Məhkəmə qərarları › İş №e-2(3-9)-662/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-662/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-662/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, İddiaçı “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatının cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İşin halları İddiaçı cavabdehlərə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh2 və cavabdeh1 əsas borc üzrə 618.00 AZN, 58.17 manat faiz borcu, 151.27 manat cərimə borcu olmaqla cəmi 827.44 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "FİNCA Azerbaijan” MMM QBKTnın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "FİNCA Azerbaijan" MMM QBKT ilə cavabdeh cavabdeh1 arasında ##.##.2024-cü il tarixli, ************** saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1000.0 (bir min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 98 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **************-******* saylı Zaminlik müqaviləsi ilə cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, ##.##.2026-cı il tarixinə olan Maliyyə arayışına əsasən cavabdeh1 borcu 827.44 AZN təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sabirabad Rayon Məhkəməsinin (hakim: Cavid Cəfərov) ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qətnaməsi ilə iddia rədd edilmiş və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Hazırkı iş üzrə iddiaçı cavabdehlərə qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə də işi icraata götürməklə qanunun tələbinə uyğun olaraq yalnız tərəflərin təqdim etdiyi sənədlər əsasında baxmışdır. Öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyan iddiaçı isə iddianı əsaslığını sübut edən müvafiq sənədləri təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehdən ##.##.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin icrasını tələb etsə də nə öhdəliyin yarandığını təsdiq edən müqavilə, nə də digər sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin borcu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, yəni iddianın əsaslılığı öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab etmişdir ki, iddia rədd olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1 və 442-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 284-1, 284-5.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Səbirabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı yalnız sübutların kifayət etməməsi əsası ilə rədd etmiş, lakin iş materiallarında mövcud olan sənədləri kompleks şəkildə təhlil etməmişdir. Belə ki, tərəflərindən ##.##.2026-cı il tarixdə Sabirabad Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edilmiş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə həmin iddia ərizəsi icraata qəbul edilərək sadələşdirilmiş icraat qaydasında baxılması müəyyən olunmuşdur. Bununla bağlı əsaslı sual yaranır: əgər məhkəmənin qətnaməsində qeyd olunduğu kimi, ##.##.2024-cü il tarixli müqavilə və ona əlavə edilmiş sənədlər guya məhkəmənin elektron sisteminə yüklənməmiş və ya natamam olmuşdursa, bu halda hakim tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi və müvafiq qərardadın çıxarılması hansı hüquqi əsaslara söykənmişdir? Məlum olduğu kimi, ##.##.2026-cı il tarixdən etibarən məhkəmələrin elektron informasiya sistemində aparılan təkmilləşdirmə işləri ilə əlaqədar texniki nasazlıqlar mövcuddur və bu problemlər hələ də tam aradan qaldırılmamışdır. Bununla əlaqədar olaraq, tərəfindən iddia ərizəsinə əlavə edilmiş bütün sənədlər, o cümlədən etibarnamə, qanunvericiliyin tələblərinə uyğun qaydada məhkəməyə təqdim olunmuşdur. Lakin hazırda həmin sənədlərin heç biri elektron sistemdə əks olunmur, yalnız hakim tərəfindən imzalanmış prosessual sənədlər sistemdə görünür. Qeyd edilən texniki problem təkcə konkret iş üzrə deyil, ümumilikdə respublika üzrə bir çox məhkəmələrdə və hüquqşünaslar arasında geniş yayılmışdır və praktiki çətinliklər yaratmaqdadır. Məsələn, “Finca Azerbaijan” MMQBKT tərəfindən digər məhkəmələrə təqdim olunmuş iddialar üzrə hakim köməkçiləri onlarla əlaqə saxlayaraq, sistemdə sənədlərin əks olunmadığını bildirmiş, sənədlərin təkrar təqdim edilməsini və iş üzrə dəyişikliklər barədə məlumat verilməsini xahiş etmişlər. Tərəflərindən isə bütün hallarda tələb olunan məlumat və sənədlər vaxtında təqdim edilmişdir. Lakin Sabirabad Rayon Məhkəməsində, hakim Cavid Cəfərovun icraatında olan bu iş üzrə nə hakim köməkçiləri, nə də məhkəmə tərəfindən onlarla hər hansı əlaqə saxlanılmamış, qeyd olunan texniki problemlər nəzərə alınmadan işə formal yanaşılmışdır. Bu isə işin ədalətli, hərtərəfli və obyektiv araşdırılması prinsipinin pozulmasına səbəb olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-6.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4-cü maddəsinə əsasən iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Səbirabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Mübahisələndirilən qətnamə ilə iddia rədd edilmiş, iddiaçı apellyasiya şikayəti verərək iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, o, tələbini tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə, həmin müqavilə üzrə borcalanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsinə və nəticədə yaranmış borcun mövcudluğuna əsaslandırmışdır. İddiaçı qeyd edir ki, cavabdehə müəyyən məbləğdə kredit verilmiş, kredit müqaviləsinə uyğun olaraq əsas borcun, faizlərin və cərimənin ödənilməsi öhdəliyi yaranmış, lakin cavabdeh bu öhdəliyi icra etməmişdir. Bununla yanaşı, öhdəliyin təminatı kimi bağlanmış zaminlik müqaviləsinə əsasən digər cavabdehin də məsuliyyət daşıdığı göstərilmişdir. Bu səbəbdən iddiaçı həm borcalandan, həm də zamindən birgə qaydada yaranmış borcun və məhkəmə xərclərinin tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsası kimi istinad edilən hallar məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq edilməmişdir. Belə ki, iddiaçı cavabdehdən müəyyən kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını tələb etsə də, həmin öhdəliyin yaranmasını təsdiq edən kredit müqaviləsi və ona əlavə edilmiş zəruri sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı isə apellyasiya şikayətində istinad edir ki, birinci instansiya məhkəməsi iddianı yalnız sübutların kifayət etməməsi əsası ilə rədd etsə də, iş materiallarında mövcud olan sənədləri hərtərəfli və obyektiv şəkildə araşdırmamış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddia ərizəsi ilə birlikdə kredit müqaviləsi, ödəniş cədvəli, zaminlik müqaviləsi və digər zəruri sənədlər qanunvericiliyin tələblərinə uyğun qaydada məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmələrin elektron informasiya sistemində yaranmış texniki nasazlıqlar səbəbindən həmin sənədlər sistemdə əks olunmamış və bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 82.1-ci maddəsinə əsasən, hamıya məlum olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemində aparılan yenilənmə və texniki tənzimləmələrlə bağlı yaranmış çətinliklər, habelə həmin dövrdə sistemin qeyri-sabit işləməsi ictimaiyyətə məlum olmuş, hüquq ictimaiyyəti və proses iştirakçıları tərəfindən geniş şəkildə müşahidə edilmiş hallardandır. Belə olan halda, iddiaçının göstərdiyi hallar sübuta ehtiyacı olmayan, hamıya bəlli faktlar kimi qiymətləndirilə bilər. Məhkəmə tərkibi hesab edir ki, elektron sistemdə yaranmış nasazlıqlarla əlaqədar sənədlərin iş materiallarına əlavə olunmaması üzrlü səbəbdən baş vermişdir. Bundan əlavə, iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi və iş üçün əhəmiyyət kəsb edən sənədlərdən görünür ki, iddiaçı öz tələblərini müdafiə etmiş, onları əsaslandırmağa çalışmış və əsassız iddia qaldırmamışdır. İş materiallarına əlavə edilmiş: İddiaçı MMQBKT ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, ************** saylı kredit müqaviləsinə əsasən, təşkilat – İddiaçı MMQBKT müştəriyə 12 ay müddətinə, illik 28.00% ödəmək şərtilə, 1000.00 manat məbləğində kredit təqdim edir (kredit kartı vasitəsilə nağdsız qaydada əldə edilmişdir), müştəri isə krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit öhdəliyinin təminatı olaraq İddiaçı MMQBKT ilə cavabdeh cavabdeh2 arasında ##.##.2024-cü il tarixli, **************-******* saylı zaminlik müqaviləsi bağlanmış və zamin, kredit alanın öhdəliklərini yerinə yetirmədiyi təqdirdə eyni həcmdə müştərək məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı MMQBKT tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən, cavabdeh cavabdeh1 ##.##.2024-cü il tarixli ************** saylı kredit müqaviləsi üzrə ##.##.2026cı il tarixinə 618.00 manat əsas borc, 58.17 manat faiz borcu və 151.27 manat cərimə olmaqla, cəmi 827.44 manat borcu vardır. ##.##.2026-cı il tarixli xəbərdarlıq məktublarından görünür ki, kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi, əks təqdirdə barələrində müvafiq hüquqi tədbirlərin görüləcəyi barədə iddiaçı tərəfindən həm cavabdeh borcluya, həm də zaminə rəsmi xəbərdarlıq edilmişdir. Məhkəmə tərkibi iş materiallarında olan sənədləri nəzərdə keçirib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər arasında kredit hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən cavabdehə 1000 manat məbləğində kredit verilmiş və cavabdeh həmin məbləği müqavilə ilə müəyyən olunmuş müddətdə faizləri ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Cavabdeh olan zaminə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərkibi qeyd edir ki, zamin borclu ilə birlikdə kreditor qarşısında eyni həcmdə məsuliyyət daşıyır. Bu məsuliyyətə əsas borc, hesablanmış faizlər, cərimə, habelə borcun tutulması ilə bağlı məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi nəticəsində yaranmış digər zərərlər daxildir. Odur ki, iddia zaminə münasibətdə də təmin edilməlidir. Dövlət rüsumuna münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iş üzrə təmin edilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilir. Hazırkı halda iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması məqsədəuyğun hesab edilir. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qətnаməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 394-1, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnаməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 618.00 (altı yüz on səkkiz) manat əsas borc, 58.17 (əlli səkkiz manat on yeddi qəpik) manat faiz borcu, 151.27 (yüz əlli bir manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 827.44 (səkkiz yüz iyirmi yeddi manat qırx dörd qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar