Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-103)-46/2026 09.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 aprel 2024-cü il tarixli GRHH188 nömrəli və 30 iyul 2024-cü il tarixli GRHH296 nömrəli nisyə alğı-satqı müqavilələri üzrə 4557,42 manat məbləğində borcun, 65,58 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddiaçı tələbini onunla əsaslandırmışdır ki, satıcı "xxxx" MMC ilə cavabdeh arasında 29 aprel 2024-cü il tarixli GRHH188 nömrəli və 30 iyul 2024-cü il tarixli GRHH296 nömrəli nisyə alqı-satqı müqavilələri (bundan sonra “Müqavilə”lər adlandırılacaq) imzalanmışdır. 29 aprel 2024-cü il tarixli GRHH188 nömrəli müqaviləyə əsasən satıcı cavabdehə müqavilənin əlavəsində göstərilən 01 ədəd “Gree” markalı kondisioneri və “Honor” markalı mobil telefonu, 30 iyul 2024-cü il tarixli GRHH296 nömrəli müqaviləyə əsasən isə satıcı cavabdehə müqavilənin əlavəsində göstərilən 01 ədəd “LG” markalı televizoru satmağı, cavabdeh isə GRHH188 nömrəli müqavilə ilə nəzərdə tutulan malların dəyərini satıcıya 1ci ay 75 manat, 11 ay ərzində 121 manat, sonuncu ay isə 118,98 manat olmaqla, cəmi 1524,98 manat məbləğində, GRHH296 nömrəli müqavilə ilə nəzərdə tutulan malın dəyərini satıcıya 1-ci ay 165 manat, 11 ay ərzində 275 manat, sonuncu ay isə 274,99 manat olmaqla, cəmi 3464,99 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Malların nisyə satış müqavilələrinə 2 saylı əlavədə, təhvil-təslim aktında göstərilən 03 ədəd mallar cavabdehə təhvil verilmişdir. Müqavilələrin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında 29 aprel 2024-cü il tarixli GRHH188 nömrəli və 30 iyul 2024-cü il tarixli GRHH296 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə qalıq borcu 4265,97 manat təşkil edir. Müqavilələrin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilələr üzrə cərimə borcu 291,45 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehin iddiaçı qarşısında 29 aprel 2024-cü il tarixli GRHH188 nömrəli və 30 iyul 2024-cü il tarixli GRHH296 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə 4265,97 manat qalıq borcu, 291,45 manat cərimə borcu olmaqla, cəmi 4557,42 manat borcu yaranmışdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və müəyyən edilən faktiki hallar xx.xx.2024-cü il tarixli, GRHH188 nömrəli nisyə alğı-satqı müqaviləsi və ona edilən əlavədən müəyyən olunur ki, "xxxx" MMC cavabdehə müqaviləyə əsasən 12 ay müddətinə qiyməti 1524,98 manat olan nisyə mal satmış, cavabdeh isə onu qəbul edib, malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, GRHH188 nömrəli, xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinin 1 nömrəli əlavəsində nəzərdə tutulan mallar alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, GRHH296 nömrəli nisyə alğı-satqı müqaviləsi və ona edilən əlavədən müəyyən olunur ki, "xxxx" MMC cavabdehə müqaviləyə əsasən 12 ay müddətinə qiyməti 3464,99 manat olan nisyə mal satmış, cavabdeh isə onu qəbul edib, malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, GRHH296 nömrəli, xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinin 1 nömrəli əlavəsində nəzərdə tutulan mallar alıcıya təhvil verilmişdir. "xxxx" MMC (Sifarişçi) və “X1” MMC (İcraçı) arasında xx.xx.2025-ci il tarixdə bağlanmış 12/25 nömrəli kollektor xidmətlərinin göstərilməsi haqqında faktorinq müqaviləsindən müəyyən olunur ki, borcludan pul tələb etmək hüququ “X1” MMC-yə keçmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından müəyyən olunur ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə həmin tarixə 965,98 manat əsas borc və 62,76 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə həmin tarixə 3299,99 manat əsas borc və 228,69 manat cərimə borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişlərdən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrası ilə əlaqədar çağırışa riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Maddə 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Maddə 656. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İş materiallarına əlavə edilmiş faktorinq müqaviləsindən və ona əlavə olunmuş sazişdən müəyyən olunur ki, "xxxx" MMC-nin borcluya qarşı olan tələb hüququ iddiaçıya keçmişdir. Bununla da iddiaçının borcluya qarşı tələb irəli sürmək üçün subyektiv hüququ yaranmışdır. Cavabdeh göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alğı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, MM- nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikfə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan GRHH188 nömrəli xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 62,76 manat və GRHH296 nömrəli xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 228,69 manat cərimə məbləği tənasübsüz yüksək məbləğdir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 110 manat dəbbə pulunun cavabdehdən tutulmasını məhkəmə məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, cavabdeh tərəfindən öhdəliklərin vaxtında və lazımı qaydada icra edilməməsinə görə (vicdanlılığın tələb etdiyi tərzdə) xx.xx.2024-cü il tarixli, GRHH188 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə iddiaçının xeyrinə 965,98 manat əsas və 30 manat cərimə, xx.xx.2024-cü il tarixli, GRHH296 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə iddiaçının xeyrinə 3299,99 manat əsas və 110 manat cərimə olmaqla, cəmi 4405,97 manat məbləğində borcun tutulması qənaətinə gəlir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 65,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (4405,97 manat) mütənasib olan hissəsi (64,06 manat) cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh GRHH188 nömrəli, xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 965,98 (doqquz yüz altmış beş manat doxsan səkkiz qəpik) manat əsas borc, 30 (otuz) manat cərimə borcu, GRHH296 nömrəli, xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 3299,99 (üç min iki yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat əsas borc və 110 (yüz on) manat cərimə olmaqla, cəmi 4405,97 (dörd min dörd yüz beş manat doxsan yeddi qəpik) manat məbləğində borc və 64,06 (altmış dörd manat altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(5-103)-46/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-103)-46/2026
09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver