Məhkəmə qərarları › İş №e-2(5-104)-325/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-325/2026

11.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-325/2026 11.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul, əsassız varlanma) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli 4650 nömrəli alqı-satqı Müqaviləsinə əsasən satıcı 1 ədəd dəyəri 27000 manat olan “Diolasheer ice 1600” avadanlığının dəyərini xx.xx.2022-ci il tarixdən, xx.xx.2024-cü il tarixədək, hissə-hissə ödəmək şərti ilə alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin əmlakı qəbul edib bu müqavilənin 1.3-cü bəndində göstərinən qrafik üzrə ilkin olaraq 5000 manat ödəniş etmək şərti ilə, birinci və ikinci ay 550 manat, sonra hər ay 950 manat ödəməyi öhdəsinə götürmüşdür.

2. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-417/2025 nömrəli qətnaməsinə əsasən ilk iddia üzrə İddiaçı 18100 manat məbləğində pul və ödənilmiş 144,30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi ilkin iddiaçıya aid edilməsi və qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(107)-124/2025 nömrəli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-417/2025 nömrəli qətnaməsi 18100 manat məbləğində pulun alınması hissəsində qismən ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılması və İddiaçı 8340 manat məbləğdə pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3900 manat pul, ödənilmiş 59 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli, 4650 nömrəli alqısatqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-dən ümumi dəyəri 27000 manat olmaqla “Diolasheer İce 1600” adlı avadanlığını almışdır. Qeyd olunan malın dəyərinin 5000 manat hissəsini ilkin ödəniş qismində müqavilə bağlanan zaman ödəmişdir. Malın qalıq məbləğini, yəni 22000 manatı isə xx.xx.2022-ci il tarixli müqavilənin 1-ci maddəsində qeyd olunan qrafikə əsasən 24 ay ərzində ödəməyi öhdəmə götürmüşdür. O xx.xx.2022-ci il tarixli, 4650 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə pulu "xxxx" MMC-nin təsisçisi və direktoru olan Cavabdeh dediyi qaydada onun bank hesabına ödəmişdir. Bu barədə qəbzləri və “WhatsApp” yazışlamarını məhkəməyə təqdim edəcəkdir. Lakin buna baxmayaraq iddiaçı "xxxx" MMC pul tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4650 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində formalaşmış 20900 manat əsas məbləğin, dövlət rüsumu qismində ödənilmiş 153 manat məbləğinin cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-417/2025 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 18100 manat məbləğində pul və ödənilmiş 144,3 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. O qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(107)- 124/2025 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-417/2025 nömrəli qətnaməsinin 18100 manat məbləğində pulun alınması hissəsində qismən ləğv edilərək həmin hissədə yeni qətnamənin qəbul edilməsi və cavabdeh İddiaçı 8340 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsı qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası öz qətnaməsində qeyd etmişdir ki, “Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, xx.xx.2022-ci il tarixli 4650 nömrəli “Alqı- Satqı Müqaviləsi” satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında imzalanmışdır. Bundan başqa, müqavilədə satıcının bank rekvizitləri qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh aylıq ödənişləri satıcı "xxxx" MMC-nin hesabına ödəməli idi. Lakin iş materiallarından müəyyən edilir ki, cavabdeh ödənişləri MMC-nin hesabına köçürmə qaydasında etməmişdir.” Lakin o 26 iyul 2022-ci il tarixli, 4650 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə pulu "xxxx" MMC-nin təsisçisi və direktoru olan Cavabdeh dediyi qaydada onun bank hesabına ödəmişdir. Lakin işə baxan məhkəmələr həmin pulun "xxxx" MMC-nin bank hesabına deyil, Cavabdeh bank heabına ödənilməsini əsas gətirərək qeyd edilən ödənişləri "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4650 nömrəli “Alqı-Satqı Müqaviləsi” üzrə ödənişlərə aid etməmişlər. Buna görə də hazırda Cavabdeh bank hesabına ödədiyi 3900 manat pulun ondan alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

b) iddiaya etiraz

6. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Borc tələbi ilə bağlı qanuni qüvvəsini almış qətnamələr var. Hazırki iddia tələbi əsassızdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

12. İddiaçının iddia tələbinin əsasını o təşkil edir ki, "xxxx" MMC ilə bağladığı alqısatqı müqaviləsi üzrə ödənişlərin bir qismi MMC-nin direktoru Cavabdeh şəxsi kart hesabına göndərilmişdir və həmin ödənişlər iş üzrə qəbul edilmiş məhkəmə aktlarında nəzərə alınmamış, dolayısı ilə cavabdeh 3900 manat əsassız varlanmışdır.

13. Lakin, iddiaçı və MMC arasında bağlanmış müqavilədən irəli gələn mübahisə üzrə qəbul edilmiş yekun və qanuni qüvvəsini almış məhkəmə aktı olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(107)-124/2025 nömrəli qətnaməsi ilə borc müəyyən edilərkən iddiaçının istinad etdiyi, cavabdehin şəxsi kartına göndərilmiş 3900 manat məbləğ də nəzərə alınmışdır.

14. Qətnamənin əsaslandırıcı hissəsindən qeyd olunmuşdur: “Göründüyü kimi, cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərdən onun tərəfindən iddiaçının nümayəndəsi Cavabdeh məxsus bank kartına cəmi 3900 manat məbləğində pul köçürülməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən edilmiş digər ödənişlərin nəzərə alınmaması ilə bağlı isə qeyd edir ki, iş materiallarında 3900 manatlıq qəbzdən başqa hər hansı qəbz mövcud deyildir.”

15. Göründüyü kimi, iddiaçının istinad etdiyi faktiki hal öz təsdiqini tapmamaqla, əksinə işin halları ilə təkzib olunur.

16. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

17. Hazırkı halda cavabdehin şəxsi kart hesabına ödənilmiş məbləğin müqavilə əsası olmuş və cavabdeh müqavilə tərəfi MMC-nin nümayəndəsi olmaqla, cavabdehə göndərilmiş məbləğin təyinatı müqavilə öhdəliklərinin icrası olmuşdur.

18. Odur ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia rədd edilməlidir.

19. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırkı iddia rədd edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində də iddia tələbi əsaslı deyil.

20. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar