Məhkəmə qərarları › İş №e-2(5-104)-611/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-611/2026

18.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-611/2026 18.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1375 manat məbləğində sığorta ödənişinin əvəzinin, 33,75 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində ** UM *** dövlət qeydiyyat nişanlı “QAZ 3102” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh2 idarə etdiyi ** UM *** dövlət qeydiyyat nişanlı “QAZ 3102” markalı həmin avtonəqliyyat vasitəsi ilə ** XR *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərara əsasən ** UM *** dövlət qeydiyyat nişanlı “QAZ 3102” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 800 manat məbləğində cərimə olunmuşdur. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. Cavabdeh2 Şamaxı rayon Polis şöbəsinə verdiyi xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o, avtomobili idarə edərkən spirtli içki qəbul etdiyini etiraf etmişdir. Bununla yanaşı, xx.xx.2020-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında da Cavabdeh2 sərxoş olması öz təsdiqini tapmışdır. ** XR *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Yolnəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilindiyi üçün ** XR *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2020ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1375 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 1375 manat məbləğində sığorta ödənişi zərərçəkənin şəxsin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Ona görə də iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikasının MPM-nin 284- 5.1 və 284-5.2-ci maddələrinə əsasən onlara göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında TP ******* saylı qərarın surətindən görünür ki, “QAZ 3102” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 107512 saylı, xx.xx.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətindən görünür ki, “VAZ 21074” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1375 manat miqdarında qiymətləndirilmişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “QAZ 3102” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı təşkilat tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. İş materiallarında olan ödəniş sənədlərinin surətlərindən görünür ki, zərərçəkmiş tərəfə 1375 manat miqdarında sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 3102” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın, tibbi müayinə rəyinin, cavabdehlərin izahatlarının surətlərindən aydın olur ki, hadisə günü “QAZ 3102” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 etibarnaməsi olmadan, sərxoş vəziyyətdə idarə etmişdir, bu barədə cavabdeh mülkiyyətçinin də məlumatı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh2 avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, digər cavabdeh isə bundan məlumatlı olmaqla özünə məxsus avtomobilin onun sahibliyindən digər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində çıxması barədə hər hansı sübut təqdim etmədiyindən, iddiaçının cavabdehlərə qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1375 (min üç yüz yetmiş beş) manat məbləğində sığorta ödənişinin əvəzi, 33,75 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar