Məhkəmə qərarları › İş №e-2(3-9)-744/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-744/2026

16.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-744/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh İsmayılov Şəhriyar Asif oğlunun, onun nümayəndəsi və vəkili vəkil1, Cavabdehlər İsmayılov Nicat Nicat oğlu və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızının nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İsmayılov Şəhriyar Asif oğluna, İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızına qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdehlər İsmayılov Şəhriyar Asif oğlu və İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, cavabdehlər İsmayılov Şəhriyar Asif oğlundan, İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızından müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Məmmədova Şəfaqət Hüseyn qızı arasında bağlanmış ##.##.2024-cü il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Məmmədova Şəfaqət Hüseyn qızı aylıq faiz dərəcəsi 1,3333 % olmaqla, 35 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan * saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16.000 (on altı min) manat məbləğində kredit götürmüşdür. O, ##.##.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamış, götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 16.000 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytanlmasınadək hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 271 gün üçün hesablanmış faiz borcu 1.971,80 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 271 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 403,20 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən, bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsindən alınmış arayışdan cavabdeh Məmmədova Şəfaqət Hüseyn qızının vəfat etdiyi məlum olmuşdur. Bununla bağlı Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2024-cü il tarixli, X-**** saylı cavab məktubu ilə ##.##.2024cü il tarixdə 2V-116 və ##.##.2024-cü il tarixdə 2V-118 reyestr nömrə ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi məlum olmuşdur. Nəticədə İsmayılov Şəhriyar Asif oğlu, İsmayılov Nicat Nicat oğlu - qanuni nümayəndə İsmayılova Günay Zöhrab qızı olmaqla və İsmayılova Nuray Nicat qızı - qanuni nümayəndə İsmayılova Günay Zöhrab qızı olmaqla miras əmlaklarını qəbul etdiklərindən onlar Məmmədova Şəfaqət Hüseyn qızının vərəsələri hesab edilir. Ona görə də, cavabdehlər İsmayılov Şəhriyar Asif oğlundan, İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızından müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Xocavənd Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim İlqar Əliyev) iddia təmin edilmiş, cavabdehlər İsmayılov Şəhriyar Asif oğlundan, İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızından müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcunun və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: ##.##.2024-cü il tarixli, ***A********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Məmmədova Şəfaqət Hüseyn qızı arasında bağlanmış ##.##.2024-cü il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Məmmədova Şəfaqət Hüseyn qızına aylıq faiz dərəcəsi 1,3333 % olmaqla, 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan * saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16.000 (on altı min) manat məbləğində kredit verilmişdir. ##.##.2024-cü il tarixli, ***A********** saylı kredit razılaşmasına əlavə olan ödəniş cədvəlindən görünür ki, Məmmədova Şəfaqət Hüseyn qızı ## ### 2024-cü il tarixdən başlayaraq, 35 ay müddətində, hər ay 579 manat olmaqla, sonuncu ay 559,58 manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödəniş etməlidir. ##.##.2025-ci il tarixli, OUT-****/**/**-** saylı maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Məmmədova Şəfaqət Hüseyn qızının ***A********** saylı, ##.##.2024-cü il tarixli kredit razılaşması üzrə 16.000 manat əsas, 1.971,80 manat faiz və 403,20 manat cərimə borcu olmaqla, cəmi 18.375 manat məbləğində borcu yaranmışdır. ##.##.2025-ci il tarixli, ******** saylı qəbzdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İsmayılov Şəhriyar Asif oğluna, İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızına qarşı məhkəmədə iddia qaldırılması üçün 145,12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “DİN-in BPQMİ-nin MAPS Şöbəsinin ##.##.2024-cü il tarixli arayışından görünür ki, ##.##.1960cı ildə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuş Məmmədova Şəfaqət Hüseyn qızı ##.##.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ## ###### 2024-cü il tarixli, *- ******/**** saylı məktubundan görünür ki, ##.##.1960-cı il təvəllüdlü Məmmədova Şəfaqət Hüseyn qızının adına qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ## ###### 2024cü il tarixli, *-**-*-***-*****/**** saylı məktubundan görünür ki, Məmmədova Şəfaqət Hüseyn qızının adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı Notariat Ofisinin ## ###### 2024-cü il tarixli, X-**** saylı məktubundan görünür ki, Məmmədova Şəfaqət Hüseyn qızının ölümü ilə əlaqədar Bakı şəhəri ** saylı notariat ofisində vərəsəlik işi açılmış və Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olan nəvəsi İsmayılova Nuray Nicat qızı, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olan nəvəsi İsmayılov X6 rayonu, Xocavənd kəndində qeydiyyatda olan oğlu İsmayılov Şəhriyar Asif oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə müəyyən etmişdir ki, ## #### 2024-cü il tarixli kredit razılaşmasına əsasən bank tərəfindən Məmmədova Şəfaqət Hüseyn qızına 35 ay müddətinə, aylıq 1,3333 faiz dərəcəsi ilə 16.000 manat məbləğində kredit verilmiş, borcalan isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, kreditin əsas məbləğini və hesablanmış faizləri ödəməmişdir. İş materiallarında olan maliyyə arayışı ilə ## ###### 2025-ci il tarixinə borcun 16.000 manat əsas borc, 1.971,80 manat faiz borcu və 403,20 manat cərimə olmaqla ümumilikdə 18.375 manat təşkil etdiyi təsdiq edilmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, borcalan Məmmədova Şəfaqət Hüseyn qızı kredit öhdəliyi davam etdiyi müddətdə vəfat etmiş, onun ölümündən sonra Bakı şəhəri ** saylı Notariat Ofisində vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında oğlu İsmayılov Şəhriyar Asif oğlu, nəvələri İsmayılov Nicat Nicat oğlu və İsmayılova Nuray Nicat qızı mirası qəbul etmişlər. Buna görə də məhkəmə onların miras qoyanın hüquq və vəzifələrinin, o cümlədən kredit öhdəliyinin hüquqi varisləri olduğunu qəbul etmişdir. Məhkəmə hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 743.1 və 746.1-ci maddələrinə istinad edərək göstərmişdir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilmədikdə kreditor borcun, faizlərin və müqavilədə nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditorları qarşısında onlara çatan miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyırlar. Məcəllənin 1307-ci maddəsinə görə isə yalnız miras notarius tərəfindən siyahıya alındıqda istisna mövcuddur, digər hallarda miras qoyanın borclarının mirasdan artıq olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə düşür. Hazırkı işdə mirasın notarius tərəfindən siyahıya alınması müəyyən edilməmiş, cavabdehlər isə miras əmlakının borcu ödəməyə kifayət etmədiyini və ya borcun mirasın dəyərindən artıq olduğunu təsdiq edən heç bir sübut təqdim etməmişlər. Məhkəmə bu mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına da əsaslandırmışdır. Həmin qərarda göstərilmişdir ki, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən etibarən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar və kreditorun tələbi məhz həmin vərəsələrə qarşı yönəldilə bilər. Nəticə etibarilə, məhkəmə hesab etmişdir ki, kredit müqaviləsinin şərtləri borcalan tərəfindən pozulmuş, həmin öhdəliklər mirası qəbul etmiş vərəsələrə keçmiş və cavabdehlər qanunla nəzərdə tutulmuş əks sübutları təqdim etmədiklərindən iddia tam həcmdə təmin edilməlidir. Birinci instansiya bu nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsi, Mülki Məcəllənin 385.1, 442, 743.1, 746.1, 1306.1, 1307-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 0# #### 2018-ci il tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 119.1, 217.3, 218.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh İsmayılov Şəhriyar Asif oğlu apellyasiya şikayəti verərək Xocavənd Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddia ərizəsinin qismən təmin edilməsi, yəni qəbul edilmiş miras həcmində təmin edilməsi yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızı apellyasiya şikayəti verərək Xocavənd Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinin qismən–İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızından müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində ləğv edilməsinə, iddia tələbinin qismən təmin edilərək - İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızından 1.755,3 manat pulun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İsmayılov Şəhriyar Asif oğlunun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı İddiaçı QSC-nin tələblərini təmin edərkən vərəsələrin miras qoyanın borclarına görə məsuliyyətinin hüquqi həddini düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış və təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorları qarşısında yalnız onlara çatan miras payına mütənasib olaraq və həmin pay həcmində məsuliyyət daşıyırlar. Yəni vərəsələrin məsuliyyəti onların şəxsi əmlakı hesabına deyil, qəbul etdikləri mirasın dəyəri ilə məhdudlaşır. Hazırkı iş üzrə isə məhkəmə qətnaməsində də göstərildiyi kimi, Məmmədova Şəfaqət Hüseyn qızının ölümündən sonra vərəsələrə keçən miras əmlakının dəyəri ümumilikdə 3.510,60 manat məbləğində pul vəsaitindən ibarət olmuşdur. Bundan əlavə, iş materiallarında mərhumun adına qeydiyyata alınmış hər hansı daşınmaz əmlakın və ya nəqliyyat vasitəsinin olmadığı barədə rəsmi məlumatlar mövcuddur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi vərəsələri 16.000 manat əsas borc, 1.971,80 manat faiz borcu, 403,20 manat cərimə və dövlət rüsumu ilə birlikdə tam məbləğdə məsuliyyətə cəlb etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı halda vərəsələr miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidirlər. Lakin məhkəmə bu normanı tətbiq edərkən işin konkret hallarını nəzərə almamışdır. Belə ki, vərəsələrin mirasın siyahıya alınması hüququ barədə lazımi qaydada məlumatlandırılıb-məlumatlandırılmadığı, notarius tərəfindən bu hüququn izah edilib-edilmədiyi araşdırılmamışdır. X5 Hüseyn qızı qaçqınlara verilmiş yaşayış yerində yaşamış, onun adına hər hansı daşınar və daşınmaz əmlak qeydiyyatda olmamışdır. Bu səbəbdən vərəsələr tərəfindən mirasın siyahıya alınması prosedurunun həyata keçirilməməsi miras əmlakının gizlədilməsi və ya borcun ödənilməsindən yayınmaq məqsədi daşımamışdır. Əksinə, iş materialları ilə mərhumun əmlak vəziyyətinin məhdud olduğu təsdiq edilir. Cavabdeh İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsəlik haqqında şəhadətnamələrlə miras əmlakın dairəsi artıq məhkəməyə məlum olmuşdur. Göründüyü kimi, bank tərəfindən tələb edilən məbləğ 16.000 manat əsas borc, 1.971,80 manat faiz borcu, 403,20 manat cərimə borcundan ibarətdir. Cavabdeh İsmayılova Günay Zöhrab qızının qəbul etdiyi miras əmlak isə 3.510,60 manat məbləğində pul vəsaitinin hər vərəsəyə görə 1/4 hissəsi, yəni ümumilikdə, 1.755,3 manat olmuşdur. MM-nin 1306-cı maddəsinin 5-ci bəndindən göründüyü kimi, “vərəsə yalnız miras əmlak çərçivəsində miras qoyanın borclarına cavabdeh olur.” Hazırkı vəziyyətdə vərəsənin miras əmlak kimi qəbul etdiyi pul vəsaiti həddindən artıq olan borcları ödəmək vəzifəsi onun üzərinə qoyula bilməz. Bu halda vərəsənin öhdəliyi qanunla mövcud olmayan bir məsuliyyətə çevrilmiş olur ki, bu da hüquqi müəyyənlik və qanunilik prinsiplərinə ziddir. Məhkəmə qətnaməsində həmin maddəyə istinad etsə də, istinad sadəcə görüntü xarakteri daşımış, işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Həmçinin, cavabdehlərdən tutulan pul vəsaiti qəbul edilmiş miras əmlakın həcminə mütənasib şəkildə müəyyənləşdirilməli idi. Belə ki, İsmayılova Günay Zöhrab qızı miras əmlak kimi qəbul etdiyi 3.510,60 manat məbləğində pul vəsaitinin hər vərəsəyə görə 1/4 hissəsinin – ümumilikdə 1.755,3 manatın tutularaq iddiaçıya ödənilməsinə etiraz etmir. Lakin, məhkəmə İsmayılova Günay Zöhrab qızı miras əmlakın hər vərəsəyə görə 1/4 hissəsini qəbul etdiyi halda, borcun cavabdeh İsmayılov Şəhriyar Asif oğlundan, İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızından müştərək qaydada tutulması qənaətinə gəlmişdir ki, bu da cavabdeh İsmayılova Günay Zöhrab qızının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə MM-nin 1306-cı maddəsinə istinad etməklə əsassız olaraq, borcun mirasdan çox olmasının sübut edilməsi yükünü cavabdehin üzərinə qoymuşdur. Bununla belə iş materiallarından da X5 Hüseyn qızının borcunun miras əmlakdan çox olduğu öz təsdiqini tapmışdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, həmçinin Mülki Məcəllənin 1306.5-ci maddəsinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırkı halda miras notarius tərəfindən siyahıya alınmadığından borcun miras əmlakdan çox olmasını vərəsə, yəni cavabdeh sübut etməlidir, lakin cavabdeh bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu məsələ ilə bağlı artıq vahid məhkəmə təcrübəsi formalaşmışdır. Göründüyü kimi qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Hazırki iş üzrə miras əmlakından imtina edilməsinə dair vərəsələr tərəfindən notariat ofisinə müraciət edilməmişdir. Hazırki işdə miras əmlakdan rəsmi qaydada imtina edilməmiş, bununla bağlı notarius tərəfindən müvafiq siyahı tərtib olunmamışdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bundan başqa cavabdehlər tərəfindən mirasın dairəsinə aid sənədlər yəni banks hesabından çıxarışlar və s əlavə olunmamışdır. Bundan başqa onu da qeyd etmək istəyir ki cavabdeh krediti götürdüyü vaxtdan cəmi 1 ay sonra vəfat etmişdir və həmin pulunda ailə təsərrüfatına vərəsələrin xeyrinə xərcləməsi istisna olunmur. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin rədd edilməsini və qətnamənin qüvvədə saxlanmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh İsmayılov Şəhriyar Asif oğlu apellyasiya şikayətinin dəlilləri məmununda izahat verərək qətnamənin qismən ləğv edilməklə iddianın qəbul edilmiş miras həcmində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlilləri məmununda izahat verərək qətnamənin qismən ləğv edilməklə iddianın qəbul edilmiş miras həcmində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir Məhkəmə iclasında iştirak edən cavabdehlər İsmayılov Nicat Nicat oğlu və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin qismən ləğv edilməklə İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızından 1.755,3 manat pulun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə göndərilmiş etirazın məzmununda izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra - istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.4-cü maddəyə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5-ci maddəyə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 0# #### 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, cavabdeh İsmayılov Şəhriyar Asif oğlu apellyasiya şikayəti verərək Xocavənd Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın qəbul edilmiş miras həcmində təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər İsmayılov Nicat Nicat oğlu və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızı isə apellyasiya şikayəti verərək Xocavənd Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin onlardan müştərək qaydada 16.000 manat əsas borc, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və 145,12 manat dövlət rüsumunun tutulmasına dair hissəsinin ləğv edilməsini, iddianın qismən təmin edilərək onlardan yalnız 1.755,30 manat məbləğində pulun İddiaçı QSC-nin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Xocavənd Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətlərində cavabdehlər tərəfindən irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermiş və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İlk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının iddia tələbindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcalan Məmmədova Şəfaqət Hüseyn qızı kredit öhdəliklərini yerinə yetirməmiş, sonradan vəfat etdiyindən mirası qəbul etmiş vərəsələrə qarşı 16.000 manat əsas borc, 1.971,80 manat faiz borcu, 403,20 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması barədə iddia irəli sürülmüşdür. Cavabdehlərin apellyasiya şikayətlərindən müəyyən edilir ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsini yalnız məsuliyyətlərinin həcmi hissəsində mübahisələndirmiş, qəbul etdikləri miras əmlakının dəyərinin kredit borcundan xeyli az olduğunu, buna görə də Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən yalnız qəbul edilmiş miras əmlakı həddində məsuliyyət daşıdıqlarını bildirərək qətnamənin həmin hissədə ləğv edilməsini və iddianın qəbul edilmiş mirasın dəyəri həddində təmin olunmasını xahiş etmişlər. Məhkəmə tərkibi işin mübahisəsiz halı kimi müəyyən edir ki, İddiaçı QSC ilə Məmmədova Şəfaqət Hüseyn qızı arasında ##.##.2024-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında sonuncuya 16.000 manat məbləğində kredit verilmiş, borcalan kredit öhdəliklərini icra etmədən ##.##.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, mərhumun oğlu İsmayılov Şəhriyar Asif oğlu, nəvələri İsmayılov Nicat Nicat oğlu və İsmayılova Nuray Nicat qızı mirası qəbul etmiş və miras qoyanın qanuni vərəsələri hesab olunmuşlar. Məhkəmə tərkibi qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı təşkilat Mülki Məcəllənin 1243.2, 1255, 1257.1, 1257.2, 1306.1, 1309-ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsələri tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Araşdırılan mübahisədən göründüyü kimi, cavabdehlər miras qoyanın qanun üzrə vərəsələri olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirasdan imtina etməmiş, notariat orqanı tərəfindən onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və bununla da mərhumdan qalmış mirası faktiki və hüquqi cəhətdən qəbul etmişlər. Bu səbəbdən onlar miras qoyanın əmlak xarakterli hüquq və vəzifələrinin, o cümlədən kredit müqaviləsindən irəli gələn öhdəliklərin hüquqi varisləri hesab olunurlar. Beləliklə, qanunvericiliyin tələbinə görə borclu üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehlər qanun üzrə vərəsə kimi borclunun kredit öhdəliyinin icra edilməsi üçün mülki məsuliyyət daşıyır. Hazırkı iş üzrə hər iki apellyatorun əsas dəlili ondan ibarətdir ki, miras qoyanın kredit borcu qəbul edilmiş miras əmlakının dəyərindən artıqdır və buna görə də onların məsuliyyəti yalnız qəbul etdikləri miras əmlakının dəyəri həddində müəyyən edilməlidir. Məhkəmə həmin dəlillərə münasibətdə mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə istinad etməklə qeyd edir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, borcun mirasdan çox olmasını sübutetmə vəzifəsinin vərəsənin (cavabdehlərin) üzərinə düşməsi Mülki Məcəllənin 1307-ci maddəsinin tələbindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, digər halda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bu norma miras qoyanın kreditoru ilə vərəsə arasında sübutetmə yükünün xüsusi qaydasını müəyyən edir və həmin hal üzrə borcun miras aktivindən artıq olduğunu iddia edən tərəf kimi məhz vərəsənin bunu mötəbər sübutlarla təsdiq etməsini tələb edir. Hazırkı iş üzrə mirasın notarius tərəfindən siyahıya alınması müəyyən edilmədiyindən, Mülki Məcəllənin 1307-ci maddəsində nəzərdə tutulmuş ümumi qayda tətbiq edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehlər miras qoyan Məmmədova Şəfaqət Hüseyn qızı nın vərəsəsi kimi kredit müqaviləsi üzrə yaranan borcun qəbul etdiyi miras həddindən çox olması barədə hər hansı sübutu nə birinci instansiya nə də ki, apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehlərin apellyasiya şikayətində miras aktivinin kredit borcundan az olması, miras əmlakının mövcud olmaması ilə bağlı irəli sürdüyü dəlillər yalnız mülahizə xarakteri daşıyır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin notarius tərəfindən vərəsələrə mirasın siyahıya alınması hüququnun izah edilməməsi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, qanunvericilikdə notarius tərəfindən mirasın siyahıya alınması hüququnun izah edilməməsi vərəsənin məsuliyyətini istisna edən və ya məhdudlaşdıran hal kimi nəzərdə tutulmamışdır. Bundan əlavə, vərəsə öz hüquq və vəzifələrinin həyata keçirilməsində lazımi diqqət göstərməli, hüquqlarının müdafiəsi üçün zəruri tədbirlər görməlidir. Cavabdehlər mirası qəbul edərkən mirasın tərkibi və bunun doğurduğu hüquqi nəticələrlə maraqlanmaq imkanına malik olmuşlar. Hüquq normalarını bilməmək və ya onlardan xəbərsiz olmaq şəxsi qanunla müəyyən edilmiş öhdəliklərdən azad etmir (ignorantia legis non excusat). Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquqi əsaslar düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Xocavənd Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdehlər İsmayılov Şəhriyar Asif oğlu və İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Xocavənd Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar