Məhkəmə qərarları › İş №e-2(3-9)-667/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-667/2026

30.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-667/2026 30.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Hidayətov İsmayıl Rafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Changan Qiyuan A07 Plug- IN H” markalı ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinə qədər *-MIC-****/** saylı icbari sığorta şəhadətnaməsi ilə İddiaçı ASC-də sığortalanmışdır. İddiaçı ASC-nin ##.##.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, “Changan Qiyuan A07 Plug-IN H” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə 4390 manat maddi ziyan dəymişdir. Nəsimi Rayon DYPŞ-nin TP******* №-li ##.##.2024-cü il tarixli qərarına əsasən Hidayətov İsmayıl Rafiq oğlu İnzibati Xətalar Məcəlləsinin 338.4.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. ##.##.2024-cü il tarixli ***XOH********** saylı ödəniş aktına görə 4390 manat sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkən X1 ödənilmişdir. İddiaçı ASC-nin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, cavabdehə ödənilmiş 4390 manat sığorta ödənişinin İddiaçı ASC-yə ödənilməsinin zəruriliyi barədə xəbərdarlıq edilmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı ASC Hidayətov İsmayıl Rafiq oğluna qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hidayətov İsmayıl Rafiq oğlundan 4390 manat məbləğdə pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 63,9 manat dövlət rüsumu və 0,64 qəpik xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixində ** VA *** dövlət qeydiyyat nişanlı “Changan Qiyuan A07 Plug-IN H” markalı avtonəqliyyat vasitəsi İddiaçı ASC tərəfindən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. ##.##.2024-cü il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə ** VA *** dövlət qeydiyyat nişanlı “Changan Qiyuan A07 Plug-IN H” markalı həmin avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən skuter idarə edən Hidayətov İsmayıl Rafiq oğlu İnzibati Xətalar Məcəlləsinin 338.4.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğdə cərimə olunmuşdur. ** VA *** dövlət qeydiyyat nişanlı “Changan Qiyuan A07 Plug-IN H” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı İddiaçı ASC-yə müraciət edilmişdir. Həmin avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş ##.##.2024-cü il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”-a əsasən 4390 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC-nin ##.##.2024-cü il tarixli “Sığorta aktı”na əsasən 4390 manat məbləğdə sığorta ödənişi faydalanan şəxsin təqdim etdiyi hesaba köçürülmüşdür. ##.##.2024-cü il tarixində 4390 manat məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva) iddia tələbi təmin edilərək, Hidayətov İsmayıl Rafiq oğlundan 4390 manat məbləğdə pulun, ödənilmiş 63,90 manat dövlət rüsumunun və 0,64 qəpik xidmət haqqının tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir. Belə ki, avtomobil nəqliyyatı vasitələrinin tam sığortası növü üzrə maddi zərər dəymiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, əmlaka (avtomobilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobili idarə edən Hidayətov İsmayıl Rafiq oğlunun yol hərəkəti qaydalarını pozması təsdiq edildiyindən o, vurduğu zərərə görə məsuliyyət daşımalıdır və subroqasiya hüququ məhz ona qarşı yaranmışdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21.1-ci, 21.2-ci, 386.1-ci, 936.1-ci, 936.6-cı, 936.2-ci, 1096.1-ci, 1097.1-ci, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Hidayətov İsmayıl Rafiq oğlu qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ######## 2024-cü il tarixində skuterlə aşağı sürətlə hərəkətdə olarkən ** VA *** dövlət qeydiyyat nişanlı “Changan Qiyuan A07 Plug-IN H” markalı avtomasına çırpılmışdır. “Changan Qiyuan A07 Plug-IN H” markalı həmin avtonəqliyyat vasitəsinin tək qapısı bir az zədələnmişdir. Həmin nəqliyyat vasitəsinə dəymiş zərər həddən artıq şişirdilmişdir. ##.##.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 4390 manat göstərilmişdir. Bu halın məhkəmə tərəfindən nəzərə almayıb. Məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini təmin etmişdir. Astara Rayon Məhkəməsi iş üzrə lazımi ekspertiza keçirilməsi barədə qərardad qəbul edərək avtomobilə dəymiş ziyanı müəyyən etməli idi. “Changan Qiyuan A07 Plug-IN H” markalı avtomaşına sürdüyü skuterlə 4390 manat ziyan vura bilməzdi. Bu barədə mülki işə heç bir mötəbət sübut əlavə edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. TƏLƏBİN QANUNİ ƏSASI: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. MM-in 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Hazırkı halda Hidayətov İsmayıl Rafiq oğlu birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin Hidayətov İsmayıl Rafiq oğlunun apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Hidayətov İsmayıl Rafiq oğlu tərəf öz şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar