Məhkəmə qərarları › İş №e-2(3-9)-1115/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-1115/2026

16.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-1115/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, Iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı LPO “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları: Iş materiallarına əlavə olunmuş ##.##.2015-ci il tarixli kredit və zaminlik müqavilələrindən, onlara əlavələrdən, həmçinin kassa məxaric orderindən görünür ki, «xxxx» ASC ilə cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 arasında bağlanmış müqavilələrə əsasən cavabdeh cavabdeh3 illik faiz dərəcəsi 29% olmaqla 36 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər cavabdeh2 və cavabdeh1 zamin durmuşlar. Iş materiallarına əlavə olunmuş tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2016-ci il tarixli, ** saylı əlavə sazişlərdən görünür ki, kreditin qalıq məbləği 8111,68 ABŞ dolları hesablanmış, kreditin müddəti isə ##.##.2018-ci il tarixədək uzadılmış və həmin əlavə saziş üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər cavabdeh2 və cavabdeh1 zamin durmuşlar. Iş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış ##.##.2016-ci il tarixli əlavə sazişdən və zaminlik müqavilələrindən görünür ki, kreditin qalıq məbləği 9415 manat hesablanmış, kreditin müddəti isə ##.##.2019-cu il tarixədək uzadılmış və həmin əlavə saziş üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər cavabdeh2 və cavabdeh1 zamin durmuşlar. Iş materiallarına əlavə olunmuş tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış ** nömrəli, ##.##.2017-ci il tarixli əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7.801.23 manat təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmış və həmin əlavə saziş üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər cavabdeh2 və cavabdeh1 zamin durmuşlar. Iş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən ##.##.2025-ci il tarixinə əsas borc üzrə 6583,10 manat, müqavilə müddəti üçün faiz borcu üzrə 4777,53 manat, 2288,16 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 948,22 manat məbləğində faiz borcu olmaqla, cəmi 14597,01 manat məbləğində borcu yaranmışdır. Iş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, ##.##.2025-ci il tarixə kimi cəmi 14597,01 manat məbləğində borcun üç gün müddətində ödənilməsi cavabdehlərdən xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı cavabdehlərə bildirilmişdir. Iş materiallarına əlavə olunmuş məhkəmə ekspertizası mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 106-107- ci vərəqlərində olan ##.##.2015-ci il tarixli ******** nömrəli kredit müqaviləsində aşağıda sağ tərəfdə olan və “Borcalan” qrafalarındakı imzalar, 112-ci vərəqində olan ##.##.2016-ci il tarixli ** nömrəli Əlavə sazişdə “Borcalan” qrafasındakı imza, 115-ci vərəqində olan ##.##.2016-ci il tarixli əlavə sazişdə “Borcalan” qrafasındakı imza cavabdeh3 tərəfindən icra olunmuş və ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil etmişdir. Iş materiallarına əlavə olunmuş məhkəmə ekspertizası mərkəzinin ##.##.2026-cı il tarixli, **/*** nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi, həmin kredit müqaviləsi çərçivəsində imzalanmış ##.##.2016-cı il tarixli, ##.##.2016-cı il və ##.##.2017-ci tarixli əlavə sazişlərin şərtləri əsas götürülməklə cavabdeh cavabdeh3 iddiaçı “LPO “xxxx” ASC-nə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu, həmçinin müqavilə müddətinin bitdiyi ##.##.2022-ci il tarixinə tədqiqatla müəyyən edilmiş 6.534,19 manat məbləğində əsas borc qalığına (müqavilə müddəti bitdiyi tarixə mövcud faiz borcu nəzərə alınmadan) sual üzrə ##.##.2025-ci il tarixədək cavadehin gecikdirilmiş vaxt üçün illik 5% olaraq hesablanmış faiz borcu aşağıdakı kimi hesablanır.##.##.2022-ci il tarixə (müqavilə müddəti bitən tarixə) əsas borc üzrə 6558,20 manat, faiz borcu üzrə 4.527,07 manat, ##.##.2025-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borc üzrə 6558,20 manat, faiz borcu üzrə 4.527,07 manat, illik 5 faizlə hesablanan faiz borcu 935,45 manat müəyyən edilmiş və ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil etmişdir Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (Hakim: Cavad Ibrahimov) iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh3 əsas borc üzrə 6583,10 manat və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 935,45 manat məbləğində faiz borcu olmaqla, cəmi 7518,55 (yeddi min beş yüz on səkkiz manat əlli beş qəpik) manat məbləğində borc pul və 95 (doxsan beş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 38,79 (otuz səkkiz manat yetmiş doqquz qəpik) manatı iddiaçının hesabına aid edilməsi, iddia tələbinin qalan hissələrdə isə əsassız olduğundan rədd edilməsi, iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci cavabdeh cavabdeh3 alınıb Dövlət büdcəsinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, **/*** saylı ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərcinin 150 (bir yüz əlli) manatı cavabdeh cavabdeh3 150 (bir yüz əlli) manatı isə Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətindən alınaraq hesabına köçürülməsi qət edimişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 739.1, 739.2, 470.1, 470.2, 472.1, 477.0.1, 477.0.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449 cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2012-ci il tarixli Qərarına, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ## ###### 2019-cu il tarixli, *** nömrəli Fərmanının 1, 2, 3, 5, 6cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışdan görünür ki, cavabdeh3 ilə LPO “xxxx” Açıqı Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsi üzrə ## #### 2019-cu il tarixinə restrukturizasiya olunması təklif olunan qalıq borcunun məbləği 6583,10 (iddia olunan əsas borc məbləğində) manat müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin milli valyutada 17 000 (on yeddi min) manatadək olan vaxtı keçmiş kredit borclarının kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə milli valyutada 17000 (on yeddi min) manatadək olan kreditinin əsas məbləğinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmaması nəzərə allınmalı və iddia tələbi restrukturizasiya olunması təklif olunan 6583,10 manat qalıq əsas və eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən maliyyə arayışının verildiyi tarixə, yəni ##.##.2025-ci il tarixə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış, həmçinin ekspert rəyi ilə müəyyən edilmiş 935,45 manat faiz borcu məbləğləri həddində təmin edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Iddiaçı tərəf “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, bank tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qətnaməsinin qismən – mübahisələndirilən hissələrdə (faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu) ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən Kollegiya qətnaməni iddia tələbinin rədd olunan - yalnız mübahisələndirilən hissəsində və apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsi Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar və tərəflər arasında yaranmış hüquq münasibətlərinə tətbiq edilməli maddi və prosessual hüquq normaları ilə qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və həmin hissədə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hazırkı işdə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu birinci instansiya məhkəməsinin qətnaməsini əsas borcun tutulması hissəsində deyil, müqavilə müddəti üçün hesablanmış faiz borcunun və cərimənin rədd edilməsi, habelə kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün hesablanmış faiz borcunun tam deyil, qismən təmin edilməsi hissələrində mübahisələndirmişdir. Apellyasiya şikayətinin tələb hissəsində də qətnamənin məhz faiz, cərimə və kredit müqaviləsi bitdikdən sonra hesablanmış faiz borcuna aid hissələrdə ləğv olunması və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi xahiş olunmuşdur. Buna görə Kollegiya hazırkı apellyasiya baxışının predmetini həmin hissələrlə məhdudlaşdıraraq, birinci instansiya məhkəməsinin müqavilə müddəti üçün faiz borcunun və cərimənin rədd edilməsinə, həmçinin müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun məbləğinə dair gəldiyi nəticələrin qanuniliyini və əsaslılığını yoxlayır. Işin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC-nin Bakıxanov filialı ilə cavabdeh cavabdeh3 arasında ##.##.2015-ci il tarixli, ******** nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı məqsədilə digər cavabdehlərlə zaminlik müqavilələri bağlanmışdır. Sonradan tərəflər arasında kredit müqaviləsinin şərtlərinə dəyişikliklər edilmiş, kredit öhdəliyinin məbləği və müddəti bir neçə dəfə yenidən müəyyənləşdirilmişdir. Tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli ** nömrəli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7.801,23 manat müəyyən edilmiş, kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmış və restrukturizasiya edilmiş kredit üzrə həmin əlavə sazişin imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilməsi razılaşdırılmışdır. Beləliklə, ##.##.2022-ci il tarixi tərəflər arasında bağlanmış son əlavə sazişlə kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün müəyyən edilmiş son tarix olmaqla, həmin tarixədək kredit vəsaitindən istifadəyə görə müqavilə faizinin hesablanması, həmin tarixdən sonrakı dövr üçün isə borcun vaxtında ödənilməməsinin hüquqi nəticələrinin tətbiqi məsələləri bir-birindən fərqli hüquqi əsaslara malikdir. Başqa sözlə, müqavilənin qüvvədə olduğu dövr üçün hesablanan faiz borcu pul vəsaitindən istifadə haqqını, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün hesablanan faiz isə artıq borclunun öhdəliyin icrasını gecikdirməsindən irəli gələn hüquqi nəticəni ifadə edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarında da bu iki hüquqi institut fərqləndirilmiş və göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının — müqavilə faizlərinin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Həmin hüquqi mövqedə borclunun icranı gecikdirməsinin öhdəliyin pozulması olduğu və pul məbləğinin ödənilməsinin gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş faizlərin tələb edilməsinin mümkünlüyü də ifadə edilmişdir. Bu baxımdan hazırkı mübahisənin həlli zamanı bir tərəfdən ##.##.2022-ci il tarixədək yaranmış müqavilə faizinin, digər tərəfdən həmin tarixdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz borcunun ayrıca qiymətləndirilməsi tələb olunur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdeh cavabdeh3 6.583,10 manat əsas borcun və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 935,45 manat faiz borcunun tutulmasına qərar vermiş, iddia tələbinin müqavilə müddəti üçün tələb olunan 4.777,53 manat faiz borcuna və 2.288,16 manat cəriməyə aid hissəsini isə təmin etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müqavilə müddəti üçün faiz borcunun və cərimənin bütövlükdə rədd edilməsinə dair gəldiyi nəticə iş materiallarının məcmusuna və mübahisəli hüquq münasibətinə tətbiq edilməli normaların məzmununa tam uyğun olmamışdır. Ilk növbədə qeyd edilməlidir ki, iş üzrə borcun məbləğinin müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, **/*** nömrəli ekspertiza rəyi alınmışdır. Həmin ekspertiza rəyinin tədqiqat hissəsindən görünür ki, ekspert tərəfindən hesablamalar aparılarkən iş materiallarında olan ödənişləri əks etdirən hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi, həmin müqavilə çərçivəsində bağlanmış ##.##.2016-cı il, ##.##.2016-cı il və ##.##.2017-ci il tarixli əlavə sazişlərin şərtləri əsas götürülmüşdür. Ekspert tərəfindən müqavilə sənədləri ilə yanaşı borcalanın faktiki ödənişləri də nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Ekspert tədqiqatının nəticəsinə əsasən, ##.##.2022-ci il tarixə, yəni kredit müqaviləsinin müddətinin bitdiyi tarixə cavabdehin faiz borcu 4.527,07 manat, ##.##.2025-ci il tarixə isə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu 935,45 manat müəyyən edilmişdir. Kollegiya həmin ekspertiza rəyini faiz borcunun müəyyən edilməsi baxımından mötəbər sübut kimi qəbul edir. Belə ki, rəy iş üzrə mübahisənin predmetinə bilavasitə aid olan ilkin maliyyə və müqavilə sənədləri əsasında hazırlanmış, hesablamalar tərəflər arasında bağlanmış müqavilə və əlavə sazişlərin şərtləri, eləcə də hesabdan çıxarışlarda əks olunan faktiki ödənişlər nəzərə alınmaqla aparılmışdır. Iş materiallarında ekspert tərəfindən tətbiq edilmiş hesablamanın metodologiyasının və ya istifadə edilmiş ilkin məlumatların yanlış olduğunu təsdiq edən, ekspert rəyində müəyyən edilmiş faiz məbləğini təkzib edən başqa mötəbər sübut müəyyən edilmir. Bu səbəbdən yalnız iddiaçının özünün tərtib etdiyi maliyyə arayışında fərqli məbləğin göstərilməsi ekspertiza yolu ilə müəyyən edilmiş məbləğin rədd olunması üçün kifayət hesab edilə bilməz. Məhkəmə ekspertizası məhz mübahisəli hesablamanın xüsusi bilik tələb etməsi səbəbindən keçirilmiş, ekspert tərəfindən təqdim olunmuş müqavilə sənədləri və hesab hərəkətləri tədqiq olunaraq borcun konkret məbləği müəyyən edilmişdir. Iddiaçı maliyyə arayışında müqavilə müddəti üçün faiz borcunu 4.777,53 manat göstərmişdir. Lakin məhkəmə ekspertizasının nəticəsinə görə müqavilə müddətinin bitdiyi ##.##.2022-ci il tarixə faiz borcu 4.527,07 manat təşkil etmişdir. Belə olan halda faiz borcunun məbləğinin müəyyənləşdirilməsi zamanı maliyyə arayışında göstərilən 4.777,53 manat məbləğ deyil, faktiki ödənişlər, kredit müqaviləsi və ona edilmiş dəyişikliklər nəzərə alınmaqla ekspert tərəfindən müəyyən edilmiş 4.527,07 manat məbləğ əsas götürülməlidir. Kollegiya bununla yanaşı birinci instansiya məhkəməsinin müqavilə müddətinə aid faiz borcunu bütövlükdə rədd etmək üçün “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli, *** nömrəli Fərmanına istinad etməsini də düzgün hesab etmir. Birinci instansiya məhkəməsi iş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışda cavabdeh cavabdeh3 ilə LPO “xxxx” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə ##.##.2019-cu il tarixə restrukturizasiya olunması təklif olunan qalıq borcun 6.583,10 manat göstərilməsini əsas götürərək həmin kreditin Fərmanda nəzərdə tutulan restrukturizasiya mexanizminə aid olması nəticəsinə gəlmiş və buna uyğun olaraq müqavilə faizi və cərimənin tutulmasını əsaslı hesab etməmişdir. Lakin Kollegiya qeyd edir ki, sözügedən Fərmanın tətbiqi üçün nəzərdə tutulmuş məbləğ meyarı konkret bir kredit müqaviləsi üzrə qalıq əsas borcun ayrıca məbləği ilə müəyyən edilmir. Fərmanın 5.1-ci bəndində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.1-ci bəndində isə həmin anlayışın məzmunu ayrıca müəyyən edilərək göstərilmişdir ki, 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək əsas kredit borcu dedikdə fiziki şəxsin bütün banklara və ləğvetmə prosesində olan banklara olan əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərdə tutulur. Eyni meyar Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ##.##.2019-cu il tarixli, ********** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 6.1.2-ci yarımbəndində də təsbit edilmişdir. Həmin normaya əsasən restrukturizasiya ediləcək kredit borclarının müəyyən edilməsində fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağladığı kredit müqavilələri üzrə ##.##.2019-cu il tarixə əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərə alınmalı və həmin məbləğ 17.000 manatdan və ya müəyyən edilmiş ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Deməli, Fərmanın və onun tətbiqi məqsədilə qəbul edilmiş Qaydanın mənasına görə, restrukturizasiya üçün müəyyən edilmiş 17.000 manatlıq hədd konkret bank qarşısındakı ayrı-ayrı kredit öhdəliyinə deyil, borcalanın bütün müvafiq kredit təşkilatları qarşısındakı əsas kredit borclarının ümumi qalıq məbləğinə aid edilir. Bu səbəbdən hazırkı kredit üzrə qalıq əsas borcun ayrılıqda 6.583,10 manat olması cavabdehin avtomatik olaraq Fərmanın restrukturizasiya mexanizminin əhatə dairəsinə düşməsi nəticəsinə gəlmək üçün kifayət deyildir. Apellyasiya şikayətində iddiaçı da məhz bu hala istinad etmiş və cavabdehin bütün banklar üzrə əsas qalıq kredit borcunun ümumi məbləğinin 17.000 manatdan artıq olduğunu, buna görə də mübahisəli kreditin restrukturizasiya olunması təklif edilən kreditlər siyahısına daxil edilmədiyini bildirmişdir. Həmçinin bu hala dair problemli kreditlərin kompensasiyası barədə məlumatın şikayətə əlavə edildiyi göstərilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Fərmanın tətbiqi dairəsini müəyyən edərkən yalnız hazırkı kredit müqaviləsi üzrə qalıq borcun 6.583,10 manat təşkil etməsini nəzərə almış, lakin Fərman və Qayda ilə müəyyən olunmuş ümumi borc meyarını lazımi şəkildə nəzərə almamışdır. Rəsmi portalda konkret kredit üzrə müəyyən məbləğin göstərilməsi həmin şəxsin Fərmanın bütün şərtlərinə cavab verməsi və kreditə münasibətdə faiz və dəbbə pulunun silinməsi nəticələrinin avtomatik tətbiq olunması demək deyildir. Restrukturizasiya hüququ və onun hüquqi nəticələri normativ aktlarda nəzərdə tutulmuş bütün şərtlərin məcmu halında mövcudluğu ilə bağlıdır. Üstəlik, Fərmanın 6.2-ci bəndində faizlərin silinməsi fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı ilə əlaqələndirilmiş, Fərmanın 8.9-cu bəndində isə faizlərin silinməsi dedikdə restrukturizasiya dairəsinə düşən vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, faiz və dəbbə pulunun silinməsi kredit müqaviləsindən doğan hər bir vaxtı keçmiş borca avtomatik şamil olunan ümumi mülki-hüquqi nəticə deyil, Fərmanda müəyyən edilmiş şərtlərə uyğun restrukturizasiya mexanizminin tərkib hissəsidir. Odur ki, cavabdehin kredit öhdəliyinin Fərmanda və Qaydada müəyyən olunmuş restrukturizasiya meyarlarına cavab vermədiyi halda, həmin Fərmanın faiz və dəbbə pulunun silinməsinə dair müddəaları müqavilədən irəli gələn müstəqil borc tələblərinin rədd edilməsi üçün hüquqi əsas təşkil edə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsinin mübahisəli faiz və cərimə tələbini yalnız Fərmana istinad etməklə bütövlükdə rədd etməsi düzgün hüquqi nəticə hesab edilə bilməz. Lakin birinci instansiya məhkəməsinin bu hissədə səhvə yol verməsi iddiaçı tərəfindən maliyyə arayışında göstərilmiş bütün məbləğlərin heç bir əlavə qiymətləndirmə aparılmadan avtomatik tutulmalı olması mənasına da gəlmir. Iddianın hər bir tərkib hissəsi onun hüquqi əsası və həmin tələbi təsdiq edən sübutlarla ayrıca yoxlanılmalıdır. Məhz buna görə müqavilə müddəti üçün faiz borcu üzrə iddiaçının tələb etdiyi 4.777,53 manat deyil, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının nəticəsi ilə təsdiq olunmuş 4.527,07 manat əsas götürülməlidir. Kollegiya nəzərə alır ki, pul vəsaitinin borcalana verilməsi kredit verənin həmin vəsaitdən müəyyən müddət ərzində istifadə etmək imkanından məhrum olması ilə müşayiət olunur və kredit müqaviləsi üzrə faiz məhz verilmiş pul vəsaitindən müqavilə müddətində istifadənin əvəzidir. Tərəflər ##.##.2017-ci il tarixli əlavə sazişlə kredit müddətini ##.##.2022-ci il tarixədək uzatmış və həmin dövr üçün illik 15 faiz ödənilməsi barədə razılığa gəlmişlər. Bu sazişin etibarsızlığı və ya faiz şərtinin qüvvədən düşməsi iş materialları ilə müəyyən edilmir. Borcalan tərəfindən kredit öhdəliyi müqavilədə müəyyən edilmiş qaydada və müddətdə tam icra edilmədiyindən kreditorun müqavilə müddəti ərzində yaranmış faiz borcunu tələb etmək hüququ saxlanılmışdır. Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli qərarında da müqavilənin icra müddəti bitənədək pul vəsaitindən istifadəyə görə müqavilə faizinin tələb edilməsinin mümkünlüyü açıq şəkildə göstərilmişdir. Beləliklə, ekspertiza yolu ilə ##.##.2022-ci il tarixə 4.527,07 manat müqavilə faizinin yarandığı müəyyən edildiyindən və həmin borcun ödənildiyini təsdiq edən sübut təqdim olunmadığından, iddia tələbi bu hissədə əsaslıdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin müqavilə faizi tələbinin bütövlükdə rədd olunmasına dair nəticəsi ləğv edilməli və cavabdeh cavabdeh3 iddiaçının xeyrinə 4.527,07 manat faiz borcu tutulmalıdır. Iddiaçının tələb etdiyi 4.777,53 manatla ekspert tərəfindən müəyyən edilmiş 4.527,07 manat arasındakı 250,46 manat fərqə münasibətdə isə Kollegiya qeyd edir ki, həmin əlavə məbləğin mövcudluğu və hesablanmasının əsaslılığı ekspertiza rəyi və işdə olan digər mötəbər sübutlarla təsdiq olunmur. Mülki prosesdə hər bir tələb onu irəli sürən tərəfin təqdim etdiyi sübutlarla təsdiq edilməli olduğundan və iddiaçının maliyyə arayışında göstərilmiş məbləğin ekspertiza ilə müəyyən edilmiş məbləğdən artıq hissəsinin tutulmasına kifayət edən sübutlar olmadığından, faiz tələbinin 250,46 manat hissəsi təmin edilə bilməz. Kollegiya apellyasiya şikayətinin kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcuna aid dəlillərini isə əsaslı hesab etmir. Belə ki, iddiaçı maliyyə arayışına əsaslanaraq müqavilə müddəti bitdikdən sonra 948,22 manat faiz borcunun tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi isə ##.##.2026-cı il tarixli, **/*** nömrəli ekspertiza rəyinə əsaslanaraq həmin tələbi 935,45 manat həddində təmin etmişdir. Ekspertiza rəyindən görünür ki, müqavilənin müddətinin bitdiyi ##.##.2022-ci il tarixdən maliyyə arayışının verildiyi ##.##.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan faiz borcu 935,45 manat təşkil etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu da kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun artıq müqavilə faizini deyil, öhdəliyin icra edilməməsinin mülki-hüquqi nəticələrindən irəli gələn faiz formasında zərəri tələb edə biləcəyini göstərmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsi üzrə pul məbləğinin ödənilməsi gecikdirildikdə qanunla müəyyən edilmiş illik 5 faiz tələb etmək hüququ da bu hüquqi yanaşmanın tərkib hissəsidir. Beləliklə, müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün faiz borcunun hüquqi əsası ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. Məbləğə gəldikdə isə, məhkəmə ekspertizasının nəticəsinə əsasən həmin borc 935,45 manat müəyyən edilmiş və iddiaçı tərəfindən ekspertin hesablamasını təkzib edən, 948,22 manatın düzgün hesablandığını təsdiq edən başqa mötəbər sübut təqdim olunmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün 935,45 manat faiz borcunun tutulmasına dair gəldiyi nəticə iş materiallarına və tətbiq edilməli hüquq normalarına uyğun olmaqla, apellyasiya şikayətinin həmin hissədə təmin edilməsi üçün əsas yoxdur. Cərimə tələbinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə 2.288,16 manat cərimə tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən Fərmana istinad etməklə həmin tələbi bütövlükdə təmin etməmişdir. Kollegiya artıq qeyd etdiyi kimi, hazırkı kredit münasibətinə Fərman üzrə faiz və dəbbə pulunun silinməsi nəticəsinin tətbiqi üçün hüquqi əsas olmadığından cərimə tələbinin yalnız bu səbəbdən bütövlükdə rədd edilməsi düzgün deyildir. Eyni zamanda cərimənin müqavilədə nəzərdə tutulması onun iddiaçı tərəfindən hesablanmış bütün məbləğdə mütləq tutulmalı olması nəticəsini də doğurmur. Dəbbə pulu öhdəliyin icrasını təmin edən və eyni zamanda öhdəliyin pozulması halında borclu üçün əmlak xarakterli nəticə yaradan mülki-hüquqi vasitədir. Onun məqsədi bir tərəfdən borclunu müqavilə öhdəliyini vaxtında və lazımınca icra etməyə sövq etmək, digər tərəfdən isə öhdəliyin pozulması nəticəsində kreditorun mənafelərinin qorunmasına xidmət etməkdir. Bununla yanaşı dəbbə pulu kreditor üçün əsassız olaraq həddindən artıq əmlak üstünlüyü əldə etmə vasitəsinə çevrilməməli və öhdəliyin pozulmasının xarakteri və nəticələri ilə ağlabatan tənasübdə olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da həmin normanı şərh edərkən göstərmişdir ki, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının doğurduğu nəticələrə açıq-aşkar uyğun gəlmədikdə məhkəmə onu azalda bilər; bu zaman öhdəliyin pozulması dərəcəsi, tərəflərin əmlak vəziyyəti və kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə alınmalıdır. Hazırkı işdə cərimənin tənasüblülüyü qiymətləndirilərkən nəzərə alınmalıdır ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi faktı müəyyən edilmiş, ödənilməmiş əsas borcun tutulmasına artıq qərar verilmiş, müqavilə müddətində pul vəsaitindən istifadəyə görə 4.527,07 manat müqavilə faizinin tutulması hazırkı apellyasiya baxışının nəticəsində əsaslı hesab edilmiş, habelə müqavilə müddətindən sonrakı gecikdirməyə görə 935,45 manat əlavə faiz borcu da tutulmuşdur. Beləliklə, öhdəliyin pozulması nəticəsində kreditorun əmlak maraqlarının müdafiəsi yalnız cərimənin tutulması vasitəsilə həyata keçirilmir. Kreditor həm əsas borcu, həm müqavilə müddəti üçün faiz borcunu, həm də müqavilə müddətindən sonrakı gecikdirməyə görə qanuni faiz borcunu əldə edir. Bu hallar fonunda əlavə olaraq 2.288,16 manat məbləğində cərimənin tam həcmdə tutulması öhdəliyin pozulmasının konkret nəticələri ilə müqayisədə tənasübsüz maliyyə yükü yaradardı. Digər tərəfdən, borcalanın müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməməsi müəyyən edildiyindən, cərimə tələbinin ümumiyyətlə rədd edilməsi də müqavilə öhdəliyinin pozulmasının hüquqi nəticələrini və dəbbə pulunun təminat funksiyasını nəzərə almamaq demək olardı. Odur ki, cərimənin həm tam həcmdə tutulması, həm də bütövlükdə rədd edilməsi hazırkı işin hallarına uyğun nəticə sayıla bilməz. Kollegiya əsas borcun məbləğini, müqavilə faizinin və müqavilə müddətindən sonrakı faiz borcunun ayrıca tutulmasını, öhdəliyin pozulmasının davametmə müddətini, kreditorun qanuni əmlak mənafelərinin artıq digər borc komponentlərinin tutulması ilə də müdafiə edilməsini, habelə cərimənin öhdəliyin pozulması ilə mütənasib olması tələbini birlikdə nəzərə alaraq hesab edir ki, tələb olunan 2.288,16 manat cərimənin 100 manat həddində müəyyən edilməsi tərəflərin qarşılıqlı mənafeləri arasında ağlabatan və ədalətli tarazlığı təmin edir. 100 manat məbləğində cərimənin tutulması, bir tərəfdən, borcalanın müqavilə öhdəliyini lazımınca icra etməməsinin nəticəsiz qalmasına yol vermir və dəbbə pulunun müqavilə intizamını təmin edən funksiyasını saxlayır, digər tərəfdən isə cərimənin öhdəliyin pozulmasının nəticələrinə münasibətdə tənasübsüz əmlak yükünə çevrilməsinin qarşısını alır. Bu səbəbdən cərimə tələbi 100 manat hissəsində təmin edilməli, qalan 2.188,16 manat hissəsində isə təmin edilməməlidir. Kollegiya əsas borca münasibətdə ayrıca qeyd edir ki, birinci instansiya məhkəməsinin cavabdeh cavabdeh3 6.583,10 manat əsas borcun tutulmasına dair nəticəsi apellyasiya şikayətində mübahisələndirilməmişdir. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamənin əsaslılığını yoxlama həddi onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissələri ilə müəyyən edilir. Buna görə əsas borcun tutulmasına dair hissənin yenidən qiymətləndirilməsi üçün prosessual əsas yoxdur. Eyni yanaşma birinci instansiya məhkəməsinin zaminlər cavabdeh2 və cavabdeh1 münasibətdə gəldiyi nəticəyə də aiddir. Birinci instansiya məhkəməsi kredit öhdəliyinin icra müddətinin ##.##.2022-ci il tarixində bitdiyini, iddianın isə ##.##.2025-ci il tarixində qaldırıldığını müəyyən edərək Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyin xitam olunduğu və həmin şəxslərə münasibətdə iddianın təmin edilməməli olduğu qənaətinə gəlmişdir. Apellyasiya şikayətində zaminliyin xitamı barədə həmin hüquqi nəticənin yanlış olması, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin düzgün tətbiq edilməməsi və ya zaminlik öhdəliyinin qüvvədə qalması barədə ayrıca faktiki və hüquqi dəlil irəli sürülməmişdir. Şikayətin dəlilləri bilavasitə faiz və cərimənin tutulmaması, habelə problemli kreditlərlə bağlı normativ aktların düzgün tətbiq edilməməsi ilə bağlıdır. Bu səbəbdən hazırkı apellyasiya baxışının nəticəsində əlavə olaraq təmin edilən 4.527,07 manat müqavilə faizi və 100 manat cərimə yalnız əsas borclu cavabdeh3 tutulmalıdır. Yuxarıda göstərilənlərin məcmusuna əsasən Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə bir sıra halları düzgün müəyyən etsə və müqavilə müddətindən sonrakı dövr üçün 935,45 manat faiz borcunun tutulması barədə düzgün nəticəyə gəlsə də, müqavilə müddəti üçün yaranmış faiz borcunun və cərimənin bütövlükdə rədd edilməsi hissəsində maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iş materiallarında olan sübutların məcmusundan irəli gəlməyən nəticəyə gəlmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-cü maddəsinə görə isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Nəticə etibarilə apellyasiya şikayəti qismən təmin edilməli, Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi müqavilə müddəti üçün faiz borcunun və cərimənin rədd edildiyi hissədə qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Yeni qətnamə ilə iddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdeh cavabdeh3 Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə müqavilənin müddətinin bitdiyi ##.##.2022-ci il tarixə məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmiş 4.527,07 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 4.627,07 manat tutulmalıdır. Iddiaçının müqavilə faizi üzrə tələb etdiyi məbləğin 4.527,07 manatdan artıq qalan 250,46 manat hissəsi, cərimə tələbinin isə 100 manatdan artıq qalan 2.188,16 manat hissəsi təmin edilməməlidir. Kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 935,45 manat faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti həmin hissədə təmin edilməməlidir. MPM-in 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları və digər məhkəmə xərcləri onları çəkmiş tərəflərin öz hesablarına aid edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü məsələsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinin tələbinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddiaçı tərəfindən müqavilə müddəti üçün 4.777,53 manat faiz borcunun, 2.288,16 manat cərimənin və kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün 948,22 manat faiz borcunun tutulması tələb edilmişdir. Apellyasiya baxışının nəticəsinə əsasən müqavilə müddəti üçün faiz borcu 4.527,07 manat, cərimə 100 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün faiz borcu isə 935,45 manat həddində əsaslı hesab edilmişdir. Beləliklə, iddiaçının tələbinin təmin edilməyən və onun tərəfindən kassasiya qaydasında mübahisələndirilə biləcək hissəsi 250,46 manat müqavilə faizi, 2.188,16 manat cərimə və 12,77 manat müqavilə müddəti bitdikdən sonrakı dövr üçün faiz borcu olmaqla, ümumilikdə 2.451,39 manat təşkil edir. Iddiaçının mənafeyinə uyğun həll edilməyən və onun tərəfindən mübahisələndirilə biləcək hissənin qiyməti 5.000 manatdan az olduğundan onun hazırkı qətnamədən kassasiya şikayəti verməsi Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsi baxımından mümkün deyildir. Eyni zamanda apellyasiya baxışının nəticəsində birinci instansiya məhkəməsinin qətnaməsi müqavilə müddəti üçün faiz borcunun və cərimənin rədd edildiyi hissədə qismən ləğv edilərək cavabdeh cavabdeh3 əlavə olaraq 4.527,07 manat faiz borcunun və 100 manat cərimənin, cəmi 4.627,07 manatın tutulması barədə yeni qətnamə qəbul edilir. Beləliklə, hazırkı apellyasiya baxışı nəticəsində cavabdehin vəziyyətinin onun ziyanına dəyişdirildiyi hissənin qiyməti 4.627,07 manat təşkil edir və həmin məbləğ də 5.000 manatdan azdır. Bu səbəbdən Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələblərinə əsasən hazırkı qətnamənin mübahisələndirilə bilən hissələri üzrə həm iddiaçı, həm də cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi mümkün deyildir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət e t d i: Iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi iddia tələbinin müqavilə müddəti üçün hesablanmış faiz borcunun və cərimənin rədd edildiyi hissədə qismən ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh cavabdeh3 ##.##.2022-ci il tarixə, yəni kredit müqaviləsinin müddətinin bitdiyi tarixə hesablanmış 4.527,07 (dörd min beş yüz iyirmi yeddi manat 07 qəpik) manat faiz borcu və 100 (bir yüz) manat cərimə, cəmi 4.627,07 (dörd min altı yüz iyirmi yeddi manat 07 qəpik) manat tutularaq Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Iddia tələbi müqavilə müddəti üçün faiz borcunun qalan 250,46 (iki yüz əlli manat 46 qəpik) manat hissəsində və cərimənin qalan 2.188,16 (iki min bir yüz səksən səkkiz manat 16 qəpik) manat hissəsində təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu həmin xərci çəkmiş tərəfə aid edilsin. Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar