Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-661/2026 07.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli və Heydərov Tofiq X2 ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: ##.##.2026-cı il il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixli ****sBRDb/** saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1999.77 manat əsas, 232.90 manat faiz, 66.12 manat cərimə, 3 manat komisyon borcu olmaqla, cəmi 2301.79 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixli ****sBRDb/** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə İddiaçı ASC-yə 1999.77 manat əsas, 173.28 manat faiz, 33.49 manat cərimə borcu olmaqla, cəmi 2209.54 manat borcu yaranmışdır. Həmin pretenziya məktubundan görünür ki, cavabdehə müqavilə üzrə bütün borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1999.77 manat əsas borc, 232.90 manat faiz borcu, 66.12 manat cərimə borcu, 3 manat komisyon borcu olmaqla, cəmi 2301.79 manat məbləğdə borcun və 43.02 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ##.##.2024-cü il tarixli ərizəanketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 5.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə illik 20% olmaqla 2000 manat məbləğdə kredit xətti açılmışdır. Standart şərtlərə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış ümumi ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## ###### 2026, çərşənbə axşamı tarixinə İddiaçı ASCyə 1999.77 manat əsas borc, 232.90 manat faiz borcu, 66.12 manat cərimə borcu, 3 manat komisyon borcu olmaqla, cəmi 2301.79 borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Orxan Mahmud) iddianın qismən təmin edilməsi, Cavabdeh ##.##.2024-cü il tarixli ****sBRDb/** saylı kredit müqaviləsinə əsasən 1999.77 (bir min doqquz yüz doxsan doqquz manat, yetmiş yeddi qəpik) manat əsas, 173.28 (yüz yetmiş üç manat, iyirmi səkkiz qəpik) manat faiz, 66.12 (altmış altı manat, on iki qəpik) manat cərimə borcu, 3 (üç) manat komisyon borcu olmaqla, cəmi 2242.17 (iki min iki yüz qırx iki manat, on yeddi qəpik) manat borc və ödənilmiş 42.42 (qırx iki manat, qırx iki qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən 1999.77 manat əsas, 232.90 manat faiz, 66.12 manat cərimə, 3 manat komisyon borcu olmaqla, cəmi 2301.79 manat borcu, pretenziya məktubuna əsasən isə ##.##.2024-cü il tarixli ****sBRDb/** saylı kredit müqaviləsi üzrə 1999.77 manat əsas, 173.28 manat faiz, 33.49 manat cərimə borcu olmaqla, cəmi 2209.54 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə ##.##.2024-cü il tarixli ****sBRDb/** saylı kredit müqaviləsinə əsasən faiz borcu cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, ##.##.2024-cü il tarixli ****sBRDb/** saylı kredit müqaviləsi üzrə qeyd edilən 66.12 manat məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1-ci, 442-ci, 445-ci, 448.2-ci, 449.4cü, 462.1-ci, 465.1-ci, 467-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, cərimə və faiz məbləğlərinin tutulmasının rədd edilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş, işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə kredit müqaviləsinin bütün şərtlərini, faiz hesablamalarının düzgünlüyünü, cərimənin əsaslılığını, bankın təqdim etdiyi sənədlərin həqiqiliyini tam və obyektiv araşdırmamışdır. Faktiki olaraq etiraz vermək və ya sübut təqdim etmək imkanı məhdud olmuşdur. Məhkəmə faiz məbləğini yalnız bankın birtərəfli maliyyə arayışına əsasən müəyyən etmişdir. İş materiallarında ödəniş qrafiki, hesabdan çıxarış, faizlərin gündəlik və ya aylıq hesablanma qaydası, gecikmə müddətinin dəqiq hesablanması mövcud deyildir. Buna baxmayaraq məhkəmə faiz tələbinin əsaslı olub-olmadığını tam yoxlamadan iddianı qismən təmin etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad etsə də, cərimənin azaldılması məsələsini formal qiymətləndirmişdir. Maddi və sosial vəziyyəti, habelə borcun məbləği nəzərə alınmadan 66.12 manat cərimənin tutulması barədə nəticəyə gəlinmişdir. Məhkəmə cavabdehin maddi vəziyyətini, cərimənin tənasüblülüyünü, sosial ədalət prinsipini kifayət qədər araşdırmamışdır. Məhkəmə yalnız bankın təqdim etdiyi məlumata əsasən “SMS vasitəsilə kredit xətti açılması” faktını qəbul etmişdir. Lakin SMS təsdiqinin kim tərəfindən verilməsi, elektron təsdiqin texniki sübutları, cavabdehin iradəsinin dəqiq ifadəsi məhkəmə tərəfindən yoxlanılmamışdır. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 387.1-ci maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı cavabdehlərin əsas, faiz və cərimə borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-661/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-661/2026
07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver