Məhkəmə qərarları › İş №e-2(3-9)-656/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-656/2026

02.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-656/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakları ilə, İddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit müqaviləsindən irəli gələn borc” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdеhlər cavabdeh2, cavabdeh1 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 8396.92 manat məbləğində krеdit bоrcu, 1957.82 manat məbləğində faiz bоrcu və 592.81 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10947 (on min doqquz yüz qırx yeddi) manat 55 (əlli beş) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 122.84 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıхarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Məhərrəmov Səfər Gülağa oğlu, cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Məhərrəmov Səfər Gülağa oğluna 120 ay müddətinə 800000 manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa, ##.##.2023-cü il tarixli, ***S************ saylı qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Məhərrəmov Səfər Gülağa oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh cavabdeh1 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Məhərrəmov Səfər Gülağa oğlu “xxxx” QSC ilə bağladığı ##.##.2023-cü il tarixli, ***R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Məhərrəmov Səfər Gülağa oğlu götürdüyü krеdit bоrcundan 1603.08 manat ödəmiş, onun 8396.92 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişdir ki, o, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 353 gün üçün hesablanmış faiz borcu 1957.82 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 353 gün üçün hеsablanmış cərimə 592.81 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu Məhərrəmov Səfər Gülağa oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından Məhərrəmov Səfər Gülağa oğlunun adına vərəsəlik şəhadətnaməsinin verilməsinə dair notariat hərəkətinin həyata keçirilmədiyi, mərhum Məhərrəmov Səfər Gülağa oğlunun vəfat etdikdən sonra onunla birgə həyat yoldaşı cavabdeh1, övladı cavabdeh2 yaşadığı məlum olur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Dairə tərəfindən verilən ##.##.2025-ci il tarixli, *-**-*- **/*-*****/**************** saylı cavab məktubundan məlum olur ki, Məhərrəmov Səfər Gülağa oğlunun adına ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Salyan rayonu, Çuxanlı kəndində yerləşən, ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, 0.12 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və mülkiyyətindədir. DİN BDYPİ tərəfindən verilən ##.##.2025-ci il tarixli, *-**-**/*-*****/**** saylı məktubdan Məhərrəmov Səfər Gülağa oğlunun adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən hər hansı nəqliyyat vasitəsinin olmadığı məlum olmuşdur. Həmçinin onu da bildirmişlər ki, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Məhərrəmov Səfər Gülağa oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Birinci instansiya məhkəməsində icraat Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Rüstəm Alıyev) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1 və cavabdeh2 8396.92 (səkkiz min üç yüz doxsan altı manat doxsan iki qəpik) manat məbləğində əsas borcu və 1957.82 manat (bir min doqquz yüz əlli yeddi manat səksən iki qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 10454.74 (on min dörd yüz əlli dörd manat yetmiş dörd qəpik) manat və 121 (bir yüz iyirmi bir) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun cavabdeh1 və cavabdeh2 alınaraq, dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: İddiaçı QSC ilə Məhərrəmov Səfər Gülağa oğlu, cavabdeh1 və X2 arasında bağlanmış ***L************ saylı, ##.##.2023-cü il tarixli Kredit xətti müqaviləsindən görünür ki, Məhərrəmov Səfər Gülağa oğluna 120 (yüz iyirimi) ay müddətinə 80000 (səksən min) manat məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Məhərrəmov Səfər Gülağa oğlu arasında bağlanmış ***R********** saylı, ##.##.2023-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürülmüşdür. İddiaçı QSC ilə cavabdeh1 arasında bağlanmış ***S************* saylı, ##.##.2023-cü il tarixli Qoşulma barədə Sazişlə uzun müddətli kredit və təminat müqaviləsi üzrə Məhərrəmov Səfər Gülağa oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh cavabdeh1 zamin qismində bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşdür. İddiaçı QSC tərəfindən iddia ərizəsinə əlavə olunmuş OUT-****/**/**-*** saylı, ##.##.2025-ci il tarixli Maliyyə Arayışından görünür ki, Məhərrəmov Səfər Gülağa oğlunun ***R********** saylı, ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə 8396.92 manat əsas borc, 1957.82 manat faiz, 592.81 manat cərimə borcu olmaqla, cəmi 10947.55 manat borcu vardır. İddiaçı QSC tərəfindən cavabdeh1 və cavabdeh2 ünvanlanmış ##.##.2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC ilə Məhərrəmov Səfər Gülağa oğlu arasında bağlanmış ***R********** saylı, ##.##.2023 cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Məlum olduğu kimi Məhərrəmov Səfər Gülağa oğlu vəfat etmişdir. O, Məhərrəmov Səfər Gülağa oğlunun həm vərəsəsi, həm də zamini olduğu üçün məsuliyyət daşıyır. ##.##.2026-ci il tarixinə gecikdirlmiş ödəniş məbləği 5452,81 AZN (əsas məbləğ 2 984,27 AZN, faiz ödənişi 1875,73 AZN, cərimə məbləği 592,81 AZN) təşkil edir. ##.##.2025 tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmağın və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləcək və onun banka borclu olduğu 10947,55 AZN məbləğin (8 396,92 AZN təşkil edən əsas məbləğ, 1957,82 AZN faiz məbləği və 592,81 AZN cərimə məbləği), həmçinin ##.##.2025 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəmə müraciət ediləcək. Bu halda o, təkcə banka borclu olduğunuz məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəkləri barədə xəbərdar olmuşlar. Əlavə olaraq, məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, kredit borclarını ödəməkdən qəsdən yayınmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Bakı Ərazi Dairə tərəfindən verilən ##.##.2025-ci il tarixli, 3-21-3-30/2-13701/2025253020713701 sayı cavab məktubundan məlum olur ki, Məhərrəmov Səfər Gülağa oğlunun adına ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Salyan rayonu Çuxanlı kəndində yerləşən, ##.##.2017-ci il tarixli, ********* qeydiyyat nömrəli, 0.12 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və mülkiyyətindədir. AR DİN BDYPİ tərəfindən verilən ##.##.2025-ci il tarixli, *-**-**/*-*****/**** saylı məktubdan görünür ki, Məhərrəmov Səfər Gülağa oğlunun adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən hər hansı nəqliyyat vasitəsinin olmadığı məlum olmuşdur. Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 365g, ##.##.2025-ci il tarixli məlumatdan görünür ki, Məhərrəmov Səfər Gülağa oğlu ilə bağlı Salyan Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində heç bir vərəsəlik işi rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Məhərrəmov Səfər Gülağa oğlu arasında bağlanmış ***R********** saylı, ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə borclunun ##.##.2025-ci il tarixə 8376.19 manat əsas, 2292.75 manat faiz borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hazırkı iddia tələbi və mülkin işin faktiki halları ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, Kredit müqaviləsi üzrə borclu Məhərrəmov Səfər Gülağa oğlunun üzərinə götürdüyü şəxsi xarakterli olmadığından iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin bildirilməlidir ki, vərəsəlik açıldıqdan sonra aktiv mirası əmlakı qəbul etməklə bərabər miras şərikləri tərəfindən miras qoyanın passiv miras əmlakı hesab olunan digər şəxslər qarşısında olan şəxsi xarakterli olmayan öhdəlikləri də qanunvericilikdə miras əmlakın tərkib hissəsi kimi nəzərdə tutulmuşdur. Həmçinin Mülki Məcəllənin tələbləri baxımından miras əmlakın hissəvi qəbuluna yol verilmədiyindən miras şərikləri tərəfindən aktiv miras əmlakı qəbul edildiyi təqdirdə, miras qoyanın digər şəxslər qarşısında şəxsi xarakterli olmayan passiv miras əmlak da qəbul edilmiş sayılır. Hazırkı mülki iş üzrə cavabdeh cavabdeh1 ilk öncə kredit müqaviləsinin icrasının təmini üsulu kimi zamin olaraq kreditor qarşısında öhdəlik götürmüşdür. Borclunun ölümü kreditorla zamin arasında bağlanmış müqaviləsinin xitam əsası kimi çıxış etmədiyindən cavabdeh cavabdeh1 zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməli olduğu halda icra etməmişdir. X3 Məhərrəmov Səfər Gülağa ğlunun miras əmlakın münasibətdə miras şərikləri sırasında çıxış edir. Həmçinin mülki iş üzrə digər cavabdeh cavabdeh2 da cavabdeh cavabdeh1 ilə birlikdə miras şərikidir. Qeyd olunan bu hal Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *-*-**-**/*-**/**** saylı, ##.##.2025-ci il tarixli Arayışla da təsdiq olunur. Mülki işin araşdırması zamanı cavabdehlər tərəfindən mərhum Məhərrəmov Səfər Gülağa oğlunun iddiaçıya kredit borcundan məlumatlı olduqlarını bildirmişlər və miras qoyan Məhərrəmov Səfər Gülağa oğlundan qalmış miras əmlaka faktiki sahiblik etdiklərini də bildirmişlər. Belə ki, AR MMin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin həmin normanın 3-cü bəndində qeyd olunur ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Burada mirası tamamilə qəbul etməsi miras qoyanın aktiv və passiv miras əmlakı nəzərdə tutulur. Hazırkı halda isə miras qoyan borclu vərəsələri olan cavabdehlər tərəfindən miras əmlak faktiki qəbul edildiyindən və həmin əmlakın hissəvi qəbuluna yolverilmədiyindən məhkəmə hesab etmişdir ki, vərəsələr miras qoyanın aktiv olan yuxarıda qeyd olunan aktiv əmlakını qəbul etməklə bərabər onun kreditor qarşısında olan öhdəliklərini də qəbul etmiş sayılmalıdır. Bu tələb AR MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan bu tələbdə 1257.1-ci maddəsinin tələb olmaqla, həmin normada qeyd olunur ki, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmçinin mülki qanunverciliyin tələblərindən çıxış edərək, qeyd etməyi zəruri hesab etmişdir ki, miras əmlakı qəbul edən hər bir vərəsə kreditor qarşısında qəbul etdikləri mirası əmlakın onlara düşən hissəsinə uyğun olaraq kreditor qarşısında öhdəlik daşıyır. Hazırkı mülki işlə müəyyən olunur ki, miras qoyan borclu Məhərrəmov Səfər Gülağa oğlunun vərəsələrinin hər birinin miras əmlak üzərində hər birinə miras şəriki kimi ½ hissə müəyyən olmaqla pay hüquqları vardır. Məhkəmə iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd etmişdir ki, iddiaçı borclulara bildiriş göndərərək cavabdehdən sözügedən müqavilə üzrə olan əsas borcunu və gecikmə günü üçün hesablanmış faiz borcunu qaytarmasını tələb etmiş, əks təqdirdə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Belə olan halda, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bu səbəblə məhkəmə iddiaçı tərəfindən cavabdehlərdən ##.##.2025-ci il tarixdədək hesablanmış və müvafiq xəbərdarlıqlarda qeyd olunan faiz borcunu əsaslı hesab etmişdir. Həmçinin məhkəmə faiz borcu ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyində kredit müqaviləsi üzrə faiz borcunun ##.##.2025-ci il tarixə 2292.75 manat təşkil etməsi qeyd olunmuşdur. Halbuki iddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbi ilə 1957.82 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Məhkəmə ilk öncə MPM-in 103.1-ci maddəsinin tələbinə əsasən qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Həmçinin faiz borcunun tutulmasına münasibətdə MPM-in 218.3-cü maddəsinin tələblərindən çıxış edərək, bildirir ki, məhkəmə yalnız şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də cavabdehlərdən ekspert rəyində müəyyən olunan faiz borcunun tutulmasını iddia tələbindən kənara çıxma kimi qiymətləndirir. Məhkəmə həmçinin iddiaçı tərəfindən cavabdehlərdən tutulmasını tələb etdiyi cərimə borcu ilə bağlı Mülki Məcəllənin 462 və 467-ci maddələrinin tələblərindən çıxış edərək qeyd etməyi zəruri hesab etmişdir ki, 592.81 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 100 manat məbləğində müəyyən edilməlidir Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.1, 25.2, 25.3, 25.4, 28.1, 28.2, 385.1, 445, 443.1, 445.2.1, 445.7, 448.1, 462.1, 465.2, 467, 470.1, 472.1, 472.2, 477.0, 739, 740.1, 742.1, 743.1, 743.2, 1103.1, 1134.1, 1134.2, 1151.1, 1193, 1243.2, 1243.3, 1255, 1257.1, 1257.2, 1288, 1306.1, 1309-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2014-cü il tarixli Plenum qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2020-ci tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1¸ 14.2, 77.1, 103.1, 107, 119.1, 115.0.1, 217.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(057) ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum atasından vərəsəlik qaydasında keçən yalnız bir əmlak olmuşdur ki, həmin əmlak AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Bakı Ərazi Dairə tərəfindən verilən ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**************** saylı cavab məktubundan məlum olur ki, Məhərrəmov Səfər Gülağa oğlunun adına ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Salyan rayonu Çuxanlı kəndində yerləşən, ##.##.2017-ci il tarixli, ********* qeydiyyat nömrəli, 0.12 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və mülkiyyətindədir. Həmin əmlakda paylar müəyyən edilərsə vəfat etmiş atasının payı 4də bir hissədə olacaqdır ki, bu da təxminən 0.3 ha torpaq sahəsi edir. Həmin torpaq sahəsinin bazar dəyəri isə heç 1000 manat belə etmir. Həmin torpaq sahəsi illər əvvəl başqasına satılmış və həmin şəxs tərəfindən çıxarış alınmışdır. Məhkəmə isə həmin torpaqda olan başqa şəxslərin payını olmasını nəzərə almamışdır və miras aktiv kimi hesablamışdır. O özü mirası heç qəbul etməmişdir. Məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməli və həmin torpaq sahəsi qiymətləndirilməli idi. Çünki atasından vərəsəlik qaydasında qalan tək əmlak birgə mülkiyyətdə olan həmin torpaq sahəsidir. O isə hazırda başqa şəxsin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcələnin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. O, ümumiyyətlə mirasdan imtina etməyi barədə məlumat olmamış və hüquqi savadsızlıqdan səhvə yol vermişdir. Torpaq sahəsi hazırda onun deyil başqa şəxsin mülkiyyətindədir. Məhkəmə tərəfindən Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilməsi nəzərə alınmamış və miras aktivə daxil olmayan əmlaklar hesabına iddia təmin edilmişdir. Belə ki, miras aktivinə məxsus olmadan borclu vəziyyətinə düşmüşdür. Məhkəmə tərəfindən torpaq sahəsinin dəyəri hesablanmamış və həmin torpağın dəyərinin miras passivindən çox olması sübut edilməmişdir. Məhkəmə tərəfindən vərəsələrin miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalı olmaları qeyd edilsə də miras aktivdən 15 dəfə artıq məbləğə məsuliyyət daşımaları nəticəsinə gəlmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edir. İddiaçıya isə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir (təmsil olunmamışdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.4-cü maddəyə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5-ci maddəyə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2020-ci il tarixli Qərar; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(057) ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mülki işin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İlk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının iddia tələbindən müəyyən edilir ki, İddiaçı QSC ilə mərhum Məhərrəmov Səfər Gülağa oğlu arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncuya kredit verilmiş, lakin kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə əsas borc, faiz və cərimə borcu yaranmışdır. Borclunun vəfat etməsindən sonra onun kredit öhdəliyi xitam tapmadığından, mirası faktiki qəbul etmiş vərəsələr və zamin qarşısında həmin öhdəliklərin icrası tələbi irəli sürülmüşdür. İddiaçı göstərmişdir ki, mərhumun adına daşınmaz əmlakın mövcudluğu, cavabdehlərin isə onunla birgə yaşamaları və miras əmlaka faktiki sahiblik etmələri onların mirası qəbul etmələrini təsdiq edir. Bu səbəbdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın tərkibi, vərəsələrin məsuliyyəti və zaminlik münasibətlərini tənzimləyən normalarına istinad edilərək, kredit müqaviləsi üzrə yaranmış əsas borcun, hesablanmış faizlərin, cərimənin və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayətindən müəyyən edilir ki, o, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, miras qoyandan qalan əmlakın dəyərinin kredit borcundan əhəmiyyətli dərəcədə az olduğunu, torpaq sahəsinin artıq başqa şəxsin mülkiyyətində olduğunu, miras aktivinin müəyyən edilmədiyini və bu səbəbdən vərəsə kimi məsuliyyətə cəlb edilməsinin qanunsuz olduğunu iddia etmişdir. Məhkəmə tərkibi işin mübahisəsiz halı kimi müəyyən edir ki, mərhum Məhərrəmov Səfər Gülağa oğlu ilə iddiaçı bank arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə kredit vəsaiti verilmiş, borclunun vəfat etdiyi tarixədək kredit öhdəliyi tam icra edilməmiş, onun adına daşınmaz əmlak dövlət qeydiyyatında olmuş, cavabdehlər isə miras qoyanın vərəsələri olmaqla miras əmlaka faktiki sahiblik etmişlər. Həmçinin mübahisəsizdir ki, mirasın notarius tərəfindən siyahıya alınması həyata keçirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı təşkilat Mülki Məcəllənin 1243.2, 1255, 1257.1, 1257.2, 1306.1, 1309-ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsələri tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Araşdırılan mübahisədən göründüyü kimi, cavabdehlər borclu Məhərrəmov Səfər Gülağa oğlunun qanun üzrə vərəsələri olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirasdan imtina etməmişlər, sonuncudan qalmış mirası faktiki qəbul etmişlər. Bu səbəbdən onlar miras qoyanın əmlak xarakterli hüquq və vəzifələrinin, o cümlədən kredit müqaviləsindən irəli gələn öhdəliklərin hüquqi varisləri hesab olunurlar. Beləliklə, qanunvericiliyin tələbinə görə borclu üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdeh qanun üzrə vərəsə kimi borclunun kredit öhdəliyinin icra edilməsi üçün mülki məsuliyyət daşıyır. Məhkəmə tərkibi nəzərə alır ki, cavabdehlər birinci instansiya məhkəməsində işə baxılarkən miras əmlakının mövcudluğunu və ya mirasın qəbul edilməsini mübahisələndirməmiş, yalnız iddia edilən kredit borcunun məbləği ilə razılaşmadığını bildirmişlər, bu səbəbdən də iş üzrə borcun məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Göründüyü kimi, cavabdehlərin müdafiə mövqeyi həmin mərhələdə borcun mövcudluğu deyil, yalnız onun məbləği ilə bağlı olmuşdur. Halbuki, apellyasiya icraatı mərhələsində cavabdeh tamamilə fərqli mövqe tutaraq miras əmlakının ümumiyyətlə mövcud olmadığını, yaxud miras aktivinin borcu ödəməyə kifayət etmədiyini iddia edir. Bu isə onun birinci instansiya məhkəməsində irəli sürdüyü izahatlarla ziddiyyət təşkil edir və müdafiə mövqeyinin sonradan dəyişdirildiyini göstərir. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə tərkibi qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar) Məhkəmə tərkibi qeyd edir ki, borcun mirasdan çox olmasını sübutetmə vəzifəsinin vərəsənin (cavabdehlərin) üzərinə düşməsi Mülki Məcəllənin 1307-ci maddəsinin tələbindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, digər halda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bu norma miras qoyanın kreditoru ilə vərəsə arasında sübutetmə yükünün xüsusi qaydasını müəyyən edir və həmin hal üzrə borcun miras aktivindən artıq olduğunu iddia edən tərəf kimi məhz vərəsənin bunu mötəbər sübutlarla təsdiq etməsini tələb edir. Hazırkı iş üzrə mirasın notarius tərəfindən siyahıya alınması müəyyən edilmədiyindən, Mülki Məcəllənin 1307-ci maddəsində nəzərdə tutulmuş ümumi qayda tətbiq edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh cavabdeh2 miras qoyan Məhərrəmov Səfər Gülağa oğlunun vərəsəsi kimi kredit müqaviləsi üzrə yaranan borcun qəbul etdiyi miras həddindən çox olması barədə hər hansı sübutu nə birinci instansiya nə də ki, apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin apellyasiya şikayətində miras aktivinin kredit borcundan az olması, miras əmlakının mövcud olmaması və ya onun dəyərinin müəyyən edilməməsi ilə bağlı irəli sürdüyü dəlillər yalnız mülahizə xarakteri daşıyır. Odur ki, apellyasiya şikayətinin dəliləri əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquqi əsaslar düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar