Məhkəmə qərarları › İş №e-2(5-102)-47/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-102)-47/2026

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-102)-47/2026 13.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC ilə Cəfərov Fikrət Qarakişi oğlu arasında bağlanılmış BPM**********86 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cəfərov Fikrət Qarakişi oğluna illik 20% ilə 48 ay müddətinə 11.000 manat kredit verilmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən Cəfərov Fikrət Qarakişi oğlunun xx.xx.2024-cü il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. 3 saylı Bakı “Asan Xidməti” Mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş “elektron notariat” X1 çıxarışa əsasən Cavabdeh2 və Cavabdeh1 Cəfərov Fikrət Qarakişi oğlunun vərəsələri olduğu məlum olmuşdur. Yuxarıda qeyd edilən kredit müqaviləsinə əsasən kredit götürən şəxsin əsas borca görə 6882,74 manat, faiz borcuna görə 2,82 manat olmaqla cəmi 6885, 56 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 88,86 manat dövlət rüsumu və 0.40 manat bank haqqı ödənilmişdir. Hazırki cavabdehlərə xx.xx.2025-ci il tarixdə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cəfərov Fikrət Qarakişi oğlunun vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********86 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 6882.74 AZN, faiz borcuna görə 2.82 AZN olmaqla, cəmi 6885,56 manat məbləğinin, ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 88,86 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi Ləman Talıbova- Əhmədova ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Borcverən” qismində "xxxx" ASC ilə “Borcalan” qismində Cəfərov Fikrət Qarakişi oğlu arasında bağlanılmış BPM**********86 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Borcalana istehlak məqsədilə 48 ay müddətinə qaytarmaq şərti ilə, illik 20% ödəmək şərti ilə 11.000 manat məbləğində kredit vermişdir. İş üzrə 3 saylı Bakı “Asan Xidməti” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən Cəfərov Fikrət Qarakişi oğlu xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 439 No ilə qeyd edilmişdir. İş üzrə “Elektron notariat” X1 çıxarışa əsasən Cavabdeh2 və Cavabdeh1 vəfat etmiş (miras qoyan) Cəfərov Fikrət Qarakişi oğlunun qanun üzrə vərəsələri kimi tanınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, şəhadətnamə verilən miras əmlak Cəfərov Fikrət Qarakişi oğlu əmək qabiliyyətini itirdiyinə görə, həmçinin vəfat etdiyinə görə iş yerindən hesablanmış müavinət və istifadə olunmamış məzuniyyətə görə kompensasiyadan ibarətdir. Miras əmlaka daxil olan ümumi pul məbləği 2452,21 manat təşkil edir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cəfərov Fikrət Qarakişi oğlunun BPM**********86 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcu 6882.74 AZN, faiz borcuna görə 2.82 AZN olmaqla, cəmi 6885,56 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cəfərov Fikrət Qarakişi oğlu arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqavilə üzrə F.Cəfərova 48 ay müddətinə, illik 20% ödəmək şərti ilə 11.000 manat kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, F.Cəfərov xx.xx.2024-cü il tarixdə vəfat etmiş və onun kredit müqaviləsi üzrə ödənilməmiş 6885,56 manat öhdəliyi qalmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, kredit alan Cəfərov Fikrət Qarakişi oğlunun ölümündən sonra onun vərəsələri olan hazırkı iş üzrə cavabdehlərə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 470, 472, eləcə də 1146,1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit alan və mərhum Cəfərov Fikrət Qarakişi oğlunun vərəsələri kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əldə etdiyindən onlar mərhum Cəfərov Fikrət Qarakişi oğlunun kredit müqaviləsi üzrə borclunun öhdəliklərinə görə cavabdehlik daşıyan şəxslərdir və iddiaçı hazırki tələblə onlara qarşı çıxış etməkdə tam haqlı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Beləliklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə borclu olan Cəfərov Fikrət Qarakişi oğlunun öhdəliklərinə görə cavabdehliyi qanunla müəyyən olunduğu üçün və iddiaçı tələbin sahibi kimi həmin borcun cavabdehdən tələb etməkdə haqlı hesab edilməlidir. Lakin məhkəmə hesab edir ki, cavabdehlər miras qoyanın vərəsələri kimi yalnız qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə məsuliyyət daşıya bilərlər. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəlləsinin 1306.4-cü maddəsinə əssən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Göstərilən Məcəllənin 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Eyni zamanda məhkəmə qeyd edir ki, vərəsələr yalnız miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Yuxarıda qeyd edildiyi kimi cavabdehlər miras qoyanın vərəsələri kimi miras qoyana məxsus 2452,21 manat məbləğində pul vəsaitinin əldə edilməsi ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər yalnız həmin məbləğ həddində iddiaçı qarşısında öhdəlik daşıya bilərlər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vəfat etmiş kredit götürən şəxsin kredit müqaviləsi üzrə yaranmış borcun əvəzi kimi cavabdehlərdən iddiaçının xeyrinə 2452,21 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən təmin edilmiş tələbə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 44,52 manat və bank xidmət haqqının əvəzi kimi 0,40 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə BPM**********86 nömrəli xx.xx.2022-ci il tarixli saylı kredit müqaviləsi üzrə yaranmış borcun əvəzi kimi 2452,21 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44,52 manat və 0,40 manat xidmət haqqı, cəmi 2497,13 (iki min dörd yüz doxsan yeddi manat, on üç qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar