Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(5-115)-76/2026 25.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X4 məhkəmə-iclas katibliyi ilə, İddiaçı X5 Cəmiyyətinin cavabdeh X2 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cəmiyyəti cavabdeh X2 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İddiaçı X5 Cəmiyyətinin “Şirvan” filialı ilə cavabdeh X2 oğlu arasında bağlanmış 26 sentyabr 2024 il tarixli, RB/SHF-7789/1 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16 % olmaqla 36 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. 26 sentyabr 2024 il tarixli, RB/SHF-7789/1 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 26 sentyabr 2024 il tarixli RB/SHF-7789/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 42982,55 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 2612,18 manat məbləğində faiz borcu və 0 manat məbləğində dəbbə borcu, cəmi 45594,73 manat təşkil edir. 26 sentyabr 2024 il tarixli RB/SHF-7789/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin üsulu kimi tam mülkiyyət hüququ ilə X1 məxsus Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0,13 ha torpaq sahəsi və onun üzərində yerləşən 169 saylı fərdi yaşayış evi 04 dekabr 2024 il tarixli RB/SHF-7789 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı X5 Cəmiyyəti qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 26 sentyabr 2024 il tarixli, RB/SHF-7789/1 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəmə yönəldə bilər”. Eyni zamanda həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərinin ödənmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Göstərilnləri nəzərə alaraq cavabdehlər X2 və Cavabdeh2 İddiaçı X5 Cəmiyyətinin xeyrinə 26 sentyabr 2024 il tarixli, RB/SHF-7789/1 saylı kredit müqaviləsi üzrə 42982,55 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 2612,18 manat məbləğində faiz borcu və 0 manat məbləğində dəbbə borcu, cəmi 45594,73 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51,4 manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 227 manat məbləğində pul vəsaitinin tutulması, tələbin tam təmin edilməsi məqsədilə X1 məxsus Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində yerləşən 0,13 ha torpaq sahəsinə və onun üzərində yerləşən 169 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 26 sentyabr 2024 il tarixli RB/SHF-7789/1 saylı kredit müqaviləsi üzrə cəmi 45594,73 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51,4 manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 227 manat məbləğində pulun İddiaçı X5 Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 26sentyabr 2024-cü il tarixli RB/SHF-7789/1 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 tutulması barədə qətnamə qəbul olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmənin 25 fevral 2026-cı il tarixli iclası barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq iştirak etməmişdirlər. Belə ki, iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə etdiyini bildirərək, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi ilə bağlı əvvəlcədən məhkəməyə telefon vasitəsilə bildirərək işə onun iştirakı olmadan baxılması və irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığını və gəlməmənin səbəblərini üzürsüz hesab etdiyi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür; 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarı. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə iddia ərizəsinə və mülki iş materiallarına əlavə edilmiş sənədlərə əsasən hesab edir ki, hazırki iddia tələbi sahibkarlıq fəaliyyətindən irəli gəlir. İddia tələbinin ümumi və yaxud kommersiya məhkəmələrində baxılmalı olması ilə bağlı qeyd etmək lazımdır ki, bu tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, mübahisənin xarakterindən irəli gəlir. Yuxarıda qeyd edilən mülki prosessual qanunvercilik normalarının məzmunundan da göründüyü kimi mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Hazırkı işin hallarından görünür ki, həm iddiaçı, həm də cavabdehlər vergi ödəyiciləri kimi dövlət qeydiyyatına alınmışlar və onlar sahibkar statusuna malikdir. Məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini yoxlamalıdır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyd edilən hər üç xüsusiyyət eyni zamanda yoxlanmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs olmaqla bank fəaliyyətini həyata keçirən sahibkarlıq subyektidir. Cavabdehlər X2 və Cavabdeh2 isə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış şəxslərdir. Mübahisənin predmeti tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlıdır. Kredit müqaviləsinin təyinatı isə dövriyyə vəsaitinin artırılması ilə əlaqədardır ki, bu da sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquq münasibətlərindən irəli gələn mübahisə olduğunu göstərir. Buna görə də, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri birlikdə qiymətləndirildikdə, hazırkı mübahisənin kommersiya xarakterli olması nəticəsinə gəlinir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 13-cü bəndində qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Mülki işin materiallarından müəyyən edilir ki, irəli sürülmüş tələb üzrə mübahisə iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi, yazılı olaraq bağlanmış “kredit müqaviləsi” ilə bağlıdır. Həmin kreditin təyinatını “dövriyyə vəsaitinin artırılması” təşkil edir. Məhkəmə qeyd edir ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, İddiaçı X5 Cəmiyyəti (VÖEN **********), eləcə də cavabdeh X2 (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarın 20-cı bəndində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyət qaydalarına uyğun olaraq Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: İddiaçı X5 Cəmiyyətinin cavabdeh X2 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbi” barədə 2(5-115)-76/2026 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(5-115)-76/2026
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-115)-76/2026
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver