Məhkəmə qərarları › İş №e-2(3-9)-468/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-468/2026

18.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-468/2026 18.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Laçın Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı ASC tərəfindən tərtib edilmiş avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsindən, sığorta ödənişi aktından, Laçın rayon Yol Patrul Xidməti tərəfindən verilmiş arayışdan və ##.##.2024-ci il tarixli ilkin aktından görünür ki, Cavabdeh idarə etdiyi “X1” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək İddiaçı ASC-də avtonəqliyyat vasitələrinin kompleks sığortası növü ilə sığortalanmış “Mitsubishi L200” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə Laçın rayonu Güləbird kənd ərazisində toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 7793 manat müəyyən edilmişdir. Laçın rayon Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh İXM-in 327.2-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Aktdan görünür ki, dəymiş zərərin 5000 manatı zərərvuranın sığortaçısı olan “xxxx” ASC tərəfindən ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən müəyyən edilmiş 2793 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-yə məxsus olan “Mitsubishi L200” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixli Avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinə əsasən İddiaçı ASC-də sığortalanmışdır. Cavabdeh “X1” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ##.##.2024-cü il tarixdə Laçın rayonu ərazisində “Mitsubishi L200” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Laçın rayon YPX-nin tərtib etdiyi “İnzibati xəta haqqında” İXP ******* nömrəli protokol ilə Cavabdeh İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. “Mitsubishi L200” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər MCL-***/** saylı ödəniş aktına və ##.##.2025-ci il tarixli ödəniş tapşırığın əsasən 7793 manat məbləğində müəyyən edilmişdir. Dəymiş zərərin 5000 manatı zərərvuranın sığortaçısı olan “xxxx” ASC tərəfindən ZBTS-4503/25 aktı üzrə ödənilmişdir. Həmçinin dəyən zərər məbləğinin qalıq hissəsi isə tam həcmdə İddiaçı ASC tərəfindən ödənilmişdir. Buna görə də, həmin məbləğ subroqasiya qaydasında Cavabdeh tərəfindən İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh 2793 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 48 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması xahiş edilmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Laçın Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 2793 manat sığorta ödənişi məbləğinin və 48 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi “X1” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək İddiaçı ASC-də avtonəqliyyat vasitələrinin kompleks sığortası növü ilə sığortalanmış “Mitsubishi L200” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2024-cü il tarixdə Laçın rayonu Güləbird kənd ərazisində toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də, Laçın rayon Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli qərara əsasən Cavabdeh İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğdə inzibati tənbeh tətbiq edilmişdir. Nəticədə “Mitsubishi L200” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 7793 manat müəyyən edilmiş, həmin məbləğin 5000 manatı zərərvuranın sığortaçısı olan “xxxx” ASC tərəfindən, qalıq hissəsi isə tam həcmdə İddiaçı ASC tərəfindən ödənilmişdir. Cavabdeh sığorta şirkətinə hal-hazırda cəmi 2793 manat məbləğdə borcu qalmışdır. Cavabdeh qeyd edilən borcu ödəməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci, 936.2-ci, 936.5-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1108.1-ci, 1114.1ci. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta aktları və ödəniş sənədləri öz mahiyyətinə görə maraqlı tərəfin təqdim etdiyi birtərəfli qiymətləndirmə sənədləridir və onlar müstəqil ekspert rəyini əvəz edə bilməz. Bu cür sənədlərin əsas götürülməsi ilə zərərin yekun məbləğinin müəyyən edilməsi sübutların obyektiv qiymətləndirilməsi prinsipinin kobud şəkildə pozulmasıdır. Aydın görünür ki, zərərin 7793 manat məbləğdə müəyyən edilməsi real bazar göstəricilərinə, amortizasiya dərəcəsinə və faktiki zədələnmə səviyyəsinə uyğun şəkildə yoxlanılmamış, nəticədə qiymətin şişirdildiyi açıq-aşkar şəkildə özünü göstərir. Digər bir pozuntu isə iş üzrə ümumiyyətlə ekspertiza təyin edilməməsidir. Halbuki, nəqliyyat vasitələrinə dəymiş zərərin həcminin müəyyən edilməsi və hadisənin baş vermə mexanizminin aydınlaşdırılması xüsusi bilik tələb edən məsələlərdir və bu hallarda məhkəmə və ya səlahiyyətli orqan tərəfindən mütləq qaydada müvafiq ekspertiza(lar) təyin olunmalıdır. Ekspertiza aparılmadan zərərin miqdarı barədə qəti nəticəyə gəlmək elmi əsasdan məhrumdur və hüquqi baxımdan yolverilməzdir. Eyni zamanda iş materialları göstərir ki, hadisə hərtərəfli araşdırılmamış, sübutlar tam toplanmamış və qiymətləndirilməmişdir. Hadisənin baş vermə şəraiti, tərəflərin qarşılıqlı hərəkətləri, zərərin yaranma səbəb-nəticə əlaqəsi və texniki aspektlər sistemli şəkildə təhlil edilməmişdir. Bu isə qəbul edilmiş qərarın hərtərəfli araşdırılmadığını göstərir. Laçın rayon polis şöbəsi tərəfindən tərəflərin izahatlarının alınmaması, hadisə yerinə baxış keçirilməməsi və müvafiq müayinə protokolunun tərtib olunmaması iş üzrə ən əsas sübutların belə toplanmadığını göstərir. Bu cür kobud prosessual çatışmazlıqlar şəraitində hadisənin baş vermə mexanizmini, təqsirin dərəcəsini və ümumiyyətlə hadisənin real hallarını müəyyən etmək mümkün deyil. Daha da ciddi məqam ondan ibarətdir ki, məhkəmə bu çatışmazlıqlara baxmayaraq Laçın rayon polis şöbəsindən müvafiq materialları tələb etməmiş, işin tam araşdırılması üçün heç bir təşəbbüs göstərməmişdir. Beləliklə, məhkəmə faktiki olaraq sübutların toplanması və araşdırılması vəzifəsini yerinə yetirməmiş, tərəflərin bərabərliyi və çəkişmə prinsipini təmin etməmiş, nəticədə isə cavabdehin hüquqlarını kobud şəkildə pozmaqla qətnamə qəbul etmişdir. Cavabdeh iş materialları ilə vaxtında tanış ola bilmədiyinə, sübutları mübahisələndirmək və əsaslandırılmış etirazlar təqdim etmək imkanından məhrum edildiyinə görə müdafiə hüququndan faktiki olaraq kənarlaşdırılmışdır. Nəticə etibarilə, iş üzrə hadisənin mexanizmi müəyyən edilməmiş, zərərin real məbləği elmi əsaslarla sübuta yetirilməmiş, prosessual tələblərə riayət olunmamışdır. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MM-in 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf öz şikayətinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərkibi ilkin olaraq qeyd edir ki, MPM-in 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Bu baxımdan məhkəmə tərkibi tərəflərin bərabərliyi və çəkişmə prinsipinin pozulması, sübutların toplanmaması, habelə dəymiş zərərin məbləğinin şişirdilməsi barədə dəlil üzrə qeyd edir ki, iş materiallarında olan məhkəmə bildirişləri, poçt göndərişlərinə dair izləmə məlumatları və digər prosessual sənədlərdən açıq şəkildə görünür ki, Cavabdeh məhkəmə prosesi barədə lazımi qaydada məlumatlandırılmışdır. Ona göndərilmiş bildirişdə prosessual hüquq və vəzifələri, o cümlədən etiraz vermək, sübut təqdim etmək, yazılı izahat və vəsatətlərlə çıxış etmək hüququ izah edilməklə onun müdafiə hüququnun və çəkişmə prinsipindən irəli gələn imkanlarının həyata keçirilməsi üçün kifayət qədər şərait yaradılmışdır (səh 30-36). Buna baxmayaraq, o, həmin hüquqlardan istifadə etməmiş və prosesdə fəal iştirak nümayiş etdirməmişdir. Beləliklə, Cavabdeh öz prosessual hüquqlarını həyata keçirməsi üçün zəruri imkanın yaradılması iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin Cavabdeh məhkəmə prosesindən xəbərsiz qalması və ya sübut təqdim etmək imkanından məhrum olması ilə bağlı hər hansı əsaslı səbəb göstərməmişdir. Bu səbəbdən çəkişmə prinsipinin pozulmasına, sübutların toplanmamasına və işin birtərəfli araşdırılmasına dair istinadlar məhkəmə tərkibi tərəfindən əsaslı hesab edilə bilməz. MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa, məhkəmə tərkibi diqqətə çatdırır ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının # #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # ### 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mühakimə icraatında tərəflərin prosessual hüquqlarının həcmi, o cümlədən məhkəmənin malik olduğu səlahiyyətlərin dairəsi birinci, apellyasiya və kassasiya instansiyalarının təbiətlərinə uyğun olaraq fərqləndirilmişdir. Belə ki, yeni məhkəmə icraatının qaydalarını müəyyən edən qüvvədə olan mülki prosessual qanunvericilik işin aparılmasının əsas ağırlığını birinci instansiya məhkəmələrinin üzərinə qoyur (tələblərin və sübutların təqdim edilməsi; bütün faktların araşdırılması; tərəflərin sübutlarının yoxlanılması və onlara qiymət verilməsi; iş üzrə əhəmiyyət daşıyan müəyyənləşdirilmiş hallar, maddi və prosessual qanunun müddəaları əsasında qərarın qəbul edilməsi). Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də, onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir. Xüsusilə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə tərkibi həmçinin işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə məhkəmə iclasında iştirakının təmin olunması üçün Cavabdeh nümayəndəsi vəkil Vəkil ərizəsinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə toplanmış sübutlar mübahisənin mahiyyəti üzrə qiymətləndirilməsi üçün kifayət etdiyindən və tərəflərin mövqeləri iş materiallarında ətraflı əks olunduğundan, məhkəmə tərkibi işə şifahi məhkəmə baxışı qaydasında baxılmasını zəruri hesab etmir. Məhkəmə tərkibi apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar