Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-1085/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Novruzova Aytən Nazim qızının sədrliyi, hakimlər Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiası üzrə Imişli Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025- ci il tarixli müqaviləyə əsasən LG paltaryuyan üçün 414.84 manat ödənilməmiş hissə, 41.48 manat cərimə borcu olmaqla, ümumilikdə 456.32 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il əsasən, LG paltaryuyan almış və nəticədə 456.32 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 855.30 manat (7 ay x 107.9 manat + 100 manat ilkin ödəniş) olan paltaryuyan LG üçün ümumilikdə, 456.32 manat olmaqla ondan, 414.84 manat ödənilməmiş hissə, 41.48 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 440.46 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılması ##.##.2025-ci il ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2026-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Imişli Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim: Gülsaba Ağayeva) iddianın qismən təmin edilməsi, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, 414.84 manat ödənilməmiş hissə, 20.74 manat cərimə olmaqla, ümumilikdə 435.58 (dörd yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, 1.80 (bir manat səksən qəpik) manatdan ibarət məhkəmə xərcinin cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəssinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1.-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyası apellyasiya şikayətində irəli sürülmüş dəlilləri iş materialları ilə qarşılıqlı əlaqədə qiymətləndirərək onların birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas vermədiyi qənaətinə gəlir. Belə ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən onun məhkəmə prosesində iştirakının təmin edilmədiyini, bu səbəbdən öz müdafiəsini həyata keçirə və ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. Kollegiya həmin dəlillə razılaşmır. Iş materiallarından görünür ki, hazırkı mübahisəyə iddianın qiyməti nəzərə alınmaqla kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququna malikdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsi isə belə işlərə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahat vermək üçün çağırılmadan baxılmasını nəzərdə tutur. Belə ki, cavabdehə qanunvericiliklə nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin yalnız apellyasiya mərhələsində işə onun iştirakı olmadan baxıldığını əsas gətirməsi birinci instansiya məhkəməsində onun müdafiə hüququnun pozulmasını təsdiq etmir. Əksinə, qanunvericiliyin kiçik iddialar üzrə müəyyən etdiyi prosessual model nəzərə alındıqda, cavabdehin öz mövqeyini yazılı formada bildirmək və sübutlarını təqdim etmək imkanından istifadə etməməsi məhkəmənin prosessual pozuntusu kimi qiymətləndirilə bilməz. Kollegiya cavabdehin müqavilə üzrə borcunu tam ödədiyi və iddiaçıya ümumilikdə 869,12 manat ödəniş etdiyi barədə dəlilini də ayrıca qiymətləndirir. Apellyasiya şikayətində cavabdeh iddiaçının onun tərəfindən cəmi 440,46 manat ödəniş edilməsi barədə mövqeyini qəbul etmədiyini, əslində 869,12 manat ödədiyini və buna görə iddiaçı qarşısında borcunun qalmadığını bildirmişdir. Bununla yanaşı, şikayətdə sözügedən 869,12 manat məbləğin hansı tarixlərdə, hansı ödənişlərdən formalaşdığı, həmin ödənişlərin hər birinin məhz ##.##.2025-ci il tarixli mübahisəli müqavilə üzrə həyata keçirildiyi və iddiaçı tərəfindən aparılmış hesablaşmada hansı konkret ödənişlərin nəzərə alınmadığı ayrıca əsaslandırılmamışdır. Mülki prosessual qanunvericiliyin sübutetmə yükünə dair qaydalarına əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də cavabdehin borcun tam ödənilməsi barədə ümumi xarakterli bəyanatı həmin halı təsdiq edən sübutların məzmunu və aidiyyəti müəyyən edilmədən özlüyündə iddiaçının tələbini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi borc məbləğini təkzib edən hal kimi qəbul edilə bilməz. Digər tərəfdən, birinci instansiya məhkəməsi tərəflər arasında ##.##.2025-ci il tarixli müqavilənin bağlanmasını, malın cavabdehə verilməsini, müqavilə üzrə cavabdehin 440,46 manat məbləğində ödəniş etdiyini və 414,84 manat əsas borcun ödənilməmiş qaldığını iş üzrə təqdim olunmuş sənədlər əsasında müəyyən etmişdir. Müqavilə münasibətindən irəli gələn öhdəliyin mövcudluğu və malın cavabdehə təhvil verilməsi də apellyasiya şikayətində mahiyyət etibarilə mübahisələndirilmir. Cavabdehin etirazı yalnız öhdəliyin sonradan tam icra edildiyi, yəni borcun ödənildiyi iddiasına əsaslanır. Buna görə hazırkı mübahisə baxımından hüquqi əhəmiyyət daşıyan məsələ müqavilə münasibətinin mövcud olub-olmaması deyil, həmin müqavilədən yaranmış pul öhdəliyinin tam həcmdə icra edilibedilməməsidir. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi ödəniş qəbzlərinin yeni sübut kimi təqdim edilməsinə münasibətdə də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin mənasına görə, yeni sübutların apellyasiya instansiyası məhkəməsində qəbul edilməsi üçün həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin tərəfdən asılı olmayan səbəblərə görə mümkün olmaması əsaslandırılmalıdır. Cavabdeh ödəniş qəbzlərini birinci instansiya məhkəməsinə təqdim etməməsini məhkəmə prosesində iştirakının təmin olunmaması ilə əlaqələndirmişdir. Lakin iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki (iş materialları səh.22), cavabdeh birinci instansiya məhkəməsində iş üzrə icraatın aparılması barədə lazımi qaydada məlumatlandırılmış, iddia ərizəsinin surəti və müvafiq bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, cavabdeh müəyyən edilmiş müddətdə iddiaya qarşı əsaslandırılmış etirazını və həmin etirazı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, hazırkı işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından, cavabdehin öz sübutlarını təqdim etmək hüququ onun məhkəmə iclasında şəxsən iştirak etməsi ilə şərtlənməmişdir. Cavabdeh iş üzrə icraat barədə məlumat aldıqdan sonra öz mövqeyini, etirazlarını və əlində olan ödəniş sənədlərini yazılı qaydada məhkəməyə təqdim etmək üçün real prosessual imkana malik olmuşdur. Bu baxımdan, cavabdehin yalnız məhkəmə prosesində şəxsən iştirak etmədiyinə istinad etməsi ödəniş qəbzlərinin birinci instansiya məhkəməsinə təqdim edilməməsini əsaslandıran hal kimi qəbul edilə bilməz. Cavabdehin həmin sübutları vaxtında təqdim etməməsi məhkəmə tərəfindən onun müdafiə hüququnun məhdudlaşdırılması ilə deyil, ona verilmiş prosessual imkandan istifadə etməməsi ilə bağlı olmuşdur. Bu səbəbdən cavabdehin yalnız məhkəmə iclasında iştirak etməməsinə istinad etməsi ödəniş sənədlərinin birinci instansiya məhkəməsinə onun iradəsindən asılı olmayan səbəbdən təqdim edilməsinin mümkünsüz olduğunu təsdiq edən yetərli əsas kimi qiymətləndirilə bilməz. Kollegiya həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi 41,48 manat məbləğində dəbbə pulunu olduğu kimi təmin etməmiş, Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini və əsas borcla dəbbə pulunun nisbətini nəzərə alaraq həmin məbləği 20,74 manatadək azaltmışdır. Bu hal da birinci instansiya məhkəməsinin tərəflərin münasibətlərini və iddia tələbinin ayrı-ayrı hissələrini qiymətləndirmədən formal nəticəyə gəlmədiyini, əksinə, tələb olunan məbləğlərin əsaslılığını ayrıca yoxladığını göstərir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 9.3, 88, 217.3, 217.4, 385, 388 və 390-cı maddələrinin pozulmasına istinad olunsa da, həmin normaların sadalanması özüözlüyündə məhkəmə tərəfindən konkret hansı prosessual hərəkətin qanuna zidd həyata keçirildiyini və bunun işin nəticəsinə hansı formada təsir etdiyini təsdiq etmir. Apellyasiya şikayətində göstərilən prosessual pozuntu barədə dəlillər, mahiyyət etibarilə, cavabdehin məhkəmə iclasına çağırılmaması və ödəniş sənədlərini təqdim edə bilməməsi arqumentlərinin təkrarından ibarətdir. Halbuki, sadələşdirilmiş icraatın xüsusiyyətləri, cavabdehə yazılı etiraz və sübut təqdim etmək imkanının qanunla nəzərdə tutulması, habelə birinci instansiya məhkəməsinin iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək nəticəyə gəlməsi nəzərə alındıqda, şikayətdə istinad olunan halların qətnamənin ləğvinə səbəb olan prosessual pozuntu təşkil etdiyi müəyyən edilmir. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi vəsatətdən görünür ki, o, apellyasiya şikayətinə öz iştirakı ilə baxılmasını xahiş etmişdir. Kollegiya həmin vəsatəti əsaslı hesab etmir. Belə ki, hazırkı işə qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı icraat qaydasında, işdə olan sənədlər əsasında baxılır. Iş materiallarında mübahisənin həlli üçün zəruri olan sübutlar mövcuddur və cavabdehin şəxsən dinlənilməsini zəruri edən hal müəyyən edilmir. Bu səbəbdən cavabdehin apellyasiya baxışında iştirakının təmin olunması barədə vəsatəti təmin edilməməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, tərəflər arasında mövcud olan hüquq münasibətlərini düzgün qiymətləndirmiş və mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə həmin qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alan yeni halların mövcudluğunu təsdiq etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən irəli sürülən dəlillər sübuta yetirilmədiyindən və iş materialları ilə təsdiq olunmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-1085/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-1085/2026
16.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver