Məhkəmə qərarları › İş №e-2(3-9)-831/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-831/2026

04.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-831/2026 04.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X8 ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: ##.##.2021-ci il tarixli, CC/*****/**/** saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X1 58 ay müddətinə, illik 22% olmaqla, 11,000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsəsi Cavabdeh ##.##.2021-ci il tarixli, CC/*****/**/** saylı Kredit Müqaviləsi üzrə cəmi 10587.50 manat əsas, 71.17 manat faiz, 0.0 manat cərimə olmaqla cəmi 10658.67 manat və 122 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2021-ci il tarixli, CC/*****/**/** saylı kredit müqaviləsinə əsasən, 58 ay müddətinə, illik 22% olmaqla, 11,000 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum X1 İddiaçı ASC-yə 10,658.67 manat borcu vardır. X1 ## ###### 2021-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (DƏDKR) publik hüquqi şəxsin ##.##.2022-ci il tarixli cavab məktubundan göründüyü kimi, mərhum borclu X1 mülkiyyətində Lənkəran rayonu, Şağlaser kəndində yerləşən 0.26 ha torpaq sahəsi mövcuddur. X1 ölümündən və onun barəsində vərəsəliyin açılmasından 3 aydan artıq vaxt keçmişdir. Vərəsələr faktiki olaraq həmin əmlakı artıq qəbul etmiş sayılırlar. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim M.Qasımov) ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ##.##.2021-ci il tarixli, CC/*****/**/** saylı Kredit Müqaviləsinə əsasən 10587.50 manat əsas, 71.17 manat faiz olmaqla cəmi 10658.67 manat və 122 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, mərhum atası X1 ##.##.2021-ci il tarixində xxxx ASC-dən şəxsi istehlak krediti almışdır. Həmin kredit müqaviləsi üzrə nə onun nə də ki, hər hansı bir şəxsin zaminliyi və ya hər hansı öhdəliyi mövcud deyildir. Atası ##.##.2021-ci il tarixində vəfat etmişdir. Daha sonra bank həmin kredit müqaviləsi üzrə onu cavabdeh qismində təqdim edərək məhkəməyə müraciət etmişdir. Həmin vaxtı (##.##.2026-cı il tarixdən hal hazıradək) o ölkə xaricində olduğu üçün məhkəmə iclaslarından və iddia tələbindən xəbəri olmadığı halda Lənkəran rayon məhkəməsi işi araşdırmadan iddia tələbinin təmin edilməsi və ona aid olmayan kredit borcunun ondan tutulmasına dair qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən ƏMDK yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi Idarəsinə ünvanlanmış sorğuya verilmiş ##.##.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “X1 adına Lənkəran rayonu, Şağlaser kəndində 0.26 ha (paylı) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-180 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir”. Qeyd edilən 0.26 ha (paylı) torpaq sahəsinin onunla heç bir əlaqəsi yoxdur. O ölkə xaricində yaşadığı üçün mərhum atasının heç bir əmlakını nə rəsmi, nə də faktiki qəbul etməmişdir. Lakin məhkəmə bu halları araşdırmadan onu vərəsə kimi qəbul edərək qanunsuz qətnamə qəbul etmişdir. Şikayətdə qeyd edilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Cavabdeh mirasın qəbulu ilə bağlı heç bir notariat kontoruna ərizə verməmiş, nə də hər hansı əmlakı faktiki idarə və ya ona sahiblik etməmişdir. İzahatlar Prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, krediti cavabdehin atası götürmüşdür. Bu, istehlak kreditidir. Krediti götürdükdən cavabdehin atası vəfat etmişdir. Cavabdeh hüquqi varis kimi müəyyən olunmadan bank kredit öhdəliyini onun adına yönəltmişdir. Həmçinin, 11000 manat kredit verilərkən kreditor ilə borclu arasında zaminlik müəyyən olunmamışdır. Cavabdehin götürülən kredit məbləğindən xəbəri olmamışdır. Cavabdeh uzun müddətdir ki, xaricdə yaşayır. Atasında ona heç bir miras əmlak qalmamış və o, vərəsəliyi qəbul etməmişdir. Birinci instansiya məhkəməsində keçirilən iclasından cavabdehin məlumatı olmamışdır. Iddiaçının təmsilçisi məhkəmə iclasında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni və cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Işin hallarından görünür ki, İddiaçı ASC ilə X1 arasında bağlanmış ##.##.2021-ci il tarixli, CC/*****/**/** saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X1 58 ay müddətinə, illik 22% olmaqla, 11,000 manat məbləğində kredit verilmişdir. Borcalan X1 ##.##.2021-ci il tarixində Lənkəran rayonu, Şağlaser kəndində vəfat etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi Idarəsinin ##.##.2022-ci il tarixli cavab məktubundan görünür ki, X1 adına Lənkəran rayonu, Şağlaser kəndində 0.26 ha (paylı) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-180 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bank tərəfindən cavabdehə ##.##.2025-ci il il tarixli bildiriş göndərilmişdir. Bildirişdə ##.##.2021-ci il tarixli, CC/*****/**/** saylı kredit müqaviləsinin ləğv edildiyi bəyan edilməklə borcun 3 gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinin tələbinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 306.4-cü maddəsinə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5-ci maddəsi mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya qeyd edir ki, borclu tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verildiyi halda iddiaçının tələbi keçərlidir. Işin hallarından görünür ki, kredit borcu qrafikə uyğun olaraq vaxtında ödənilməmişdir. Borclu X1 ##.##.2021-ci il tarixində vəfat etdikdən sonra da borc öhdəlikləri yerinə yetirilməmişdir. Təqdim edilmiş sənədlərə görə, borcun ödənilməsində pozuntular olduğuna, müqavilə şərtlərinə əməl edilmədiyinə görə, Bank müqavilənin ləğv edildiyini bildirməklə cavabdehdən borcunu tələb etmiş, borcun ödənilməsi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. Iddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, o ölkə xaricində yaşadığı üçün mərhum atasının heç bir əmlakını nə rəsmi nə də ki faktiki olaraq miras kimi qəbul etməmiş, mirasın qəbulu ilə bağlı heç bir notariat kontoruna nə ərizə verməmiş, nə də hər hansı əmlakı faktiki idarə və ya ona sahiblik etməmişdir. Borclu X1 vəfatından sonra mirasın notarius tərəfindən siyahıya alındığı müəyyən edilmir. Hazırki iş üzrə miras qoyanın borcunun mirasdan çox olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərindədir. Bu hal sübuta yetirilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə doğru nəticəyə gəlmişdir. Beləliklə, Kollegiyanın qənaətinə görə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar