Məhkəmə qərarları › İş №e-2(5-104)-26/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-104)-26/2026

06.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-104)-26/2026 06.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-1785/2025 saylı Qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü övladı X2 və xx.xx.2021-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş hər ay, hər uşaq üçün minimum əmək haqqının 0,4 misli miqdarında sabit pul məbləğində aliment məbləğinin artırılaraq hər ay, hər uşaq üçün 0,6 misli miqdarında müəyyən olunması və Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş Sabirabad Rayon Məhkəməsinin 2(056)-1785/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə bağlanmış 226 saylı nikah qeydinin pozulması, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-3-cü maddəsinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, formalaşmış məhkəmə təcrübəsinə görə “alimentin indeksasiyası” barədə məsələ mülki məhkəmə icraatı qaydasında deyil, icra icraatı qaydasında həll edilməli, bu cür iddiaların iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı alimentin miqdarının minimum əmək haqqının 0,4 mislindən 0,6 mislinə qaldırılmasını xahiş edir. İddiaçı uşaqların böyüməsini, kurslara və idmana getməsini vəziyyətin dəyişməsi kimi təqdim edir. Məhkəmə qeyd edir ki, uşağın böyüməsi, məktəbə getməsi və dərnəklərdə iştirakı gözlənilməz bir hal deyil, uşağın inkişafının təbii gedişatıdır. Alimentin sabit pul məbləğində müəyyən olunması zamanı məhkəmə onsuz da uşağın gələcək inkişafını və minimum ehtiyaclarını nəzərə alır. Alimentin artırılması üçün qanunvericilik tərəflərin gəlirlərində kəskin artım və ya azalmanı, yaxud uşağın xüsusi qayğıya (məsələn: əlillik, xroniki xəstəlik) ehtiyacı olmasını tələb edir. Qeyd olunmalıdır ki, iddiaçının sadaladığı hallar (kurs xərcləri, taksi, yarışlar) alimentin miqdarının müəyyən edilmiş mislinin artırılması üçün deyil, əlavə xərclərin tutulması üçün əsas ola bilərdi, lakin hazırkı iddia tələbi müəyyən edilmiş mislin artırılması ilə bağlı verilmişdir. Tərəfə izah olunur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1785/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin qəbul edilməsindən qısa bir müddət (3 ay) keçməsinə baxmayaraq, iddiaçı alimentin alimentin miqdarının artıırılmasını təlb edir, lakin alimentin miqdarının dəyişdirilməsi üçün tərəflərdən birinin maddi və ya ailə vəziyyətində ciddi dəyişikliklər baş verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən, əgər məhkəmə tərəfindən alimentin ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin müəyyən misli həddində tutulması həyata keçirilibsə, minimum əmək haqqı artdıqca məbləğin artırılması icra qurumunun rəhbəri və ya işəgötürən tərəfindən mütənasib qaydada hesablanmalıdır. Bu o deməkdir ki, hər dəfə ölkədə minimum əmək haqqı artdıqda, tərəfin yenidən məhkəməyə müraciət etməsinə ehtiyac yoxdur; bu proses icra məmuru tərəfindən avtomatik olaraq həyata keçirilməlidir Beləliklə, Ali Məhkəmənin Plenumunun 15 saylı, xx.xx.2024-cü il tarixli qərarının 8.4- 3-cü bəndinə görə, əgər iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa (yəni qiymət artımı və minimum əmək haqqının artımına əsaslanırsa), bu məsələ icra icraatı qaydasında həll edilməlidir. İddiaçının təsvir etdiyi xərclərin artımı tərəflərin maddi və ailə vəziyyətində alimentin müəyyən edilmiş miqdarının (mislinin) dəyişdirilməsini şərtləndirən müstəsna və kəskin dəyişiklik hesab oluna bilməz. Belə olan halda, iddiaçının tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Bundan başqa məhkəmə hesab edir ki, tələbkar hazırkı ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının: 8.4-2-ci bəndinə əsasən “Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir...” Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya müvafiq ərizə ilə icra icraatı qaydasında ərazi aidiyyatı üzrə Sabirabad Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. İddiaçı izah edilsin ki, müvafiq ərizə ilə icra icraatı qaydasında ərazi aidiyyatı üzrə Sabirabad Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar