Məhkəmə qərarları › İş №e-2(5-103)-506/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-103)-506/2026

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-103)-506/2026 06.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, BE168019 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 163.49 manat və xx.xx.2024-cü il tarixli, BE094926 nömrəli nisyə alğısatqı müqaviləsi üzrə 336.39 manat olmaqla, cəmi 499.88 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BE168019 nömrəli nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 1-dən gec olmamaqla 34 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BE094926 nömrəli nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 2-dən gec olmamaqla 43 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE168019 nömrəli müqavilə üzrə 163.49 manat əsas borc, 0 manat cərimə borcu, BE094926 nömrəli müqavilə üzrə 336.39 manat əsas borc, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 499.88 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2024-cü il tarixli, BE168019 nömrəli müqavilədən görünür ki, “Satıcı” bu müqaviləyə əsasən qiyməti 395.49 manat olan avadanlığı “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib, avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, BE168019 nömrəli nisyə alğı-satqı müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 34 manat məbləğində olmaqla (sonuncu ay 31.49 manat) ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, BE168019 nömrəli müqaviləyə əlavə olan təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh nisyə alğı-satqı müqaviləsində nəzərdə tutulmuş malları təhvil almışdır. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, BE168019 nömrəli müqavilə üzrə borcundan ümumilikdə 232 manat ödəmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra İddiaçı MMC-yə 163.49 manat məbləğində borcu qalmışdır. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, BE168019 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş, həmin borcun ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2024-cü il tarixli, BE094926 nömrəli müqavilədən görünür ki, “Satıcı” bu müqaviləyə əsasən qiyməti 768.39 manat olan avadanlığı “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib, avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, BE094926 nömrəli nisyə alğı-satqı müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 43 manat məbləğində olmaqla (sonuncu ay 40.39 manat) ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, BE094926 nömrəli müqaviləyə əlavə olan təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh nisyə alğı-satqı müqaviləsində nəzərdə tutulmuş malları təhvil almışdır. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, BE094926 nömrəli müqavilə üzrə borcundan ümumilikə 432 manat ödəmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra İddiaçı MMC-yə 336.39 manat məbləğində borcu qalmışdır. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, BE094926 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş, həmin borcun ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki,mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malları borcluya vermişdir. Borclu isə alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alğısatqı müqavilələri üzrə ödənilməmiş 499.88 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1.000manatadək olduqda - 30 manatməbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 499.88 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, BE168019 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 163.49 manat və xx.xx.2024-cü il tarixli, BE094926 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 336.39 manat olmaqla, cəmi 499.88 (dörd yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar