Məhkəmə qərarları › İş №e-2(3-9)-920/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-920/2026

24.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-920/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh, onun nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik mabahisələr üzrə iddia ərizəsi verərək, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli müqaviləyə əsasən SOYUDUCU LG, LG TV, 2 ədəd X1 3 İL xidməti üçün 3809.16 manat ödənilməmiş hissə, 380.92 manat cərimə, ümumilikdə, 4190.08 manat borc və 61.91 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Cavabdeh iddiaya qarşı etiraz ərizəsi təqdim edərək borc tələbinə dair mülki işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərardadı ilə iş iddia icraatına keçirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU LG, LG TV, 2 ədəd X1 3 il xidməti almış və nəticədə 4190.08 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4109.16 manat (yəni 18 ay x 211.62 manat + 300 manat ilkin ödəniş) olan SOYUDUCU LG, LG TV, 2 ədəd X1 3 il xidməti üçün ümumilikdə, 4190.08 manat olmaqla ondan 3809.16 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 380.92 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 300 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış ilə ##.##.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddia təmin edilmiş, ##.##.2025-ci il tarixli, ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 3809.16 manat əsas, 380.92 manat cərimə, cəmi 4190.08 manat borc və 61.91 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-dən “LG Soyuducu” LG TV, 2 ədəd X1 3 il xidmət almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 3809.16 manat əsas və 380.92 manat cərimə, cəmi 4190.08 manat borcu yaranmışdır. Mədaxil qəbzindən görünür ki, iddiaçı İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 61.91 manat dövlət rüsumu ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qanuni qüvvəsini almış hökmdə geyd edilmişdir ki, təqsirləndirilən şəxs Abdullayev Cavid Əlirza oğlu bir sıra dələduzluq əməli törətmiş, o cümlədən də o, təkrar 2025-ci may ayının sonlarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 500 manat nağd pula ehtiyacı olduğunu bildiyi Cavabdeh özünü “xxxx” MMCnin “Kontakt Home” mağazalar şəbəkəsinin Masallı filialının kredit mütəxəssisi kimi tanıtdırıb, adına həmin filialından məişət əşyalarını kreditlə götürməyi təklif edərək, aldığı əşyaları satıb əvəzində ona istədiyi 500 manatı sonradan hissə-hissə özünə qaytarmaq şərti ilə verməklə yanaşı, guya mağazadan alacağı əşyaların kredit borcunu özünün ödəyəcəyinə dair yalan vəd verib, sonuncunu aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra Cavabdeh ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan maddi qazanc əldə etmək məqsədi ilə ## ### 2025-ci il tarixdə Cavabdeh “Kontakt Home” mağazalar şəbəkəsinin Masallı filialından kreditlə rəsmiləşdirilməklə satın aldığına görə Cavabdeh məxsus hesab edilən 280 manat təşkil edən qızıl zəmanəti ilə yanaşı alış qiyməti 1758,06 manat olan “LG” markalı televizoru həmin gün Cavabdeh kredit sənədləri əsasında “Kontakt Home” mağazalar şəbəkəsinin Masallı rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən Masallı filialında və 400 manat təşkil edən qızıl zəmanəti ilə yanaşı alış qiyməti 1671,06 manat olan “LG” markalı soyuducunu ## ### 2025ci il tarixdə təhvil verildikdən sonra Cavabdeh yaşadığı ünvan 1 ünvanında qəbul edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz olaraq özgənin hər iki əmlakını vahid niyyətlə ələ keçirərək, zərərçəkmiş şəxs Cavabdeh ümumilikdə 4109,12 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Həmin hökmlə Abdullayev Cavid Əlirza oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və iş üzrə zərərçəkmiş şəxslərə cinayət nəticəsində onlara dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqadar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin dələduzluğun qurbanı olması onu bağladığı mülki-hüquqi müqavilə üzrə öhdəliklərdən azad etmir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh müqaviləni könüllü şəkildə öz iradəsi ilə imzalamış, heç bir məcburiyyət olmadan malları qəbul etmiş və müqavilə şərtləri ilə razılaşmışdır. Müqavilə üzrə təqdim edilmiş malların cavabdeh tərəfindən qəbul edilməsi və ödəniş öhdəliyinin yaranması sənədlərlə tam təsdiq olunur. Cavabdehin qanunvericiliyin tələblərini bilmədiyini bildirməsi də onu məsuliyyətdən azad etmir. Belə ki, hüququn ümumi prinsiplərinə əsasən qanunu bilməmək şəxsi hüquqi məsuliyyətdən azad etmir. Sonradan üçüncü şəxsin dələduz hərəkətlərinə məruz qalması cavabdehin satıcı qarşısında götürdüyü öhdəlikləri aradan qaldırmır. Bu səbəbdən iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməli, cavabdehə bir daha ona qarşı dələduzluq etmiş şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 567, 600.1, 600.4-cü maddələri, Mülki Prosessual Məcəlləsinin 88, 119.1, 218.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv edilərək iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin müəyyən etdiyi kimi müqaviləni könüllü şəkildə öz iradəsi ilə imzalamamış, malları qəbul etməmiş və müqavilə şərtləri ilə razılaşmamışdır. Çünki, onun məhkəməyə təqdim etdiyi Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qanuni qüvvəsini almış hökmdən görünür ki, o dələduzluğun qurbanı olunmuş, ona görə də hazırkı müqavilə üzrə yaranan öhdəlik üzrə cavab verməli deyil. O, Abdullayev Cavid Əlirza oğlundan az miqdarda kredit götürmək istəmiş, lakin o onu aldadaraq “Kontakt Home” mağazalar şəbəkəsinin Masallı filialına apararaq bütün bu oyunları onun başına açmışdır. “Kontakt Home” mağazalar şəbəkəsinin Masallı filialının əməkdaşları da ona qeyd olunan müqaviləyə imza elətdirəndə, nəyə imza etdiyini və qeyd olunan müqavilə ilə onun üçün hansı öhdəliklərin yaranmasını izah etməmişlər. Beləliklə də qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab etmişdir ki, məhkəmənin bu qətnaməsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi üçün qüvvədə qala bilməz və ləğv edilməlidir. Həmçinin həmin əşyaları heç onlara təhvil verməyiblər. Əgər onlar həmin əşyaların pulunu ondan tələb edirlərsə, onda həmin əşyaları versinlər, o da onun müqabilində ödəniş etsin. Lakin bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmindəiddianın təmin edilmiş ##.##.2025-ci il tarixli, ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 3809.16 manat əsas, 380.92 manat cərimə, cəmi 4190.08 manat borc və 61.91 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmamasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası müəyyən edilir və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia əsaslı hesab edilir. Hazırkı işdə tərəflər arasında ##.##.2025-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan məişət texnikası və zəmanət xidmətləri əldə etmiş və müqavilə üzrə müəyyən edilmiş ödənişləri hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı isə müqavilə üzrə ödəniş öhdəliyinin lazımi qaydada icra edilməməsinə əsaslanaraq yaranmış borcun tutulmasını tələb etmişdir. İddiaçının tələbinin hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 567, 600.1 və 600.4-cü maddələrini təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs digər şəxsin xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, digər şəxs isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququna malikdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi, yəni öhdəliyin məzmununa uyğun olaraq vaxtında icra edilməməsi başa düşülür. 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırkı mülki iş üzrə ##.##.2025-ci il tarixli, ********** nömrəli müqavilədən və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, cavabdeh iddiaçıdan LG markalı soyuducu, LG markalı televizor və iki ədəd “X1 3 İl Xidməti” əldə etmiş, həmin əşyaların və xidmətlərin dəyərinin müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödənişlərin həyata keçirilməsinə dair maliyyə sənədlərinə əsasən cavabdeh tərəfindən cəmi 300 manat ödəniş edilmişdir. Həmçinin iş materiallarında olan təhvil-təslim sənədindən görünür ki, müqavilə üzrə nəzərdə tutulan mallar cavabdehə təqdim edilmiş və malların tam və qüsursuz qəbul edilməsi rəsmiləşdirilmişdir. Borca dair maliyyə hesablamasından görünür ki, cavabdehin müqavilə üzrə 3809,16 manat əsas borcu yaranmışdır. İddiaçı tərəfindən həmin əsas borcla yanaşı müqavilə üzrə hesablanmış 380,92 manat cərimənin də tutulması tələb edilmiş və ümumilikdə 4190,08 manat borcun tutulması xahiş edilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında müqavilədən irəli gələn borc öhdəliyi yaranmışdır Apellyasiya şikayətinin dəlilləri araşdırılarkən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh onun da dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxs olduğunu, faktiki olaraq kredit vəsaiti əldə etmək niyyətində olduğunu, lakin Abdullayev Cavid Əlirza oğlu tərəfindən aldadılaraq onun adına məişət əşyalarının kreditlə rəsmiləşdirildiyini, həmin əşyaların özünə təhvil verilmədiyini və bu səbəbdən hazırkı müqavilə üzrə yaranmış borca görə məsuliyyət daşımamalı olduğunu bildirmişdir. Lakin məhkəmə tərkibi hesab edir ki, qeyd olunan hallar iddiaçının cavabdehdən müqavilə üzrə yaranmış borcun tutulmasına dair tələbini əsassız hesab etmək üçün əsas yaratmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il tarixdə ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən məişət əşyaları və əlavə xidmətlər cavabdehin adına rəsmiləşdirilmişdir. İşdə olan əşyaların təhvil-təslim aktından isə cavabdehin əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə qəbul etməsi müəyyən olunur. Həmçinin maliyyə və ödəniş sənədləri ilə müqavilə üzrə cavabdehin üzərinə ödəniş öhdəliyinin düşdüyü və həmin öhdəliyin yalnız 300 manat hissəsinin icra edildiyi, qalan məbləğin isə ödənilmədiyi sübut olunur. Cavabdehin istinad etdiyi Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- */**** saylı qanuni qüvvəsini almış hökmdə Abdullayev Cavid Əlirza oğlunun məhz Cavabdeh aldadaraq onun adına kreditlə rəsmiləşdirilmiş məişət əşyalarını ələ keçirməsi və bunun nəticəsində sonuncuya 4109,12 manat məbləğində maddi ziyan vurması müəyyən edilmişdir. Eyni zamanda həmin hökmlə Cavabdeh cinayət nəticəsində zərərçəkmiş şəxs kimi tanınmış və ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin həmin hökmün məzmunundan cavabdehin İddiaçı MMC ilə bağladığı ##.##.2025-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ləğv olunması və ya həmin müqavilədən irəli gələn öhdəliyin xitamına səbəb olan hər hansı halın müəyyən edilməsi nəticəsi çıxmamış, əksinə, hökm ilə müəyyən edilmiş cinayət hadisəsi cavabdehin üçüncü şəxsin dələduzluq hərəkətləri nəticəsində zərər çəkməsi ilə bağlı olmuşdur. Odur ki, cavabdehin dələduzluq əməlinin zərərçəkmişi olması onun iddiaçı ilə bağladığı müqavilə üzrə borclu statusunu aradan qaldırmamış, başqa sözlə, cavabdehin üçüncü şəxs tərəfindən aldadılması ilə iddiaçı qarşısında müqavilə üzrə yaranmış öhdəlik eyni hüquqi münasibət hesab edilə bilməz. Birinci münasibət cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi ilə, ikinci münasibət isə tərəflər arasında bağlanmış mülki-hüquqi müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlıdır. Cavabdehin “iddiaçı həmin əşyaların pulunu tələb edirsə, əşyaları da ona təhvil verməlidir” məzmunlu dəlilinə məhkəmə tərkibi tənqidi yanaşır. Belə ki, iş materiallarında olan əşyaların təhvil-təslim aktı ilə həmin malların cavabdeh tərəfindən qəbul edilməsi təsdiq edilmişdir. Cavabdehin bu sənəddəki imzanın ona məxsus olmaması, sənədin saxtalaşdırılması və ya müqavilənin onun iradəsinə zidd olaraq bağlanması barədə mötəbər sübut təqdim etdiyi müəyyən edilmir. Cinayət işi üzrə müəyyən edilmiş hallar da məhz malların cavabdehin adına rəsmiləşdirilərək onun kredit sənədləri əsasında alınmasını və sonradan üçüncü şəxs tərəfindən ələ keçirilməsini sübut etmişdir. Göründüyü kimi mübahisəli əşyalar cavabdehin adına kreditlə rəsmiləşdirilmiş, sonradan isə üçüncü şəxs Abdullayev Cavid Əlirza oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilmişdir. Başqa sözlə, əşyaların cavabdehin faktiki sahibliyində qalmaması iddiaçının həmin əşyaları cavabdehə ümumiyyətlə təqdim etməməsinin deyil, üçüncü şəxsin sonrakı qanunsuz hərəkətlərinin nəticəsidir. Belə olan halda cavabdehin faktiki olaraq mallardan istifadə etməməsi və ya malların sonradan üçüncü şəxs tərəfindən ələ keçirilməsi iddiaçı ilə bağlanmış müqavilə üzrə ödəniş öhdəliyinin mövcudluğunu aradan qaldıra bilməz. Əks yanaşma cavabdehin üçüncü şəxslə olan münasibətindən irəli gələn zərərin müqavilə üzrə həmin münasibətin tərəfi olmayan iddiaçının üzərinə keçirilməsi ilə nəticələnərdi. Digər tərəfdən, cavabdehin üçüncü şəxsin dələduzluq əməlləri nəticəsində ona dəymiş ziyanın həmin şəxsdən tələb edilməsi hüququ mövcuddur. Qanuni qüvvəyə minmiş hökmlə də ona cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin bu hüququn mövcudluğu iddiaçının hazırkı iş üzrə müqavilədən irəli gələn tələbini istisna etmir. Bununla yanaşı, cavabdehin müqavilə bağlanarkən iddiaçı təşkilatın əməkdaşları tərəfindən ona müqavilənin məzmununun və yaranan öhdəliklərin izah edilməməsi barədə dəlilləri də iddianın rədd edilməsi üçün kifayət edən əsas kimi qəbul edilə bilməz. Belə ki, müqavilənin məhz cavabdehin adına bağlanması, onun tərəfindən imzalanması və malların təhvil-təslim aktında qəbul edilməsi ilə bağlı sənədlər iş materiallarında mövcuddur. Cavabdeh həmin sənədlərin etibarlılığını şübhə altına alan mötəbər sübut təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar