Məhkəmə qərarları › İş №e-2(3-9)-643/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-643/2026

02.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-643/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X3 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi (direktoru) X11, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı “Az İnternational İmport Company” MMC-nin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı “Az İnternational İmport Company” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “Az İnternational İmport Company” MMC cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “Az İnternational İmport Company” MMC ilə cavabdeh Cavabdeh arasında ## ### 2023-cü tarixdə əmək müqaviləsi bağlanaraq o, cəmiyyətdə “satış təmsilçisi” vəzifəsinə işə götürülmüş, eləcə də ## ### 2023-cü il tarixdə “Tam maddi məsuliyyət barədə” müqavilə bağlanmışdır. Belə ki, əmək fəaliyyəti müddətində cavabdeh Cavabdeh cəmiyyətə məxsus malların satışını həyata keçirmişdir. Lakin müəyyən səbəblərə görə iddiaçı “Az İnternational İmport Company” MMC-nin K-*** saylı, ## ###### 2023-cü il tarixli əmr ilə əmək müqaviləsinə xitam verilmiş və cavabdeh Cavabdeh işdən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilən zaman şirkətin debitor borcluları ilə olan çatışmazlıqların müəyyən hissəsinin cavabdeh Cavabdeh aid edilməsi halının aşkar ediləcəyi məlum olmamışdır. Lakin sonradan məlum olmuşdur ki, vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı cavabdeh Cavabdeh dəyəri 6358.04 (altı min üç yüz əlli səkkiz, sıfır dörd) AZN məbləğində malları və 3036.17 (üç min otuz altı, on yeddi) AZN məbləğində pulu iddiaçı “Az İnternational İmport Company” MMC-yə təhvil verməmiş, cəmiyyətə ümumilikdə 9394.21 (doqquz min üç yüz doxsan dörd, iyirmi bir) AZN məbləğində maddi zərər vurmuşdur. Belə ki, şirkətə olan debitor borclar qaytarılmadığı üçün iddiaçı “Az İnternational İmport Company” MMC bəzi müştərilərə qarşı “pul” tələbinə dair iddia ərizələri ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı “Az İnternational İmport Company” MMC-nin cavabdeh İsmayılov Heydər Xəlil oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi əsasında mülki işin məhkəmə baxışı zamanı məlum olmuşdur ki, satış təmsilçisi Cavabdeh İsmayılov Heydər Xəlil oğlundan 3036.17 (üç min otuz altı, on yeddi) AZN məbləğində pulu alaraq şirkətin mühasibatlığına təhvil verməmiş və İsmayılov Heydər Xəlil oğluna borcun olmaması barədə saxta arayış təqdim etmişdir. İsmayılov Heydər Xəlil oğlu məhkəmə iclasında iddia tələbini rədd edərək, bildirmişdir ki, müqavilə üzrə bütün ödənişlər həyata keçirilmiş və iddiaçı “Az İnternational İmport Company” MMC-yə heç bir borcu qalmamışdır. Eləcə də İsmayılov Heydər Xəlil oğlunun məhkəməyə təqdim etdiyi arayışda “Az İnternational İmport Company” MMC ilə İsmayılov Heydər Xəlil oğlu arasında imzalanmış S***/** saylı, ## ###### 2022-cü il tarixli alqı-satqı müqaviləsi üzrə alıcının satıcıya heç bir borcu qalmaması qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin */*** saylı, ## #### 2025-ci tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş “Az İnternational İmport Company” MMC-nin İsmayılov Heydər Xəlil oğlunun adına olan arayışdakı möhür əksi və imza şırnaqlı printerdə çap edilmişdir. Cavabdeh (satış təmsilçisi) Cavabdeh həmin iş üzrə şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, “Az İnternational İmport Company” MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi dövrdə İsmayılov Heydər Xəlil oğlunun 2023-cü ilin aprel ayının sonuna 3036.17 (üç min otuz altı, on yeddi) AZN məbləğində borcu olmuş, həmin borc məbləği cəmiyyətə ödənilmiş və İsmayılov Heydər Xəlil oğlunun cəmiyyətə heç bir borcu qalmamışdır. Şirkətdən Emin müəllim ona demişdir ki, İsmayılov Heydər Xəlil oğlu gəlib borcunun olmaması barədə arayışı şirkətdən götürə bilər. Həmin arayış onun tərəfindən İsmayılov Heydər Xəlil oğluna təqdim edilmişdir. Göründüyü kimi, həmin dövrdə satış təmsilçisi işləmiş Cavabdeh müştəri İsmayılov Heydər Xəlil oğlundan 3036.17 (üç min otuz altı, on yeddi) AZN məbləğində pulu alaraq, şirkətin mühasibatlığına təhvil verməmiş, müştəri İsmayılov Heydər Xəlil oğluna borcun olmaması barədə saxta arayış təqdim etmişdir. Bundan başqa, “Az İnternational İmport Company” MMC-nin cavabdeh X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi əsasında mülki işin məhkəmə baxışı zamanı məlum olmuşdur ki, X6 6358.04 (altı min üç yüz əlli səkkiz, sıfır dörd) AZN məbləği dəyərində malları satış təmsilçisi Cavabdeh geri qaytarmışdır. X6 nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini rədd edərək, bildirmişdir ki, onlar arasında malların alınması və ödənilməsinə dair bütün hərəkətlər şirkətin satış təmsilçisi Cavabdeh tərəfindən həyata keçirilmiş və onlar tərəfindən 6358.04 (altı min üç yüz əlli səkkiz, sıfır dörd) AZN məbləği dəyərində malları şirkətə geri qaytaran zaman Cavabdeh malların geri qaytarılması barədə onlara qəbz vermişdir. Cavabdeh (satış təmsilçisi) Cavabdeh həmin iş üzrə şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, “Az İnternational İmport Company” MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi dövrdə X6 tərəfindən bütün ödənişlər vəmüqavilə üzrə borc ona ödənilmiş, 6358.04 (altı min üç yüz əlli səkkiz, sıfır dörd) AZN məbləğində mal cəmiyyətə geri qaytarılmışdır. Beləliklə, hər iki mülki iş üzrə məhkəmə iclasında cavabdeh (satış təmsilçisi) Cavabdeh şahid qismində ifadəsində onun tərəfindən müştərilərdən götürülmüş 6358.04 (altı min üç yüz əlli səkkiz, sıfır dörd) AZN məbləğində malların və 3036.17 (üç min otuz altı, on yeddi) AZN məbləğində pulun şirkətə təhvil verilmədiyini bildirmişdir. Beləliklə, cavabdeh Cavabdeh tərəfindən iddiaçı “Az İnternational İmport Company” MMC-yə ümumilikdə 9394.21 (doqquz min üç yüz doxsan dörd, iyirmi bir) AZN məbləğində maddi zərər dəymişdir. Cavabdeh Cavabdeh dəymiş maddi zərərin ödənilməsi barədə iddiaçı “Az İnternational İmport Company” MMC tərəfindən bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bunun heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də, hüquqlarını təmsil etdiyi iddiaçı “Az İnternational İmport Company” MMC cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq, cavabdeh Cavabdeh 6358.04 (altı min üç yüz əlli səkkiz, sıfır dörd) AZN məbləği dəyərində malların, 3036.17 (üç min otuz altı, on yeddi) AZN məbləğində pulun, ümumilikdə 9394.21 (doqquz min üç yüz doxsan dörd, iyirmi bir) AZN məbləğində maddi zərərin əvəzinin və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 114 (yüz on dörd) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “Az İnternational İmport Company” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Cəbrayıl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş materiallarında olan: İddiaçı “Az İnternational İmport Company” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ** saylı, ## ### 2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh “Az İnternational İmport Company” MMC-də “satış təmsilçisi” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, Cavabdeh “Az İnternational İmport Company” MMC-də“satış təmsilçisi” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. (əsas: tərəflər arasında bağlanmış əmək müqaviləsi) İddiaçı “Az İnternational İmport Company” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ### 2023-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, “işçi”- Cavabdeh “işəgötürən”-“Az İnternational İmport Company” MMC-də “satış təmsilçisi” vəzifəsində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən”-“Az İnternational İmport Company” MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. *******0009X0 saylı, ## ###### 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “işəgötürən”-“Az İnternational İmport Company” MMC-də “satış təmsilçisi” vəzifəsində işləyən “işçi”- Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən ## ###### 2023-cü il tarixdən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (tərəflər arasında bağlanmış müqavilə) Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Az İnternational İmport Company” MMC-nin İsmayılov Heydər Xəlil oğluna qarşı “pul” tələbinə dair iddiası rədd edilmiş və məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmişdir. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Az İnternational İmport Company” MMC-nin X6 qarşı “pul” tələbinə dair iddiası rədd edilmiş və məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmişdir. Pretenziyanın surətindən görünür ki, cavabdeh Cavabdeh iddiaçı “Az İnternational İmport Company” MMC-yə dəymiş maddi zərərin ödənilməsi barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. ************ saylı, ## ###### 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı “Az İnternational İmport Company” MMC tərəfindən iddia qaldırılması üçün 115.10 (yüz on beş, on) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, bir müddət “Az İnternational İmport Company” MMC-də “satış təmsilçisi” vəzifəsində işləmişdir. Cavabdeh Cavabdeh onun keçmiş iş yoldaşıdır. Bir müddət ərzində “Az İnternational İmport Company” MMC-nin mallarının rəsmi formada satışı və ödənişi həyata keçirilmişdir. Lakin bir müddət keçdikdən sonra bir neçə dəfə “Az İnternational İmport Company” MMC-nin rəhbərliyi dəyişilmiş, hətta şirkətin hüquq və öhdəlikləri başqa şirkətə, “xxxx” MMC-yə ötürülmüşdür. Sonuncu dəfə Ukrayna Respublikasının vətəndaşı olan Maksym Lavrynenkonun dövründə, təxminən 2023-cü ilin noyabr ayından etibarən şirkətdə malların qeyri-rəsmi formada satışı, eləcə də sentyabr-oktyabr-noyabr ayları üzrə müştərilərdən qeyri-rəsmi ödənişlər,yəni “kartdan karta”, “əlbəəl” və s. formada həyata keçirilmişdir. Hətta bu dövrdə Dövlət Vergi Xidməti tərəfindən şirkətdə vergi yoxlaması aparılmışdır. Vergi yoxlaması zamanı şirkətdə ciddi qanun pozuntuları aşkar edildiyi üçün şirkət cərimə edilmiş və şirkətin anbarı möhürlənmişdir. Buna baxmayaraq, vergi yoxlaması zamanı şirkətin rəhbərliyi tərəfindən müştərilərdən ödəniləcək pullar qeyri-rəsmi formada yığdırılmış, hətta bölgə müdirlərinə, şirkətin ayrı-ayrı şəxslərinə qeyri-rəsmi formada, yəni həm “əlbəəl”, həm də onların kart hesabına “kartdan-karta” pullar ödətdirilmişdir. Beləliklə, o da işdən azad olunmuşdur. Eyni zamanda bildirir ki, işdən azad edilən zaman şirkətin satış təmsilçiləri ilə heç bir audit yoxlaması aparılmamış və cəmiyyətə məxsus malların satışının həyata keçirildiyi ərazilər onlardan təhvil alınmamışdır. Beləliklə, bu dövr ərzində şirkətdə tam özbaşınalıq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quliyev Samir İslam oğlu şahid Xuduyev Rəşad Xudu oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə qeyd etmişdir ki, cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarını əks etdirən müvafiq sənədlər (lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları, maddi qiymətlərə dair mədaxil və məxaric sənədləri, audit yoxlaması nəticələrinə dair yekun akt və s.) olduğu və məhkəməyə təqdim edildiyi təqdirdə işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu zaman məhkəmə tərəfindən ciddi qəbul edilə və mötəbər sübut kimi qəbul edilə bilərdi. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ilk əvvəl şəxsin təqsirli olması (işçinin işəgötürənə ziyan vurması) müəyyən edilir, daha sonra mülki hüquq məsuliyyət həddi araşdırılır və maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtləndirilir. Bundan başqa, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin iddiaçı “Az İnternational İmport Company” MMC iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki halları bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı “Az İnternational İmport Company” MMC məhkəməyə ekspert rəyini və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini təqdim etməklə, sübutetmə vəzifəsini yerinə yetirmiş hesab etmişdir. Halbuki Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Məhkəmə “Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsinin və Bakı Kommersiya Məhkəməsinin 2 *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsinin” mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh Cavabdeh iddiaçı “Az İnternational İmport Company” MMC-də “satış təmsilçi”si vəzifəsində işlədiyi müddət ərzində məhz şirkətə ziyan vurması qanuni qüvvəyə minmiş həmin məhkəmənin qətnamələri ilə müəyyən edilmədiyi üçün bu hal sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəfindən sübut edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin */*** saylı ## #### 2025-ci tarixli ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab etmişdir ki, “tədqiqata təqdim edilmiş iddiaçı “Az İnternational İmport Company” MMC-nin İsmayılov Heydər Xəlil oğlunun adına olan arayışdakı möhür əksinin və imzanın” məhz cavabdeh Cavabdeh tərəfindən, ümumiyyətlə kimin tərəfindən şırnaqlı printerdə çap edilməsi, yəni saxta sənədin hazırlanması müəyyən edilmədiyinə görə işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə “şahid ifadələrinin mötəbər sübut kimi qəbul edilib-edilməməsi” ilə bağlı hesab etmişdir ki, məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilmiş və dindirilmiş şahidlərin ifadələri işin obyektiv həll olunması üçün mahiyyət etibarilə obyektivliyinə şübhə doğurmamaqla yeni fakt, dəlil ortaya qoyduğuna görə cavabdehin etirazının əsası kimi istinad etdiyi halların təsdiqi baxımından məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Yekunda məhkəmə qeyd etmişdir ki, iddiaçı “Az İnternational İmport Company” MMC-nin iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı “Az İnternational İmport Company” MMC iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə məhz cavabdeh Cavabdeh təqsiri, hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından cəmiyyətə maddi zərərin dəyməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçı “Az İnternational İmport Company” MMC-nin iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.6, 21.1, 91.4, 21.2-ci maddələri, Əmək Məcəlləsinin 2 (1, 3), 3 (16), 287, 288-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Qərarı, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004cü il tarixli, 688-II QD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2006-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2016cı il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7, 101.7, 14.2, 77.1, 80, 81, 217.4, 107, 124.2, 217.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Cəbrayıl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 9394.21 manat məbləğində maddi zərər, habelə ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdeh əmək fəaliyyəti dövründə müştərilərdən qəbul etdiyi 3036.17 manat məbləğində pulu və 6358.04 manat dəyərində maları iddiaçıya təhvil verməmiş, nəticədə şirkətə ümumilikdə 9394.21 manat məbləğində maddi zərər vurmuşdur. Bu nəticə iddiaçının ilkin iddia ərizəsində də sistemli şəkildə göstərilmişdir. Birinci epizod İsmayılov Heydər Xəlil oğluna aid olmuşdur. Həmin iş üzrə materialardan görünür ki, Cavabdeh İsmayılov Heydərdən pul vəsaiti qəbul etmiş, sonradan “borcun olmaması” barədə arayış təqdim edilmiş, ekspertiza isə həmin arayışdakı möhür əksinin və imzanın şırnaqlı printerdə çap edildiyini müəyyən etmişdir. Başqa sözlə, sənədin orijinalığı deyil, onun texniki saxtalıq əlamətləri aşkarlanmışdır. İkinci epizod X6 aid olmuşdur. Həmin iş üzrə təqdim edilmiş “Satış üçün təqdim olunan maların geri qaytarılması aktı”na əsasən ##.##.2023-cü il tarixdə 6356.81 manat məbləğində malın qaytarıldığı göstərilmiş, lakin bu aktın yalnız Cavabdeh tərəfindən doldurulub imzalandığı, maların anbara faktiki mədaxilini təsdiq edən digər məsul şəxslərin – supervayzerin, satış operatorunun, anbar müdürünün, mühasibatlıq əməkdaşının, baş mühasibin və direktorun – imzalarının olmadığı ayrıca vurğulanmışdır. Beləliklə, həm İsmayılov Heydər, həm də Feyziyev Rihad üzrə aparılmış digər iki məhkəmə araşdırmasında müəyyən edilən hallar faktiki olaraq eyni satış zəncirinin, eyni ekspeditor-satış təmsilçisi olan Cavabdeh tərəfindən idarə olunduğunu göstərmişdir. Cəbrayıl Rayon Məhkəməsi isə həmin əlaqəli halları formal xatırlatmaqla kifayətlənmiş, onların sübut dəyərinə və apellyatorun xeyrinə yaratdığı faktiki nəticəyə lazımi hüquqi qiymət verməmişdir. Bundan əlavə, iş üzrə şahid qismində dindirilən şəxslərin hamısı iddiaçı şirkətin eyni satış komandasında çalışan və cavabdehlə eyni iş mexanizmində iştirak etmiş şəxslər olmuşdur. Onların ifadələri qarşılıqlı surətdə bir-birinin hərəkətlərini izah etməyə, məsuliyyəti parçalamağa və ya ört-basdır etməyə xidmət etdiyindən, belə ifadələrə xüsusi ehtiyatla yanaşılmalı idi. Buna baxmayaraq, məhkəmə həmin şahidlərin maraqlı şəxs olub-olmamasını, potensial maraq toqquşmasını və onların ifadələrinin daxili ziddiyyətlərini araşdırmamışdır. Cavabdeh öz izahatında şirkətdə guya vergi yoxlamasının aparılmasını, ciddi qanun pozuntularının aşkar edilməsini, qeyri-rəsmi satışların və “kartdan-karta” ödənişlərin mövcudluğunu bildirmişdir. Lakin bu hallar iddia predmetinə daxil deyildir; mübahisə cavabdehin işəgötürənə maddi zərər vurub-vurmaması ilə bağlıdır. Ona görə də birinci instansiya məhkəməsi bu cür aidiyyətsiz, başqa mübahisə predmetlərinə aid, sübut dəyəri olmayan açıqlamaları əsaslandırıcı motivasiya daxilinə götürməklə işin predmetini genişləndirmiş və diqqəti əsas sübutlardan yayındırmışdır. 3036.17 manat pulun faktiki hərəkət trayektoriyası. Pulun İsmayılov Heydərdən qəbul edildiyi, lakin sonrakı taleyinin aydın olmadığı halda, məhkəmə bu vəsaitin mühasibatlığa daxil olubolmamasını əlavə sənədlərlə araşdırmamışdır. 6358.04 manat dəyərində malların şirkət anbarına faktiki daxil olub-olmaması araşdırılmalı idi. Geri qaytarma aktında digər məsul şəxslərin imzalarının olmaması malların həqiqətən anbara təhvil verilməsinə ciddi şübhə yaradırdı. Bu hal əsaslı araşdırılmalı idi. Ekspertiza sənəddə çap əlamətləri müəyyən etsə də, sənədin kim tərəfindən və hansı şəraitdə hazırlandığı araşdırılmamışdır. Bu isə işin mərkəzi faktlarından biridir. İş üzrə əlaqəli müştəri hesablaşmalarını əks etdirən əlavə mühasibatlıq çıxarışları; anbar mədaxil sənədləri; geri qaytarılmış malar üzrə faktiki anbar hərəkəti sənədləri; saxta arayışın hazırlanması və istifadəsi ilə bağlı daha geniş ekspertiza rəyi; cavabdehin əmək funksiyası və məsuliyyət sahəsini detalı təsdiq edən daxili sənədlər apellyasiya mərhələsində araşdırılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) X11 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda İşçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə, tam həcmdə maddi məsuliyyət daşıyır. 203-cü maddəsinə əsasən vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 206-cı maddəsinə əsasən Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyənolunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cəbrayıl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 9394.21 manat məbləğində maddi zərər, habelə ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən məhkəmə tərkibi Cəbrayıl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(072)-919/2025saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, iddiaçı cavabdehin əmək fəaliyyəti dövründə maddi məsul şəxs kimi ona etibar olunmuş pul və maddi sərvətləri işəgötürənə təhvil verməməsi nəticəsində cəmiyyətə ümumilikdə 9394,21 manat məbləğində maddi zərər vurduğunu iddia edərək həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmiş, tələb onunla əsaslandırılmışdır ki, cavabdeh müştərilərdən qəbul etdiyi 3036,17 manat pul vəsaitini və 6358,04 manat dəyərində malları iddiaçıya təhvil verməmiş, nəticədə işəgötürənə maddi zərər dəymişdir. İddiaçı hesab etmişdir ki, cavabdehlə bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə, habelə digər məhkəmə işləri üzrə müəyyən edilmiş hallar və ekspert rəyi cavabdehin maddi məsuliyyətə cəlb edilməsi üçün kifayət edən hüquqi və faktiki əsaslar yaradır. Cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatdan müəyyən edilir ki, o, iddia tələbini qəbul etməmiş, iddiaçı ilə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlandığını təsdiqləsə də, iddia ərizəsində göstərilən halların həqiqəti əks etdirmədiyini bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, şirkətdə rəhbərlik bir neçə dəfə dəyişmiş, satış və ödənişlər sonradan qeyri-rəsmi qaydada həyata keçirilmiş, vergi yoxlaması zamanı ciddi qanun pozuntuları aşkar edilmişdir. O, işdən azad olunarkən audit yoxlamasının aparılmadığını, malların və fəaliyyət göstərdiyi ərazinin ondan təhvil alınmadığını, digər mülki işlər üzrə verdiyi ifadələrin iddiaçının göstərdiyi məzmunda olmadığını və müştəriyə verilmiş arayışın saxta olmasından xəbərsiz olduğunu bildirmişdir. Bu əsaslarla iddia tələbinin əsassız olduğunu göstərərək onun rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi MPM-in sübutetmə yükünü tənzimləyən normalarına istinad edərək belə nəticəyə gəlmişdir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, iddia tələbini əsaslandıran halları qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi rədd edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iddiaçı “Az İnternational İmport Company” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ** saylı, ## ### 2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh “Az İnternational İmport Company” MMC-də “satış təmsilçisi” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, Cavabdeh “Az İnternational İmport Company” MMC-də“satış təmsilçisi” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. (əsas: tərəflər arasında bağlanmış əmək müqaviləsi) İddiaçı “Az İnternational İmport Company” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ### 2023-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, “işçi”- Cavabdeh “işəgötürən”-“Az İnternational İmport Company” MMC-də “satış təmsilçisi” vəzifəsində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən”-“Az İnternational İmport Company” MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. *******0009X0 saylı, ## ###### 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “işəgötürən”-“Az İnternational İmport Company” MMC-də “satış təmsilçisi” vəzifəsində işləyən “işçi”- Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən ## ###### 2023-cü il tarixdən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (tərəflər arasında bağlanmış müqavilə) Məhkəmə tərkibi qeyd edir ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Hazırkı mübahisə üzrə iddia tələbinin təmin edilməsi üçün zərərin mövcudluğu ilə yanaşı, həmin zərərin məhz cavabdehin hüquqa zidd hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, cavabdehin təqsirli davranışı, eləcə də onun davranışı ilə yaranmış nəticə arasında birbaşa səbəbli əlaqənin mövcudluğu mötəbər və kifayət edən sübutlarla təsdiq edilməli idi. İddiaçı cavabdehin maddi məsuliyyətini əsaslandırmaq məqsədilə əsasən digər məhkəmə işləri üzrə qəbul edilmiş qətnamələrə və ekspert rəyinə istinad etsə də, həmin sübutlar hazırkı mübahisənin predmeti olan halları birbaşa sübut etməmişdir. Digər məhkəmə qətnamələrində yalnız ayrı-ayrı müştərilərlə bağlı hüquqi münasibətlər qiymətləndirilmiş, cavabdehin iddiaçı cəmiyyətə maddi zərər vurması, zərərin məbləği, onun hüquqa zidd davranışı və təqsiri barədə hər hansı preyudisial xarakterli fakt müəyyən edilməmişdir. Bu səbəbdən həmin məhkəmə aktları cavabdehin maddi məsuliyyətinin yaranmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin iddiaçı təşkilat cavabdehin həmin işlər üzrə şahid qismində izahat verərək həmin mal və pulların geri qaytarılmadığı bildirdiyini qeyd etsə də, cavabdeh həmin işlər üzrə verdiyi ifadələrində malların həmin dövrdə MMC-də rəhbər vəzifədə çalışmış Maksim adlı şəxsə əlbəəl və bank kartı vasitəsilə təhvil verildiyini (İ cild, səhifə 29), digər iş üzrə isə müştəridən alınmış pul vəsaitinin şirkətin mühasibatlığına təqdim edildiyini (1 cild, səhifə 25) bildirmişdir. Göründüyü kimi, cavabdeh həmin məhkəmə iclaslarında hazırkı iddia predmetini təşkil edən pul və malları mənimsədiyini və ya şirkətə təhvil vermədiyini etiraf etməmiş, onların aidiyyəti şəxslərə və ya mühasibatlığa verildiyini göstərmişdir. Eyni zamanda, ekspert rəyində yalnız təqdim olunmuş arayışdakı möhür əksi və imzanın şırnaqlı printer vasitəsilə çap edildiyi müəyyən edilmiş, lakin həmin sənədin kim tərəfindən hazırlandığı, cavabdehin onun hazırlanmasında və ya istifadəsində iştirak edib-etmədiyi barədə nəticəyə gəlinməmişdir. Bu səbəbdən ekspert rəyi cavabdehin hüquqa zidd əməl törətməsi və ya iddiaçıya maddi zərər vurmasında təqsirli olması barədə qəti nəticəyə gəlməyə əsas verməmişdir. Apellyator apellyasiya instansiyası məhkəməsində əlavə xəttşünaslıq ekspertizasının təyin edilməsini zəruri hesab etsə də, iş materiallarından görünür ki, belə bir vəsatət birinci instansiya məhkəməsində irəli sürülməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin tələblərinə görə sübutlar əsasən birinci instansiya məhkəməsində təqdim edilməli və tədqiq olunmalıdır. Apellyasiya instansiyasında yeni sübutların təqdim edilməsi və ya yeni prosessual hərəkətlərin həyata keçirilməsi yalnız onların birinci instansiya məhkəməsində üzrlü səbəblərdən təqdim edilməsinin mümkün olmaması əsaslandırıldıqda mümkündür. Hazırkı iş üzrə isə apellyator əlavə ekspertizanın nə üçün birinci instansiya məhkəməsində tələb edilmədiyini və bunun hansı üzrlü səbəbdən mümkün olmadığını əsaslandırmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən iş materiallarına cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini, malların və pul vəsaitlərinin faktiki hərəkətini, onların cavabdehə təhvil verilməsi və ya ondan geri qəbul edilməsini təsdiq edən ilkin uçot sənədləri, audit yoxlamasının yekun aktı, anbar mədaxil-məxaric sənədləri, elektron vergi hesab-fakturaları və digər maliyyə sənədləri təqdim edilməmişdir. Halbuki məhz bu sənədlər iddia edilən zərərin həqiqətən yaranmasını, onun məbləğini və cavabdehin hərəkətləri ilə əlaqəsini müəyyən etməyə imkan verən əsas sübutetmə vasitələri hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə yükünü müəyyən edən normalarına əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Sübutetmə vəzifəsini yerinə yetirməyən tərəf bunun mənfi hüquqi nəticələrini daşıyır. Hazırkı iş üzrə isə iddiaçı cavabdehin təqsirini, hüquqa zidd davranışını, zərərin məhz onun hərəkətləri nəticəsində yarandığını və bu hallar arasında səbəbli əlaqənin mövcudluğunu kifayət edən, bir-biri ilə uzlaşan və mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Apellyatorun apellyasiya instansiyası məhkəməsində iş üzrə əlaqəli müştəri hesablaşmalarını əks etdirən mühasibat çıxarışlarının, anbar mədaxil sənədlərinin, geri qaytarılmış malların faktiki anbar hərəkətini təsdiq edən sənədlərin və digər daxili sənədlərin araşdırılmalı olması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, apellyatorun araşdırılmasını zəruri hesab etdiyi sənədlər iddiaçının öz sərəncamında olan, iddia tələbinin əsasını təşkil edən halları təsdiq etmək üçün təqdim etməli olduğu sübutlardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinin tələblərinə əsasən, hər bir tərəf istinad etdiyi halları özü sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. İş materiallarından görünür ki, iddiaçı həmin sənədləri birinci instansiya məhkəməsinə təqdim etməmiş, onların təqdim edilməsinin mümkünsüzlüyünü əsaslandırmamış, eləcə də məhkəmə tərəfindən tələb olunmasına dair əsaslandırılmış vəsatət verməmişdir. Bu baxımdan, iddiaçının öz sərəncamında olan sübutları vaxtında təqdim etməməsinin mənfi prosessual nəticələri onun öz üzərinə düşür. Belə olan halda, iddia tələbi ehtimallara və dolayı mülahizələrə əsaslandığından, mülki prosessual qanunvericiliyin sübutetmə standartlarına cavab vermir. Məhkəmə hesab edir ki, yalnız formal xarakter daşıyan və birbaşa sübutedici qüvvəyə malik olmayan dəlillər əsasında cavabdehin maddi məsuliyyətə cəlb edilməsi mümkün deyildir. Buna görə də iddia tələbinin təmin edilməsi üçün zəruri hüquqi və faktiki əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair gəldiyi nəticə işin müəyyən edilmiş halları və tətbiq edilən hüquq normaları baxımından əsaslı və qanunauyğundur. Həmçinin apellyasiya şikayətində göstərilən, şahidlərin eyni satış komandasında çalışmaları səbəbindən onların ifadələrinin etibarsız hesab edilməli olması barədə dəlil də əsassız olmuşdur. Təkcə şahidlərin əvvəllər cavabdehlə eyni müəssisədə və ya eyni satış komandasında çalışmaları onların ifadələrinin mötəbərliyini şübhə altına almaq üçün kifayət etmir. Belə ki, iş materiallarında həmin şahidlərin işin nəticəsində hüquqi və ya maddi maraqlarının olmasını, cavabdehlə hər hansı mənafe birliyinə malik olmalarını, qərəzli və ya bilərəkdən həqiqətə uyğun olmayan ifadələr vermələrini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Apellyator da bu barədə yalnız ehtimal xarakterli mülahizələrlə kifayətlənmiş, şahidlərin maraqlı şəxs olduqlarını təsdiq edən konkret fakt və sübutlar təqdim etməmişdir. Bu baxımdan, yalnız onların eyni kollektivdə fəaliyyət göstərməsi ifadələrinin sübut kimi qiymətləndirilməsini istisna edən hal hesab oluna bilməz. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Cəbrayıl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi iddiaçı “Az İnternational İmport Company” MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı “Az İnternational İmport Company” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi iddiaçı “Az İnternational İmport Company” MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar