Məhkəmə qərarları › İş №e-2(5-104)-371/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-104)-371/2026

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-104)-371/2026 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseynov Fuad Ələsgər oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Nagiev Orudja qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsini və ona əlavə edilən sənədləri araşdıraraq, МÜƏYYƏNЕТDİМ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Nagiev Orudja qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, ərizədə cavabdeh Nagiev Orudjun qeydiyyat ünvanı etibarlılıq müddəti başa çatmış sənədə istinadla Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, ev 33 kimi göstərilsə də, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət məlumatlarından görünür ki, cavabdeh Nagiev Orudjun daimi yaşamaq üçün icazə vəsiqəsi üzrə qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan südçülük sovxozu yaşayış sahəsidir. Bundan əlavə, digər Cavabdeh1 qeydiyyatda olduğu ünvan Bakı şəhəri Yasamal rayonunda yerləşmir. Belə olan halda, ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməli, iddiaçıya həmin tələb üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında qanunamüvafiq qaydada tərtib edilmiş iddia ərizəsi ilə aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 41-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə ümumi qaydada verilir. Azərbaycan Respublikasının MPM-nin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 284-1 – 284-3-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Nagiev Orudja qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizə və ona əlavə edilən sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : F. HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar