Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-786/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi, Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında şifahi bağlanmış ##.##.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən borcluya cəmi 1250 manat dəyərində məhsulu 6 ay müddətinə satılmışdır. Borclu aldığı malın dəyərindən qismən ödəniş etsə də, borclu qaldığı 370 manatı bu günədək ödəməmişdir. Borcun könüllü olaraq qaytarılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, o, borcunu indiyədək ödəməmiş və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələbin əsaslandığı hallara dair sübutların təqdim edilməməsi iddianın əsassızlığı nəticəsinə gəlmək üçün əsasdır. İddiaçı tərəfindən üzərinə düşən sübutetmə vəzifəsi icra edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci, 386.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən əsas olaraq iddiaçı tərəfindən sübutetmə vəzifəsinin icra edilmədiyini göstərmişdir. Lakin məhkəmə işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış nisyə alqı-satqı münasibətinə düzgün hüquqi qiymət verməmişdir. Qətnamədə də göstərildiyi kimi, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və iddia tələbinə dair əsaslı etiraz və ya borcun ödənildiyini təsdiq edən sübut təqdim etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsi və borcun ödənilməsi barədə hər hansı sübut təqdim etməməsi məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Halbuki, cavabdehin borcu ödədiyini, borcun olmadığını və ya iddia tələbinin əsassız olduğunu təsdiq edən sübut təqdim etməməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən haldır. Bundan başqa, cavabdehin aldığı malın dəyərindən qismən ödəniş etməsi borc münasibətinin mövcudluğunu təsdiq edən mühüm faktdır. Məhkəmə bu hala lazımi hüquqi qiymət vermədən iddia tələbini rədd etmişdir. Məhkəmə iddianın rədd edilməsi qənaətinə gəlsə də, borc münasibətinin yaranması, cavabdehin qismən ödəniş etməsi və qalıq borcun 370 manat olması, cavabdehin borcu ödəməməsi və cavabdehin məhkəmə iclasına gəlməyərək iddia tələbinə əsaslı etiraz təqdim etməməsi kimi hallar tam araşdırılmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, İddiaçı ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376cı maddəsinə əsasən tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı məhkəmə tərəfindən yaradılmış prosessual imkanlardan istifadə etməmiş, məhkəmə iclasında fəallıq göstərməmiş, istər birinci instansiya məhkəməsində, istərsə də hazırkı məhkəmə iclasında iştirak etməmiş, iştirak etmədiyi halların üzrlü səbəblərini təsdiq edən sübutlar təqdim etməmiş, habelə iddia tələbinin əsasını təşkil edən halları təsdiqləyən mötəbər və yol verilən sübutları məhkəməyə təqdim etməmişdir. Nəticədə iddiaçı tərəfindən tərəflər arasında həqiqətən nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcudluğunu müəyyən etməyə imkan verən sübutlar iş materiallarına daxil edilməmişdir. Məhkəmə tərkibi hazırkı mülki işin apellyasiya baxışı zamanı təqdim olunmuş ## ###### 2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən ilk öncə qeyd edir ki, həmin müqavilənin nisyə alğı-satqı müqaviləsi olması və predmetin məhz paltaryuyan olması müəyyən edilmir. Habelə onu da nəzərə almaq lazımdır ki, iddia ərizəsində iddiaçı müqavilənin şifahi bağlandığını göstərmişdir. Hazırda məhkəməyə yazılı müqavilənin təqdim edilməsində iddiaçının məqsədinin nə olması da bəlli deyildir. Yekun olaraq mütləq diqqətə çatdırılır ki, həmin sübut yalnız apellyasiya instansiyası məhkəməsində icraat zamanı təqdim edilmiş, birinci instansiya məhkəməsində isə təqdim edilməməsinin üzrlü səbəbləri əsaslandırılmamışdır. İşdən də göründüyü kimi, tərəflərə birinci instansiya məhkəməsində icraat zamanı qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində özlərinin mötəbər sübutlarını məhkəməyə təqdim etmək üçün kifayət qədər vaxt ayrılmış və zəruri şərait yaradılmışdır. MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bununla yanaşı, MPM-in 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Apellyator öz şikayətində istənilən yeni sübuta istinad edə bilməz. Qanunvericiliyə nəzər saldıqda, qeyd edilən məhdudiyyətin məhz adıçəkilən Məcəllənin 372-ci maddəsində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərindən irəli gəldiyi açıq-aydın müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi iş materiallarını və şikayəti hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi yekun hüquqi nəticəyə gələrkən qanunvericiliyin tələblərinə düzgün əməl etmişdir və məhkəmənin gəldiyi hazırkı nəticə ilə razılaşır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsaslanıb, MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-786/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-786/2026
11.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver