Məhkəmə qərarları › İş №e-2(5-105)-364/2026

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-105)-364/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(5-105)-364/2026 04.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: borc müqaviləsi, pul) Giriş hissə: X1 Muxtar oğlunun sədrliyi ilə, iddiaçı « A+CO » ASC-nin Cavabdeh qarşı borcun tutulmasına tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı ASC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1526,73 manat əsas borc, 300 manat dəbbə pulu və 38,27 manat dövlət rüsumu olmaqla cəmi 1865 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən,borclu tələbkara cəmi 1658,73 manat borcunun olduğunu etiraf edir.Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2025-ci il tarixinə qədər 1658,73 manat-ı hissə hissə xx.xx.2024-cü il tarixindən başlayaraq 10 ay müddətində hər ay 165,87 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3. maddəsinə əsasən, borclu Cavabdeh borcun ödənişinin hər gecikdirilən günü üçün qalıq borcun 0.2%-i həcmində dəbbə pulu ödəməlidir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin verilməsində gecikmələr olduğundan xx.xx.2025-ci ildən bu günə kimi hər hansı bir ödəniş olunmadığı üçün 300 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə Cavabdeh Cəmiyyətə 1526,73 manat əsas borc, 05 iyul 2025-ci ildən 14 oktyabr 2025-ci ilə qədər 300 manat dəbbə pulu olmaqla cəmi 1823,73 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. b) iddiaya etiraz

3. MPM-nin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024 -cü il tarixli “Mövcud borcun etirafı haqqında” müqavilədən görünür ki, Cavabdeh İddiaçı AS-yə 1658.73 manat borcunun olduğunu etiraf etmiş və borc məbləğini xx.xx.2025-ci il tarixinə qədər tam olaraq ödəməyi öhdəsinə götürmüşdür.

5. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir.

6. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 1826.73 manat borcu mövcuddur.

b) tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər MM ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 882.1 Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

c) məhkəmə baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

10. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.

11. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

12. Belə ki, borcun əsası olan borcun etirafı haqqında müqaviləsi, müqaviləyə əlavə ərizə, akt və maliyyə arayışından görünür ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən borclu 1658,73 manat məbləğində borcu ödəməsini öhdəsinə götürür .

13. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 1526.73 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

14. Həmçinin, iddiaçı tərəfindən müqavilə üzrə 300 manat cərimə borcu hesablanmışdır. Məhkəmə cərimə məbləğinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.

15. Belə ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).

16. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 300 manat dəbbə pulunun məbləğinin azaldılaraq 30 manat müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır.

17. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 38,27 manat məbləğdə dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 35,57 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi yuxarıda müzakirə olunan qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə hissəsi:

20. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1526.73 manat əsas borc, 30 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,57 manat olmaqla, cəmi 1592,3 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Məhəmməd Eminbəyli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar