Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-754/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İsmayılov Nadir Mahmud oğlu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı İsmayılov Nadir Mahmud oğlu cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında rəyin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən ** nömrəli mənzilin 1/4 hissəsinin qiymətləndirilməsinə dair ##.##.2026-cı il tarixli, ****/** saylı mütəxəssis rəyinin və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin qiymətləndirilməsinə dair ##.##.2026-cı il tarixli, ****/** saylı mütəxəssis rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Rüstəm Alıyev) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbulundan imtina olunmuş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan iddiaçı İsmayılov Nadir Mahmud oğlu şikayət verərək Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının tam ləğv edilərək, iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü tələbin mahiyyətini araşdırmadan, mübahisənin faktiki və hüquqi əsaslarını qiymətləndirmədən, yalnız formal prosessual yanaşma tətbiq etməklə iddianın mahiyyəti üzrə baxılmasından imtina etmişdir. Bu isə iddiaçının məhkəməyə müraciət etmək hüququnun faktiki olaraq məhdudlaşdırılması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən mübahisələndirilən qiymətləndirmə rəylərinin daşınmaz əmlakın real bazar dəyərindən dəfələrlə aşağı məbləğdə müəyyən edilməsinə səbəb olmasını, bununla da iddiaçının əmlak hüquqlarına ciddi müdaxilə yaranmasını, iddiaçının da məhz bu hüquq pozuntusunun aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etməsini nəzərə almamışdır. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin normalarına istinad etməklə formal əsaslarla hazırkı müraciətə baxmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının müraciətini formal şəkildə “yolverilməz müdafiə üsulu” kimi qiymətləndirmiş və işin mahiyyətinə ümumiyyətlə daxil olmamışdır. Belə yanaşma məhkəmə müdafiəsi hüququnun mahiyyətini aradan qaldırır. Çünki məhkəmənin əsas vəzifəsi şəxsin hüquq pozuntusunun olub-olmamasını araşdırmaq, zəruri hallarda hüquqi münasibətə düzgün hüquqi tövsif vermək və pozulmuş hüququ müdafiə etməkdən ibarətdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardadın qüvvədə saxlanılması və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.3. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3-ci maddəsinə əsasən, Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə tərkibi hesab edir ki, hazırkı iş üzrə iddiaçının irəli sürdüyü tələb mahiyyət etibarilə qanunvericilikdə nəzərdə tutulmuş müstəqil müdafiə üsulu hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdeh Cavabdeh MMC tərəfindən tərtib edilmiş Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən ** nömrəli mənzilin 1/4 hissəsinin və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin bazar dəyərinin müəyyən edilməsinə dair qiymətləndirmə rəylərinin etibarsız hesab edilməsini tələb etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, qiymətləndirmə fəaliyyəti nəticəsində hazırlanmış mütəxəssis rəyi hüquqi təbiətinə görə mülki hüquq münasibətlərini yaradan, dəyişdirən və ya onlara xitam verən hüquqi akt olmamışdır. Həmin rəy qiymətləndiricinin xüsusi biliyinə əsaslanan peşəkar mülahizəsini əks etdirən sənəd olmaqla, yalnız müəyyən hüquqi münasibətlər çərçivəsində istifadə edilən və aidiyyəti orqan tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilən sübut xarakterli sənəddir. Bu səbəbdən qiymətləndirmə rəyi öz-özlüyündə şəxsin hüquq və vəzifələrini müəyyən etmir, onun üçün müstəqil hüquqi nəticələr yaratmır və birbaşa icra edilməli olan fərdi hüquqi akt hesab olunmur. Məhz buna görə də qiymətləndirmə rəyinin mövcudluğu özü-özlüyündə iddiaçının mülki hüquqlarının pozulması faktını yaratmamışdır. Hüquqi nəticələr qiymətləndirmə rəyinin əsas götürülməsi ilə qəbul edilmiş sonrakı prosessual və ya maddi hüquqi qərarlar nəticəsində yaranır. Belə olan halda məhkəmə müdafiəsinin predmeti qiymətləndirmə rəyi deyil, həmin rəyə əsaslanmaqla qəbul edilmiş qərar, həyata keçirilmiş icra hərəkəti və ya yaranmış hüquqi nəticələr ola bilər. İş materiallarından görünür ki, mübahisələndirilən qiymətləndirmə rəyləri icra icraatı çərçivəsində hazırlanmışdır. Deməli, həmin rəylər müstəqil hüquqi münasibətin deyil, icra icraatının tərkib hissəsi olmaqla icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə tərtib edilmiş sənədlərdir. Bu baxımdan onların hüquqi qiymətləndirilməsi də icra icraatını tənzimləyən xüsusi prosessual normalar çərçivəsində aparılmalıdır. Məhkəmə tərkibi nəzərə alır ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununda icra məmurunun qəbul etdiyi qərarlardan və həyata keçirdiyi icra hərəkətlərindən, o cümlədən əmlakın qiymətləndirilməsi və hərraca çıxarılması ilə bağlı hərəkətlərdən şikayət verilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Qanunverici icra icraatından irəli gələn mübahisələrin həlli üçün ayrıca prosessual mexanizm müəyyən etdiyindən, həmin münasibətlər üzrə ümumi iddia icraatı qaydasında qanunda nəzərdə tutulmayan müdafiə üsulunun seçilməsi yolverilən hesab edilə bilməz. Bu hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının vahid məhkəmə təcrübəsini formalaşdıran ## ###### 2021-ci il tarixli **/**** nömrəli qərardadında ifadə edilmiş hüquqi mövqe ilə də uzlaşır. Həmin hüquqi mövqeyə əsasən, icra icraatı zamanı borclunun ipoteka predmeti olmayan əmlakının ilkin (başlanğıc) satış qiyməti hərrac keçirilməmişdən əvvəl həmin qiymət əsasında hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayətə baxılması qaydasında mübahisələndirilir. Yalnız hərrac keçirildikdən sonra qiymətləndirmənin nəticələri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilə bilər. Göründüyü kimi, Ali Məhkəmə qiymətləndirmə rəyinin mübahisələndirilməsi imkanını onun hansı mərhələdə və hansı hüquqi nəticə doğurması ilə əlaqələndirmiş, icra icraatı davam etdiyi müddətdə qiymətləndirmə ilə bağlı narazılığın müstəqil iddia predmeti kimi deyil, icra məmurunun hərəkətlərindən verilən şikayət çərçivəsində araşdırılmalı olduğunu vurğulamışdır. Bu hüquqi mövqe icra icraatının operativliyinin, ardıcıllığının və hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə xidmət edir. Hazırkı işdə isə iddiaçı qiymətləndirmə rəylərinin etibarsız hesab edilməsini tələb etsə də, həmin rəylərə əsasən qəbul edilmiş icra məmurunun konkret qərarını və ya icra hərəkətini mübahisələndirməmiş, eləcə də mübahisənin qanunvericilikdə nəzərdə tutulmuş xüsusi prosessual qaydada həll edilməsinə yönəlmiş tələb irəli sürməmişdir. Belə olan halda iddiaçının seçdiyi müdafiə üsulu qanunvericiliyin tələblərinə uyğun olmadığından, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbulundan imtina etməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, şikayətçinin məhkəməyə müraciət etmək hüququnun pozulması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Çünki məhkəməyə müraciət etmək hüququ qanunla müəyyən edilmiş prosessual qaydalara riayət olunmaqla həyata keçirilməlidir. Şəxsin seçdiyi müdafiə üsulu qanunvericilikdə nəzərdə tutulmadıqda və ya mübahisənin həlli üçün xüsusi prosessual mexanizm müəyyən edildikdə, məhkəmənin belə iddia ərizəsini icraata qəbul etmək öhdəliyi yaranmır. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmamış, yalnız qanunvericiliklə müəyyən edilmiş müdafiə üsullarına riayət olunmasını təmin etmişdir. İddiaçı hüquqlarının pozulduğunu hesab etdiyi halda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra məmurunun hərəkətlərindən şikayət vermək və ya qanunda nəzərdə tutulan digər müdafiə vasitələrindən istifadə etmək imkanına malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5- 152)-855/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: İddiaçı İsmayılov Nadir Mahmud oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-152)-855/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-754/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-754/2026
02.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver