Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-797/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı İsmayılova Mənsurə Zakir qızının cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İsmayılova Mənsurə Zakir qızı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh ona borclu olduğu 24750 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, rəsmi olaraq heç bir yerdə işləmir. İsmayılova Mənsurə Zakir qızı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin 4-cü sırası, ** nömrəli mağazada qadın geyimlərinin satışı ilə məşğuldur. İddiaçı öz evini və qızıllarını Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Parabok” adlı lombarda girov qoyaraq pul götürmüş və həmin pul məbləğini “Sədərək” Ticarət Mərkəzində tanıdığı adamlara borc kimi vermişdir. Cavabdeh Cavabdeh da iddiaçı bu qayda ilə tanımışdır. İddiaçı və cavabdeh arasında buradan bir tanışlıq yaranmışdır. Cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan borc pul almış, aldığı məbləğin bir hissəsini ödəyərək iddiaçıda etimad yaratmışdır. Lakin bir müddət sonra cavabdeh aldığı borc məbləğini ödəməkdən boyun qaçırmışdır. Hazırda cavabdehin iddiaçıya 24750 manat məbləğində ödənilməmiş borcu vardır. Dəfələrlə cavabdehə aldığı borcu geri ödəməyi barədə xəbərdarlıq olunsa da, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. İddiaçı hadisə ilə bağlı Qaradağ RPİ-nə müraciət etmişdir. Qaradağ RPİ-nin İstintaq Şöbəsinin ## ### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından da aydın görünür ki, cavabdeh aldığı borcu öz izahatında etiraf etmişdir. Bu səbəblə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi (hakim: Zeynal Zeynalov) ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 18000 manatın alınaraq iddiaçı İsmayılova Mənsurə Zakir qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və cavabdeh Cavabdeh 144 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Cavabdeh Qaradağ rayon Polis İdarəsinin İstintaq şöbəsində verdiyi izahatında göstərmişdir ki, “rəsmi olaraq heç bir yerdə işləmir. İsmayılova Mənsurə Zakir qızının yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin, 2-ci sırasında yerləşən mağazada uşaq geyimləri satır. 2022-ci ildə maddi cəhətdən sıxıntıları yaranmışdır. Mənsurə İsmayılovanı işlədiyi Sədərək Ticarət Mərkəzindən tanıyır. Bazarda eşitmişdir ki, Mənsurə borca pul verir, verdiyi pulun müqabilində öz faizini tutur. Onun digər şəxslərə borcu olduğu üçün, həmçinin şəxslərin borcunu ondan tələb etdiyi üçün Mənsurə ilə əlaqə saxlayıb ondan hazırda yadında qalmayan məbləğdə borc pul almışdır. O, Mənsurəyə olan borcunu ödəyib 18,000 manat borcu qalmışdır. Mənsurə isə ona bildirmişdir ki, guya ona 24,750 manat borcu vardır. Halbuki, bu Mənsurə tərəfindən şişirdilmiş məbləğ olmuşdur. Onun Mənsurəyə konkret olaraq 18,000 manat borcu vardır. Həmin borcu yaxın günlərdə ödəyəcəyinə dair söz verir”. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ### 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İsmayılova Mənsurə Zakir qızının ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması qərarın təsviri hissəsində göstərilənlərə əsasən rədd olunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4, Cavabdeh, X9, X11, X2, X12, X8, X3, X6, X5, Mərdan adlı şəxsin, Asiman adlı şəxsin, Turan adlı şəxsin, Şəbnəm adlı şəxsin, Murad adlı şəxsin, Vüqar adlı şəxsin, Seymur adlı şəxsin və Elvin adlı şəxsin əməllərində dələduzluq cinayətinin tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilməsi, İsmayılova Mənsurə Zakir qızının təqdim etdiyi siyahıda Cavabdeh 24,750 manat borcunun olması öz təsdiqini tapdığından qərarın təsviri hissəsində göstərilənlərə əsasən İsmayılova Mənsurə Zakir qızına mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. AA seriyalı, ****** nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İsmayılova Mənsurə Zakir qızı Qubadlı rayonundan məcburi köçkündür. ## ####### 2022-ci il tarixli, AN-İ№******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin Abşeron ərazi idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə X7 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.025 ha torpaq sahəsini 3000 manata Yusifov Azər Nəsib oğluna satmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh Qaradağ rayon Polis İdarəsinin İstintaq şöbəsinə ## ### 2024-cü il tarixdə verdiyi izahatında İsmayılova Mənsurə Zakir qızından 18000 manat pul götürdüyünü etiraf etmişdir. Cavabdehin vəkili məhkəmə iclasında həmin pulun əvəzi olaraq Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsini qaytardığını bildirmiş, lakin iş materiallarında olan alqısatqı müqaviləsinin tərəflər arasında olan hazırkı mübahisəyə necə aidiyyəti olması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin iş materiallarında olan alqı-satqı müqaviləsi cavabdehin polis idarəsində verdiyi izahatdan əvvəl olmuş və həqiqətən də cavabdeh pul əvəzi olaraq iddiaçıya torpaq sahəsi vermiş olsaydı, polis idarəsində verdiyi izahatında bu barədə bildirməli və iddiaçıya borcunun olmamasını bildirərdi. Lakin cavabdeh ## ### 2024 cü il tarixdə izahat verərək, onun cavabdehə 18000 manat borcunun olmasını bildirmişdir. Eyni zamanda iddiaçı da iddia tələbi ilə 24750 manat pul tələb etsə də, cavabdehin ondan həmin məbləğdə pul alması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Tərəflər arasında borcla bağlı müqavilə olmadığından cavabdeh hüquqi əsas olmadan, yəni müqavilə əsası olmadan iddiaçı tərəfindən ona verilən 18000 manat pul hesabına varlanmış hesab olunur. Beləliklə, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də, cavabdeh iddiaçı qarşısında müəyyən olunmuş pulu geri qaytarması barədə öhdəliyi götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir. Beləliklə, cavabdehin iddiaçıya 18000 manat məbləğində pul borclu olması işin faktiki və hüquqi halları ilə müəyyən edildiyindən iddia 18000 manat hissədə təmin edilməlidir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 119.2-ci maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli qərarı, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin ## ###### 2006-cı il tarixli qərarı, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Masalı Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçını “Sədərək” ticarət mərkəzindən tanıyır. Qonşu dükanlarda işləyirdilər. Münasibətləri normal olmuş, dükanına mal alıb gətirən zaman pula ehtiyac olduğundan Mənsurə İsmayılovadan sələmə pul götürmüşdür. Dəfələrlə sələmə pul götürüb işlərini gördükdən sonra faizi ilə birlikdə iddiaçıya qaytarmışdır. İddiaçının şəriki X1 bütün bu hadisələrə şahidlik etmişdir. İddiaçıdan 2000-3000 manat pul götürərkən o, girov istəməmiş və pulu ona girovsuz vermişdir. 2022-ci ildə ondan 18000 manat faizə pul götürmüşdür. Faizə pul götürərkən Saray qəsəbəsində istifadəsində olan torpaq sahəsini iddiaçının şəriki olan Azər Yusifovun adına rəsmiləşdirmişdir. Alqı-satqı müqaviləsini iş materialarına əlavə etmişdir. Pulu ödəyə bilmədiyindən iddiaçıya verdiyi torpaq sahəsi ilə əvəzləşdirdilər. 2023-2024-cü illər ərzində iddiaçı ilə heç bir pul alış-verişi olmamışdır. 2024cü il tarixdə iddiaçı onu və onun kimi 7 nəfəri Qaradağ Polis İdarəsinə şikayət etmişdir. Müstəntiq tərəfindən araşdırma aparılmış, cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. O, müstəntiqə yazdığı bu fikirdə izahat vermişdir. Lakin xəbəri və məlumatı olmadan müstəntiq onun izahatını təhrif edərək guya ona 18000 manat borcu qalmışdır kimi etirafını qərarda qeyd etmişdir. Qərar ona rəsmi qaydada göndərilməmiş, göndərilmədiyindən qərardan şikayət edə bilməmişdir. Əgər ona borcu varsa nəyə görə məhkəməyə bir dənə də olsun mötəbər sübut təqdim edə bilməmişdir. Hər hansı bir yazışma, səs yazısı və yaxud pulun alınması barədə yazılı qəbz. Ona görə ki, ona borcunu 2022-ci il tarixdə torpaq sahəsini verməklə yekunlaşdırmışdır. Məhkəmə hər tərəfli araşdırma aparmadığından onun mülkiyyət hüquqlarına qəsd etmişdir. Polisin qərarı məhkəmə üçün əsas deyil, onun məhkəmə iclasında verdiyi izahat polisin qərarından üstündür. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayayaq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli "Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək ümumilikdə qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etsə də iddia qismən təmin edildiyindən məhkəmə tərkibi iddianın təmin edilmiş hissəsinə münasibət bildirməlidir. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(050)-4099/2025saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddianın təmin edilmiş cavabdeh Cavabdeh 18000 manatın alınaraq iddiaçı İsmayılova Mənsurə Zakir qızına verilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edildikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmaqla, mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normasının dəyişdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Şikayətin dəlili ondan ibarətdir ki, cavabdeh Qaradağ rayon Polis İdarəsinin İstintaq şöbəsində verdiyi izahatın müstəntiq tərəfindən təhrif edildiyini, həmin izahatda 18.000 manat borcunun qaldığını etiraf etmədiyini, eləcə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ona təqdim edilmədiyini və bu səbəbdən həmin qərardan şikayət vermək imkanının olmadığını bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. Belə ki, iş materiallarında olan Qaradağ rayon Polis İdarəsinin İstintaq şöbəsinin ## ### 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından və həmin qərarın qəbul edilməsinə əsas olmuş materiallardan görünür ki, cavabdeh Cavabdeh polis orqanında verdiyi izahatında iddiaçıdan borc pul aldığını, həmin borcun bir hissəsini ödədiyini və iddiaçıya 18.000 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh apellyasiya şikayətində həmin izahatın məzmununun müstəntiq tərəfindən təhrif edildiyini bildirsə də, izahatın onun iradəsinə zidd olaraq və ya hər hansı təzyiq altında alındığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İş materiallarından göründüyü kimi, həmin izahat cavabdehin özünün imzası ilə (cild 1; səhifə 10) təsdiq edilmişdir. Cavabdeh həmin izahatın məzmunu ilə tanış olduqdan sonra onu öz imzası ilə imzalamışdır. Beləliklə, izahatın məzmunu ilə tanış olmadığını və ya həmin izahatda əks etdirilən məlumatların onun tərəfindən verilmədiyini təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında müəyyən edilmir. Odur ki, sonradan həmin izahatın məzmununun təhrif edildiyini bildirməsi imzalı yazılı sübutun mötəbərliyini şübhə altına almağa kifayət edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutlar iş üzrə obyektivliyin təmin olunması, iddiaların və ya müdafiələrin əsassız olmamasının yoxlanılması, məqsədəuyğun və qanuni qərarın qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sübutlar deyilənlərin söz və iddia səviyyəsində qalmaması, onların hüquqi sənədlərlə təsdiqlənməsi funksiyasını yerinə yetirir. İş üzrə təqdim edilmiş yazılı sübutlar məhkəmənin işin hallarını düzgün müəyyən etməsinə, tərəflərin öhdəlik və hüquqlarını aydınlaşdırmasına əsas vermişdir. Bu sənədlər subyektiv yanaşmaların deyil, obyektiv faktların əsas götürülməsini təmin etmişdir. Məhkəmə tərkibi qeyd etməyi lazım hesab edir ki, tərəflərin yazılı izahatları və izahatlarında etdikləri etiraflar məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir. Bu, cavabdehin borcu aldığını təsdiqləyən birbaşa etirafdır (Etiraf sübutların şahıdır (Latınca: confessio est regina probationum)). Bundan başqa, cavabdeh apellyasiya şikayətində 18.000 manat məbləğində borcunu iddiaçıya torpaq sahəsi verməklə əvəzləşdirdiyini bildirmişdir. Lakin iş materiallarında olan alqı-satqı müqaviləsinin tərəflər arasında hazırkı mübahisəyə aidiyyəti və həmin müqavilə üzrə torpaq sahəsinin cavabdehin iddiaçı qarşısında olan borcunun əvəzi kimi verilməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, iş materiallarında olan alqı-satqı müqaviləsinin cavabdehin Qaradağ rayon Polis İdarəsinin İstintaq şöbəsində izahat verdiyi tarixdən əvvəl bağlanması da nəzərə alınmalıdır. Belə ki, əgər cavabdeh həqiqətən həmin torpaq sahəsini iddiaçıya 18.000 manat məbləğində borcunun əvəzi olaraq vermiş və bununla borc öhdəliyinə xitam vermişdirsə, polis orqanında verdiyi izahat zamanı bu halı bildirməsi, iddiaçıya borcunun olmadığını və borcun torpaq sahəsi ilə əvəzləşdirildiyini göstərməsi məntiqli və gözlənilən olardı. Lakin cavabdeh həmin izahatında əksinə, iddiaçıya 18.000 manat borcunun qaldığını bildirmişdir. Cavabdehin şahidlərin dindirilməsi barədə vəsatət verməsinə dair dəlilinə münasibətdə isə məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə yalnız bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəldikdə və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqda yol verilir. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən şahidlərin dindirilməsi barədə vəsatət məhkəmə baxışı zamanı irəli sürülmüş, həmin sübutların işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmaması isə əsaslandırılmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətin təmin edilməməsi MPM-in 78.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərkibi, həmçinin qeyd edir ki, cavabdehin istinad etdiyi alqı-satqı müqaviləsi tərəflər arasındakı mübahisə baxımından sübut kimi nəzərə alınsa belə, həmin müqavilədə torpaq sahəsinin dəyəri 3.000 manat müəyyən edilmişdir. Halbuki, cavabdehin özünün etiraf etdiyi borc məbləği 18.000 manat təşkil edir. Başqa sözlə, torpaq sahəsinin müqavilə üzrə müəyyən edilmiş 3.000 manat dəyəri ilə cavabdehin etiraf etdiyi 18.000 manat borc məbləği arasında əhəmiyyətli fərq mövcuddur. Bu fərqin hansı əsasla və hansı razılaşma əsasında borcun tam bağlanması kimi qəbul edildiyi cavabdeh tərəfindən izah edilməmiş və bunu təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Odur ki, cavabdehin borc öhdəliyinin torpaq sahəsinin verilməsi ilə tam icra edilməsi barədə apellyasiya şikayətinin dəlili həm iş materialları ilə, həm də həmin dəlilin öz daxilində mövcud olan faktiki hallar ilə müəyyən olunmur. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, iddiaçıdan alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı iş üzrə iddiaçı pul vəsaitinin cavabdehə verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh isə həmin pul vəsaitini qaytardığını təsdiq edən hər hansı yazılı sənəd, bank köçürməsi, qəbz, yazışma və ya digər mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər də yalnız formal mülahizələrdən ibarət olmuşdur. Cavabdehin iddiaçı tərəfindən borcun verilməsini təsdiq edən qəbz, səs yazısı və digər sübutların təqdim edilmədiyi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, borc münasibətinin mövcudluğunu təsdiq edən əsas sübut cavabdehin özünün verdiyi izahatdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, iddianın rədd edilməsinə əsas verməmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qüvvədə olan hüquqi tənzimləməni və həmin dövr üçün formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsini tətbiq etmişdir. Lakin qətnamə qəbul edildikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli "Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarı qəbul edilmiş, Həmin Qərarda göstərilmişdir ki: Fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir; - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında müəyyən edilmiş hüquqi mövqenin Qərar qüvvəyə mindikdən sonra məhkəmələrin icraatında olan işlərə də şamil ediləcəyi nəzərə alınaraq, hazırkı mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğundan həmin hüquqi mövqe bu mübahisəyə də tətbiq edilməlidir. Odur ki, Mülki Məcəllənin 739-cu maddəsi hazırkı mübahisəyə tətbiq edilməklə qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi həmçinin hesab edir ki, iddiaçı məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad olunmuşdur. İddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi kimi ödənilməli olan 164.25 manat pul vəsaitinin 144 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 18000 manatın alınaraq iddiaçı İsmayılova Mənsurə Zakir qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 18000 manat alınaraq iddiaçı İsmayılova Mənsurə Zakir qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Cavabdeh 144 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-797/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-797/2026
10.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver