Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(5-103)-194/2026 18.03.2026 BAKI ŞƏHƏRI SURAXANI RAYON MƏHKƏMƏSI Hakim Məmmədov Məmməd Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Kərimli İstək Cavanşir oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı İddiaçı cavabdeh Kərimli İstək Cavanşir oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Kərimli İstək Cavanşir oğlundan 900 manat pul, əldən çıxmış faydaya görə borc tam qaytarılana qədər 10 faiz olmaqla, hər ay 170 manat pul, məhkəməyə ərizə yazmaq və məhkəmə proseslərində iştirakla bağlı çəkilən xərclərə görə 560 manat maddi ziyan və 1000 manat mənəvi ziyana görə pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Kərimli İstək Cavanşir oğlu 2024-cü ilin aprel ayında ona zəng edərək idman zalı üçün tatamilər almaq istədiyini bildirmişdir. Həmin vaxt onda 35 ədəd tatami olmuşdur. Aralarındakı razılığa əsasən tatamilər üçün ümumilikdə 1700 manat qiymət müəyyən etmişlər. İstək Kərimli 2024-cü ilin aprel ayında 35 ədəd tatamini iddiaçıya məxsus evdən gəlib götürmüşdür. Razılığa əsasən cavabdeh 1700 manat pulu hər ay 100 manat olmaqla iddiaçıya geri qaytarmalı idi. Cavabdeh öhdəliyini icra etməmiş və nəticədə iddiaçıya 900 manat borcu qalmışdır. Həmin pulun qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etmişdir, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək pulun ödənilməsini təmin etmir. Cavabdehlə onun arasında borcun qaytarılmasına dair “whatsapp” danışıqları olmuş, həmçinin video görüntülər mövcuddur. Borc müqaviləsi bağlamaq üçün cavabdehə müraciət etsə də o, müqavilə bağlamaq üçün gəlməmişdir. Cavabdeh onun etibarından və xəstəliyindən istifadə edərək onu aldatmışdır. Borcla bağlı “102” xidmətinə zəng edib bildirsədə, Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsindən ona bildirmişlər ki, mübahisə mülki xarakterlidir və məhkəməyə müraciət etməlidir. Tələbin artırılması. İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi verilərkən ödənilmiş 42.5 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehi bir neçə ildir tanıyır, 2024-cü ilin aprel ayında İstək Kərimli 35 ədəd işlənmiş “cüdo tatamisi”ni gəlib onun evindən götürmüşdür. Onlar tatamilərin satış qiymətinin (bir ədədinin dəyəri 50 manat olmaqla) 1700 manata olması ilə bağlı razılığa gəliblər. Cavabdeh 1700 manat puldan cəmi 800 manat ödəmiş, 900 manat isə ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İddiaçı tərəfindən təqdim edilmiş 1 ədəd CD diskdə olan video yazı (video çəkilişdə cavabdeh iddiaçıdan 34 ədəd tatami aldığını, qiyməti və ödəniş şərtlərini etiraf edir). İşin faktiki halları. İddiaçı İddiaçı ilə cavabdeh Kərimli İstək Cavanşir oğlu arasında şifahi formada hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması müqaviləsi bağlanmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2021-ci il tarixli Qərarı. “... Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. “....Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli Qərarının 4.13-cü bəndinə görə müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqısatqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi. Məhkəmə mübahisənin həlli zamanı iddiaçı tərəfindən təqdim edilmiş bir ədəd CD diskdə əks olunmuş video görüntünü qiymətləndirərkən qeyd edir ki, video çəkilişdə cavabdeh Kərimli İstək Cavanşir oğlu və iddiaçı İddiaçı küçədə yan-yana dayanmış vəziyyətlə görünürlər. Çəkiliş zamanı hər hansı kənar təsir və müdaxilə halı müşahidə olunmur. İstək Kərimli kameraya baxaraq iddiaçı İddiaçı ümumi dəyəri 1700 manat olan 34 ədəd tatami (birinin dəyəri 50 manat olmaqla) aldığını sərbəst şəkildə etiraf edir, satılan əşyanın dəyərinin hansı qaydada və hansı məbləğdə olmaqla qaytarılmalı olduğunu izah edir. Göründüyü kimi, qeyd olunan video yazı tərəflər arasında yaranmış mübahisəyə birbaşa aid olmaqla iddiaçı ilə cavabdeh arasında 34 ədəd tataminin alğı-satqısına dair müqavilənin bağlanmasını, satılan malın dəyəri və onun ödənilmə qaydasını, sayını, yəni iş üçün mühüm əhəmiyyət kəsb edən halları özündə əks etdirir. Bu baxımdan məhkəmə hesab edir ki, təqdim edilmiş video yazı işə aid olan sübut kimi qiymətləndirilməlidir. Eyni zamanda, video yazının əldə edilməsində və təqdim olunmasında qanunvericiliyin tələblərinin pozulması hallarına rast gəlinmir, çəkiliş zamanı cavabdehin iradəsinə kənar təsirin göstərilməsi və ya onun sözlərinin təhrif edilməsi müəyyən edilmir. Bu səbəbdən məhkəmə həmin video yazını MPM-nin 76.3-cü maddəsinin tələblərinə görə qəbuledilən hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı və cavabdeh İstək Kərimli arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə əsasında cavabdehə ümumilikdə 1700 manat dəyərində olan 34 ədəd tatamini (idman döşəyini) satmışdır. Tərəflər arasında müqavilə şifahi formada bağlanmışdır ki, bu hal Mülki Məcəllənin 329.2-ci maddəsinə uyğundur. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığına səbəb olan hal müəyyən edilmir. Beləliklə, Məhkəmə iddiaçının izahatını, cavabdehin video yazıda əks olunan etirafını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək müvafiq əşyanı cavabdehə təhvil vermişdir. Cavabdeh isə müqavilə üzrə pul öhdəliyini vaxtında və müqavilədə nəzərdə tutulmuş qaydada icra etməmişdir. Məhkəmə bu halı öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirir. Bu səbəbdən ödənilməmiş 900 manat məbləğində əsas borcun tutulması barədə iddia tələbi Mülki Məcəllənin 600.4cü maddəsinin tələbləri baxımından qanuni və əsaslı hesab edilməlidir. Tatamilərin sayı ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehə ümumilikdə 35 ədəd tatami satdığını bildirsə də, cavabdeh video yazıda ona 34 ədəd tataminin satıldığını etiraf edir. Həmçinin, Məhkəmənin baxış iclasında iddiaçı da cavabdehə 34 ədəd tatami satdığını bildirir. Bundan başqa tərəflərin razılaşmasına əsasən tatamilərinin ümumi dəyərənin 1700 manat olması da (birinin dəyəri 50 manat olmaqla) say-qiymət uyğunluğu baxımından tatamilərin sayının 34 ədəd olması nəticəsinə gəlməyə əsas verir. (34x50=1700) Eyni zamanda iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən əldən çıxmış faydaya görə borc tam qaytarılanadək 10 faiz olmaqla, hər ay 170 manat pul, məhkəməyə ərizə yazmaq və məhkəmə proseslərində iştirakla bağlı çəkilən xərclərə görə 560 manat maddi ziyan və 1000 manat mənəvi ziyana görə pulun tutularaq ona ödənilməsini xahiş edir. İddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərə həm real zərər, həm də şəxsin hüququ pozulmasaydı əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) daxildir. Lakin əldən çıxmış faydanın ödənilməsi üçün həmin gəlirin real və mümkün olması, habelə hüquq pozuntusu ilə həmin gəlirin əldə olunmaması arasında səbəbli əlaqənin mövcudluğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən əldən çıxmış faydaya görə tələb edilən (pul tam olaraq geri qaytarılanadək hər ay 170 manat olmaqla) məbləğin hansı əsasla formalaşdığı, bu gəlirin hansı fəaliyyət nəticəsində əldə olunmalı olduğu və əldə edilmə imkanının mövcudluğu, həmçinin, bu məbləğin hesablanma qaydası, həmin gəlirin əldə olunmasının mümkünlüyü, habelə cavabdehin hərəkətləri ilə bu gəlirin əldə edilməməsi arasında səbəbli əlaqənin olması iddiaçı tərəfindən əsaslandırılmamış və bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda Məhkəmə tələbin bu hissəsini əsassız hesab edir. İddiaçının 560 manat məbləğində maddi ziyan tələbinə münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən bu xərclərin çəkilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə tələbin bu hissəsini də əsassız hesab edir. İddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəliklə bağlı olub iqtisadi xarakter daşıyır. Müqavilə öhdəliklərinin pozulması, bir qayda olaraq, müqavilə tərəflərinin əmlakına təsir göstərir və avtomatik olaraq mənəvi zərərin yaranmasına səbəb olmur. Müqavilə öhdəliklərinin pozulması mənəvi zərərin ödənilməsi üçün o zaman əsas ola bilər ki, bu cür pozuntu müqavilə tərəfinin şəxsiyyət hüquqlarına müdaxilə ilə nəticələnmiş olsun. Lakin Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının şəxsiyyət hüquqlarına hər hansı müdaxilə halı müəyyən edilməmiş, iddiaçı isə bu cür halların mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin bu hissəsini də əsassız hesab edir. Məhkəmə xərcləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı İddiaçı tərəfindən məhkəməyə 42.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Kərimli İstək Cavanşir oğlundan 900 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Kərimli İstək Cavanşir oğlundan 900 (doqquz yüz) manat pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №e-2(5-103)-194/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-103)-194/2026
18.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver