Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-445/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək X2 vərəsəsi Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə 473.46 manat əsas, 9.50 manat faiz borcu olmaqla, cəmi 482.96 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılımasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X2 arasında ##.##.2019-cu il tarixli, BPM************ nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 illik 29 %-lə, 28 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. ****** nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X2 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notarius tərəfindən 2V-*** reyestr nömrəli, ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak 2013-cü il olan "DODGE DURANGO" minik markalı, **-FO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Təqdim edilmiş maliyyə arayışına əsasən X2 ##.##.2025-ci ilədək Banka ödənilməmiş 473.46 manat əsas, 9.50 manat faiz borcu olmaqla, cəmi 482.96 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə ##.##.2025-ci il tarixində 6-2-22/2 *****/**** nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(064)-2842/2025 saylı qətnaməsi ilə (hakim Elmir İsmayılov) iddia ərizəsi təmin edilməmiş, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: - İddiaçı ASC tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx” ASC ilə X2 arasında ##.##.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 illik 29 % lə, 28 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Onun ##.##.2025-ci il tarixinə olan borcu 473.46 manat əsas, 9.50 manat faiz borcu olmaqla, cəmi 482.96 manat təşkil edir. - İddiaçı ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli etibarnaməyə əsasən nümayəndə2 nümayəndəlik səlahiyyəti məhkəmə tərəfindən müəyyən olunur. - ##.##.2025-ci il tarixli borcun qaytarılması tələbinə dair xəbərdarlığın məzmunundan görünür ki, iddiaçı cavabdehə İddiaçı ASC ilə X2 arasında bağlanmış ##.##.2019-cu il tarixli, BPM************ nömrəli kredit müqaviləsinə əsasən 473.46 manat əsas, 9.50 manat faiz borcu olmaqla, cəmi 482.96 manat kredit borcunun 3 gün ərzində ödənilməsi əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. - Qanun üzrə vərəsəlik haqqında ##.##.2025-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ##.##.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi hesab edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X2 arasında ##.##.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 illik 29 % lə, 28 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Onun ##.##.2025-ci il tarixinə olan borcu 473.46 manat əsas, 9.50 manat faiz borcu olmaqla, cəmi 482.96 manat təşkil edir. Qanun üzrə vərəsəlik haqqında ##.##.2025-ci il tarixli şəhadətnaməyə əsasən Cavabdeh ##.##.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi hesab edilmişdir. Mülki qanunvericiliyə əsasən isə mülki hüquq münasibətlərinin yarandığı dövrə görə müqavilə tələbləri barədə iddia müddəti üçün 3 il nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə son ödəniş müddəti isə ##.##.2020-ci il tarixidir. Bu isə onu müəyyən etməyə əsas verir ki, müqavilə üzrə son ödəniş tarixinin üzərindən 5 ildən çox vaxt keçmiş, bununla iddia müddəti ötürülmüşdür. İddia müddətinin cavabdehin müraciətinə əsasən tətbiq edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırkı mübahisənin predmeti olan hüquq münasibətlərinə iddia müddəti tətbiq edilməlidir. İddiaçının nümayəndəsinin ##.##.2026-cı il tarixli ərizəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, ərizədə göstərilən arqumentlər iddia müddətinin ötürülməməsi və ya həmin müddətin axımının başqa tarixdən hesablanması üçün kifayət qədər hüquqi və faktiki əsas yaratmır. Belə ki, cavabdeh X2 ##.##.2020-ci ildə vəfat etməsinə baxmayaraq vərəsəlik işinin onun ölümündən təxminən 5 il sonra, yəni ##.##.2025-ci ildə açılması miras alanın vərəsəlik hüquqlarının həyata keçirilməsi zamanı iddia müddətinin keçməsini bilərəkdən gözləməsi kimi qiymətləndirilə bilməz. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi ərizəsində göstərir ki, cavabdeh X2 ##.##.2020ci ildə vəfat etməyinə baxmayaraq vərəsəlik işi ##.##.2025-ci ildə açılmışdır. Yəni miras alan bilərəkdən vərəsəliklə bağlı müraciət edərkən iddia müddətinin keçməsini gözləmişdir. Bu səbəbdən vərəsəlik işinin ##.##.2025-ci il tarixində açıldığını nəzərə alaraq, iddia müddəti ötürülməmişdir. Belə ki, onlara məlum olan tarix ##.##.2025-ci il tarixidir. Lakin məhkəmə iddiaçının göstərilən mövqeyini şəxsi mülahizələrə əsaslanan və obyektiv sübutlarla təsdiq olunmayan arqument kimi qiymətləndirir. Belə nəticəyə gəlmək üçün miras alanın qəsdli davranışını, hüquqdan sui-istifadə niyyətini və ya iddia müddətinin axımına təsir göstərən digər halları sübut edən faktiki məlumatlar təqdim olunmalıdır. Vərəsəlik işinin açılma tarixinin gecikməsi faktı, əlavə sübutlar olmadan, iddia müddətinin qəsdən gözlənilməsi və ya müddətin ötürülməsinin əsaslı səbəbi kimi qəbul edilə bilməz. Bu səbəbdən göstərilən hal iddia müddətinin ötürülməsinin mötəbər səbəbi kimi qəbul edilmir. Beləliklə, məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab etmişdir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, iddia ərizəsi təmin edilməməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə ## #### 2009-cu il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək Füzuli Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin tamamilə ləğv edilərək, cavabdeh Cavabdeh Maşalah qızından İddiaçı ASC-nin xeyrinə BPM************ nömrəli, ##.##.2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə cəmi 482.96 manat məbləğində borcun həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı və apelyasiya şikayətinin verilməsi üçün 15 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırkı işdən isə aydın olur ki, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü yalnızca iddiaçının üzərinə qoymaqla, yekunda səhv nəticəyə gəlmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından tərəfindən sorğu verilmiş, Füzuli rayon notariat ofisi tərəfindən təqdim edilmiş *** saylı, ##.##.2025-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmış, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və o miras əmlakından tam hissədə pay almışdır. Vərəsəlik işi ##.##.2025-ci il tarixdə açılsa da, vərəsə mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat vermək öhdəliyini icra etməmişdir. Məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq iddiaçının tələbini rədd etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdehlər sübut etməli olsa da məhkəməyə heç bir sübut təqdim etməmişdir, eyni zamanda məhkəmə sübutetmə yükünü yalnız iddiaçının üzərinə qoymuşdur. Eyni zamanda iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Göründüyü kimi cavabdeh Cavabdeh Füzuli rayon Notariat Ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılmış, ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, ##.##.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır və o, miras əmlakından tam hissədə pay almışdır. Şəhadətnaməyə əsasən miras əmlak 2013-cü il olan DODGE DURANGO minik markalı ** FO *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Lakin notarius tərəfindən miras əmlakları siyahıya almamışdır. Ona görə də vərəsəlik haqqında şəhadətnamədə qeyd edilən miras əmlakdan başqa cavabdeh başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə notariusu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edərək miras əmlakın tam araşdırılmasını təmin etməmişdir. birinci instansiya məhkəməsi öz mülahizəsinə əsasən iddianı rədd etmişdir. Hesab edir ki, qətnamə əsassızdır. Belə ki, məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olması tam və ətraflı araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Belə ki, MM-nin 1307-ci maddəsinin tələbinə əsasən vərəsə tərəfindən miras qoyanın borclarının mirasdan çox olduğunu vərəsə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə yeterli sübut təqdim edilmədiyindən iddia tam təmin edilməlidir. Yuxarda qeyd edilən hüquq normalarından da görünür ki, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin, məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmyaraq məhkəmə iclasında iştirak etməmişdirlər (təmsil olunmamışdırlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Füzuli Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin tamamilə ləğv edilərək, cavabdeh Cavabdeh Maşalah qızından İddiaçı ASC-nin xeyrinə BPM************ nömrəli, ##.##.2019cu il tarixli Kredit Müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə cəmi 482.96 manat məbləğində borcun həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı və apelyasiya şikayətinin verilməsi üçün 15 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. İddia tələbi təmin edilmədiyindən iddiaçı qətnaməni tam mübahisələndirir. Ona görə də məhkəmə tərkibi Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(064)-2842/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində iddia tələbinin təmin edilməmiş hissəsində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək X2 vərəsəsi Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə 473.46 manat əsas, 9.50 manat faiz borcu olmaqla, cəmi 482.96 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılımasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə tərkibi iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbinin əsasını İddiaçı ASC və vəfat etmiş borclu arasında bağlanmış kredit müqavilələri təşkil edir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə tərkibi işdə olan sübutlardan müəyyən edir ki, hazırkı mülki iş üzrə "xxxx” ASC ilə X2 arasında ##.##.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 illik 29 % lə, 28 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Onun ##.##.2025-ci il tarixinə olan borcu 473.46 manat əsas, 9.50 manat faiz borcu olmaqla, cəmi 482.96 manat təşkil edir. Müvafiq kredit müqavilələri üzrə iddiaçı ilə X2 arasında bağlanılmış kredit müqaviləsi üzrə son ödəniş müddəti isə ##.##.2020-ci il tarixidir. X2 ##.##.2020-ci il tarixdə vəfat etmiş, ##.##.2025-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı İddiaçı iddia tələbinə cavab verməli olan vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş və yalnız 5 il sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yəni öhdəliklər üzrə iddia müddətləri qanunun müəyyən etdiyi vaxt çərçivəsində bitmiş, kreditorun məhkəməyə müraciət etmək hüququ bu tarixlərdən etibarən məhdudlaşmışdır. İş materiallarından görünür ki, hazırda cavabdeh iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Mülki işdən göründüyü kimi iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərara almışdır ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə tərkibi hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Həmçinin hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Belə ki, apellyator iddia müddətinin başlanğıc anının vərəsəlik üzrə məlumatların əldə olunduğu an hesab olunduğu qeyd etsə belə “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun qərarına nəzər yetirsək bu mövqenin əsassız olduğu qənaətinə gələrik. Həmin qərarda yekun hüquqi mövqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konsitutsiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Məhkəmə tərkibi haqlı olaraq vurğulayır ki, iddiaçının vərəsəlik məlumatının gec əldə olunduğuna istinad etməsi, xüsusilə də Konstitusiya Məhkəməsinin həmin normaları birlikdə şərh edən qərarı fonunda, əsassızdır. Çünki kreditor borclunun ölümü haqqında məlumat əldə etməklə artıq tələbin kimə yönələcəyini müəyyən etmək üçün hüquqi mexanizmlərə malikdir və bu araşdırmanı aparmaq onun üzərinə düşən minimal diqqət və ehtiyat vəzifəsinin tərkib hissəsidir. Beləliklə, iddiaçının iddia müddətinin başlanğıc anını ##.##.2025-ci il tarixi ilə bağlaması nə Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş müdafiə hüququnun mahiyyətinə, nə Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinin tətbiqinə, nə də Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələri ilə Konstitusiya Məhkəməsinin həmin normalara dair yekun hüquqi mövqeyinə uyğun gəlir. Davranış modeli və təqdim olunan dəlillər daha çox iddia müddəti institutundan suiistifadə edilməsi cəhdi kimi görünür və bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Son olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayətində göstərilən sübutetmə yükünün düzgün bölüşdürülməməsi, miras qoyanın borcunun mirasdan çox olubolmamasının araşdırılmaması, miras əmlakın tam dairəsinin müəyyən edilməməsi və notariat orqanının işə cəlb olunmaması kimi dəlillər işin mahiyyəti üzrə araşdırılmalı olan hallarına aiddir. Lakin hazırkı iş üzrə iddia müddətinin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyindən və bu hal mübahisənin həlli üçün müstəqil əsas təşkil etdiyindən, göstərilən məsələlərin əlavə araşdırılmasına zərurət qalmamışdır. Çünki iddia müddətinin tətbiqi iddianın təmin edilməsini mümkünsüz edir və bu halda mübahisənin maddi-hüquqi aspektlərinin araşdırılması artıq yekun nəticəyə təsir göstərə bilməz. Buna görə də apellyasiya şikayətində irəli sürülmüş qeyd olunan dəlillər iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə tərkibi miras alanın bilərəkdən vərəsəliklə bağlı müraciət edərkən iddia müddətinin keçməsini gözləməsi və bu haqda məlumat verməməsi kimi dəlilləri şəxsi mülahizələrə əsaslanan və obyektiv sübutlarla təsdiq olunmayan hallar hesab edir. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(064)-2842/2025 saylı qətnaməsi iddiaçı İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(064)-2842/2025 saylı qətnaməsi iddiaçı İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-445/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-445/2026
14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver