Məhkəmə qərarları › İş №e-2(5-117)-1/2026

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-117)-1/2026

13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(5-117)-1/2026 13.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızı, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 2220.76 (iki min iki yüz iyirmi manat 76 qəpik) manat maddi zərər məbləğinin, 42.21 (qırx iki manat 21 qəpik) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 2263.37 (iki min iki yüz altmış üç manat 37 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMCnin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində **-OO-*** DQN-lı “Hyundai Elantra minik” markalı avtomobilin sürücüsü cavabdeh Hüseynov X1 rayonu Biləcəri yolu ilə hərəkətdə olarkən Biləcəri dairəsi yaxınlığında yol hərəkəti qaydalarını pozaraq xüsusi təyin edilmiş avtobus zolağı ilə eyni istiqamətdə hərəkət edən İddiaçı MMC-yə məxsus **-JH-*** DQN-lı “Neoplan Cityliner avtobus” markalı avtobusla toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. YNH-si barədə Cəmiyyətimizin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhəri DYPİ-nin polis kiçik leytenantı X3 tərəfindən araşdırılmış, tərəflərin izahatları alınmış və inspektorun araşdırması nəticəsində Cavabdeh əməlində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əksini tapdığından barəsində xx.xx.2025-ci il tarixli TP7209493 nömrəli İnzibati tənbeh vermə haqqında Qərar verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 5 (beş) gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli Zərər Aktına əsasən **-JH-*** DQN-lı avtobusa 2220.76 (iki min iki yüz iyirmi manat 76 qəpik) manat maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-OO-*** DQN-lı “Hyundai Elantra minik” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından **-JH-*** DQN-lı avtobusa dəymiş 2220.76 (iki min iki yüz iyirmi manat 76 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir təşəbbüs göstərilməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Neoplan Cityliner avtobus” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobus İddiaçınə məxsusdur; - Bakı şəhər DYPİ-nin İnzibati Xətalar Məcəlləsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh “Hyundai Elantra minik” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Neoplan Cityliner avtobus” markalı **- JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmaqla törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir; - "xxxx" MMC Servis Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli Zərər Aktına əsasən **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa 2220.76 (iki min iki yüz iyirmi manat 76 qəpik) manat maddi zərər dəymişdir; - İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanması haqqında sorğu məlumatın dan görünür ki, **-OO-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası olması barədə məlumat aşkar edilməmişdir; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixində Cavabdeh “Hyundai Elantra minik” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri ərazisində idarə edərkən İddiaçınə məxsus olan “Neoplan Cityliner avtobus” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Neoplan Cityliner avtobus” markalı **-JH- *** dövlət qeydiyyat nişanlı avtobusa 2220,76 maddi zərər vurmuşdur. Qeyd olunan yol nəqliyyat hadisəsi ilə bağlı tərtib olunan Bakı şəhər DYPİ-nin TP ******* saylı qərarına əsasən “Hyundai Elantra minik” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hüseynov X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə təqsirli bilinmişdir. Ona görə də, İddiaçı Cavabdeh 2220,76 manat vurulmuş zərərin, 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınaraq iddiaçının hesabına köçürülməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək Cavabdeh 2220,76 manat məbləğində vurulmuş zərər və dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 43,40 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2220,76 manat məbləğində vurulmuş zərər və dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 43,40 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar