Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-103)-383/2026 02.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Məmməd Əhməd oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ondan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Hoffman markalı paltaryuyan, qızıl zəmanət ultra 2 il xidməti üçün 395.89 manat qalıq borc, 39.59 manat cərimə olmaqla, cəmi 435.48 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqavləyə əsasən cavabdeh Hoffman markalı paltaryuyan, qızıl zəmanət ultra 2 il xidməti almış və nəticədə 435.48 manat borc yaranmışdır. Cavabdeh ümumi borcundan cəmi 111.17 manat ödəmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək 435 manat qalıq borcun iki dəfəyə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 435.48 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilədən görünür ki, İddiaçı MMC müqavilədə göstərilən müştəriyə Hoffman markalı paltaryuyan, qızıl zəmanət ultra 2 il xidmətini müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. Müqavilə Cavabdeh və ABC-Telecom” MMC-ni təmsil edən X1 tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. xx.xx.2024-cüil tarixli müqaviləyə əlavədən görünür ki, bir ədəd Hoffman markalı paltaryuyanın qiyməti 432 manat, ödənişin təminat xidmətinin qiyməti 18.99 manat, qızıl zəmanət Ultra + 2 il xidmətinin qiyməti isə 56 manatdır və Cavabdeh xx.xx.2024 – xx.xx.2026-cı il tarixləri arasında məhsulun dəyərini hissə-hissə hər ay 28.17 manat olmaqla ödəməlidir. xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə borcundan 111.17 manat ödəmiş, 395.89 manat qalıq borc, 39.59 manat cərimə olmaqla, cəmi 435.48 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzən görünür ki, iddiaçı 30 manat dövlət rüsumunu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandıraraq, hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malları borcluya vermişdir. Borclu isə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən müqavilə üzrə ödənilməmiş 395.89 manat əsas borc, 39.59 manat cərimə olmaqla, cəmi 435.48 manat məbləğində borc və 30 manat dövlət rüsumu kimi ödənilmiş pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi icra mərhələsində tərəflərin müraciətinə əsasən işə baxmış məhkəmə tərəfindən həll edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 57.740-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 395.89 (üç yüz doxsan beş manat səksən doqquz qəpik) manat əsas borc, 39.59 (otuz doqquz manat əlli doqquz qəpik) manat cərimə olmaqla, cəmi 435.48 (dörd yüz otuz beş manat qırx səkkiz qəpik) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №e-2(5-103)-383/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-103)-383/2026
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver