Məhkəmə qərarları › İş №e-2(3-9)-396/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-396/2026

07.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-396/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borc” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 2400 (iki min dörd yüz) manat əsas, 36.96 (otuz altı manat 96 qəpik) manat faiz, 0 (sıfır) manat cərimə və AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 99.33 (doxsan doqquz manat 33 qəpik) manat faiz olmaqla, cəmi 2536.29 (iki min beş yüz otuz altı manat 29 qəpik) manat kredit borcunun, iş üzrə ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) məbləğində bank xidmət haqqının tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə cavabdeh1 (bundan sonra “Cavabdeh”) arasında bağlanmış ##.##.2019-cu il tarixli, LM********* nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 2400 (iki min dörd yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdeh cavabdeh2 ilə ##.##.2019-cu il tarixli, LM********* nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışır. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli, LM********* nömrəli restrukturizasiya müqaviləsinin əsli, ##.##.2019cu il tarixli, LM********* nömrəli zaminlik müqaviləsinin əsli, ödəniş cədvəli, ##.##.2025-ci il tarixli, 12-5/2- Ə-21 *****/**** nömrəli maliyyə arayışı, ##.##.2025-ci il tarixli, **-*/*-Ə-**- *****/**** nömrəli bildiriş məktubu və hesabdan çıxarışdır. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış ##.##.2019cu il tarixli, LM********* nömrəli restrukturizasiya müqaviləsi ##.##.2025-ci il tarixə cavabdeh1 krediti üzrə 2400 (iki min dörd yüz) manat əsas, 36.96 (otuz altı manat 96 qəpik) manat faiz, 0 (sıfır) manat cərimə və AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 99.33 (doxsan doqquz manat 33 qəpik) manat faiz olmaqla, cəmi 2536.29 (iki min beş yüz otuz altı manat 29 qəpik) manat kredit borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bildirmək istəyir ki, cavabdeh cavabdeh1 krediti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ##.##.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və tərəfindən fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilələr hazırlanmışdır və həmin müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh cavabdeh1 etiraz ərizəsinə əsasən hazırkı *(***)-****/**** saylı mülki iş üzrə icraat iddia icraatına keçirilmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Anar Pənahov) iddia təmin edilmiş, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 2.400 (iki min dörd yüz) manat əsas, 36,96 (otuz altı manat 96 qəpik) manat faiz, AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 99,33 (doxsan doqquz manat 33 qəpik) manat faiz borcu olmaqla, cəmi 2.536,29 (iki min beş yüz otuz altı manat 29 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,4 (qırx altı manat 40 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: LPO İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2019-cu il tarixli, LM********* №-li restrukturizasiya müqaviləsindən görünür ki, cavabdeh1 60 (altmış) ay müddətinə, illik 1% (bir faiz) olmaqla 2400 (iki min dörd yüz) manat məbləğində kredit verilmişdir. ##.##.2019-cu il tarixli, LM********* saylı Zaminlik Müqaviləsinə əsasən, cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək cavabdeh2 ona zamin durmuşdur. ##.##.2019-cu il tarixli, LM********* №-li zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh2 arasında kredit müqaviləsinin icrasını təmin edilməsi üçün zaminlik müqaviləsi bağlanılmışdır. Maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış restrukturizasiya müqaviləsi üzrə ##.##.2019-cu il tarixli, LM********* saylı restrukturizasiya müqaviləsi üzrə sonuncunun ##.##.2025-ci il tarixə ödənilməmiş 2400 manat əsas, 36.96 manat faiz borcu 0 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 99.33 manat faiz, ümumillikdə 2536.29 manat borcu vardır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı İddiaçı ASC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 46 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh1 60 (altmış) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2400 (iki min dörd yüz) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında ##.##.2019-cu il tarixli, LM********* saylı restrukturizasiya Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ##.##.2019-cu il tarixli, LM********* saylı Zaminlik Müqaviləsinə əsasən cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması- öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı ASC qarşısında cavabdeh cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 46 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 448, 445.1, 445.2.1, 472.2, 448.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1,88, 217.4 218.3cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə əsas borc məbləğinin müəyyən edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməklə əsas kredit borcunun məbləği dəqiqləşdirildikdən sonra yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qaldırılmış iddia tələbi ilə razı deyil. Çünki onun banka olan borcu tələb edilən məbləğdə deyil, daha azdır. O həmin məbləğdən ödəmişdir. Sonradan ölkədə və dünyada koronavirus infeksiyasının yayılması və pandemiya şəraiti, eləcə də maddi vəziyyəti ilə əlaqədar borcu ödəyə bilməmişdir. Lakin, bütün bunlara, həmçinin tələb edilən əsas borcun göstərilən məbləğdən az olmasına baxmayaraq iddiaçı həmin borca görə faiz hesablamışdır. Faiz tələb etməsinə baxmayaraq, həmçinin AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən ondan əlavə məbləğ də tələb edir. Həmin 99.33 (doxsan doqquz manat 33 qəpik) manatın nəyin əsasında hesablaması isə məlum deyildir. İşə baxarkən məhkəmə ərizədə qeyd edilən heç bir sübuta əsaslanmayan izahat əsasında işə baxmış və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Eyni zamanda borcun hesablanması ilə bağlı ekspertiza təyin olunması barədə vəsatət verməyinə baxmayaraq məhkəmə həmin halları araşdırmamış və iddiaçının mülahizələri əsasında qətnamə qəbul etməklə yuxarıda qeyd etdiyi hallar barədə heç bir əsaslandırma aparmamışdır. Yuxarıda qeyd olunan hallar yenidən araşdırılmalı və iş üzrə əsas məbləğin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilməli, veriləcək ekspert rəyinə uyğun olaraq qalıq borc müəyyən edilməlidir. Lakin birinci instansiya məhkəməsi həmin halları araşdırmamış işə birtərəfli qaydada yanaşaraq heç bir araşdırma aparmadan maddi və prosessual pozuntulara yol verməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə işin obyektiv, tam və hərtərəfli araşdırlıması üçün ekspertiza təyin etmədən yalnız iddiaçının məhkəməyə verdiyi məlumatlar əsasında sadə formada qeydləri əsasında yazılmış maliyyə arayışı ilə borc məbləğini olduğu kim qeyd etmişdir. Qanunvericiliyin normasında təsbit edilmiş işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Qanunun normalarını pozmaqla iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda etməmiş və ekspertizanın təyin edilməsi barədə verdiyim yazılı vəsatətin rədd edilməsi barədə əsaslandırılmış qərardadı da ona təqdim etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh cavabdeh1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə əsas borc məbləğinin müəyyən edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməklə əsas kredit borcunun məbləği dəqiqləşdirildikdən sonra yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mülki mübahisəni iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə borcun məbləğini düzgün müəyyən etməmiş, iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslanaraq borcun həqiqi qalığını hərtərəfli və obyektiv araşdırmadan qəbul etmiş, ödənişlərin nəzərə alınmamasına yol vermiş, habelə borcun dəqiq hesablanması üçün zəruri olan məhkəmə-mühasibatlıq ekspertizasını təyin etməmiş və bununla da iş üzrə faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması prinsipini pozmuşdur. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan: LPO İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2019-cu il tarixli, LM********* №-li restrukturizasiya müqaviləsindən görünür ki, cavabdeh1 60 (altmış) ay müddətinə, illik 1% (bir faiz) olmaqla 2400 (iki min dörd yüz) manat məbləğində kredit verilmişdir. ##.##.2019-cu il tarixli, LM********* saylı Zaminlik Müqaviləsinə əsasən, cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək cavabdeh2 ona zamin durmuşdur. ##.##.2019-cu il tarixli, LM********* №-li zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh2 arasında kredit müqaviləsinin icrasını təmin edilməsi üçün zamlik müqaviləsi bağlanılmışdır. Maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış restrukturizasiya müqaviləsi üzrə ##.##.2019-cu il tarixli, LM********* saylı restrukturizasiya müqaviləsi üzrə sonuncunun ##.##.2025-ci il tarixə ödənilməmiş 2400 manat əsas, 36.96 manat faiz borcu 0 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 99.33 manat faiz, ümumillikdə 2536.29 manat borcu vardır. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi ekspertizanın məhkəmə tərəfindən təyin edilməsi imperativ xarakterli norma olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza keçirilməsinə zərurət görmədiyindən iddiaçı tərəfindən verilmiş sənədləri mötəbər sübut kimi qəbul edərək, qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, apellyator ekspertiza keçirilməsinin zəruruliyini əsaslandıra bilməmiş, bu barədə məhkəmə tərkibinə hər hansı bir sübut növü təqdim etməmişdir. Məhkəmə tərkibi mülki iş materiallarını araşdıraraq qeyd edir ki, işə əvvəlcə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehin etirazı əsasında isə iş iddia icraatı qaydasına keçirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş hazırlıq iclasları barədə cavabdehə vaxtında məlumat verilmiş, ona ünvanlanmış məhkəmə bildirişlərində sübutların məhkəmə baxışına qədər təqdim edilməsinin zəruriliyi izah edilmişdir. Məhkəmənin 12 yanvar tarixli qərardadı ilə məhkəmə baxışı təyin edilmiş, cavabdeh isə 26 yanvar tarixində ekspertiza təyin edilməsi barədə vəsatət təqdim etmişdir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması mərhələsi yekunlaşana qədər təqdim edilməlidir. Məhkəmə baxışı mərhələsində sübutların təqdim edilməsinə yalnız o halda yol verilir ki, bunun üçün əsaslar həmin mərhələdə yaranmış olsun və ya işdə iştirak edən şəxs sübutların vaxtında təqdim edilməsinin ondan asılı olmayan obyektiv səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən ekspertizanın təyin edilməsi barədə vəsatət prosessual müddət ötürüldükdən sonra təqdim edilmiş, həmin müddətin buraxılmasına səbəb olan hər hansı üzrlü və obyektiv hal isə məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən vəsatətin rədd edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi 27 yanvar tarixli məhkəmə iclas protokolu ilə qeyd olunan vəsatətin rədd edilməsini qərara almışdır. Vəsatətin məhkəmə iclas protokolu ilə rədd edilməsi özü-özlüyündə prosessual pozuntu hesab edilməməklə, qətnamənin qanuniliyi və əsaslılığına təsir etmir. Həmçinin apellyasiya şikayətində borcun ödənilməsi ilə bağlı irəli sürülən dəlillər hər hansı mötəbər sübutlarla-ödənişi təsdiq edən qəbz, bank çıxarışı və ya digər maliyyə sənədləri ilə təsdiq olunmamış, yalnız cavabdehin ümumi bəyanat xarakterli izahatları ilə məhdudlaşmışdır. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçı tərəf iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etmiş, lakin cavabdeh apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərkibi apelyasiya şikayətinin dəlilinə uyğun olaraq hazırkı apellyasiya mərhələsində ekspertiza keçirilib-keçirilməməsinin mümkünlüyü məsələsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə MPM-nin 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir. «L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında-birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Hazırkı mərhələdə ekspertizanın təyin edilməsi üçün prosessual əsaslar mövcud deyildir. Çünki cavabdeh birinci instansiya məhkəməsində işin baxılmağa hazırlanması mərhələsində ekspertizanın keçirilməsi barədə vəsatətini vaxtında təqdim etməmiş, həmin sübutun təqdim edilməməsini isə ondan asılı olmayan üzrlü səbəblərlə əsaslandırmamışdır. Belə şəraitdə apellyasiya instansiyasında ekspertiza təyin olunması faktiki olaraq yeni sübutun toplanmasına xidmət edir ki, bu da mülki prosessual qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərlə uzlaşmır. Odur ki məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Ona görə də cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar