Məhkəmə qərarları › İş №e-2(3-9)-612/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-612/2026

14.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-612/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İsayev İsa Vasilyeviç oğlunun iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: ##.##.2025-ci il tarixli Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, ##.##.1985-ci il tarixində Lerik rayonunda anadan olmuş, Lənkəran rayonu Göyşəban ərazi dairəsi Göyşaban kəndində qeydiyyatda olan Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xata törədilmişdir. ##.##.2025-ci il tarixli Bakı Şəhər DYPİ-nin TP ******* nömrəli qərarından görünür ki, ##.##.1985-ci il tarixində anadan olmuş, Lənkəran rayonu Göyşəban ərazi dairəsi Göyşaban kəndində qeydiyyatda olan Cavabdeh tərəfindən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. ##.##.2025-ci il tarixli AA***/**** nömrəli “Hyper Servic MMC” tərəfindən verilmiş aktdan görünür ki, “Changan UNİ-Z PLUG-İN HİBRİD” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil dəyişdirilməli olduğu ehtiyat hissələrinin məbləği 3830 manat və digər xərclər (boya, dəmirçi və s.) 1100 manat, cəmi 4930 manatdır. # ######## 2025-ci il tarixli “xxxx” ASC tərəfindən CCL-Z-15578/2025 sayılı İsayev İsa Vasilyeviç oğluna ünvanlanmış imtina məktubunda göstərilmişdir ki, ##.##.2025-ci il tarixində “GMC YUKON MİNİK” markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində onun tərəfindən idarə edilən “Changan UNİ-Z PLUG-İN HİBRİD” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə avto-qəza zamanı təqsirli olan tərəfin qarşı tərəf olduğu müəyyən edilmişdir. Məktubda göstərilmişdir ki, “Changan UNİ-Z PLUG-İN HİBRİD” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə “xxxx” ASC-nin məsuliyyəti yaranmamışdır. “Nəqliyyat vasitələrinin zədələnməsi barədə “ arayışdan görünür ki, Cavabdeh tərəfindən idarə olunan “GMC YUKON MİNİK” markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə zərər dəymiş və İsayev İsa Vasilyeviç oğlu tərəfindən idarə olunan “Changan UNİ-Z PLUG-İN HİBRİD” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə zərər dəymişdir. “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli 0382№-li “Changan UNİ-Z PLUG-İN HİBRİD” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız vəziyyətə düşmüş və yeniləri ilə əvəzlənməsi tələb olunan hissələr: 1 ədəd baqaj qapısı (1100 manat); 1 ədəd stık doldurucu germetik (30 manat); 1 baqajın alt spoyleri (200 manat); 1 arxa buferarxa alt diffuzer (950 manat); 1 arxa sağ işıq əks etdirici (40 manat); 1 ədəd arxa sağ bufer bərkidicisi (35 manat); 1 ədəd baqajın iç sağ üzlüyü (250 manat); 1 ədəd patpres germatikası (30 manat); 1 ədəd kley praymer (20 manat) olmaqla, cəmi 2.690 manatdır. Bununla yanaşı, dəmirçi işi (350 manat), rəngsaz işi (650 manat) və armatur işinin (100 manat) yekun məbləği 1045 manatdır. “Changan UNİ-Z PLUG-İN HİBRİD” markalı həmin avtomobilə dəymiş zərər cəmi 3735 manatdır. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İsayev İsa Vasilyeviç iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəyən 4930 manat maddi zərərin, ona dəymiş 3000 manat maddi zərərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 8030 manat məbləğdə pulun Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2025-ci il tarixdə saat 17:00-da Bakı şəhəri Qara Qarayev prospektində idarə etdiyi “Changan UNİ-Z PLUG-İN HİBRİD” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “GMC YUKON MİNİK” markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ara məsafəsi qaydalarını pozaraq arxadan onun idarə etdiyi avtomobili vurmuşdur. Cavabdeh onun avtomobilini arxadan vurması nəticəsində idarə etdiyi avtomobil arxa tərəfdən zədələnmişdir. Hadisə cavabdehin təqsiri səbəbindən baş vermiş və sürücü Cavabdeh barəsində ##.##.2025-ci il tarixdə TP ******* nömrəli inzibati protokol tərtib edilərək İXMin 327.1-ci maddəsi ilə inzibati məsuliyətə cəlb edilmişdir. “xxxx” şirkəti tərəfindən qiymətləndirmə aktı tərtib edilmiş və ona məxsus avtomobilə 4930 manat ziyan dəyməsi müəyyən edilmişdir. Cavabdehin idarə etdiyi avtomobil icbari qaydada sığorta olmamışdır. Avtomobilinə dəyən ziyanın cavabdeh tərəfindən ödənilməsi üçün ona müraciət etsə də, o, müxtəlif bəhanələrlə ona vurduğu ziyanı ödəməkdən yayınmışdır. Avtomobili yararsız vəziyyətdir. Avtomobili bu vəziyyətdə idarə etdiyi təqdirdə DYP əməkdaşları tərəfindən saxlana bilər. Ona görə də, çox vaxt taksi xidmətindən istifadə etmişdir. Bu da ona əlavə xərc hesabına başa gəlir. Avtomobilin təmiri üçün ehtiyat hissələrini almaq üçün müxtəlif mağazalara getmişdir. Həmçinin hadisə ilə bağlı işdə olmadığı vaxtlarda onun əmək haqqından tutulmalar olmuşdur. Taksi xidmətindən istifadə etdiyinə görə əlavə 3000 manat miqdarda maddi ziyan dəymişdir. Cavabdehə dəfələrlə müraciət etsə də, avtomobilini düzəltdirmək niyyətində olmadığını nümayiş etdirmişdir. Bu səbəbdən o, fiziki və maddi cəhətdən ziyan çəkmişdir. Cavavdehin sığortası olmadığına görə ona dəyən ziyanı sığorta idarəsi tərəfindən qarşılanmamışdır. İddia ərizəsinə əlavə etdiyi “xxxx” şirkəti tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, onun avtomobilinə ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə 4930 manat ziyan dəymişdir. İddia ərizəsinə əlavə etdiyi ##.##.2025-ci il tarixdə TP 7441127 nömrərli qərardan görünür ki, Cavabdeh oğlu İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğdə cərimə edilmişdir. İsayev İsa Vasilyeviç sonrakı tarixlərdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəyən 4930 manat maddi zərərin, ona dəymiş 3000 manat maddi zərərin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə görə vəkilə ödənilmiş 400 manat, cəmi 8430 manat məbləğdə pulun Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Lənkəran Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qətnaməsi ilə (Anar Pənahov) iddia qismən təmin edilərək avtomobilə vurulmuş maddi ziyana dair 3735 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq İsayev İsa Vasilyeviç oğluna verilməsi, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xərcə dair 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat və mütəxəssis rəyi ilə bağlı ödənilmiş 300 manat olmaqla, cəmi 700 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq İsayev İsa Vasilyeviç oğluna verilməsi, iddia tələbinin maddi ziyanın (3000 manat) ödənilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində İsayev İsa Vasilyeviç oğlunun xüsusi mülkiyyətində olan avtomaşına ümumilikdə 3735 manat maddi ziyan dəymişdir. Məhkəmə iddia tələbinin 3000 manat maddi ziyan tələbi ilə əlaqədar hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin tələb üzrə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmiş və cavabdeh də həmin hissədə iddia tələbini etiraf etməmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (MM) 21-ci, 1096-cı, 1097.1-ci, 1108.1- 1108.3-cü maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ ONUN ƏSASLANDIRILMASI: Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən – 1500 manat məbləğində təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vəkilə ödənilmiş 300 manat pul məbləği ilə bağlı heç bir sübut olmadığı təqdirdə, həmin hissədə iddianı əsaslı hesab etmiş və təmin etmişdir. Bununla yanaşı məhkəmə ekspert rəyi əldə etmədən mütəxəssisin vermiş olduğu rəylə kifayətlənmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, həmin mütəxəssis rəyi iddiaçının sifarişi ilə əldə olunmuş rəydir. Mütəxəssislə bağlanmış müqavilə əsasında əldə olunmuş rəyin əlavə araşdırma aparmadan və ekspertiza rəyi əldə etmədən mötəbər sübut kimi qəbul edilməsi cavabdehə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, avtomobilə dəymiş ziyan kiçik həcmlidir. Odur ki, iddiaçının qeyd etdiyi kimi avtomobilə 4930 manat ziyan dəyməsi, daha sonra məhkəmənin mütəxəssis rəyi əsasında həmin ziyanı 3735 manat məbləğdə müəyyən etməsi xüsusatı ilə razı deyildir. TƏRƏFLƏRİN İZAHATLARİ: İsayev İsa Vasilyeviç oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, apellyasiya şikayəti ilə razı deyildir. Cavabdeh ona 1 il bundan qabaq 1500 manat məbləğində ödəniş etməyi təklif etsəydi, həmin təkliflə razılaşardı. Hadisədən sonra cavabdehə sığortasının olmadığını bildirərək avtomobili servisdə qiymətləndirməyi, müəyyən ediləcək təmir xərcini isə bölüşməyi təklif etmişdi. Lakin cavabdeh bu təkliflə razılaşmamış, maddi imkanının olmadığını bildirmiş və öz tanışı olan ustanın yanında avtomobili təmir etdirməsini təklif etmişdir. Avtomobil yeni maşındır. Artıq 1 ildir ki, avtomobili əzilmiş vəziyyətdə istifadə edir. “Changan”ın rəsmi servis mərkəzində təmir olunmasını istəyir. Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli **** nömrəli qiymətləndirici hesabatı ilə “Changan UNİ-Z PLUG-İN HİBRİD” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız vəziyyətə düşmüş və yeniləri ilə əvəzlənməsi tələb olunan hissələr: 1 ədəd baqaj qapısı (1100 manat);1 ədəd stık doldurucu germetik (30 manat); 1 baqajın alt spoyleri (200 manat); 1 arxa bufer-arxa alt diffuzer (950 manat); 1 arxa sağ işıq əks etdirici (40 manat); 1 ədəd arxa sağ bufer bərkidicisi (35 manat); 1 ədəd baqajın iç sağ üzlüyü (250 manat); 1 ədəd patpres germatikası (30 manat); 1 ədəd kley praymer (20 manat) olmaqla, cəmi 2690 manat, dəmirçi işi (350 manat), rəngsaz işi (650 manat) və armatur işinin (100 manat) yekun məbləği 1045 manat təşkil etməklə, ümumilikdə “Changan UNİ-Z PLUG-İN HİBRİD” markalı həmin avtomobilə dəymiş zərərin cəmi 3735 manat olduğu müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında adıçəkilən rəyin mötəbərliyini və obyektivliyini şübhə altına alan, yaxud onun nəticələrinin düzgünlüyünə əsaslı şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Həmin rəy iş üzrə toplanmış digər sübutlarla uzlaşır və onun etibarlılığını inkar edən sübutlar təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin dəymiş zərərin məbləğinin müəyyən edilməsinə dair nəticəsi qanuni və əsaslı olduğundan, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, İsayev İsa Vasilyeviç tərəfindən Bakı şəhəri ** saylı Vəkil bürosunun hesabına hüquqi yardımın göstərilməsi müqabilində 400 (dörd yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir (səh. 47). Digər tərəfdən ## ###### 2025-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət cavabdeh tərəfindən verilmiş, ekspertizanın keçirilməsinin zəruriliyi də məhz cavabdeh tərəfindən əsaslandırılmışdır. Belə olan halda, apellyasiya şikayətində bu hissədə irəli sürülən dəlillər iş üzrə müəyyən edilmiş faktiki hallarla uzlaşmır və iş materialları ilə təsdiq olunmadığından həmin dəlillər əsaslı hesab olunmur. Məhkəmə tərkibi diqqətə çatdırır ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar