Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-393/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları : Iş materiallarında olan Bankla cavabdeh cavabdeh1 arasında bağlanmış ********* nömrəli ##.##.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 17.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Iş materiallarında olan cavabdeh2 oğlu ilə Bank arasında *********/ZM nömrəli ##.##.2015-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Iş materiallarında olan iddiaçı İddiaçı ASC (ləğv prosesindədir)-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 ünvanladığı xəbərdarlıq məktublarından cavabdehlər cavabdeh2 və cavabdeh1 həmən tarixə olan borcunu ödəmələri tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşlar. Iş materiallarında olan ##.##.2025-ci il tarixə cavabdehin borcunun qeyd olunduğu cədvəldən görünür ki, onun iddiaçı İddiaçı ASC (ləğv prosesindədir) qarşısında cəmi 22.272,30 (iyirmi iki min iki yüz yetmiş iki ABŞ dolları 30 sent) ABŞ dolları borcun - bundan 10.968,82 (on min doqquz yüz altmış səkkiz ABŞ dolları 82 sent) ABŞ dolları əsas, 3.481,26 (üç min dörd yüz səksən bir ABŞ dolları 26 sent) ABŞ dolları faiz, 6.245,98 (altı min iki yüz qırx beş ABŞ dolları 98 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.576,24 (bir min beş yüz yetmiş altı ABŞ dolları 24 sent) ABŞ dolları faiz borcu vardır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı ASC (ləğv prosesindədir) cavabdehlər cavabdeh2 və cavabdeh1 oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi”-nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 22.272,30 (iyirmi iki min iki yüz yetmiş iki ABŞ dolları 30 sent) ABŞ dolları borcun - bundan 10.968,82 (on min doqquz yüz altmış səkkiz ABŞ dolları 82 sent) ABŞ dolları əsas, 3.481,26 (üç min dörd yüz səksən bir ABŞ dolları 26 sent) ABŞ dolları faiz, 6.245,98 (altı min iki yüz qırx beş ABŞ dolları 98 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.576,24 (bir min beş yüz yetmiş altı ABŞ dolları 24 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 203,59 (iki yüz üç Manat 59 qəpik) Manat dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ********* nömrəli ##.##.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 17.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh1 kredit verilərkən cavabdeh2ilə Bank arasında *********/ZM nömrəli ##.##.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırda Bank tərəfindən ##.##.2015-ci il tarixli Kredit və Zaminlik müqavilələrinintəqdim edilməməsinin səbəbi İddiaçı ASCnin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ## ###### 2017-ci il tarixli ** saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ** nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 16.663,99 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə cavabdeh1 kredit üzrə cəmi borcu 22.272,30 (iyirmi iki min iki yüz yetmiş iki ABŞ dolları 30 sent) ABŞ dolları təşkil edir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim:Şahəddin Kələntərov) iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı ASC (ləğv prosesindədir)-nin xeyrinə 10.968,82 ABŞ dolları əsas, 3.481,26 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.576,24 ABŞ dolları faiz borcu, cəmi 17026,32 (on yeddi min iyirmi altı ABŞ dolları otuz iki sent) ABŞ dolları borc ödəniş gününə olan məzənnə üzrə və iş üzrə ödənilmiş 176,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ASC-nin (ləğv prosesindədir) xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MM-nin 385.1, 442,443, 445.1, 448.1, 470.1, 472.2, 475.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 ilə iddiaçı İddiaçı ASC (ləğv prosesindədir) arasında bağlanmış müqavilələr üzrə cavabdehlər müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilələrin şərtlərini pozmuşlar ki, nəticədə cavabdehlərin borcu yaranmışdır. Iş üzrə iddiaçı İddiaçı ASC (ləğv prosesindədir) həmin pulu cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermiş, göstərmişdir ki, kredit müqaviləsi 2015-ci ildə bağlanmışdır. Borcunu vaxtında ödəməməsinin səbəbi maddi durumumun pisləşməsi ilə bağlıdır. Banka olan borcu restrukzasiya edilmiş, kreditin müddəti ## ###### 2022-ci il tarixədək uzadılmışdır. Bu müddət ərzində bank tərəfindən faiz və cərimə borcu həddindən artıq şişirdilmişdir. Mənə 3481,26 ABŞ dolları faiz borcu və 6245,98 ABŞ dolları cərimə hesablamışdır. Xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri b) Iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərmiş olduğu ərizədə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondunun nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərmiş olduğu ərizədə məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdiyindən, qətnamə cavabdeh cavabdeh2 münasibətdə iddianın təmin olunan hissəsində əsaslılığı yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: ... 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. .... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararaq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə qiymətləndirməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmadan maddi və prosessual hüquq normalarını yanlış tətbiq və təfsir etmişdir. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə ## ###### 1992-ci il tarixli Qərarı; X3rşı iş üzrə ## ###### 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə ## ######## 2001-ci il tarixli Qərarı). Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tətbiq edilməli maddi və prosessual hüquq normalarını, habelə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh cavabdeh2 münasibətdə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm hüquqi əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamış, tətbiq edilməli maddi hüquq normasını düzgün təfsir etməmiş və nəticədə zaminə münasibətdə yanlış hüquqi nəticəyə gəlmişdir. Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında ##.##.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcalana 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 17.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit öhdəliyinin təminatı məqsədilə eyni tarixdə cavabdeh cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və sonuncu borcalanın öhdəliklərinin icrasına görə bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Sonradan tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli əlavə sazişlə kredit öhdəliyi restrukturizasiya edilmiş, əsas öhdəliyin icra müddəti isə ##.##.2022ci il tarixədək uzadılmışdır. Bu hal iş materialları ilə tam təsdiq olunur və tərəflər arasında mübahisə predmeti təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyinin tam və ya qismən icrasına görə məsuliyyəti öz üzərinə götürür. Zaminlik aksessor xarakterli öhdəlik olmaqla əsas öhdəlikdən asılı hüquqi təbiət daşıyır. Bununla yanaşı, qanunverici zaminlik münasibətlərinin qeyri-müəyyən müddətədək davam etməsinin qarşısını almaq məqsədilə həmin münasibətlər üçün xüsusi müddət rejimi müəyyən etmişdir. Bu baxımdan Mülki Məcəllənin 477.0.4-cü maddəsi zaminliyin xitam əsaslarını müəyyən edərək imperativ qaydada təsbit etmişdir ki, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti göstərilmədikdə, təmin etdiyi əsas öhdəliyin icra müddətinin çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməzsə, zaminliyə xitam verilir. Kollegiya qeyd edir ki, həmin norma maddi hüquqi münasibətin mövcudluq sərhədini müəyyən edən kəsici müddəti nəzərdə tutur. Kəsici müddətin nəticəsi öhdəliyin özünün xitamı ilə bağlı olduğundan, onun tətbiqi tərəfin istinad edib-etməməsindən asılı olmayaraq məhkəmə tərəfindən ex officio qaydasında qiymətləndirilməlidir. Başqa sözlə, məhkəmə zaminlik münasibətinin qanunla artıq xitam tapdığı halda həmin şəxsin məsuliyyət daşımağa davam etdiyini qəbul edə bilməz. Belə hüquqi yanaşma zaminliyin hüquqi mahiyyətinə, mülki hüquq münasibətlərində hüquqi müəyyənlik prinsipinə və qanunvericinin iradəsinə zidd olardı. Hazırkı iş üzrə müəyyən olunur ki, restrukturizasiya olunmuş kredit üzrə əsas öhdəliyin son icra müddəti ##.##.2022-ci il tarixdə başa çatmışdır. Deməli, kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ ən geci ##.##.2023-cü il tarixədək mövcud olmuşdur. Lakin iş materiallarından görünür ki, iddiaçı həmin müddət ərzində zaminə qarşı qanunvericiliyin tələb etdiyi qaydada məhkəmə iddiası irəli sürməmiş, hazırkı iddia isə yalnız 2025-ci ildə qaldırılmışdır. Belə olan halda, bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin kollegiya qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Birinci instansiya məhkəməsi isə bu xüsusatı nəzərə almadan, yalnız kredit münasibətinin mövcudluğuna və borcun yaranmasına istinad etməklə zaminə münasibətdə də məsuliyyətin davam etdiyini qəbul etmişdir. Halbuki, borcalanın əsas öhdəliyi üzrə borcunun mövcud olması avtomatik olaraq zaminin məsuliyyətinin qeyri-məhdud müddətdə davam etməsi anlamına gəlmir. Zaminin məsuliyyəti qanunla müəyyən edilmiş müddət çərçivəsində mövcuddur və həmin müddət keçdikdən sonra zaminlik hüquq münasibətinə xitam verilir. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 477.0.4-cü maddəsinin hüquqi məzmununa uyğun hesab edilə bilməz. Kollegiya həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq maddi və prosessual hüquq normalarına riayət olunmasını yoxlamalıdır. Cavabdeh cavabdeh2 münasibətdə iddianın təmin edilməsi hissəsində qəbul edilmiş qətnamə maddi hüquq normalarının yanlış tətbiqi ilə çıxarılmış, iş üzrə müəyyən edilmiş faktiki hallar və tətbiq edilməli hüquq normaları ilə uzlaşmamışdır. AR Mülki Prosessual Məcəlləsi: Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin cavabdeh cavabdeh2 aid hissəsi Mülki Prosessual Məcəllənin 217.1 və 217.3-cü maddələrinin tələblərinə də cavab vermir. Belə ki, qətnamədə işin hallarına tətbiq edilməli hüquq normasının hüquqi nəticələri tam qiymətləndirilməmiş, zaminlik münasibətinin davam edib-etmədiyi araşdırılmamış, nəticədə işin müəyyən edilmiş hallarına uyğun olmayan hüquqi nəticəyə gəlinmişdir. Halbuki, məhkəmə qətnaməsi yalnız formal olaraq deyil, həm də maddi hüquqi baxımdan əsaslandırılmış olmalıdır. Avropa Insan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də məhkəmələr qərar qəbul edərkən tərəflərin hüquqi əhəmiyyət kəsb edən arqumentlərinə real hüquqi qiymət verməli və gəldikləri nəticəni aydın şəkildə əsaslandırmalıdırlar. Xüsusilə yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin gəldiyi nəticəni qüvvədə saxlayarkən və ya ləğv edərkən, tətbiq edilən hüquq normasının mahiyyətini və onun konkret işin hallarına necə tətbiq olunduğunu aydın göstərməlidir. Hazırkı halda isə zaminlik üzrə kəsici müddətin keçməsi kimi işin nəticəsinə birbaşa təsir edən hüquqi halın nəzərə alınmaması qətnamənin əsaslılığını aradan qaldırır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdeh cavabdeh2 münasibətdə zaminlik münasibəti Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam olunduğundan, onun kredit öhdəliyi üzrə məsuliyyət daşıması üçün hüquqi əsas mövcud deyildir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin cavabdehə münasibətdə ləğv edilməli, iddiaçı İddiaçı ASC-nin cavabdeh cavabdeh2 qarşı irəli sürdüyü iddia tələbi rədd olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi qismən - iddianın cavabdeh cavabdeh2 qarşı təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondunun cavabdeh cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası rədd edilsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-393/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-393/2026
20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver