Məhkəmə qərarları › İş №e-2(3-9)-1181/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1181/2026

17.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1181/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İsmayıl qızından yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş 7870 manat pul vəsaitinin birdəfəlik olaraq alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia ilə yanaşı hadisə olan tarixdən, yəni ##.##.2025-ci il tarixindən hər ay müxtəlif banklara iddiaçı tərəfindən ödədiyi 500 manat olmaqla 9 ay üçün 4500 manat, cəmi 12370 manatın birdəfəlik olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İsmayıl qızı məhkəmə proseslərini və ümumiyyətlə vurduğu ziyanın ödənilməsini təmin etmir. Bu hal iddiaçıya vurulmuş ziyanın həcmini günü gündən artırmaqda davam edir. Belə ki, iddiaçı hadisənin aradan qaldırılması üçün müxtəlif banklardan kreditlər götürmüşdür. Bunu üçün hər ay kredit ödəmək məcburiyyətində qalmışdır Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə iddia tələbinin dəqiqiləşdirilməsi hissəsində ərizəsi geri qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı İddiaçı şikayət verərək qərardadın tam ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda iddia tələbinin 7.870 manatdan 12.370 manata qaldırılması və əlavə olunan 4.500 manatlıq artımın (hadisə nəticəsində banklardan götürülmüş kreditlər üzrə aylıq 500 manatlıq faiz/kredit ödənişləri) rüsumlandırılması məsələsinə toxunulsa da, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün etdiyi və ya etməli olduğu xərclər real zərərə aid edilir və bunun ödənilməsi cavabdehin öhdəliyidir. Hadisə nəticəsində yaranmış əlavə maliyyə yükünün və kredit xərclərinin iddiaya əlavə olunması iddiaçının qanuni hüququdur. Məhkəmə maddi ziyanın tərkib hissəsi olan bu xərclərin mahiyyətinə varmadan və hüquqi qiymət vermədən ərizəni rədd etmiş və düzəliş edilməsi üçün onlara vaxt vermədən qətnamə qəbul etmişdir, bununla da onların iddia tələbinin artırılması hissəsində hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi AR MPM-in 152.1.5-ci maddəsinə istinad edərək ərizəni geri qaytarmışdır. Lakin MPM-in 152.1.5-ci maddəsi yalnız məhkəməyə daxil olan ilkin iddia ərizəsinə şamil olunur. İcraat gedişində iddia tələbi artırıldıqda və əlavə dövlət rüsumu ödənilmədikdə məhkəmə ərizəni birbaşa geri qaytarmamalı, MPM-in 152.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya rüsumun ödənilməsi üçün müddət müəyyən etməklə ərizəni hərəkətsiz saxlamalı idi. Məhkəmə hərəkətsizlik haqqında qərardad çıxarmadan və rüsumun ödənilməsi üçün vaxt vermədən ərizəni birbaşa geri qaytarmış və ardınca iş üzrə yekun qətnamə qəbul edərək iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Bundan əlavə, məhkəmə qərardadın əsaslandırma hissəsində iddiaçının nöqsanı aradan qaldırmadığını qeyd etsə də, bu nöqsanın aradan qaldırılması barədə iddiaçıya rəsmi bildiriş göndərməmişdir. Əlavə olunacaq 37.11 manat rüsumu ödəməyə hazır olan iddiaçıya bu şərait yaradılmamış, MPM-in 88, 152 və 152.4-cü maddələri təhrif olunaraq prosessual hüquqlar pozulmuşdur. Qərardadda qeyd edilir ki, şikayət verilə bilər. Məhkəmə isə eyni zamanda qətnamə çıxarmışdır. Belə olan halda qərardadın formal xarakter daşıdığı və qərardadda göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır İddiaçı şikayətində göstərmişdir ki, məhkəmə iddia tələbinin artırılması barədə ərizədə dövlət rüsumunun ödənilmədiyini əsas gətirərək ərizəni geri qaytarmamalı, MPM-in 152.4-cü maddəsinə əsasən ərizəni hərəkətsiz saxlamalı və dövlət rüsumunun ödənilməsi üçün müddət müəyyən etməli idi. Məhkəmə tərkibi bu dəlili əsaslı hesab etmir. Nəzərə alınmalıdır ki, iddia tələbinin artırılması iddiaçının öz təşəbbüsü ilə həyata keçirilmiş prosessual hərəkətdir. İddiaçı ilkin olaraq 7.870 manat məbləğində tələb irəli sürdüyü halda, sonradan həmin tələbin həcmini 4.500 manat artıraraq ümumilikdə 12.370 manat məbləğində tələb irəli sürmüşdür. Belə olan halda, iddiaçı irəli sürdüyü əlavə tələbə münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməli olduğunu nəzərə almalı və həmin prosessual hərəkəti həyata keçirərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi də təqdim etməli idi. İddiaçının sonradan dövlət rüsumunu ödəməyə hazır olduğunu bildirməsi isə onun prosessual hərəkəti həyata keçirərkən qanunla müəyyən edilmiş tələblərə əməl etmək öhdəliyini aradan qaldırmamışdır. Dövlət rüsumunun ödənilməsi barədə tələb məhkəmənin iddiaçıya ayrıca xatırlatmalı olduğu bir hal deyil, məhkəməyə müraciət edən və iddia tələbinin həcmini artıran şəxsin nəzərə almalı olduğu prosessual şərtlərdən biridir. Bundan əlavə, hazırkı iş üzrə söhbət ilkin iddia ərizəsinin məhkəməyə təqdim edilməsindən deyil, artıq məhkəmə icraatında olan iş üzrə iddia tələbinin məbləğinin artırılmasından gedir. İddiaçı belə prosessual hərəkəti öz təşəbbüsü ilə həyata keçirərkən onun nəticəsində yaranan dövlət rüsumu öhdəliyini də nəzərə almalı idi. Habelə, dövlət rüsumunun ödənilməsi üçün müddət müəyyən edilməsi isə ərizə üzrə mövcud olan aradan qaldırıla bilən çatışmazlığın aradan qaldırılması məqsədi daşıyır. Bu prosessual imkanın məqsədi ərizəçinin həmin çatışmazlığı aradan qaldırdıqdan sonra ərizəsinin məhkəmə tərəfindən prosessual qaydada həll edilməsini təmin etməkdir. Buna görə də belə müddətin verilməsi konkret iş üzrə nəticəyə təsir edə biləcək prosessual hərəkətin sonradan həyata keçirilməsinin real olaraq mümkün olmasını nəzərdə tutur. Hazırkı iş üzrə isə iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin artırılması barədə ərizə məhkəmə baxışı mərhələsində təqdim edilmiş və birinci instansiya məhkəməsi həmin ərizəni geri qaytardıqdan sonra eyni tarixdə iş üzrə yekun qətnamə qəbul etmişdir. Beləliklə, iş üzrə məhkəmə araşdırması başa çatmış və ilkin iddia tələbi üzrə məhkəmənin yekun mövqeyi qətnamə ilə ifadə edilmişdir. Bu halda iddiaçıya dövlət rüsumunun ödənilməsi üçün müddət verilməsi artıq hansı prosessual nəticəni yarada bilərdi sualı meydana çıxır. Belə müddətin verilməsi yalnız iddiaçıya rüsumu ödəmək imkanını yaradardı. Lakin rüsumun sonradan ödənilməsi artıq başa çatmış məhkəmə baxışını özözünə bərpa etmir, qəbul edilmiş qətnaməni aradan qaldırmır və məhkəmənin yekun məhkəmə aktı qəbul etdikdən sonra həmin əlavə tələbi baxış predmetinə daxil etmir. Başqa sözlə, dövlət rüsumunun ödənilməsi üçün müddət müəyyən edilməsi yalnız rüsum çatışmazlığının aradan qaldırılmasına xidmət edə bilər. Halbuki hazırkı iş üzrə həmin müddətin verilməsi nəticəsində iddiaçının artırılmış tələbinə birinci instansiya məhkəməsində baxılması üçün artıq mövcud olmayan prosessual vəziyyətin bərpa olunması tələb ediləcəkdi. Beləliklə, birinci instansiya məhkəməsinin iddia tələbinin artırılması barədə ərizənin dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılması ilə bağlı gəldiyi nəticə, iş üzrə həmin ərizənin təqdim edildiyi prosessual vəziyyət və sonradan qəbul edilmiş yekun qətnamə nəzərə alındıqda, şikayətin dəlilləri ilə təkzib edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar