Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-654/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi vəkil1, cavabdeh Cavabdeh iştirakları ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, “pulun tutulması və ya əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən (hakim Mədinə Rəsulova) iddiaçı verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması və ya əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən cəmi 55350 (əlli beş min üç yüz əlli) manat məbləğində pulun xeyrinə tutulması, bu mümkün olmadığı təqdirdə iddiaçıya məxsus olmaqla cavabdehin faktiki sahibliyində olan **-MS-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı nəqliyyat vasitəsinin və **-YC-*** dövlət nişanlı qoşqunun cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh # ###### 2024-cü il tarixində iddiaçıya müraciət edərək 28020 (iyirmi səkkiz min iyirmi) manat dəyərində olan **-MS-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı nəqliyyat vasitəsini almaq istədiyini, bütün məbləği ödəmək imkanı olmadığını, yalnız məbləği hər ay ödəyə biləcəyini bildirmişdir. Iddiaçı onunla razılaşmış və aralarında iradələrinə uyğun olaraq borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən cavabdeh nəqliyyat vasitəsinin dəyərini hər ay 2335 (iki min üç yüz otuz beş) manat olmaq ilə 12 ay müddətinə ödəməli idi. Cavabdeh bu müqavilə üzrə yalnız 3 ay 1450 (min dörd yüz əlli) manatdan cəmi 4350 (dörd min üç yüz əlli) manat ödəmişdir. Cavabdeh 23670 (iyirmi üç min altı yüz yetmiş) manatı ödəməkdən yayınmışdır və hal hazırda da ödəmək niyyətində deyildir. Bundan əlavə cavabdeh ilk aylarda mütəmadi ödəniş etdiyi üçün yenidən iddiaçıya müraciət edərək nəqliyyat vasitəsinə qoşqu əldə etmək istədiyini, amma onun da dəyərini hissə-hissə ödəmək imkanında olduğunu bildirmişdir. Ilk aylarda ödənişlərdə gecikmələri olmadığı üçün iddiaçı cavabdehlə daha bir, # #### 2025-ci il tarixli borc müqaviləsi bağlamışdır. Borc müqaviləsi ilə cavabdeh **-YC-*** dövlət qeydiyyat nişanlı qoşqunu 34560 (otuz dörd min beş yüz altmış) manata, dəyərini aybaya ödəmək şərti ilə satın almışdır. Müqaviləyə əsasən cavabdeh 24 ay müddətində hər ay 1440 (min dörd yüz qırx) manat ödəniş etməli idi. Amma cavabdeh yalnız 2 ay cəmi 2880 (iki min səkkiz yüz sksən) manat ödəniş etmiş və sonradan bu müqavilə üzrə də ödəniş etməkdən yayınmışdır. Iddiaçı dəfələrlə müqavilənin şərtlərinə riyayət edilməsini, ödənişlərin edilməsini tələb etsə də, cavabdeh buna riayət etməmişdir. Iddiaçı dəfələrlə ona məxsus olan nəqliyyat vasitəsini və yəhərli dartıcını geri qaytarılmasını da cavabdehdən tələb etmişdir. Amma cavabdeh bu şərtlərə əməl etməmiş və əksinə borcu ödəməmək üçün qanunsuz əməllərə əl atmışdır. Hal-hazırda iddiaçı cavabdeh tərəfindən ona hər iki müqavilə üzrə (23670 manat və 31680 manat) ödənilməli olan 55350 (əlli beş min üç yüz əlli) manat borcu və ya ona məxsus olan “MAN” markalı nəqliyyat vasitəsini və yəhərli qoşqunu geri tələb edir. Nəzərə almaq lazımdır ki, qarşı tərəfə dəfələrlə yaranmış borcu ödəmək təklif edilsə də, o bundan boyun qaçırmışdır. Həmçinin nəzərə alınmalıdır ki, müqavilələlərdən biri üzrə müddəti artıq bitmişdir. Cavabdeh müqavilənin şərtlərini icra etməmək üçün müxtəlif qanunsuz vasitələrdən istifadə də edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2, 739.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə borc müqaviləsinə əsasən borc verən pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borcalana verir, borcalan isə həmin məbləği geri qaytarmağı öhdəsinə götürür. Həmin maddənin məzmunundan göründüyü kimi borc müqaviləsi real xarakter daşıyır və borc münasibətinin yaranması üçün borcun predmeti olan pul vəsaitinin faktiki verilməsi zəruridir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən cavabdehə müqavilələrdə göstərilən pul vəsaitlərinin faktiki olaraq verildiyini təsdiq edən mötəbər və kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Iş materiallarında həmin pul vəsaitlərinin cavabdehə və ya onun göstərdiyi üçüncü şəxsə verilməsini təsdiq edən bank köçürməsi, qəbz və ya digər maliyyə sənədləri mövcud deyildir. Belə olan halda, borc müqaviləsinin real xarakter daşıması nəzərə alındıqda, borcun faktiki verilməsinin sübuta yetirilmədiyi şəraitdə tərəflər arasında həmin müqavilələr üzrə öhdəlik münasibətinin yarandığını mübahisəsiz hesab etmək mümkün deyildir. Bundan başqa iş materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, həm **-MS-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı nəqliyyat vasitəsinin, həm də **-YC-*** dövlət qeydiyyat nişanlı qoşqunun mülkiyyətçisi iddiaçıdır. Bu hal iddiaçının iddia etdiyi hüquqi münasibət ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olduğunu göstərir. Belə ki, iddiaçı bir tərəfdən borc münasibətinin mövcudluğunu iddia edir, digər tərəfdən isə öz mülkiyyətində olan əmlakın cavabdehin istifadəsində olduğunu bildirərək həmin əmlakın geri qaytarılmasını tələb edir. Bununla yanaşı, iddiaçı həmin əmlakların cavabdehin faktiki istifadəsində və ya sahibliyində olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək nəqliyyat vasitəsi və qoşqunun qaytarılmasının təmin olunmaması hissədə ləğv olunması, **-MS-*** nişanlı "MAN" markalı nəqliyyat vasitəsinin və **-YC-*** nişanlı qoşqunun cavabdehdən alınaraq mülkiyyət ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin borc pul tələbinin rədd edilməsinə dair hissəsini qəbul edir. Lakin **-MS-*** dövlət qeydiyyat nişanlı "MAN" markalı nəqliyyat vasitəsinin və **-YC-*** dövlət qeydiyyat nişanlı qoşqunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması tələbi hissəsində apellyasiya şikayəti verir. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, iddiaçı nəqliyyat vasitəsinin cavabdehin faktiki sahibliyində olduğunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Lakin bu mövqe hüquqi cəhətdən yanlışdır. Məhkəmə özü qəbul etmişdir ki, həm **-MS-*** nişanlı "MAN" nəqliyyat vasitəsinin, həm də **-YC-*** nişanlı qoşqunun qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətçisi iddiaçıdır. Bu halda mülkiyyətçinin öz əmlakının harda olduğunu daha ətraflı sübut etmək yükü mövcud olmamalıdır. Məhkəmə iddianı rədd etmiş və qeyd etmişdir ki, hazırkı iş üzrə isə iddiaçı tərəfindən cavabdehə müqavilələrdə göstərilən pul vəsaitlərinin faktiki olaraq verildiyini təsdiq edən mötəbər və kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Iş materialarında həmin pul vəsaitlərinin cavabdehə və ya onun göstərdiyi üçüncü şəxsə verilməsini təsdiq edən bank köçürməsi, qəbz və ya digər maliyyə sənədləri mövcud deyildir. Iş materialarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, həm **-MS-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı nəqliyyat vasitəsinin, həm də **-YC-*** dövlət qeydiyyat nişanlı qoşqunun mülkiyyətçisi iddiaçıdır. Bu hal iddiaçının iddia etdiyi hüquqi münasibət ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olduğunu göstərir. Belə ki, iddiaçı bir tərəfdən borc münasibətinin mövcudluğunu iddia edir, digər tərəfdən isə öz mülkiyyətində olan əmlakın cavabdehin istifadəsində olduğunu bildirərək həmin əmlakın geri qaytarılmasını tələb edir. Bununla yanaşı, iddiaçı həmin əmlakların cavabdehin faktiki istifadəsində və ya sahibliyində olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bütün bu səbəblərdən iddia rədd edilmişdir. Ilk növbədə qeyd etmək istərdi ki, məhkəmə tərəflər arasında olan real münasibəti düzgün qiymətləndirməmişdir. Beləki tərəflər arasında borc müqaviləsi bağlansada, faktiki olaraq iddiaçı özünə məxsus olan nəqliyyat vasitələrini cavabdehin istifadəsinə vermiş və cavabdeh isə bunun qarşılığında müəyyən edilmiş aylıq məbləği iddiaçıya ödəməli idi. Nəqliyyat vasitələrinin dəyəri ödənildikdən sonra nəqliyyat vasitələri cavabdehin mülkiyyətinə keçirilməli idi. Tərəflər arasında borc müqaviləsi bağlansa belə, faktiki olaraq tərəflərin münasibəti lizinq müqaviləsinə uyğun olaraq lizinq münasibətləri olmuşdur. Buna görədə iddiaçı ilk növbədə nəqliyyat vasitələrinin dəyərini tələb etmişdir. Bu tələb mümkün olmadıqda isə nəqliyyat vasitələrinin onun sahibliyinə verilərək cavabdehdən alınmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ şəxsə ona məxsus olan əmlaka sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək hüquqlarını verir. Mülkiyyətçinin əmlakın fiziki yerini ayrıca sübut etmək öhdəliyi yoxdur, cavabdeh bu əmlakı aldığını borc müqaviləsi ilə özü etiraf etmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsasları arasında ziddiyyət mövcud olduğunu qeyd etmişdir. Lakin iddiaçının tələbi aşağıdakı ardıcıl məntiqlə qurulmuşdur: əsas tələb-borc münasibəti çərçivəsindəki ödənişlərin tutulması; alternativ tələb-bu mümkün olmadıqda, iddiaçıya məxsus olan, lakin cavabdehin istifadəsindəki əmlakın geri qaytarılması. MPM-in 152.2-ci maddəsinə əsasən iddiaçı alternativ tələblər irəli sürə bilər. Məhkəmə bu alternativ xarakteri nəzərə almadan tələblər arasında ziddiyyət olduğu qənaətinə gəlmişdir ki, bu da qanunun tətbiqindəki hüquqi səhvdir. MPM-in 372-ci maddəsinə əsasən apellyasiya məhkəməsi yeni sübutları qəbul edə bilər. Aşağıdakı sübutlar birinci instansiya məhkəməsinin baxışı zamanı mövcud olmamış, sonradan əldə edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qərarı (yeni sübut). Məhkəmənin həmin cinayət işi üzrə qərarın mahiyyəti ondan ibarət olmuşdur ki, Cavabdeh # ######## 2025-ci il tarixində onun borc müqaviləsi əsasında aldığı pullara dair video paylaşmışdır. Bu videoda o, güya İddiaçı 18000 manat borc almasına baxmayaraq 54000 manat borc göstərilməsinə dair yalan məlumat vermişdir. İddiaçı onu ölümlə hədələməsinə dair böhtan xarakterli ifadələr bildirmişdir. Bu fikirlərini davam etdirən Roman “bu cür dələduzlar” ifadəsini də işlədir. Borcunu ödəməmək üçün qanunsuz əmələrini davam etdirən bu şəxs ##.##.2025-ci il tarixində yenə eyni profildən X2 cənab Vilayət Eyvazova müraciət etmək adı ilə təhqir və böhtan dolu video paylaşmışdır. Bu video müraciətdə də İddiaçı adını, soyadını və ata adını tam çəkərək güya borcu tam ödədiyini, onun xəbəri olmadan nəqliyyat vasitəsini adına keçirdiyini bildirir. Təhqir və böhtanları davam etdirən Cavabdeh İddiaçı Sumqayıt şəhərində "dələduzluq şəbəkəsi” açması ilə “yüzlərlə insanın əmlakını mənimsəməkdə” belə ittiham edir. Bildirmək lazımdır ki, ilk paylaşılan videonu 734 nəfər şəxs “bəyənmiş”, 46 nəfər şəxs rəy yazmış, 178 nəfər isə paylaşmışdır. Bu o deməkdir ki, bu videonu kifayət qədər çox adam izləmişdir, paylaşılan videonu isə 724 nəfər "bəyənmiş”, 68 nəfər rəy yazmış, 161 nəfər paylaşmışdır. Cavabdeh məqsədli və qəsdən təhqir və böhtan dolu ifadələr işlədərək videolar çəkmiş və çoxlu sayda insanın izləməsi üçün «Tik-Tok» səhifəsində paylaşmışdır. Məhkəmədə xüsusi ittiham qaydasında şikayət verilən Cavabdeh ifadəsındə göstərmişdir ki, barəsində CM-nin 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında olan cinayət işi üzrə özünü təqsirli bilir. Belə ki, o, «Tik-Tok» sosial şəbəkəsində olan profil ünvanından video paylaşmaqla İddiaçı ünvanlanmış “bu cür dələduzlar” ifadəsini, habelə İddiaçı barəsində dələduzluq şəbəkəsi” açması, “yüzlərlə insanın əmlakını mənimsəməsi” ifadələrini işlətmişdir. Lakin həmin ifadələrin təhqir və böhtan xaraktli olmaqla cinayət məsuliyyətinə səbəb olmasını bilməmişdir. Ona görə də İddiaçı üzür istədiyini və Azərbaycan Respublikası Mili Məclisinin “Konstitusiya və Suverenlik Ili” münasibəti ilə verilmiş ## ###### 2025-ci il tarixli amnistiya aktının barəsində tətbiq edilməklə, onun cinayət məsuliyyətindən azad olunmasına və CM-in 147.2 və 148-ci maddələri ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Yekunda məhkəmə CM-in 147.2 və 148-ci maddəsi ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən təqsirləndirilən şəxs Cavabdeh “Konstitusiya və Suverenlik Ili» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Mili Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1 və 24-cü bəndlərinə əsasən cinayət məsuliyyətindən azad etmiş və barəsində CM-in 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam vermişdir. Cavabdehin barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilmişdir. Bu qərardan aydın şəkildə görünür ki , nəqliyyat vasitələri cavabdehin istifadəsindədir. Bu fakt cavabdehin vicdanlı olmayan davranışını, borc öhdəliklərindən yayınmaq üçün qəsdən hərəkət etdiyini sübut edir ki, bu da nəqliyyat vasitəsinin qaytarılmamasının da qəsdli xarakter daşıdığını göstərir. Qərar ## ###### 2025-ci il tarixində çıxarılsa da, iddiaçıya göndərilməmişdir. 4 aprel tarixində iddiaçı e məhkəmə sistemində şəxsi kabinet yaratmış və bundan sonra bu qərardan məlumatı olmuşdur. Bu səbəbdən də iddiaçı tərəfindən həmin qərarın birinci instansiyaya təqdim edilməsi mümkün olmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: ## #### 2026-cı il tarixdə keçirilən məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi vəkil1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Izahatında göstərdi ki, əslində müqavilələr mahiyyət etibarilə borc müqavilələri yox, nəqliyyat vasitələrinin hissəvi alqısatqısı mahiyyətini kəsb edir. Cavabdeh müraciət edir, iddiaçı da nəqliyyat vasitəsinin dəyərini verib alır. Ondan sonra şəxs müqavilə üzrə aylıq ödənişini edir və daha sonra onlar öhdəlik götürürlər ki, ödəniş bitdikdən sonra nəqliyyat vasitəsini cavabdehin mülkiyyətinə keçirəcəklər. Sonrakı mərhələdə cavabdeh ödənişləri vaxtında etmir. Cavabdeh ümumilikdə cəmi 7230 manat ödəniş etmişdir. Ödəniş edə bilmədikdə iddiaçı cavabdehdən maşını geri qaytarmasını tələb edir. Sonrakı mərhələdə iddiaçı maşını yoxlatdıracaqdı və maşında hər hansı qüsur yoxdursa cavabdehin etdiyi ödənişləri geri qaytaracaqdı. Bu maşınlar mahiyyət etibarilə gəlir əldə edilən maşınlardır. Cavabdeh maşına faktiki sahiblik etdiyi müddət ərzində gəlir əldə edir. Sonrakı dövrdə cavabdeh ödənişlərdən yayınmaq üçün Tik-Tok sosial şəbəkəsində çıxışlar etməyə başlayır ki, iddiaçıya qarşı təzyiqlər edir, bildirir ki, nəqliyyat vasitəsi mənimdir, nəqliyyat vasitəsi mənə çox yüksək qiymətə satılıb və.s. Apellyasiya şikayətinə şəkil əlavə etmişik ki, Tik-Tok sosial şəbəkəsindən etdikləri çıxarışdır. Cavabdeh hüquq mühafizə orqanlarına müraciət edir, araşdırma aparılır və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilir. Nəqliyyat vasitəsi bugünki günə qədər cavabdehin faktiki istifadəsindədir və geri qaytarılmamışdır. Alqı-satqı prosesində cavabdeh özüdə iştirak edib. Ödəniş bitdikdən sonra nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçəcəkdi. Onlar maşını alıb şəxsə nəqliyyat vasitəsindən istifadə etmək üçün müqavilə müddətini əhatə edən etibarnamə verirlər. Ödəniş bitdikdən sonra nəqliyyat vasitəsini şəxsin mülkiyyətinə keçirirlər. Mübahisəsi aparılan nəqliyyat vasitəsi cavabdehin sahibliyinə etibarnamə ilə verilib, həmin etibarnaməni ləğv etdirmişlər. Cavabdeh ümumilikdə cəmi 7230 manat ödəniş etmişdir. Hesab edir ki, onlara ya pul, ya da nəqliyyat vasitəsi verilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, **-MS-*** nişanlı "MAN" markalı nəqliyyat vasitəsinin və **-YC-*** nişanlı qoşqunun cavabdeh Cavabdeh alınaraq mülkiyyətçisi olan iddiaçı İddiaçı qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirik. ## #### 2026-cı il tarixdə keçirilən məhkəmədə cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Izahatında göstərdi ki, **-MS-*** nişanlı "MAN" markalı nəqliyyat vasitəsini 47500 manata Ilham adlı şəxsdən almışdır. Ilham Biləsvuar rayonun sakinidir və maşını 2024-cü ildə ondan almışdır. Həmin nəqliyyat vasitəsini alanda Mercedes markalı avtomobilini və Kamazını satıb pulunu vermişdi. Maşına 15000 manat pul borclu qalmışdı. Əlavə olaraq görmüşdü ki, təkərləri köhnədir, 3000 manat da artıq pul almışdır. Cəmi **- MS-*** nişanlı "MAN" markalı nəqliyyat vasitəsinə görə Vüqardan 18130 manat Sumqayıt şəhərində maşın satılan yerdə pul götürmüşdür. Ilham adlı şəxs də pulu Vüqardan alanda onun yanımda olub. Həmin şəxsin nömrəsi onda var və məhkəmə istəsə dəvət edə bilər. Vüqardan 18130 manatı alıb həmin şəxsə vermişdir. Özünün qoşqusu var idi. Daha sonra təzə qoşqu düşdü və 35000 manata qoşqunu aldı. Həmin qoşqunun da 18000 manatını Vüqardan almışdır. Ümumilikdə 36130 manat iddiaçıdan pul götürmüş, aldığı pula görə iddiaçıya 44000 manat pul ödəmişdir. Ödənişlərin çox az qismi onda var. Həmin ödəniş etdiyi qəbzlərin bir qisminin şəkilini təqdim edə bilər. Digər qəbzlərin şəkili isə xərab olan telefonundadır. Qəbzlərin üzü silindiyi üçün onları saxlamamışdır. Götürdüyü pulu artıqlamasıyla iddiaçıya ödəmişdir. Kart kimin adınadırsa onun bura gətirilməsini tələb edirəm. 20000 manat iddiaçının verdiyi karta pul atmış, 24300 manat da əlbə-əl iddiaçıya vermişdir. Maşını iddiaçının adına sənədləşdirməmişdi, iddiaçı maşını ondan girov kimi tələb etmişdi, pulu qaytarandan sonra girov silinməli idi. Bir daha bildirir ki, **-MS-*** nişanlı "MAN" markalı nəqliyyat vasitəsini 47500 manata Ilham adlı şəxsdən almışdır, 47500 manatın 18130 manatını Vüqardan götürmüşdür. Müqavilədə 18130 manat pulun götürülməsinə imza çəkmiş, nə qədər yazılmasına baxmamışdır. Avtomobilin Vüqarın adına sənədləşməsini sonradan, qardaşının adına etibarnamə veriləndə bilmiş, iddiaçıdan soruşduqda demişdi ki, bizdə belə olur. Nəqliyyat vasitəsi və qoşqu hazırda ondadır, təxminən 13 aydır ki, maşını sürmür. Maşın hazırda kənddə həyətindədir. Pul köçürmələri etdiyi kart Çingiz adlı şəxsindir və həmin kartı iddiaçı ona vermişdi. Əlbə-əl verdiyi pula görə iddiaçıdan qəbz almamışdır. ## ###### 2026-cı il tarixində keçirilən məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi vəkil1 əlavə olaraq bildirdi ki, tərəflər arasında borc müqaviləsi üzrə hesablaşmalar həqiqətən Çingiz adlı şəxsin adına açılmış hesab kartı üzərindən aparılmış, həmin kartı cavabdehə iddiaçı təqdim etmişdir. Cavabdeh iddiaçıya heç zaman nəğd pul verməmiş, ödənişlərini yalnız həmin kart üzərindən aparmışdır. Iddiada # ###### 2024-cü il tarixli müqavilə üzrə 3 ay 1450 (min dörd yüz əlli) manatdan cəmi 4350 (dörd min üç yüz əlli) manat ödənişin edilməsi dedikdə iddiaçı nəğd verilən pulları deyil, kart hesabından edilən ödənişləri nəzərdə tutmuş, həmin məbləğləri təxmini qeyd etmişdir. Eyni ilə # #### 2025-ci il tarixli müqavilə üzrə ümumilikdə kart hesabı üzərindən 2880 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin hazırki məhkəmə baxışında təqdim etdiyi Vatsap səs yazıları və sms mətnlər də həqiqətən iddiaçının istifadəsində olan 055- 700-60-60 mobil nömrə üzərindən tərəflər arasında baş tutmuş danışıqlar, yazışmalardır. Həmin yazışmalarda iddiaçı 6 ay 2335 manatdan borcun qaldı dedikdə yalnız yük avtomobili üçün qalan borcun məbləğini qeyd etmiş, cavabdeh də bunu təsdiq etmişdir. ## ###### 2026-cı il tarixində keçirilən məhkəmədə cavabdeh Cavabdeh iddiaçı ilə arasında vatsap üzərindən aparılan səs yazılarını və sms mətnləri təqdim edərək bildirdi ki, kəllə (yük avtomobili nəzərdə tutulur) üçün ## ###### 2025-ci il tarixinə 6 aya görə 2335 manatdan borcu qalmışdı ki, bu 14000 manat edirdi, sonradan həmin puldan 10000 manatını iddiaçının ofisində iddiaçıya əlbə-əl vermiş, lakin qəbz almamışdır. Iddiaçıya ümumiyyətlə borcunun olmadığını deyərkən ondan faktiki olaraq almış olduğu 36130 manat borc qarşılığında 44000 manat ödəniş etdiyini nəzərdə tutmuşdur. ## ###### 2026-cı il tarixində keçirilən məhkəmədə cavabdehin sübut kimi təqdim etdiyi tərəflər arasında vatsap üzərindən aparılan səs yazıları və sms mətnləri tədqiq edilmişdir. Səs yazılarında iddiaçı cavabdehdən dəfələrlə borcunun ödənilməsini, imkanı yoxdursa maşını satıb ödəməsini tələb edir, cavabdeh kəlləyə (yük avtomobilinə) görə qalıq borcunun nə qədər təşkil etdiyi soruşur. ## ###### 2025-ci il tarixinə aid sms mətndə iddiaçı cavabdehə kəllə üçün 6 aya görə 2335 manatdan borcunun qaldığını, cavabdeh isə bunu mübahisələndirmədən ödəyəcəyini bildirirlər. Səs yazılarında, yaxud sms mətnlərdə yarımqoşquya aid danışıqlar yer almır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız yük avtomobili və qoşqunun cavabdehdən alınaraq ona verilməsinin təmin olunmaması hissədə mübahisələndirsə də, apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarına əlavə olunmuş sənədlərdən aşağıdakılar müəyyən olunur. Iddiaçı (borc verən) İddiaçı ilə cavabdeh (borc alan) Cavabdeh arasında # ###### 2024-cü il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, borc verən tərəfindən **MS*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədilə borc alana 28020 manat məbləğində borcun verilməsi, borc alan tərəfindən isə borc məbləğinin hər ayın 6-sı tarixində 2335 manat ödəniş edilməklə # ###### 2025-ci il tarixinədək qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir (iş vər. 35-36). Müqaviləyə borc alan (cavabdeh) Cavabdeh tərəfindən aşağıdakı məzmunda qeyd verilmişdir: - Maşını tam saz vəziyyətdə qəbul etdim. Avtomobilə görə (** MS *** nömrə nişanlı) olan borcu 12 ay X 2335 azn ayba-ay ödəməyi üzərimə götürdüm, öz xəttimlə yazdım, imzamla təsdiq edirəm (iş vər. 35-36). DIN BDYPI-dən məhkəmənin sorğusu əsasında təqdim edilmiş # ###### 2024-cü il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən X4 özünə məxsus olan “MAN TGX 18.440 YÜK” markalı, 2008-ci il buraxılışlı, **MS*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı qismində çıxış edən İddiaçı 18000 manata satmışdır (iş vər. 125). # ###### 2024-cü ildə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MAN TGX 18.440 YÜK” markalı, 2008-ci il buraxılışlı, **MS*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı İddiaçı oğlşunun adına daşınar əmlakın rəsmi reyestrində dövlət qeydiyyatına alınmışdır (iş vər. 31). Iddiaçı (borc verən) İddiaçı ilə cavabdeh (borc alan) Cavabdeh arasında # #### 2025-ci il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, borc verən tərəfindən **YC*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədilə borc alana 34560 manat məbləğində borcun verilməsi, borc alan tərəfindən isə borc məbləğinin hər ayın 5-i tarixində 1440 manat ödəniş edilməklə 24 ay müddətində, # #### 2027-ci il tarixinədək qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir (iş vər. 32-33). DIN BDYPI-dən məhkəmənin sorğusu əsasında təqdim edilmiş # #### 2025-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən X3 özünə məxsus olan “SCHALLEX 5900 Yarımqoşqu” markalı, 1980-ci il buraxılışlı, **YC*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu alıcı qismində çıxış edən İddiaçı 19000 manata satmışdır (iş vər. 118). # #### 2025-ci ildə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “SCHALLEX 5900 Yarımqoşqu” markalı, 1980-ci il buraxılışlı, **YC*** dövlət qeydiyyat nişanlı yarımqoşqu iddiaçı İddiaçı oğlşunun adına daşınar əmlakın rəsmi reyestrində dövlət qeydiyyatına alınmışdır (iş vər. 31). Cavabdeh tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş Çingiz C.M adlı şəxsin 5243 7544 4300 0888 kart hesabına edilən ödənişlər barədə qəbzlərdən görünür ki, ##.##.2024-də 2380 manat, ##.##.2025-də 2410 manat, ##.##.2025-də 2300 manat və 185 manat, ##.##.2025-də 2200 manat, 2025-ci ildə 1870 manat məbləğlərində olmaqla ümumilikdə 11345 manat məbləğində ödənişlər edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Insan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5ci maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### və N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il ## #### və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Kollegiya işin faktiki hallarını yuxarıda sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər formalaşmış, iddiaçı tərəfindən 28020 manat və 34560 manat məbləğlərində borcun verilməsində məqsəd (məqsədli təyinat) cavabdeh tərəfindən “MAN TGX 18.440 YÜK” markalı, 2008-ci il buraxılışlı, **MS*** dövlət qeydiyyat nişanlı avtomobilin və “SCHALLEX 5900 Yarımqoşqu” markalı, 1980-ci il buraxılışlı, **YC*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun alınmasının maliyyələşdirilməsi olmuşdur. Bu hal tərəflər arasında # ###### 2024-cü ildə və # #### 2025-ci ildə bağlanan borc müqavilələrinin şərtlərindən açıqca irəli gəlir. Iddiaçı özü də, iddiasında cavabdeh tərəfindən borc müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi əsası ilə ilk növbədə borcun qaytarılmasını, bu mümkün olmadıqda isə alternativ tələb olaraq adına rəsmiləşdirilmiş yük avtomobili və yarımqoşqunun cavabdehin faktiki sahibliyindən alınması tələbini irəli sürmüşdür. Yük avtomobilinin və yarımqoşqunun iddiaçının adına rəsmiləşdirilməsi verilən borcun qaytarılması üçün təminat kimi çıxış etmiş, cavabdeh bunu girov hüququnun rəsmiləşdirilməsi kimi qəbul etmişdir. Əsl mahiyyətdə isə satılan yük avtomobilinin və yarımqoşqunun iddiaçı X5 adına rəsmiləşdirilməsinə baxmayaraq, avtomobilin alıcısı qismində faktiki olaraq cavabdeh Cavabdeh çıxış etmiş və sonuncunun iddiaçı qarşısında avtomobilin, yarımqoşqunun alınması üçün götürmüş olduğu borca görə icra edilməmiş öhdəliyi yaranmışdır. Odur ki, “MAN TGX 18.440 YÜK” markalı, 2008-ci il buraxılışlı, **MS*** dövlət qeydiyyat nişanlı avtomobilin və “SCHALLEX 5900 Yarımqoşqu” markalı, 1980-ci il buraxılışlı, **YC*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun iddiaçının adına rəsmiləşdirilməsinə dair DIN BDYPI-də # ###### 2024-cü il tarixdə X4 ilə, # #### 2025-ci ildə isə X3 ilə iddiaçı arasında bağlanmış “nəqliyyat vasitəsinin alqı-satqı” müqavilələri yalan əqd olmaqla, əhəmiyyətsizdir. Həmin əmlaklar verilən borcun təminatı olaraq girov kimi çıxış etdiyi halda, pərdələnmiş alqı-satqı müqaviləsi əsasında iddiaçının adına rəsmiləşdirilmişlər. Belə olan halda isə iddiaçı İddiaçı mülkiyyət hüququndan çıxış edərək qeyd olunan yük avtomobili və yarımqoşqunun cavabdeh Cavabdeh sahibliyindən geri istənilməsi tələbi təmin oluna bilməz, çünki sonuncun həmin əmlaklar üzərində sahibliyi qanunsuz deyildir. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra isə “MAN TGX 18.440 YÜK” markalı, 2008ci il buraxılışlı, **MS*** dövlət qeydiyyat nişanlı avtomobilin və “SCHALLEX 5900 Yarımqoşqu” markalı, 1980-ci il buraxılışlı, **YC*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərində cavabdeh Cavabdeh mülkiyyət hüququnun tanınmasına hüquqi zəmin yaratmış olacaqdır. Yuxarıda qeyd edildiyi kimi hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız yük avtomobili və qoşqunun cavabdehdən alınaraq ona verilməsinin təmin olunmaması hissədə mübahisələndirsə də, apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yохlanılmasını düzgün hеsab еtmişdir. Kollegiya hesab edir ki, yük avtomobili və yarımqoşqu ilə bağlı yaranan mübahisənin kökündə həmin əmlakların əldə edilməsinin iddiaçı tərəfindən maliyyələşdirilməsinə dair tərəflər arasında bağlanmış borc müqavilələri durduğundan, iddiaçının tələbi də, ilkin olaraq borcun qaytarılması ilə bağlı olduğundan, əmlakların iddiaçının adına rəsmiləşdirilməsinə isə artıq yalan əqd kimi qiymət verilərək cavabdehin sahibliyindən geri alınmasının mümkünsüzlüyü təsbit edildiyindən, apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, mübahisə tərəflər arasında bağlanmış borc müqavilələrindən irəli gələn öhdəliklərin icra edilib-edilməməsindən asılı olaraq öz hüquqi həllini tapmalıdır. Tərəflər arasında borc müqaviləsi üzrə münasibətlər # ###### 2024-cü il tarixindən etibarən yarandığından, mübahisə # ####### 2023-cü ildən qüvvəyə minmiş Mülki Məcəllənin yeni redaksiyada olan 37-ci fəslinin müddəaları çərçivəsində öz hüquqi həllini tapmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3.-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Kollegiya borc müqavilələri üzrə iddiaçı tərəfindən cavabdehə müqavilələrdə göstərilən pul vəsaitlərinin faktiki olaraq verildiyini təsdiq edən mötəbər və kifayət qədər sübutların təqdim edilməməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Əvvəla ona görə ki, # ###### 2024-cü il tarixli müqavilənin özündə cavabdeh (borc alan) öz xətti ilə “maşını tam saz vəziyyətdə qəbul etdiyini, avtomobilə görə (** MS *** nömrə nişanlı) olan borcu 12 ay X 2335 azn ayba-ay ödəməyi üzərimə götürdüyünü” qeyd etmişdir. Qeyd edilən hal borc məbləğinin borcalanın göstərdiyi üçüncü şəxsin (avtomobili satanın) hesabına mədaxil edilməsi hesab olunduğundan borcun verildiyi gün hesab olunur. Bundan başqa cavabdehin özü də apellyasiya baxışında verdiyi izahatında # ###### 2024-cü il və # #### 2025-ci il tarixlərində yük avtomobili və yarımqoşqunun alınması üçün iddiaçıdan borc aldığını, müqavilələr imzaladığını etiraf etmişdir. Borca dair hissədə tərəflər arasında mübahisə verilən borcun və edilən ödənişlərin məbləğləri ilə bağlıdır. Belə ki, iddiaçı # ###### 2024-cü il tarixli müqavilə üzrə 28020 manat borc verdiyini, cavabdehin 3 ay ərzində 1450 manatdan olmaqla cəmi 4350 manat ödəniş etdiyini, # #### 2025-ci il tarixli müqavilə üzrə 34560 manat borc verdiyini, cavabdehin həmin müqavilə üzrə 2 aya cəmi 2880 manat ödəniş etdiyini bildirir. Cavabdeh isə yük avtomobilinə görə # ###### 2024-cü il tarixli müqavilə üzrə iddiaçıdan 18130 manat, sonradan yarımqoşqunun alınması üçün # #### 2025-ci il tarixli müqavilə üzrə daha 18000 manat olmaqla ümumilikdə 36130 manat pul götürdüyünü, aldığı pullara görə iddiaçıya 44000 manat pul ödədiyini bildirir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.2.ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. "N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsindəki icraat dövründə cavabdehin lazımınca məlumatlandırılması, üzürsüz səbəblərdən məhkəmədə iştirak etməməsi iş materialları ilə müəyyən olunmur. Apellyasiya baxışında cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmədə iştirak etməməsini həmin prosesdən ümumiyyətlə xəbərsiz olması, heç bir poçt göndərişini almaması ilə izah etmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən apellyasiya baxışı zamanı verilən sübutlar qəbul edilməli və iş mateialları ilə birlikdə tədqiq olunmalıdır. Cavabdehin təqdim etmiş olduğu sübutlar isə borca dair etdiyi ödənişlərlə bağlıdır. Borca dair hissədə işin mübahisəli halları ilə bağlı kollegiya ilk nöbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehə yazılı bağlanan müqavilələrdə qeyd olunan məbləğlərdə borc verdiyini sübuta yetirə bilir. Belə ki, cavabdeh həmin müqavilələri imzalamış, üstəgəl # ###### 2024-cü il tarixli müqavilədə öz xətti ilə götürdüyü borcu 12 ay ərzində hər ay 2335 manat ödəniş etməklə qaytaracağını qeyd etmişdir. # #### 2025-ci il tarixli müqavilə üzrə verilən borcun məbləği 34560 manat təşkil etmiş, yarımqoşqunu 35000 manata aldığını cavabdeh apellyasiya baxışında bildirmişdir. Cavabdeh faktiki olaraq iddiaçıdan # ###### 2024-cü il tarixli müqavilə üzrə 18130, # #### 2025-ci il tarixli müqavilə üzrə 18000 manat aldığını bildirsə də, bunu təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Iddiaçı cavabdeh tərəfindən # ###### 2024-cü il tarixli müqavilə 3 ay ərzində 1450 manatdan olmaqla cəmi 4350 manat, # #### 2025-ci il tarixli müqavilə üzrə 2 ay ərzində 1440 manatdan olmaqla cəmi 2880 manat olmaqla hər iki müqavilə üzrə ümumilikdə 7230 manat ödəniş edildiyini, hər iki müqavilə üzrə ümumilikdə 55350 manat ödənilməmiş borcunun qaldığını bildirir. Cavabdeh isə 20000 manat pulu hesablaşmalar aparılması üçün iddiaçının verdiyi Çingiz adlı şəxsin adına olan kart hesabına köçürdüyünü, 24300 manat pulu isə əlbə-əl iddiaçıya verdiyini, lakin iddiaçıdan qəbz almadığını bildirir. Cavabdeh tərəfindən təqdim olunaraq iş materiallarına əlavə edilən Çingiz C.M adlı şəxsin 5243 7544 4300 0888 kart hesabına edilən ödənişlər barədə qəbzlərdən görünür ki, ##.##.2024-də 2380 manat, ##.##.2025-də 2410 manat, ##.##.2025-də 2300 manat və 185 manat, ##.##.2025-də 2200 manat, 2025-ci ildə 1870 manat məbləğlərində olmaqla ümumilikdə 11345 manat məbləğində ödənişlər edilmişdir. Cavabdeh tərəfindən təqdim olunan vatsap yazışmalarında isə cavabdehin yük avtomobilinə görə (səs yazısında kəllə adlandırılır) ## ###### 2025-ci il tarixinə 6 ay 2335 manatdan borcunun qaldığı müəyyən olunur ki, həmin məbləğ ümumilikdə 14010 manat təşkil edir. Cavabdeh tərəfindən yuxarıda qeyd olunan sübutlardan savayı həqiqiliyi şübhə doğurmayan, inandırıcı və mötəbər hesab oluna biləcək başqa sübutlar verilməmişdir. Kollegiya borca dair hissədə tərəflərin təqdim etdiyi sübutları tədqiq edərək hesab edir ki, yük avtomobilinə görə tərəflər arasında # ###### 2024-cü il tarixdə bağlanmış müqavilə üzrə cavabehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi sonuncu ## ###### 2025-ci il tarixinə olan vatsap sms mətninə uyğun olaraq 14010 manat müəyyən edilməlidir. Çünki həmin tarixdə hər iki tərəf borc məbləğinin o qədər təşkil etməsi ilə razı olmuşlar. Sonrakı tarixlərdə isə cavabdeh iddiaçıya ofisində əlbə-əl 10000 manat verdiyini bildirsə də, iddiaçı bunu inkar etmiş, cavabdeh isə qəbz almadığından sübuta yetirə bilməmişdir. # #### 2025-ci il tarixli müqaviləyə gəlincə cavabdeh borcu qaytarmasını sübuta yetirə bilməmişdir. Cavabdeh ümumiyyətlə təqdim etmiş olduğu qəbzlərdəki ödənişlərin hansı borc müqaviləsi üzrə edildiyini izah edə bilmir. Həmin qəbzlərə əsasən cavabdehin etdiyi ödənişlərin ümumi məbləği 11345 manatdır və qəbzlər üzrə sonuncu ödəniş ## ##### 2025-ci ildə 2200 manat məbləğində olmuşdur. Bundan sonra isə vatsap yazışmalarında cavabdeh yük avtomobilinə görə iddiaçıya 6 aya 2335 manatdan olmaqla 14010 manat borcunun qaldığını etiraf etmişdir. Belə olan halda # #### 2025-ci il tarixli müqaviləyə aid hissədə iddiaçının etiraf etdiyi 2880 manat ödəniş nəzərə alınmaqla cavabdehin qalıq borcunun məbləği 31680 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1), məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilməli, əsaslandırıcı hissədə qeyd olunanlara uyğun olaraq iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. # ###### 2024-cü il tarixli müqavilə üzrə 14010 manat, # #### 2025-ci il tarixli müqavilə üzrə 31680 manat olmaqla ümumilikdə 45690 (qırx beş min altı yüz doxsan) manat məbləğində borc cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddia qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Ilham Əsədov Qasım Əliyev
Məhkəmə qərarları › İş №e-2(3-9)-654/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-654/2026
19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver