Məhkəmə qərarları › İş №e-2(5-105)-406/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-105)-406/2026

30.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(5-105)-406/2026 30.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Əyyubov Fərid İlham oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişi məbləğinin tutulması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sığorta ödənişi məbləğinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.165,26 manat sığorta ödənişi məbləğinin və 101,65 manat dövlət rüsumunun, cəmi 8.266,91 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2026-cı il tarixdə vəfat etmişdir. İş materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi Cavabdeh iddiaçı "xxxx" ASC xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2026-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir; 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur; 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır; 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, bununla da Cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, mövcud iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və iddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə onun vərəsələrinə qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 114.1.2-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edildiyindən iddiaçı "xxxx" ASC-nin xx.xx.2026-cı il tarixdə ********** saylı qəbz vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 101,65 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-yə qaytarılsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişi məbləğinin tutulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC-yə Cavabdeh vərəsələri olduğu təqdirdə onun vərəsələrinə qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı "xxxx" ASC-nin xx.xx.2026-cı il tarixdə ********** saylı qəbz vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 101,65 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-yə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: F.Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar