Azərbaycan Respublikası adından Qətnamə İş № e-2(3-9)-972/2026 01.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, məhkəmə katibi X4, cavabdeh cavabdeh1 iştirakı ilə, İmişli Rayon Мəhkəməsinin ## ####### 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı LPO «xxxx» ASC-nin cavabdehlər cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: LPO «xxxx» ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 30 faizlə 24 ay müddətinə 5000 USD məbləğində kredit vermişdir. ##.##.2015-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh2 və cavabdeh3 cavabdeh1 ilə LPO «xxxx» ASC-nin arasında bağlanmış ##.##.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. LPO «xxxx» ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2017-ci il tarixli “Əlavə Saziş №*”-yə əsasən ##.##.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi restruktizasiya olunmuş, borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 4645.99 AZN müəyyən edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti 30 ay olmaqla ##.##.2019-cu il tarixədək uzadılmış, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 %-lə ödənilməlidir. İddiaçı LPO «xxxx» ASC cavabdehlər, cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı LPO «xxxx» ASC-nin xeyrinə cavabdehlər, cavabdeh1, cavabdeh2 və cavabdeh3 1116.24 manat əsas borc, 664.67 manat faiz borcu, 2130.67 manat cərimə, 167.84 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc və ödənilmiş dövlət rüsumuna görə 60.80 manatın tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh1 ilə bağlanmış ## ###### 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. ##.##.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 4645.99 (dörd min altı yüz qırx beş manat 99 qəpik) AZN təşkil etmiş, kreditin müddəti ##.##.2019-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh cavabdeh1 kredit verilərkən cavabdeh2, cavabdeh3 ilə Bank arasında ## ###### 2015-ci il tarixli Zaminlik müqaviləsi və ##.##.2017-ci il tarixli Zaminlik Müqaviləsi üzrə Əlavə Saziş bağlanmışdır. Bu müqavilənin 4.1ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İmişli Rayon Мəhkəməsinin (hakim Ü.Qənbərov) ## ####### 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh1 1116.24 (min yüz on altı manat iyirmi dörd qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 60.80 (altmış manat səksən qəpik) manat tutulub iddiaçı LPO «xxxx» ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı LPO «xxxx» ASC-nin apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı LPO «xxxx» ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətində göstərilir ki, tərəflər arasında ********* nömrəli kredit müqaviləsi üzrə sonuncu dəfə bağlanmış ##.##.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD = 1.55 AZN) 4645.99 (dörd min altı yüz qırx beş Manat 99 qəpik) AZN təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti 30 ay olmaqla ##.##.2019-cu il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödənilməli idi. Kredit müqaviləsi üzrə sonuncu dəfə bağlanmış ##.##.2017-ci il tarixli Əlavə Saziş üzrə ##.##.2022-ci il tarixə cavabdeh1 kredit üzrə cəmi borcu 4079.42 (dörd min yetmiş doqquz manat 42 qəpik) AZN təşkil etmişdir. Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışdan aydın olur ki, cavabdehin LPO İddiaçı ASC-yə olan kredit borclarına 3817.20 (1209.31+2607.89) manat kompensasiya hesablanmış, devalvasiya nəticəsində cavabdehə dəymiş zərər (artan məzənnə fərqi) bank tərəfindən qarşılandığı, yəni cavabdehin banka olan kredit borlarına 1303.06 Manat güzəşt olunduğu üçün, kompensasiyanın məbləği həmin güzəşt məbləği qədər azaldılaraq cəmi 2514.13 Manat məbləğində müəyyən edilmişdir. İzahatlar Prosessual məsələlər Cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, 2015-ci il ## ###### tarixindən kredit götürmüşdür və o vaxtdan da ödəniş edir. Həmin tarixdən bəri kredit ödənişlərini gecikdirməmişdir. Zamin duran şəxslər onun dostlarıdır, onlara görə kredit ödənişlərini mütəmadi ödəyir. Mərkəzi bankın saytına girir, orada onun əsas borcu 516 manat göstərir. Kompensasiyanı ona verdikdən 2 il 7 ay sonra ona bildiriş göndəriblər ki, sənin borcun var. O 12450 min manat vəsaiti ödəmişdir. Digər cavabdehlərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi elektron informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı qətnamənin iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. İşə apellyasiya şikayəti həddində baxılır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmışdır: LPO «xxxx» ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 30 faizlə 24 ay müddətinə 5000 USD məbləğində kredit vermişdir. ##.##.2015-ci il tarixli ********* nömrəli Zaminlik müqaviləsinə əsasən cavabdeh2 və cavabdeh3 cavabdeh1 ilə LPO «xxxx» ASC-nin arasında bağlanmış ##.##.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. LPO «xxxx» ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2017-ci il tarixli “Əlavə Saziş №*”-yə əsasən ##.##.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi restruktizasiya olunmuş, borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 4645.99 AZN müəyyən edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti 30 ay olmaqla ##.##.2019-cu il tarixədək uzadılmış, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilməlidir. İşin hallarından görünür ki, müqavilə üzrə borclu olan cavabdeh borcunu sonuncu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi borcu yalnız əsas borcludan tutmuş, zaminlərə münasibətdə iddianı təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, zaminliyə xitam verilmiş hesab edilməlidir. Kollegiya bu hissədə məhkəmənin mövqeyi ilə razılaşır. Qüvvədə olan qanunvericilik (mübahisələndirilib- mübahisələndirilməməsindən asılı olmayaraq) zaminliyə xitam verilməsinin hallarını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 477.0.4-cü maddəsi ümumi halda zaminlik müqaviləsinin qüvvədə olmasını həmin müqavilənin özündə müəyyən edilmiş konkret müddətin bitməsi ilə məhdudlaşdırmış, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı günlə şərtləndirmişdir. Birinci halda, zaminlik müqaviləsinin müddəti konkretdir. İkinci halda, müqavilənin müddəti qeyri-müəyyən olsa da əsas öhdəliyin icra müddəti ilə şərtləndirilməklə məhdudlaşdırılmışdır. (Nisbi məhdudlaşdırılmışdır). Zaminlik müqaviləsinin qüvvədə olma müddəti mütləq olaraq qeyri-müəyyən deyil, hər bir halda müddətlə şərtləndirilmişdir (məhdudlaşdırılmışdır). İşin hallarından görünür ki, zaminlik ##.##.2017-ci il tarixli “Əlavə Saziş №*” müqaviləsində 24 ay müddətinə ödənilməsi nəzərdə tutulan kredit müqaviləsinin müddətinin bitməsi ilə məhdudlaşdırılmışdır. Zaminlik müqaviləsinin təmin etdiyi kredit müqaviləsi 24 ay müddətinə bağlanmışdır. Yəni əsas öhdəliyin icrası müddəti konkretdir. Zaminlik müqaviləsi kredit müqaviləsi ilə bağlıdır. Müqavilənin bitdiyi müddətdən sonrakı il ərzində onlardan borc tələb edilməmişdir. Qanunun tələbinə görə, konkret müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Ona görə bu baxımdan zaminlərdən borcun tələb edilməsi əsassızdır və bu hissədə qətnaməni ləğv etmək üçün əsas yoxdur. Kollegiya faiz və cərimə borcunun tutulmasının rədd olunması hissədə məhkəmənin mövqeyi ilə razılaşmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlərdən borcunu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin hallarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu icranı gecikdirmə sayılmalıdır. Ona görə də faiz və cərimə borcu cavabdehdən haqlı olaraq tələb edilmişdir. Cavabdeh ##.##.2017-ci il tarixli Əlavə Sazişin şərtlərini yerinə yetirməmişdir. Cavabdeh borcu hissə-hissə ödədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya cavabdehə hesablanmış cərimə məbləğinin azaldılmasını, 50 manat müəyyən edilməsini məqsədəuyğun sayır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən- faiz və cərimə borcunun tutulmasının təmin edilməməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, 664,67 manat faiz borcu, 50 manat cərimə məbləği cavabdehdən tutulmalı, iddia qalan hissədə təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: İddiaçı LPO «xxxx» ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Мəhkəməsinin ## ####### 2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən- faiz və cərimə borcunun tutulmasının təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. cavabdeh1 664,67 manat faiz borcu, 50 manat cərimə məbləği tutulub ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-972/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-972/2026
01.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver