Məhkəmə qərarları › İş №e-2(5-104)-199/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-199/2026

03.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-199/2026 03.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 4488,52 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 15 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli X2 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla “X4 haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2024-cü il tarixli 64-x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin 5.1-ci bəndinə əsasən bu Əmək Müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış X4 haqqında Müqavilənin 1-ci bəndinə əsasən, maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 3.3-cü bəndinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddiməsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İnventarizasiya yoxlaması üzrə: İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, əmək müqaviləsindən göründüyü kimi, “Oba –Bayıl 1” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2024-cü il (12702.37 manat) –tarixi üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 12702,37 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin özəl yazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi (İltizamnamənin ikinci vərəqəsinin yuxarı hissəsi “Təhvil verən mağaza müdirinin (maddi məsul şəxs) xüsusi qeydləri”ndə), cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılan çəki və miqdarları qarşılaşdırma vasitəsilə yoxlamış, əskik verən mallarla tanış olmuş, sayımdan heç bir narazılığı olmamışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış “X4 haqqında Müqavilə”nin 3.3-cü bəndinə müvafiq olaraq İmtina Aktını tərtib etmişlər. Cəmiyyətin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 4488,52 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirib, qanunvericiliyin aşağıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsişərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansımülki hüquqimüqavilənin bağlanması tələb olunmur. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulmasıməsələsinimüəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan göründüyü kimi, cavabdeh İMS-də iştirak etməmiş, İddiaçı MMC 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(5-104)-199/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraatın iddia icraata keçirilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixində satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində isə orada administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixində də işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən aparılmış inventarizasiya zamanı mağazada 12702,37 (on iki min yeddi yüz iki manat otuz yeddi qəpik) məbləğində maddi ziyan aşkar olunmuşdur. İnventarizasiya zamanı o, mağazanın (hesablanmasında) iştrak etməmiş, lakin inventarizasiya bitdikdə dəyən maddi ziyanı ona bildirdikdə İddiaçı tərəfindən ona təklif olunmuşdur ki, maddi ziyanla razılaşsın və 12702,37 (on iki min yeddi yüz iki manat otuz yeddi qəpik) mələği ödəmək yerinə 8000 (səkkiz min) manat məbləği ödəməyə təklif etmişdilər. 8000 (səkkiz min) manatı İddiaçı-in rəhbərliyinə ödədikdən sonra ona artıq borclu olmadığına dair vəd vermişdilər və ondan sonra da iddiaçı tərəfindən ona qarşı tələb olmamışdır. Onu da əlavə etmişdir ki, İddiaçı tərəfindən ona 12702 (on iki min yeddi yüz iki) manat məbləğində ödənişin tamami ilə ödənildiyinə dair sənəd verilmişdir və beləliklə də onun iddiaçıya pul borcu qalmamışdır. Müəyyən müddət keçdikdən sonra iddiaçı tərəfindən ona qarşı iddia qaldırılmışdır və tələbdə 4488,52 (dörd min dördyüz səksək səkkiz, əlli iki qəpik) manat ondan tələb olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ilə onun arasında olan razılaşmaya əsasən iddiaçı tərəfindən ona borcunun olmadığına dair sənəd təqdim olunmuşdur. Həmçinin tələb olunan iddiaçı tərəfindən 4488,52 (dörd min dörd yüz səksən səkkiz manat əlli iki qəpik) məbləğ barədə ona heç bir məlumat verilməmişdir, əlaqə nömrəsi iddiaçı tərəfin nümayəndələrində olsa da, ona zənglə belə olsa məlumat deyilməmişdir. Onu da qeyd etmişdir ki, ona göndərilən xəbərdarlıq məktubu onun qeydiyyatı üzrə göndərilmişdir və o, o ünvanda uzun müddətdir ki yaşamır. Həmin ünvanda olan mənzil uzun müddətdir ki, məcburi köçkünlər tərəfindən zəbt olunmuşdur. Yazdıqlarını nəzərə alaraq, iddiada qeyd olunan əlavə məbləğ əsassızdır. Odur ki, qeyd edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 154.2.2, 154.2.3-cü maddəsinin tələblərini rəhbər tutaraq; İddiaçı-MMC-nin iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə ərizə məhkəməyə ünvanlayaraq bildirmişdir ki, aidiyyatı işi müdafiə edirlər. Ezamiyyətlərlə əlaqədar prosesdə iştirak edə bilməyəcəklər. İclasda çıxış üçün əhəmiyyətli sözlər demək məqsədi ilə hazırkı iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, o, borcunu artıqlaması ilə ödəmiş, bu barədə ona verilən qəbzi də məhkəməyə təqdim etmişdir. İddiaçının şirkətinə yaxınlaşıb, məsələni aydınlaşdırmaq istədikdə isə müxtəlif bəhanələr deyib, əsaslı cavab verməmişlər. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh İddiaçı MMC-nin satış departamentində satış şöbəsinin satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. - İddiaçı MMC-nin 18 aprel 2023-cü il tarixli 048/İQ saylı əmrdən çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2023-cü il tarixindən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və ona əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilmişdir. - 07 avqust 2023-cü il tarixli X4 haqqında müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh ilə X4 və kommersiya sirrinin yayılmaması barədə müqavilə bağlamışdır. - İddiaçı MMC-nin 07 avqust 2023-cü il tarixli 216 saylı əmrdən çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2023-cü il tarixindən administrator vəzifəsinə keçirilmiş və ona əmək haqqı ştat cədvəlinə əsasən 390 manat olmaqla ödənilmişdir. - xx.xx.2024-cü il tarixli 1393 nömrəli növbədənkənar inventarizasiyanın aparılması haqqında əmrə əsasən “Oba-Bayıl1” (261) mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların, mağazaya yeni administrator təyin olunmuş maddi məsul şəxs X1 bilavasitə iştirakı ilə faktiki mövcud olan maddi ehtiyatların, xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlamasını aparmaq məqsədi ilə daimi fəaliyyətində olan inventarizasiya komissiyası növbədənkənar yoxlamanın aparılması üçün işçi qrupunun yaradılması əmr edilmişdir. - xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən imzalanmış iltizamlardan görünür ki, sayımda sonunadək iştirak etmiş, sayılan miqdarlarla tanış olmuş, sayım və komissiya üzvlərinin sayımına dair heç bir iradı yoxdur. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlaması nəticəsində ilkin nəticə olaraq, 12300 manat borc məbləğindən çatışmamazlıq müəyyən edilmişdir. Çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsinin qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdən və rəhbərlik tərəfindən təqdim olunan güzəşt məbləği çıxıldıqdan sonra, Cavabdeh 8000 manat məbləğində Cəmiyyətin hesabına ödəniş etməsini nəzərə alaraq, şəxsin xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 0 manat təşkil edir. - İddiaçı MMC-nin 12 iyul 2024-cü il tarixli 64-x saylı əmrdən çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən AR Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən xitam verilmiş, son haqq-hesab: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. - İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən ona 3 gün müddətində qeyd olunan borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, Oba-Bayıl1 mağazasında həmin mağaza üzrə məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Məsul şəxs Cavabdeh araşdırmanın nəticələri ilə tanış olmamış, heç bir səbəb göstərmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. - İddiaçı MMC-nin 08 may 2025-ci il tarixli arayışına əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2024-cü il tarixində 12702,37 (on iki min yeddi yüz iki manat 37 qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskigəlmələrə görə ümumi olaraq 4488,52 (dörd min dörd yüz səksən səkkiz manat əlli iki qəpik) manat borc qalmışdır. Beləliklə, Cavabdeh 08 may 2025-ci il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 4488,52 (dörd min dörd yüz səksən səkkiz manat əlli iki qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndisə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işçi Cavabdeh mağazanın administratoru olaraq müqavilə əsasında X4li şəxs qismində əmək vəzifələrinin icrası ilə bağlı ciddi nöqsanlara yol verərək işəgötürən İddiaçı MMC-yə 12702,37 (on iki min yeddi yüz iki manat otuz yeddi qəpik) manat maddi zərər vurmuşdur. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 4488,52 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı MMCnin xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlaması nəticəsində ilkin nəticə olaraq, 12300 manat borc məbləğindən çatışmazlıq müəyyən edilmişdir. Çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsinin qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdən və rəhbərlik tərəfindən təqdim olunan güzəşt məbləği çıxıldıqdan sonra, Cavabdeh 8000 manat məbləğində Cəmiyyətin hesabına ödəniş etməsini nəzərə alaraq, şəxsin xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə borcunun qalmaması barədə nüvafiq arayış verilmişdir. Göründüyü kimi, tərəflər arasında olan son razılaşma əsasında İddiaçı MMC-nin Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2024-cü il tarixində 12702,37 (on iki min yeddi yüz iki manat 37 qəpik) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsinin qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdən və təqdim olunan güzəşt məbləği çıxıldıqdan sonra, Cavabdeh 8000 manat məbləğində Cəmiyyətin hesabına ödəniş etməsini nəzərə alaraq, İddiaçı MMC-yə olan borclunun olmaması barədə razılıq əldə edilmişdir. Belə olan halda, 4488,52 manat borcun tələb edilməsinin hüquqi əsası yoxdur. Belə ki, tərəflər arasında mübahisənin həlli üzrə xx.xx.2024-cü il tarixli razılaşma mövcuddur. Həmin razılaşmaya əsasən cavabdehin İddiaçı MMC-yə hər hansı borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355.1-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Həmin Məcəllənin 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar