Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-642/2026 23.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, “xxxx” İddiaçı Kredit Təşkilatı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən “xxxx” BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayətinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: “xxxx” BOKT QSC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli ***-KSF- ****-** saylı Əlaqəli Krеdit Müqaviləsinə görə Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 1290 manat məbləğində krеdit vеrilmiş, Müqavilənin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə (ödəniş terminalları, onlayn ödənişlər) ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh “xxxx” BOKT QSC-yə əsas borcu 901.55 manat, faiz borcu 407.10 manat, cərimə borcu 135.23 manat olmaqla, ümumi borcu 1443.88 manat təşkil edir. ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən “xxxx” BOKT QSC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024 il tarixli ***-KSF-****-** saylı kredit müqaviləsinə görə Cavabdeh ##.##.2026 il tarixə əsas borcu 901.55 manat, faiz borcu 407.10 manat, cərimə borcu 135.23 manat ümumi borcu 1443.88 manatdır. “xxxx” BOKT QSC tərəfindən Cavabdeh ünvanlanmış ## #### 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixli ***-KSF-****-** saylı kredit müqaviləsi üzrə ## #### 2025-ci il tarixə “xxxx” QSC-yə 901.55 manat əsas, 289.30 manat faiz, 557.90 manat cərimə, cəmi 1748.75 manat borcu yaranmışdır. Həmin pretenziya məktubundan görünür ki, cavabdehə müqavilə üzrə bütün borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: “xxxx” BOKT QSC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 901.55 manat, faiz borcu 407.10 manat, cərimə borcu 135.23 manat,həmçinin ərizəyə görə ödənilmiş 34.43 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının əvəzi, ümumilikdə 1478,71 manat borcun “xxxx” BOKT QSC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 1290 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı “xxxx” BOKT QSC ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixli ***-KSF-****-** saylı Əlaqəli Krеdit Müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə (ödəniş terminalları, onlayn ödənişlər) ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh “xxxx” BOKT QSC əsas borcu 901.55 manat, faiz borcu 407.10 manat, cərimə borcu 135.23 manat olmaqla ümumi borcu 1443.88 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə ##.##.2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində “xxxx” BOKT QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh ##.##.2024-cü il tarixli ***-KSF-****-** saylı kredit müqaviləsinə əsasən 901.55 manat əsas, 289.30 manat faiz, 45.08 manat cərimə, cəmi 1235.93 manat və ödənilmiş 32.09 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutularaq “xxxx” BOKT QSC-yə ödənilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən “xxxx” BOKT QSC-yə 901.55 manat əsas, 407.10 manat faiz, 135.23 manat cərimə, cəmi 1443.88 manat borcu yaranmışdır. Pretenziya məktubuna əsasən isə ## #### 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixli ***-KSF-****-** saylı kredit müqaviləsi üzrə ## #### 2025-ci il tarixə “xxxx” BOKT QSC-yə 901.55 manat əsas, 289.30 manat faiz, 557.90 manat cərimə, cəmi 1748.75 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Hazırkı mülki iş üzrə ##.##.2024-cü il tarixli ***-KSF-****-** saylı kredit müqaviləsinə əsasən faiz borcu cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, ##.##.2024-cü il tarixli ***-KSF-****-** saylı kredit müqaviləsi üzrə 45.08 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385-ci, 739.1-ci, 739.2-ci, 739.3-cü, 742.1-ci, 743.1-ci, 743.2-ci, 746.1-ci, 746.2.1-ci, 442-ci, 445-ci, 449.4-cü, 462.1-ci 465.1-ci, 467-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: “xxxx” BOKT QSC qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və iddia tələbinin təmin edilərək, Cavabdeh əsas borc 901.55 manat, faiz borcu 407.10 manat, cərimə borcu 135.23 manat, ərizəyə görə ödənilmiş 34.43 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının əvəzi, ümumilikdə 1478,71 manatın “xxxx” BOKT QSC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsi Konstitutsiya Məhkəməsi Plenumunun normasını düzgün tövsif etməmiş, iş materiallarına əlavə olunan ##.##.2025-ci il tarixli maliyyə arayışında müəyyən olunan ümumi gecikdirilmiş annuitet borcu - 901.55 manat əsas borc nəzərə alınsa da, faiz borcu 407.10 nəzərə alınmamışdır. Məhkəmə sadələşdirilmiş icraat qaydasında iddia tələbini qismən təmin edərkən qeyd olunan prosessual hüquq normasını pozmuşdur. Belə ki, məhkəmə iş üzrə obyektiv və ədalətli araşdırma aparılması üçün işi iddia icraatı qaydasında baxılmağa çıxarmamış, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsini, tərəfləri çağıraraq izahatların alınmasını təmin etməmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmçinin MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-in 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Bundan başqa MM-in 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. MM-in 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. MM-in 746-2.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-642/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-642/2026
23.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver