Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-995/2026 26.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi ilə, Iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh “xxxx” ASC-nin xeyrinə 10583,77 manat əsas, 1132,70 manat faiz, 9,39 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 11725,86 manat borcun və 125,58 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 42 ay müddətinə illik 25 % ödəmək şərtilə 10690 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə “xxxx” ASC-yə ##.##.2026-cı il tarixə 10583,77 manat əsas, 1132,70 manat faiz, 9,39 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11725,86 manat borcu qalmışdır.
3. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 10583,77 manat əsas, 1132,70 manat faiz, 9,39 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11725,86 (on bir min yeddi yüz iyirmi beş manat səksən altı qəpik) manat borc və 125,58 (yüz iyirmi beş manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun tutulması qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni tərəflər arasında kreditin verilməsi üzrə öhdəlik münasibətlərinin yaranması, lakin müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra olunmaması ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsinin 3-cü vərəqinin 12-ci abzasında qeyd edib ki, işin müəyyən edilmiş halarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə nəzərə almayıb ki, onun “xxxx” ASC-dən ##.##.2025ci il tarixli kredit müqaviləsinə əsasən 42 ay müddətinə illik 25% ödəmək şərti ilə aldığı 10690 manat pul vəsaitini iddiaçıya qaytarmamaq niyəti olmayıb. Belə ki, krediti aldıqdan sonra övladının (qızının) “serabil iflici” xəstəliyinə düçar olması, qızına görə aldığı krediti və əlavə xərcləri onun müalicəsinə sərf etməyi, həmin dövrdə işsiz qalmağı və birdən-birə müflis olmağı səbəbindən bankın aylıq ödənişlərini ödəyə bilməmişdir. Bununla əlaqədar kredit müddətinin uzadılması üçün banka müraciət etsə də, müraciəti müsbət həllini tapmamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “xxxx” ASC-dən aldığı kredit üzrə həmin vəsaitin iddiaçıya qaytarmamaq niyətinin olmaması onun göstərir ki, həmin vəsait tərəfindən banka qaytarılacaq. Belə olan halda barəsində qəbul edilmiş qətnamə ədalətli deyil və bu da onun Konstitusion və digər hüquqlarını da pozmuşdur. Məhkəmə qətnaməsindən görünür ki, o, 10583.77 manat əsas, 1132.70 manat faiz, 9.39 manat cərimə o manat komisyon haqqı borc olmaqla, cəmi 11725,86 manat borc və 125.58 manat dövlət rüsumunu “xxxx” ASC-yə ödəməlidir. Lakin məhkəmə nəzərə almamışdır ki, kredit müqaviləsi üzrə borcunun bir hissəsini ödəmişdir. Məhkəmə nəzərə almamışdır ki, 10583.77 manat əsas, 1132.70 manat faiz, 9.39 manat cərimə 0 manat komisyon haqqı borc olmaqla, cəmi 11725,86 manat onun kredit borcunun qalması barədə iddiaçının verdiyi məlumat həqiqətə uyğun deyil. Məhkəmə iddiaçının ##.##.2026-cı il tarixli maliyyə arayışını əsas götürməklə borcu və faizləri düzgün hesablamamışdır. Belə ki, məhkəmə borcu və faizləri düzgün hesablanması üçün Mərkəzi Bankdan ekspert dəvət etməli idi. Ekspert kredit müqaviləsi üzrə borc öhdəliklərini hesablamaqla məhkəməyə rəyini təqdim etməli idi. Məhkəmə ekspertin rəyini əsas götürməli olduğu halda bunu nədənsə etməyib. Məhkəmə göstərilənləri araşdırmadan həmin məsələlərə hüquqi qiymət vermədən iddia tələblərini və təqdim olunan sənədləri sübut kimi əsas götürməklə qanunsuz qətnamə qəbul edərək həm əsas borcu, həm həmin borcun faizinin tutulmasını qət edib. Birinci instansiya məhkəməsi MPM-nin 88-ci maddəsinin tələblərini pozaraq sübutları düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsinin borcun yaranmasının səbəblərini ümumiyyətlə araşdırması sübut edir ki, qəbul edilmiş qərar işin hallarına uyğun gəlmir. Məhkəmə yeni sübutların təqdim edilməsinə şərait yaratmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Cavabdeh Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsini xahiş edərək, qətnaməni mübahisələndirmişdir.
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Iş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz məbləğinin tutulması hissəsində dəyişdirilməlidir.
14. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni tərəflər arasında kreditin verilməsi üzrə öhdəlik münasibətlərinin yaranması, lakin müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra olunmaması ilə əsaslandırmış, cavabdeh Cavabdeh isə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Işin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, ***nkXRD/** saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 42 ay müddətinə illik 25 % ödəmək şərtilə 10690 manat kredit vermişdir.
17. Məhkəmə kollegiyası iddia tələbinin 10583,77 manat məbləğində əsas borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı müqavilə üzrə qeyd edilən məbləği cavabdehə vermiş, cavabdeh isə müqavilədə qeyd olunan müddətdə həmin borcu qaytarmamışdır.
18. Cavabdeh kredit üzrə müəyyən ödənişlər etdiyini bildirsə də, həmin ödənişlərin ##.##.2026-cı il tarixinə əsas borcun 10583,77 manat təşkil etməsi barədə iddiaçının təqdim etdiyi hesablamanı təkzib etdiyini təsdiq edən sübut təqdim etməmişdir. Iş materiallarında da qeyd olunan məbləğdən artıq ödəniş edildiyini təsdiq edən mötəbər sübut müəyyən edilmir.
19. Bu baxımdan cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, müqavilə üzrə yaranmış əsas borc məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
20. Məhkəmə kollegiyası iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Iş materiallarında olan “X2” ASC tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehin bankla bağladığı ##.##.2025-ci il tarixli, ***nkXRD/** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas borc üzrə 10583,77 manat, faiz borcu üzrə 587,2 manat, cərimə üzrə 5,16 manat olmaqla, cəmi 11176,13 manat təşkil edir.
22. Qeyd olunmalıdır ki, iddiaçının ##.##.2025-ci il tarixdə borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməklə, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.
23. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarında göstərilmişdir.
24. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir.
25. Belə olan halda iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığından, bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir.
26. Beləliklə, Cavabdeh bankla bağladığı ##.##.2025-ci il tarixli ***nkXRD/** saylı kredit müqaviləsi üzrə faiz borcu 587,2 manat müəyyən edilməlidir.
27. Cavabdehin kredit borcunun məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirilməli olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında kredit müqaviləsi, ödənişlərin uçotu və borcun hesablanmasını əks etdirən sənədlər mövcuddur. Kredit borcunun məbləğinin müəyyən edilməsi xüsusi elmi və ya texniki bilik tələb edən məsələ olmayıb, işdə olan yazılı sübutların qarşılıqlı qiymətləndirilməsi yolu ilə müəyyən edilə bildiyindən ekspertiza keçirilməsinə zərurət olmamışdır.
28. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz məbləği iddia tələbində göstərilən müddətlər üzrə deyil, məhz bildirişin verildiyi tarixə hesablanmalı və bu zaman hesablanmış faiz borcu ##.##.2025-ci il tarixə 587,2 manat müəyyən edilməli, ##.##.2025-ci il tarixli ***nkXRD/** saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 587,2 manat faiz borcu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilməli, faiz məbləği 587 (beş yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
31. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
32. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti üzrə dəyişdirilən hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından iddiaçı “X2” ASC tərəfindən kassasiya şikayəti verilə bilməz.
33. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDI Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin və faiz borcu 587 (beş yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.