Məhkəmə qərarları › İş №e-2(5-105)-31/2026

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-105)-31/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(5-105)-31/2026 04.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 8.600 manat əsas, 1.055,55 manat faiz borcu olmaqla, cəmi 9.655,55 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 116,96 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60 faiz ödəmək şərtilə 8.600 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu Müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 22 dekabr 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 8.600 manat əsas, 1.055,55 manat faiz borcu olmaqla, cəmi 9.655,55 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, "xxxx" KB ASC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 8.600 manat əsas, 1.055,55 manat faiz borcu olmaqla, cəmi 9.655,55 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 116,96 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, məhkəmə bildirişi poçt zərfinə “ünvan tam deyil” qeyd edilməklə geri qaytarılmışdır. Cavabdeh faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 29 dekabr 2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertadan və 25 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021 tarixli ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razılaşmışdır. Bütün öhdəliklərini vaxtlı-vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəyini öhdəsinə götürmüşdür. Ona azərbaycan manatında cari və depozit hesabının açılmasının təmin edilməsini xahiş etmişdir. Ona 62 təqvim gününədək güzəşt müddəti olan və mobil tətbiqində göstərilən məbləğdə və müddətə kredit xətti ayırılmasını xahiş etmişdir. Kredit xətti üzrə digər şərtləri ümumi ofertada qeyd edildiyi kimi qəbul etmişdir. Bildirişin və yol qaiməsinin surətindən görünür ki, "xxxx" KB ASC kredit müqaviləsi üzrə olan bütün borc məbləğini 5 iş günü müddətində ödəməyi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar etmişdir. "xxxx" KB ASC tərəfindən verilmiş 22 dekabr 2025-ci il tarixli, UB- BANK/PİKMD/1326981 №-li arayışdan görünür ki, Cavabdeh AGİD**********0 saylı kredit müqaviləsi üzrə 22 dekabr 2025-ci il tarixinə 8.600 manat əsas, 1.055,55 manat faiz, cəmi 9.655,55 manat borcu vardır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 116,56 manat dövlət rüsumu və həmin dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 8.600 manat əsas, 1.055,55 manat faiz, cəmi 9.655,55 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8.600 (səkkiz min altı yüz) manat əsas kredit borcu və 1.055,55 (bir min əlli beş manat, əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 9.655,55 (doqquz min altı yüz əlli beş manat, əlli beş qəpik) manat borc və dövlət rüsumu üçün ödənilmiş 116,96 (yüz on altı manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8.600 (səkkiz min altı yüz) manat əsas kredit borcu və 1.055,55 (bir min əlli beş manat, əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 9.655,55 (doqquz min altı yüz əlli beş manat, əlli beş qəpik) manat borc və dövlət rüsumu üçün ödənilmiş 116,96 (yüz on altı manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: F.Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar