Məhkəmə qərarları › İş №e-2(3-9)-736/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-736/2026

15.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-736/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi, Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddia icraatı qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 32850 manat sığorta ödənişinin və 188 manat 55 qəpik dövlət rüsumunun, cəmi 33038,55 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci il tarixində Cavabdeh məxsus iribuynuzlu heyvanların “İsuzu NPR 75” markalı ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoluna çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı ASC-də sığortalanmış “İsuzu NPR 75” markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı ASC tərəfindən 32850 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Biləsuvar Rayon Məhkəməsindən ünvanlarına ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı inzibati xəta haqqında qərar daxil olmuş və həmin qərara əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinməsinə baxmayaraq, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 32850 manat və ödənilmiş dövlət rüsumuna görə 188 manat 55 qəpik, cəmi 33038 (otuz üç min otuz səkkiz) manat 55 (əlli beş) qəpik məbləğ pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkətlərinə görə vurulmuş zəzər 32850 manat müəyyən edilmiş və İddiaçı ASC tərəfindən sığorta olunana (faydalanan şəxsə ) 32850 manat sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də, cavabdehdən vurulmuş zərərə görə subroqasiya tələbi üzrə 32850 manat pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci, 21.2-ci, 936.1, 936.2-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1108.1 və 1108.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta şirkəti tərəfindən sığortalanan X1 ##.##.2020-ci il tarixdə sığorta ödənişi edilmişdir. X1 ödənilmiş sığorta məbləğinin alınmasına dair ##.##.2023-cü il tarixə qədər məhkəmədə iddia qaldırılsaydı, həmin iddia qanuni və əsaslı hesab oluna bilərdi. Lakin mülki iş matelialının iş nömrəsindən də bəlli olur ki, iddia 2025-ci ildə qaldırılmaqla, həmin vaxtda 3 illik iddia müddətindən 2 il keçmişdi. İddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə məhkəməyə ərizə təqdim etsə də, məhkəmə əsassız olaraq həmin ərizəyə uyğun yekun qərar qəbul etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan: Biləsuvar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarından görünür ki, Cavabdeh İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinsə də, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. ##.##.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X1 32850 manat məbləğ sığorta ödənişi edilmişdir. ##.##.2020-ci il tarixli **-*****/**/CM-***/** saylı sığorta aktından görünür ki, baş vermiş hadisə nəticəsində “İSUZU NPR 75” (** ZS ***) nömrəli avtomaşına vurulmuş zərər 32850 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. MM-in 936-cı maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bununla yanaşı, apellyasiya şikayətinin iddia müddətinin ötürülməsinə dair dəlillərinə münasibətdə məhkəmə tərkibi hesab edir ki, iddia müddətinin tətbiqi barədə müraciət cavabdehə məxsus hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. İddia müddəti məhz həmin səbəbdən cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə əmlakı ilə məsuliyyət daşımaqdan azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan, iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir. Qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, ümumi iddia müddəti on il təşkil edir. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki hüquq pozuntusu üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə on illik iddia müddəti tətbiq olunur. Qeyd edilməlidir ki, subroqasiya hüququ sığorta ödənişini almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu tələb hüququnun qanuna əsasən sığortaçıya keçməsindən irəli gəlir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar