi? Onu da qeyd etmək istəyir ki, cavabdeh cavabdeh2 evi bəyəndiyini və orada kirədə qalmaq niyyətində olduğunu ona çox təkidlə bildirmişdir. Hətta cavabdeh cavabdeh2 “işini” bitirdikdən sonra guya Qarabağda işləməyə getməsi səbəbindən həmin evdə kirayə qalmaqdan imtina etmişdir. Əslində o, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhərində yerləşən təmir sexində usta yanında köməkçi işləyir. Beləliklə, həmin günün səhəri işə qayıtmalı olması səbəbindən yarımçıq qalan işlərini davam etdirməyi məcbur qalaraq notariat qaydada etibar etdiyi cavabdeh2 həvalə etmişdir. Bu səbəbdən almalı olacağı həmin fərdi yaşayış sahəsini və sahibi cavabdeh1 yaxşı görüb tanış ola bilməmişdir. Bu vəziyyətindən suiistifadə edən cavabdeh cavabdeh2 dərhal fərdi yaşayış sahəsinə ödənilməli olan 72000 (yetmiş iki min) manat pul vəsaitinin 60000 (altmış min) manatını notariat qaydada və qalan 12000 (on iki min) manat hissəsini isə mobil telefon vasitəsilə çəkiliş edərək nağd olaraq əmlakın sahibi cavabdeh cavabdeh1 ondan alaraq vermişdir. Halbuki, o, bu əməli ilə də özündə şübhə doğurmuşdur. Bundan sonra həmin fərdi yaşayış sahəsinin, əmlakçılardan baha aldığını aşkara çıxartmış və bu barədə cavabdeh cavabdeh2 onu aldadaraq çox baha qiymətə satdıqları barədə etirazını bildirdikdən sonra, o, ondan yayınmağa çalışmışdır. Bundan başqa əmlakın sahibi cavabdeh Əlövsət Şəhvələdovun mobil nömrəsini ondan istədiyi zaman, o, ona əmlak sahibinin mobil nömrəsini bildiyi təqdirdə bilə-bilə verməyərək, əmlakın sahibi cavabdeh Əlövsət Şəhvələdovu ondan gizlətməyi bacarmışdır. Daha da önəmlisi, güclü yağışlar yağan zaman sözügedən yaşayış sahəsinin qarşısından keçən kanalizasiya xəttindən ev aşağı səviyyədə olduğu üçün (bu vəziyyət ona sonra məlum olmuşdur) çirkab suları daşaraq evin içinə kimi daxil olub, evin döşəməsini basmışdır. O, bir neçə dəfə öz vəsaiti hesabına evin döşəməsini və divarlarını təmir etmək məcburiyyətində qalmışdır. Təmirə təqribən 5000 (beş min) manatdan yuxarı pul vəsaiti xərcləmişdir. Evə lazım olan materialları Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Daş bazarı” adlanan tikinti materiallarının satışı dükanından Mahir adlı qonşusu ilə birlikdə gedib almışdır. Nəticədə, ona ciddi maddi zərər dəyimişdir. Hal-hazırda evin təmiri üçün 10000 (on min) manat pul vəsaiti lazımdır. Bu faktın təsdiqi üçün məhkəmə baxışı zamanı müvafiq ekspertiza rəyinin alınması lazım olacağını guman edir. Aldandığını hesab etməsi səbəbindən, ##.##.2025-ci il tarixində Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Nəticədə, Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində barəsində olan araşdırma səthi aparılmış və həmin idarənin Təhqiqat Şöbəsinin təhqiqatçı Cəfər Nəzərov tərəfindən, şikayətinin mülki-hüquqi xarakter daşıdığı vurğulanaraq, ##.##.2025-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Hesab edir ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 İlqar oğlununbu qanunsuz əməlləri, onun konstitusyon hüquqlarını pozmuşdur.
3. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 İlqar oğlu əlbir olaraq ona Abşeron rayonu, Xırdalan şəhəri, X3, Məhsəti ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini baha qiymətə, yəni 72000 manata satdıqları üçün onlara artıq ödədiyi 15000 manat pul vəsaitini və ödədiyi 135 manat dövlət rüsumu, ümumilikdə 15135 manat pul vəsaitini cavabdehlərdən müştərək qaydada tutularaq, ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 İlqar oğluna bazar qiymətindən artıq ödədiyi məbləğdən, yəni 15000 manat pul vəsaitinin müştərək qaydada ona geri qaytarılması öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh cavabdeh1 İlqar oğlu tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, o, evi iddiaçıya satan zaman kifayət qədər vaxtı var idi ki, iddiaçı evə baxsın və qərar versin. Belə də etdi, evə özü gəlib baxdı və bəyəndi. Hətta evi öz adına rəsmiləşdirənə qədər də kifayət qədər vaxt var idi. Həmçinin, evdə başqa şəxslər də pasport qeydiyyatında var idi. Onları özü Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə evin qeydiyyatından çıxartmışdır. Məntiqlə o, iddiaçını aldadıb tez-tələsik evi ona sata bilməzdi. O, satdığı həmin evdə əsaslı təmir işləri aparmışdır. Həyətini daş döşəməsi, evin bütün pəncərələrini, qapılarını və evin içərisini dəyişərək tam yaşayışa uyğun vəziyyətə salmışdır. Həyətdə müşahidə kamerası, kombi istilik sistemi və kondisioner belə quraşdırmışdır. Bu azmış kimi evdə olan əşyaları belə ona saxlayıb. Evdən götürdüyü yalnız uşağın yatağı, soyuducunu, televizoru və paltaryuyan oldu. Halallıq olsun deyə ev əşyalarının qiymətini belə qaldırmamışdır. Evini satıb başqa bir yerdən ev almağa məcbur idi. Çünki ailəsi böyüyürdü və evi genişləndirmək vacib idi. İddiaçı İddiaçı iddia ərizəsində qonşuların iştirakı ilə tərtib edilmiş aktı da əlavə edib. Əgər həmin evi su basıbsa, deməli qonşuların da evləri zərər çəkib. Əgər bu belədirsə, onda iddiaçı və qonşuları Fövqəladə Hallar Nazirliyinə və yerli bələdiyyə orqanlarına müraciət etməli idilər. Dəymiş ziyan müvafiq cavabdeh təşkilatlar tərəfindən ödənilisin. Notariusda alqı-satqı müqaviləsi bağlanın zaman ev sığortalanmışdır. Belə hesab edir ki, əgər həqiqətən də onun evinə su basma nəticəsində ziyan dəymişdirsə, evə dəymiş ziyanı evi sığortalayan və cavabdeh təşkilatlar ödəməlidir.
6. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Qürur Abasov) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh1 İlqar oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv və ya etibarsız hesab edilməmişdir, qüvvədədir. Belə olan halda, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi qüvvədə olduğundan həmin müqavilənin şərtləri tərəflər üçün məcburi hesab edilir. Müqavilənin ləğv edilməsi və ya etibarsız hesab edilməsinə dair iddia tələbi irəli sürülmədən alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulun bir hissəsinin geri qaytarılması barədə iddia tələbi təmin edilə bilməz. İddiaçı İddiaçı “müqavilənin etibarsız hesab edilərək çıxarışın ləğv edilməsi və pulun qaytarılması tələbinə” dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddia ərizəsi ərazi aidiyyatı qaydalarına riayət edilməməsi əsası ilə geri qaytarılmışdır. Buna baxmayaraq, iddiaçı İddiaçı Şamaxı Rayon Məhkəməsinə eyni iddia tələbi ilə deyil, yalnız pulun qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.5, 394, 398.1, 398.2, 399.1, 405.1, 407.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixində iş yoldaşının oğlu cavabdeh2 və evin sahibi cavabdeh1 İlqar oğlu qabaqcadan əlbir olaraq və etibarından sui-istifadə edərək Abşeron rayonu, Xırdalan şəhəri, X3, 6-cı küçə, ev 126, 2-ci döngə ünvanındakı fərdi yaşayış evini ona dəyərindən çox baha-72 000 manata satmışdırlar. Sonradan əmlakçılardan öyrənib ki, həmin evin real bazar qiyməti maksimum 50000 manat civarındadır və üstəlik, ev yüksək elektrik gərginliyinin mühafizə zonasında yerləşir. Əmlak sahibi cavabdeh1 bu problemli vəziyyətlə bağlı ona naqillərin yaxın zamanlarda söküləcəyini bildirsə də bu məlumat yalan çıxmışdır. Xəzər dənizində yerləşən "28 May" NQCİ-nin qazma qurğusunda maşinist işlədiyi müddətdə, iş yoldaşım Rauf Əsədov oğlunun kirayə qalması üçün ona Xırdalanda ev almağı məsləhət görmüş, dənizdə olduğuna görə evlərə oğlu Rafizin baxmasını təklif etmişdir. Cavabdeh cavabdeh2 sözügedən evin çox yaxşı vəziyyətdə olduğunu və 72000 manata satıldığını deyərək onu dənizdən sahilə çağırmışdır. Sahilə qayıtdıqdan sonra evə tələsik baxıb cavabdehlərlə notariusa getsələr də evdə başqa şəxslərin qeydiyyatda olduğu üzə çıxdığı üçün ilk alğı-satqı baş tutmamışdır. cavabdeh2 həmin evdə kirayə qalmaq niyyətini ona çox təkidlə bildirsə də sonradan Qarabağda işləyəcəyini bəhanə gətirərək kirayədən imtina etmişdir. Lakin onun əslində Xırdalanda usta köməkçisi işlədiyi məlum olmuşdur. Ertəsi gün dənizə, işə qayıtmalı olduğu üçün yarımçıq qalan sənədləşmə işlərini notariat qaydada etibar etdiyi cavabdeh2 həvalə etmiş və bu səbəbdən evi və sahibi Əlövsəti yaxşı tanıya bilməmişdir. Bu vəziyyətdən sui-istifadə edən cavabdeh2 ondan aldığı 72000 manat pulun 60000 manatını notariusda, qalan 12000 manatını isə şübhəli şəkildə mobil telefonla video çəkiliş edərək nağd yolla əmlak sahibinə vermişdir. Aldadıldığını anlayıb etiraz etdikdən sonra Rafiz ondan yayınmağa çalışmış və əmlak sahibinin nömrəsini biləbilə ona verməyərək onu gizlətmişdir. Daha sonra məlum olmuşdur ki, güclü yağışlar zamanı ev qarşıdan keçən kanalizasiya xəttindən aşağı səviyyədə yerləşdiyi üçün çirkab suları evin içinə dolaraq döşəməni basır. Bu səbəbdən qonşusu Mahirlə birlikdə Xırdalandakı "Daş bazarı"ndan materiallar alaraq öz vəsaiti hesabına evə 5000 manatdan çox təmir xərci çəkmiş və ona ciddi maddi ziyan dəymişdir. Hazırda evin tam təmiri üçün daha 10000 manat pul vəsaiti lazımdır və bu səbəbdən ona maddi ziyan dəymişdir. Aldandığını hesab etməyi səbəbdən, ##.##.2025-ci il tarixində Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsilə müraciət etmişdir. Nəticədə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində barəmdə olan araşdırması səthi aparılmış və həmin idarənin Təhqiqat Şöbəsinin təhqiqatçı Cəfər Nəzərov tərəfindən, şikayətimin mülki-hüquqi xarakter daşıdığı vurğulanaraq, ##.##.2025-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Müraciəti əsasında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən vətəndaş ona ünvanlanmış ## ### 2026-cı il tarixli məktubda bildirilir ki, onun Abşeron Ərazi İdarəsinə təqdim etdiyi ərizənin gecikdirilməsi ilə bağlı, rəsmi yoxlama zamanı sözügedən torpaq sahəsinin yüksək gərginlikli (110 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi və faktiki olaraq istifadədə olan sahənin 0.0139 ha təşkil etdiyi aşkar olunmuşdur. Qeyd edilən bu ciddi qüsurlar və sənəd çatışmazlığı səbəbindən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsinə əsasən əmlakın qeydiyyata alınmasından rəsmən imtina edilmişdir. Bu cavabın özü da sözü gedən daşınmaz əmlakın qüsurlu olduğunun ispatıdır. Şamaxı Rayon Məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Xırdalan şəhəri, X3, 6-cı küçəsi 126, 2-ci Döngə ünvanında yerləşən fərdi yaşayış evinə intensiv yağan yağıntılar nəticəsində ziyan dəyməsi barəsində Agentliyə guya müraciət daxil olmamışdır. Halbuki, sözü gedən həmin Agentiliyin qaynar xəttinə ##.##.2026-cı ildə və daha sonra zəng edərək subasma barədə lazımi məlumatları vermişdir. Məhkəmə onun evin satış qiymətinin cavabdehlər tərəfindən bilərəkdən yüksək göstərilməklə ondan artıq alınmış 15000 manat pul vəsaitinin geri qaytarılmasına dair iddia tələbini hazırki araşdırma predmeti daxilində əsaslı hesab etməmişdir. Belə ki, onunla cavabdeh cavabdeh1 İlqar oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv və ya etibarsız hesab edilməmişdir, qüvvədədir. Belə olan halda, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi qüvvədə olduğundan həmin müqavilənin şərtləri tərəflər üçün məcburi hesab edilir. Bununla da məhkəmə belə nəticəyə gəlmişdir ki, müqavilənin ləğv edilməsi və ya etibarsız hesab edilməsinə dair iddia tələbi irəli sürülmədən alğı-satqı müqaviləsi üzrə ödənilmiş pulun bir hissəsinin geri qaytarılması barədə iddia tələbi təmin edilə bilməz. Lakin, üzürlü səbəblərdən sözü gedən iddia tələbinin verilməsi müddətinin ötdüyüyü üçün məhkəməyə müraciət etmək mümkün olmamışdır. Cavabdeh cavabdeh2 tapşırığı vicdanla yerinə yetirməməsini məhkəmə nəzərə almamışdır. Cavabdeh onun mənafeyini rəhbər tutmağa, yalan məlumat verməməyə, tapşırıqdan kənara çıxmamağa və onun üçün ən sərfəli variantı seçməyə borcludur. Lakin cavabdeh bu öhdəlikləri pozaraq onun maraqlarına zidd şəkildə daha baha, qüsurlu və dəyərindən artıq qiymətə əmlak almışdır. Lakin bu halı nəzərə almamışdır. Tapşırıq alan tapşırığı icra edərkən onun göstərişlərinə əməl etməli idi. O, isə aydın şəkildə münasib qiymətə və qüsursuz ev alınmasını tapşırmışdır. Cavabdeh isə bu tapşırığı pozaraq şişirdilmiş qiymətlə və qüsurlu əmlak almışdır. Cavabdeh tapşırığı icra edərkən üçüncü şəxslərlə (cavabdeh1) birlikdə onun iradəsindən kənar hərəkətlər etmiş, etibar münasibətlərini pozmuşdur. Ona qüsurları gizlədilmiş, dəyərindən baha satılan əmlak alınmışdır. Cavabdeh onun pulunu məqsəddən kənar, öz və üçüncü şəxsin mənafeyi xeyrinə istifadə etmişdir. Bu, maddi məsuliyyət yaradır. Cavabdeh ona tapşırığın gedişatı, qiymət, evin qüsurları, satıcının məlumatları və digər vacib məlumatları tam, vaxtında və düzgün bildirməyə borclu idi. Lakin cavabdeh bu öhdəçiliyi yerinə yetirməmiş və məhkəmə isə bu halı da nəzərə almamışdır. Cavabdeh onun pulunu tapşırığın məqsədinə uyğun istifadə etmədiyindən, ona dəymiş maddi zərər tam qaytarılmalı idi.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Cavabdeh cavabdeh1 İlqar oğlu apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçı ona məxsus evi alqı-satqı yolu ilə almışdır. Həmin evi alqı-satqı edənə qədər xeyli müddət var idi. İddiaçı həmin müddət ərzində araşdırma apara bilərdi. Həmin dövrdə onun kiafyət qədər vaxtı olmuşdur. Onun şikayətləri əsassız olduğundan məhkəmə və digər instansiyalar tərəfindən qəbul edilməmişdir. Bu hal qətnamədə də öz əksini tapmışdıpr. İddiaçı əmtəəşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir. Onun vəsatəti ##.##.2026-cı il tarixli məhkəmə iclasında təmin edilməmişdir. Tərəfindən iddiaçıya heç bir təzyiq olunmayıb, onun kifayət qədər araşdırma üçün vaxtı olmuşdur. İddiaçı evin alqı-satqı müqaviləsini də məhkəmədə mübahisələndirmişdir. Şamaxı Rayon Məhkəməsində verdiyi izahatı təsdiq edir. Odur ki, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ##.##.2024-cü il tarixdə iş yoldaşının oğlu cavabdeh2 tərəfindən cavabdeh1 onun üçün ev almışdır. O, cavabdeh2 etibarnamə vermişdir. Bir müddət sonra kommunalları öz adına keçirdiyi dövrdə evdə subasma baş vermiş, bundan əlavə, torpaq sahəsinin rəsmi sənədi olmadığını öyrənmişdir. Evi 72000 manata almışdır. Araşdırdıqdan sonra ona evin dəyərinin daha aşağı olması məlum olmuşdur. Bununla bağlı, cavabdeh2 barədə polisə şikayət etmişdir. Əmlak alqı-satqısı ilə məşğul olan şəxslərdən maralanmış, dediklərinə görə evin dəyəri 54000 manatdır. Ona görə də ortalama 15000 manat maddi ziyanın cavabdehlərdən tutularaq ona verilməsini xahiş etmişdir. cavabdeh2 onun etibarından sui-istifadə etmiş, evi tez almağı üçün təkid etmiş, evin çıxarışının olduğunu bildirmişdir. Ev oktyabr ayında alınmış, noyabr ayında evi su basmış, lakin cavabdehlər bu barədə ona məlumat verməmişdirlər. Əlövsət Rafizi tanıyır, evə üç dəfə baxış keçirməmişdir. Evə baxanda üstündən elektrik xətti keçdiyini görmüş, bu barədə soruşanda bildirmişdirlər ki, torpaq sahəsinin rəsmi sənədi var. Rafizə inanmış, evi tələsik almışdır. Evi əşyalı almışdır. İlk olaraq zərər tələbi ilə məhkəməyə müaciət etmiş, daha sonra cavabdehlərin təqsirsiz olduğunu düşünərək iddia tələbini dəyişmişdir. Evin dəyəri 50000 manatdır, evin dəyəri barədə qiymətləndirmə keçirilməsini xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 İlqar oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı evə üç dəfə baxış keçirmiş, onun kartına 1000 manat beh göndərmişdir. İddiaçı ilə birlikdə notaiat kontorunda alqı-satqı müqaviləsi bağlamışlar. Evdə əvvəllər qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılmaları ilə bağlı məhkəmə qətnaməsi ilə Abşeron rayon * saylı notarial kontoruna müraciət etmişdir. cavabdeh2 evi almağa gələndə tanımış, onunla əvvəl tanışlığı olmamışdır. Evin satmağı barədə əmlak alqı-satqısı ilə məşğul olan şəxslərə məlumat vermiş, sosial şəbəkələrdə paylaşımlar etmişdir. Əşyalar daxil evi 72000 manata satmışdır. İddiaçı evi su basandan sonra məhkəmədə iddia qaldırmışdır. Evin çıxarışı var, torpaq sahəsi isə dövlət mülkiyyətindədir, 1,6 sotdur. Ev satıldıqdan 9-10 ay keçdikdən sonra ona müraciət etmişdir. Evin real bazar qiymətinin daha aşağı olması ilə razılaşmır, satış qiymətini özü alıcı ilə qarşılıqlı razılıq əsasında müəyyənləşdirmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
15. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə aalaraq, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
16. ##.##.2025-ci il tarixli aktın surətindən görünür ki, 2025-ci ilin fevral ayında intensiv yağan yağışlar nəticəsində İddiaçı məxsus Xırdalan şəhəri, 6-cı küçə, döngə 2, ev 126 ünvanında yerləşən fərdi yaşayış evində su basma baş vermişdir. Su basma nəticəsində evə maddi ziyan dəymişdir.
17. ##.##.2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh1 İlqar oğlu ilə İddiaçı (təmsil edən cavabdeh2) arasında Xırdalan şəhəri, X3, 6-cı küçəsi 126, 2-ci Döngə ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısı həyata keçirilmiş, evin satış qiyməti 60000 manat olaraq müəyyən edilmişdir.
18. Məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Xırdalan şəhəri, X3, 6-cı küçəsi 126, 2-ci Döngə ünvanında yerləşən fərdi yaşayış evinə intensiv yağan yağıntılar nəticəsində ziyan dəyməsi barəsində Agentliyə müraciət daxil olmamışdır.
19. Məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış Abşeron rayon İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, iddiaçı İddiaçı intensiv yağan yağıntılar nəticəsində evinə dəymiş ziyanla bağlı ##.##.2026-cı il tarixdə Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
352. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 399.1.Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
21. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilk əvvəl qüsurlu əşya satılması ilə əlaqədar, yağışlar nəticəsində evinə dəymiş zərər məbləğini cavabdehlərdən tələb etsə də sonradan iddia tələbinin əsasını dəyişərək, cavabdehlər tərəfindən aldadılaraq, alqısatqı müqaviləsi əsasında əldə etdiyi əmlakın bazar dəyərinin aşağı olmasına baxmayaraq, ona baha satılması və buna görə 15000 manat zərərə məruz qaldığını iddia edərək, cavabdehlərdən tələb etmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq əlavə olaraq qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə nümayəndəsi olmuş cavabdeh cavabdeh2 ona verilmiş tapşırığı vicdanla icra etməməsinə, digər cavabdehlə pis niyyətlə razılığa gəlməklə onun üçün arzuolunmaz əqd bağlamasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən işin müəyyən edilmiş hallarına əsasən iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evini alarkən evə baxış keçirmiş, satılan evin dəyərinin bazar dəyərinə uyğun olub-olmamasını araşdırmaq imkanına malik olmaqla, evin dəyərini 72000 manat məbləğində olması ilə razılaşmış və müqavilənin bağlanmasına razılığını vermişdir. Hərçənd ki, iddiaçı ümumiyyətlə əmlakın real bazar dəyərinin alınmış dəyərdən aşağı olmasına dair hər hansı bir sübutu da məhkəməyə təqdim edə bilməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ƏT E T D İ :
Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.