Məhkəmə qərarları › İş №e-2(3-9)-963/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-963/2026

13.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-963/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1883.86 (min səkkiz yüz səksən üç manat səksən altı qəpik) manat əsas, 378.93 (üç yüz yetmiş səkkiz manat doxsan üç qəpik) manat faiz, 67.17 (altmış yeddi manat on yeddi qəpik) manat cərimə olmaqla, cəmi 2329.96 (iki min üç yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 43.70 (qırx üç manat yetmiş qəpik) manat məbləğdə vəsaitinin tutularaq “xxxx” KB ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ##.##.2023-cü il tarixdə müvafiq ərizəni imzalamaqla “xxxx” KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş ##.##.2023-cü il tarixli **U** saylı Bank xidmətlərinin təqdim olunmasına dair Standart Şərtlər və **U** saylı Fiziki şəxslərə kreditin verilməsinə dair Standart Şərtlər ilə tanış olduğunu, həmin şərtləri qəbul etdiyini və onlara tam razılığını bildirmişdir. Həmin şərtlərə uyğun olaraq, SMS vasitəsilə razılaşdırılmış qaydada, 35 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 2000 manat məbləğində istehlak krediti ##.##.2023-cü il tarixdə cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit № ****sSLYb/**). Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh # ###### 2023-cü il tarixli ****sSLYb/** saylı kredit müqaviləsinə 1883.86 (min səkkiz yüz səksən üç manat səksən altı qəpik) manat əsas, 251.94 (iki yüz əlli bir manat doxsan dörd qəpik) manat məbləğində faiz, 40.47 (qırx manat qırx yeddi qəpik) manat cərimə olmaqla, cəmi 2176.27 (iki min yüz yetmiş altı manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 43.70 (qırx üç manat yetmiş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər icra edilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər icra edilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə tutulmalı olan əsas borcun məbləği ilə bağlı qeyd edir ki, iş materiallarında olan ## ##### 2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən edilmiş sonuncu ödənişlər nəzərə alındıqdan sonra mövcud əsas borcun qalıq məbləği 1883.86 manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın faiz və cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia ərizəsində cavabdehin 378.93 (üç yüz yetmiş səkkiz manat doxsan üç qəpik) manat faiz, 67.17 (altmış yeddi manat on yeddi qəpik) manat cərimə borcunun olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş ## ###### 2026-cı il tarixli bildirişdə cavabdehdən 251.94 (iki yüz əlli bir manat doxsan dörd qəpik) manat məbləğində faiz, 40.47 (qırx manat qırx yeddi qəpik) manat cərimə borcunun ödənilməsi tələb edilmişdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarına görə iddiaçının məhz # ###### 2026-cı il tarixinədək yaranmış faiz və cərimə borcunu tələb etməyə hüququ olmuşdur. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1ci, 442-ci, 443.1ci, 448.1-ci, 448.2-ci, 739.1-ci, 739.2-ci, 739.3-cü, 740.1-ci, 740.2-ci, 740.3cü, 740.4-cü, 740.5-ci, 740.6-cı, 740.8-ci, 742.1-ci, 742.5-ci, 742.5.2-ci, 743.2-ci, 744.1-ci, 745.5-ci, 746.1-ci, 746.3-cü 747-5.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya faiz borcuna görə ödənişi çox ödəyir. Hər ay ödəmiş olduğu pulun borcundan silinməməsi iddiaçı tərəfindən ona edilmiş ədalətsiz və qanunsuz hərəkətdir. Pul vəsaiti tərəfindən qaytarılmışdır. Məhkəmə işə baxarkən iddianı qismən təmin edərkən pulu necə ödəyəcəyi hissəsinə hüquqi qiymət verməmişdir, çünki pul ödənilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə Cavabdeh borcunu tam ödəməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh öz şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar