Məhkəmə qərarları › İş №e-2(3-8)-916/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-916/2026

07.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-916/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1, cavabdeh Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə əlavədən görünür ki, “xxxx” markalı telefon MMC tərəfindən Cavabdeh satılmışdır. Müqavilə üzrə mal üçün ümumilikdə 4712.04 manat pul 18 ay müddətinə hər ay 261,78 manat məbləğində olmaqla cavabdeh tərəfindən ödənilməlidir.

2. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə əlavədən görünür ki, “xxxx” markalı telefon MMC tərəfindən Cavabdeh satılmışdır. Müqavilə üzrə mal üçün ümumilikdə 999.99 manat pul 18 ay müddətinə hər ay 61.06 manat məbləğində olmaqla cavabdeh tərəfindən ödənilməlidir.

3. İddiaçı MMC tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlində qeyd olunmuşdur ki, Cavabdeh ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 487,60 manat əsas borc, 48,76 manat cərimə olmaqla ümumilikdə 536,36 manat və ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 3926,27 manat əsas borc, 392,63 manat cərimə olmaqla, cəmi 4318,90 manat borcu vardır.

4. ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən yuxarıda adı qeyd olunan müqavilələr üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq ##.##.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu 354267959303717 olan “İPHONE 16 PRO MAX” markalı telefon, “qızıl zəmanət ultra 1 il” xidməti üçün 3926,27 manat ödənilməmiş hissə, 392,63 manat cərimə, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu 357923210961803 olan “İphone 11” markalı telefon üçün 487,60 manat ödənilməmiş hissə, 48,76 manat cərimə olmaqla ümumilikdə 4855,26 manat borcun 68,56 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Cavabdeh İmei kodu 357923210961803 olan “İphone 11” markalı telefonu, İmei kodu 354267959303717 olan “İphone 16 Pro max” markalı telefonu, “qızıl zəmanət ultra 1 il” xidmətini almış və nəticədə 4855,26 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2025-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1099,08 manat (18 ay x 61,06 manat + 0 manat ilkin ödəniş) olan imei kodu 357923210961803 olan “İphone 11” markalı telefon üçün ümumilikdə 536,36 manat olmaqla ondan 487,60 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq hesablanmış 48,76 manat cərimə, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4712,04 manat (18 ay x 261,78 manat+0 manat ilkin ödəniş) olan İmei kodu 354267959303717 olan “İphone 16 pro max” markalı telefon, “qızıl zəmanət ultra 1 il” xidməti üçün ümumilikdə 4318,9 manat olmaqla ondan 3926,27 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq hesablanmış 392,63 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehlə aralarında bağlanılmış ##.##.2025-ci il və ##.##.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

7. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsi ilə (hakim V.Məhərrəmov) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqavilə üzrə əsas borc qismində 3926,27 manat, cərimə borcu qismində 40 manat, ##.##.2025-ci il tarixli müqavilə üzrə əsas borc qismində 487,60 manat, cərimə borcu qismində 5 manat olmaqla ümumilikdə 4458 (dörd min dörd yüz əlli səkkiz) manat, 87 (səksən yeddi) qəpik və dövlət rüsumuna görə ödənilmiş 64 (altmış dörd) manat, 58 (əlli səkkiz) qəpik tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini bu cür əsaslandırıb ki, tərəflər arasında ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrin predmeti olan əşyalar cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə, iddia tələbini əsas borcun ödənilməsi hissəsində əsaslı hesab edərək təmin etmiş, cərimə məbləğini isə 45 (qırx beş) manat məbləğinə qədər azaldaraq, cavabdehdən ##.##.2024-cü il tarixli müqavilə üzrə əsas borc qismində 3926,27 manat, cərimə borcu qismində 40 manat, ##.##.2025ci il tarixli müqavilə üzrə əsas borc qismində 487,60 manat, cərimə borcu qismində 5 manat olmaqla, ümumilikdə 4458 (dörd min dörd yüz əlli səkkiz) manat, 87 (səksən yeddi) qəpik və dövlət rüsumuna görə ödənilmiş 64 (altmış dörd) manat, 58 (əlli səkkiz) qəpik tutularaq İddiaçı MMC-yə ödənilməsi qənaətinə gəlmişdir.

9. İşə baxan birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 443.1, 445.2.1, 448.1, 462.1, 467, 567, 600.1, 600.4, 601.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 218.3, 284-1, 284-5.1, 284-5.2, 284-5.3, maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlillər

10. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-dən ##.##.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu354267959303717 olan “İPHONE 16 PRO MAX” markalı telefon, “qızıl zəmanət ultra 1 il”xidməti üçün 3926,27 manata kreditlə ilkin ödəniş etmədən almışdır. ##.##.2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu 357923210961803 olan “İphone 11” markalı telefonu isə 1100 manata kreditlə almışdır. “İphone 16 Pro Max” üçün 3 ay 260 manatdan ödəniş etmişdir. Lakin həmin telefonda nasazlıq olduğu üçün geri qaytarmış və əvəzində həmin telelefonu yenisi ilə əvəz etmişlər. İlkin olaraq 344 manat ödəniş edib və hər ay 107 manat 33 qəpik ödəniş etməklə, telefon borcunu bağlamışdır. Bu gün qətnamə əsasında yaranan borc iddiaçıya qaytardığı nasaz telefon üçün olan borcdur. Halbuki o telefona görə onun heç bir öhdəliyi ola bilməz. Məhkəməyə müraciət edən vaxta qədər ona borc barədə heç bir məlumat verilməyib. ##.##.2025-ci il tarixli müqaviləyə əsasən “İmei kodu 357923210961803” olan “İphone 11” markalı telefon üçün hər ay 60 manat ödəniş edir. 200 manat borcu qalıb. Məhkəmə qətnaməsini əsassız və qanunsuz hesab edir. Onun iştirakı təmin edilmədən məhkəmə prosesi keçirilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyası, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğuran halların olmasını nəzərə alaraq, mülki işin şifahi (iddia) icraata keçirilməklə iş üzrə əlavə araşdırmanın aparılmasını və tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrini zəruri hesab etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (apellyator) Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, o 2024-cü ilin dekabr ayında “xxxx” MMC-dən qızıl zəmanət talonu ilə “İphone 16 Pro Max” markalı telefon almışdır. 2 yaxud 3 ay sonra telefonun ekranında qüsur yarandığından mağazaya yaxınlaşıb, qüsuru bildirmişdir. Ona telefonun real qiymətinin 65 faiz endirimi şərtilə yeni telefon təklif edilmiş və o da razılaşmışdır. Bundan sonra əvvəlki telefonu mağazaya təhvil vermiş, əvəzində yeni müqavilə əsasında yeni telefon əldə etmişdir. İkinci müqavilə üzrə borcunu tam ödəmişdir. Ona qaytardığı telefona görə ödəniş etməli olduğu bildirilməmişdir. Mağazaya qaytardığı telefona görə ondan pul tutulması əsassızdır. Ona görə də cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixdə müqavilə bağlanmış və cavabdehə qızıl zəmanət talonu ilə “İphone 16 Pro Max” markalı telefon təhvil verilmişdir. Cavabdeh təxminən 4 ay sonra mağazaya yaxınlaşmış və telefonun ekranında qüsur olduğunu bildirmişdir. Telefondakı qüsurun istehsalla bağlı olmadığı bildirilmiş və cavabdehə qızıl zəmanət talonunun şərtlərinə uyğun olaraq telefonun təmiri, yaxud 65 faiz endirimli qiymətlə yeni telefon təklif edilmişdir. Cavabdeh qızıl zəmanət talonunun güzəştindən yararlanmış və yeni müqavilə əsasında ona yeni telefon təqdim edilmişdir. Cavabdeh sonuncu müqavilə üzrə borcunu tam şəkildə ödəmişdir. Lakin ilk müqavilə üzrə borcu ödəməmişdir. Halbuki qızıl zəmanət şərtlərinə uyğun olaraq ona yeni telefon endirimli qiymətlə verilmiş və həmin şərtlərə əsasən əvvəlki müqavilə üzrə borc da ödənilməlidir. Cavabdeh ödənişləri icra etmədiyindən məhkəməyə müraciət edilmişdir. İş üzrə məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllədə göstərilmişdir ki, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər (623.1.). Mülki Məcəllədə həmçinin qeyd olunur ki, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (624.1.). Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər (624.3.).

17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.(1-ci hissə) İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Maddə 7. Qüsuru olan mal satılarkən istehlakçının hüquqları

1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması işin mübahisəsiz halıdır.

23. İddiaçı tələbinin faktiki əsasını onunla əsaslandırır ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə satılmış İMEİ kodu 354267959303717 olan “İPHONE 16 PRO MAX” markalı telefon üçün sonuncunun 3926,27 manat ödənilməmiş hissə, 392,63 manat cərimə, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu 357923210961803 olan “İphone 11” markalı telefon üçün 487,60 manat ödənilməmiş hissə, 48,76 manat cərimə olmaqla ümumilikdə 4855,26 manat vardır və həmin borc məhkəmə qaydasında cavabdehdən tutulmalıdır.

24. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, ##.##.2024-cü il tarixli müqavilə üzrə əldə etdiyi mobil telefonda yaranan nasazlıq səbəbindən məhsulu iddiaçıya qaytarmış və həmin məhsul başqası ilə əvəz edilmişdir. Həmin müqavilə üzrə isə onun iddiaçıya heç bir borcu yoxdur.

25. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə ödənişlərin ödənilməsinin sübut edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh isə bu hallarla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

26. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

27. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

28. Belə ki, zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.

29. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

30. Əşyaların nisyə satışı, satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalartətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (mülki Məcəllənin 600-cü maddəsi).

31. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, tərəflər arasında ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrin predmeti olan əşyalar cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi satıcı, yəni iddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilələrin predmeti olan əşyaları cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

32. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

33. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh mülki qanunvericiliyin istinad edilən normalarını, habelə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuş və bu səbəbdən iddiaçının yaranmış borcu tələb etmək hüququ yaranmışdır.

34. Kollegiya cavabdehdən cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əlavənin 3.5-ci bəndində qeyd edilmişdir ki, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir

35. Apellyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin yalnız iddiaçının təqdim etdiyi və heç bir hüquqi əsası olmayan sübutlara qiymət verməklə qanunsuz qətnamə çıxarmasını bildirsə də, öz etirazının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.

36. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.

37. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya belə qənaətə gəlir ki, iddia tələbi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci, 394-1.3, 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar