Məhkəmə qərarları › İş №e-2(5-112)-63/2026

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-112)-63/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(5-112)-63/2026 02.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı, İddiaçı "xxxx" X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X1-Bank Kredit Təşkilatı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1215.00 AZN, faiz borcuna görə 210.00 AZN, cərimə borcuna görə 50.25 AZN, cəmi 1475.25 (bir min dörd yüz yetmiş beş manat iyirmi beş manat) AZN məbləğində borcun və 34.76 manat məbləğində manat manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********3841 saylı kredit müqaviləsinə əsasən borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26.00 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1500.00 (bir min beş yüz) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 102 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 1215.00 AZN, faiz borcuna görə 210.00 AZN, cərimə borcuna görə 50.25 AZN, cəmi 1475.25 (bir min dörd yüz yetmiş beş manat iyirmi beş manat) AZN təşkil edir. Qeyd edilmişdir ki, mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün bank tərəfindən cavabdehə Pretenziya məktubu göndərilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin XXİİİ-İ-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizənin sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdeh xx.xx.2026-cı il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli **********3841 saylı nömrəli kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı kredit alan Cavabdeh ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26.00 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1500.00 (bir min beş yüz) AZN məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti, faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən Kredit Alan Kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlıvaxtında yerinə yetirmədiyi və Ödəniş Cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, Kredit Alan Kredit Verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1% məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, Kredit Verən və Kredit Alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli kredit kartının mədaxil aktından görünür ki, Cavabdeh kredit məbləğinin, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında ona təqdim edildiyini imzalamaqla təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli **********3841 nömrəli kredit müqaviləsi üzrə 1215.00 manat əsas borc, 210 manat faiz borcu, 50.25 manat cərimə borcu olmaqla, cəmi 1475.25 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, kredit müqavilələrinə əsasən Cavabdeh ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26.00 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1500.00 AZN məbləğində kredit verilmişdir, lakin o, aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun ödəməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı 8 manat həcmində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ona mütənasib dövlət rüsumu cavabdehdən tutulub iddiaçının xeyrinə ödənməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh **********3841 nömrəli kredit müqaviləsi üzrə 1215 AZN əsas borc, 210 AZN faiz borcu, 8 AZN cərimə borcu olmaqla, cəmi 1433 AZN məbləğində borc və 34.33 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" X1-Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh **********3841 nömrəli kredit müqaviləsi üzrə 1215 AZN əsas borc, 210 AZN faiz borcu, 8 AZN cərimə borcu olmaqla, cəmi 1433 AZN məbləğində borc və 34.33 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" X1-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar