Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-803/2026 28.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz” markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 668 manat və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 490 manat olmaqla, ümumilikdə 1158 manat pulun və bu iddianın verilməsi üçün ödənilmiş 31.58 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən ##.##.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz” markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “VAZ 21074” markalı ** BD *** və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. IAS242046 və IAS****** nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı zərərvuran “Mercedes Benz” markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Şirkətində ##.##.2024-cü ildən ##.##.2025-ci ilə qədər müddətdə mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. ##.##.2024-cü il tarixli qüsur aktından görünür ki, hadisə nəticəsində “İsuzu NP R” markalı ** JM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3361 manat zərər dəymişdir. ##.##.2024-cü il tarixli qəbzə əsasən ümumi 1158 manat sığorta ödənişi məbləği faydalanan şəxsin hesabına köçürülmüşdür. Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarına əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Buna görə də, İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh icbari qaydada sığortalanmış nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh qeydiyyat ünvanına pretenziya məktubu göndərilmiş və əlaqə saxlanılmış, güzəşt tətbiq edilməklə 3 ay müddət verilsə də, ödəniş edilməmiş, cavabdeh tərəfindən iddiaçının zəng və mesajlarına geri dönüş edilməmişdir. Sabirabad Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qətnaməsi ilə (Hakim Cavid Cəfərov) İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, sığorta hadisəsi zamanı Cavabdeh mülkiyyətində olan avtomobil İddiaçı ASC-də nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icrabi sığortası növündə sığortalamışdır. Cavabdeh ##.##.2024-cü il tarixdə “Mercedes Benz” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı ** BD *** və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillərə ziyan vurmuş, hadisədə təqsirli bilinərək İXM-in 327.1 və 332-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Avtomobillərə dəymiş zərər 1158 manat məbləğlərdə qiymətləndirilmişdir. İddiaçı ödənilmiş sığorta ödənişlərini subroqasiya qaydasında tələb edərək “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsinin dispozitiv şərtinin yarandığını bildirir. Məhkəmə qeyd edir ki, sığorta hadisəsi qeydə alınan zaman avtomobilin sürücüsü – iş üzrə Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi və buna görə də, İXM-in 332-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi mübahisəsizdir. Lakin məhkəmənin qənaətincə, şəxsin avtomobili idarə edərkən bu barədə etibarnaməsinin olmaması, buna görə inzibati məsuliyyəti cəlb edilməsi “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsinin dizpozisiyasında sadalanan şərtlərin baş verdiyini, şəxsin mülki hüquqi konteksdə qanuni sahib statusunda olmadığını deməyə əsas vermir. Belə ki, şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Qanunun 25.1.3-cü maddələrinin tələbi baxımından nəqliyyat vasitəsini idarə etmək hüququnun olub-olmaması isə şəxsə bunun üçün verilmiş nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyyəti ehtiva edən etibarnamə ilə yox, şəxsin sürücülük hüququnun olubolmaması ilə müəyyənləşdirilə bilər. Hazırkı halda “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Cavabdeh sürücülük hüququ yol-nəqliyyat hadisəsi baş verdiyi ##.##.2024-cü il tarixdən əvvəl - ##.##.2024-cü il tarixdən yaranmışdır. Odur ki, hazırkı halda etibarnaməsi olmasa belə, avtomobil Cavabdeh faktiki sahibliyinə verdiyi andan onu istismar etmək hüququ yaranmışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21.1ci, 159-cu, 163.1-ci, 922.2-ci, 936.1-ci, 1096.1-ci, 1096.2-ci, 1108.1-ci, “İcbari sığortalar haqqında” haqqında Azərbaycan Respublikasının Qanununun 25.1-ci, 25.1.3-cü, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci, 332.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsini, 1158 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi və 31,58 manat birinci instansiya məhkəməsində iddia qaldırılması üçün və apellyasiya şikayəti verilməsi üçün 15,79 manat ödənilmiş dövlət rüsumları olmaqla, ümumilikdə 1205,37 manat məbləğdə pul vəsaitinin İddiaçı ASC-nin hesabına köçürülməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsində şəxsin etibarnamə olmadan deyil, sürücülük hüququ olmadan avtomobili idarə etdiyi qeyd olunmuş və bu fakt təqdim olunan forma 4 arayışı və ##.##.2024-cü il tarixli İnzibati tənbehvermə haqqında qərarda öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadan əsassız qərar qəbul etmişdir. Cavabdeh məxsus “Mercedes Benz” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC tərəfindən nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. X1 tərəfindən verilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, ##.##.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz” markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “VAZ 21074” markalı ** BD *** və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Mercedes Benz” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh ##.##.2024-cü il tarixdə törədilmiş hadisəyə görə İXM-in 327.1-ci və 332-ci maddələri ilə təqsirli bilinmişdir. Sığorta ödənişi aktlarından görünür ki, ##.##.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “VAZ 21074” markalı ** BD *** və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəyən zərərə görə ümumilikdə sığorta ödənişinin məbləği 1158 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. MM-in 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. MM-in 922.2-ci maddəsinə görə sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. MM-in 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” haqqında Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bununla belə, məhkəmə tərkibi Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərinə münasibətdə qeyd edir ki, o öz şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Qeyd edilməlidir ki, iddiaçının hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh hadisə zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyindən onun həmin avtomobili idarə etmək hüququ olmamış və bu hal sığortaçının geriyə tələb hüququnun yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası bu mövqeni əsaslı hesab etmir. Əvvəla, "İcbari sığortalar haqqında" Qanunun 25.1.3-cü maddəsinin məqsədi sığortaçının yalnız qanunda açıq şəkildə göstərilmiş müstəsna hallarda sığorta ödənişini təqsirkar şəxsdən geri tələb etmək hüququnu müəyyən etməkdir. Normanın məzmunundan göründüyü kimi, burada əsas hüquqi meyar nəqliyyat vasitəsini idarə edən şəxsin həmin nəqliyyat vasitəsini idarə etmək hüququnun mövcud olub-olmamasıdır. İş materiallarından görünür ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verən tarixdən əvvəl qanunvericiliklə müəyyən olunmuş qaydada sürücülük vəsiqəsi almış və müvafiq kateqoriya üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmuşdur. Bu hal “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan məlumatlarla da təsdiq edilir. Belə olan halda, yalnız avtomobili idarə etmək üçün notarial qaydada təsdiq edilmiş etibarnamənin olmaması cavabdehin həmin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi nəzərə alır ki, nəqliyyat vasitəsinin faktiki sahibinə verilməsi nəticəsində həmin şəxs əşyaya faktiki sahiblik və istifadə hüququ əldə edir. Mülki hüquqda sahiblik anlayışı ilk növbədə əşya üzərində faktiki hakimiyyətlə xarakterizə olunur. Nəqliyyat vasitəsinin mülkiyyətçi tərəfindən könüllü olaraq başqa şəxsə verilməsi həmin şəxsin əşya üzərində faktiki sahiblik və istifadə hüququnun yaranmasına səbəb olur. Bu hüququn mövcudluğu yalnız notarial etibarnamənin olub-olmaması ilə müəyyən edilmir. MM-in 163.1-ci maddəsinə görə sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Digər tərəfdən, cavabdehin İXM-in 332-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması da özlüyündə “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələrin yaranmasına səbəb olmur. Bu baxımdan cavabdehin etibarnamə olmadan avtomobili idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunması avtomatik olaraq onun nəqliyyat vasitəsini hüquqsuz istifadə edən şəxs hesab edilməsinə və sığortaçının subroqasiya hüququnun yaranmasına əsas vermir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-803/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-803/2026
28.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver