Məhkəmə qərarları › İş №e-2(5-117)-140/2026

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-117)-140/2026

02.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(5-117)-140/2026 02.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2644.89 manat, vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinə əsasən “administrator” vəzifəsinə təyin olunmuş, onunla “X3 haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2024-cü il tarixli 132-x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin 5.1-ci bəndinə əsasən bu Əmək Müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış X3 haqqında Müqavilənin 1-ci bəndinə əsasən, maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 3.3-cü bəndinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Əmək Müqaviləsinin tərkib hissəsi olan X1 1.1-ci bəndinə əsasən administrator anbarın, satış zalının əskiksiz olmasına nəzarət etməlidir; 2.6-cı bəndinə əsasən tabeliyində çalışan əməkdaşlardan vəzifə funksiyalarının icra edilməsini, Cəmiyyətin prosedur və qaydalarına əməl edilməsini tələb etməlidir; 3.2-ci bəndinə əsasən sayım zamanı əskik gələn məhsullara görə məsuliyyət daşımalıdır; 3.6-cı bəndinə əsasən əmək qanunvericiliyi və vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və lazımi səviyyədə icra edilməməsinə görə məsuliyyət daşımalıdır; 3.8-ci bəndinə əsasən maddiməsuliyyət müqaviləsi çərçivəsində öhdəsində olan vəsaitlərə görə məsuliyyət daşımalıdır. İnventarizasiya yoxlaması üzrə: İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, əmək müqaviləsindən göründüyü kimi, “Oba–Göytəpə 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2024-cü il (4975.84 manat) –tarixi üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 4975.84 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi (İltizamnamənin ikinci vərəqəsinin yuxarı hissəsi “Təhvil verən mağaza müdirinin (maddi məsul şəxs) xüsusi qeydləri”ndə), cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılan çəki və miqdarları qarşılaşdırma vasitəsilə yoxlamış, əskik verən mallarla tanış olmuş, sayımdan heç bir narazılığı olmamışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış “X3 haqqında Müqavilə”nin 3.3-cü bəndinə müvafiq olaraq İmtina Aktını tərtib etmişlər. Cəmiyyətin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 2644.89 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan; - 28.10.2024-cü il tarixli Xəbərdarlıqdan və xəbərdarlığın çatdırılmasını təsdiq edən qaimədən görünür ki, Cavabdeh İddiaçı MMC-də işlədiyi dövr ərzində müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış 2644,69 manat əskikgəlmə aşkar edilmişdir. Buna görədə 3 gün müddətində qeyd olunan borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçirilməsi barədə xəbərdar edilmişdir; - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil- təslim işlərinin nəticəsi olaraq hesabına xx.xx.2024-cü il tarixində 4975,84 manat çatışmazlığı müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsi qarşılaşdırıldığından üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 2644,89 manat müəyyən olunmuşdur; - 02.10.2024-cü il tarixli 1201 saylı “Təbii itki normalarının tətbiqi haqqında” əmrdən görünür ki, təbii itki norması satış dövriyyəsinin 0.39 faizi kimi müəyyən edilmişdir; - 24.12.2025-ci il tarixli, MŞB/11/2025-02143 saylı Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı medisiya sessiyasında iştirak edərək 60 manat mediasiyaya dair xərci ödəmişdir; - “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli 2171 saylı əmrdən görünür ki, Oba-Göytəpə 3 (714) mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlamasını aparmaq məqsədi ilə işçi qrupu yaradılıb. İşçi qrupuna təyin edilən filialı üzrə maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanmasını həyata keçirmək, inventarizasiyanın nəticələrini maddi məsul şəxslərin bilavasitə iştirakı ilə aktlaşdırmaq tapşırılmışdır; - “növbədənkənar inventarizasiya nəticələrinə dair yekun Akt”dan görünür ki, xx.xx.2024-cü il tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış, nəticədə 4975,84 manat məbləğində əksikgəlmə hesablanmışdır. Maddi məsul şəxs Cavabdeh həmin aktı imzalamışdır; - xx.xx.2024-cü il tarixli Cavabdeh İddiaçı MMC-nin inventarizasiya komissiyasına İltizamnamədən görünür ki, o, inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişdir. Cavabdeh iltizamnaməyə imza çəkib, sayımda iştirak etdiyini, sayımla bağlı narazılığının olmadığını qeyd etmişdir; - xx.xx.2022-ci il tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir; - İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 132-x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2022-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış X3 haqqında müqavilədən görünür ki, cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunmuşdur. Müqavilənin 1-ci bəndindən görünür ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür; Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdehin əmək müqaviləsinə dəyişiklik edilib, o, həmin mağazada administrator vəzifəsinə keçirilib və “X3 haqqında” müqavilə imzalamışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2024-cü il üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə ümumilikdə 4975,84 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 2644,89 nanat təşkil etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci maddəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsində çalışarkən maddi sərvətlərin saxlanılması və satışı ilə bağlı işlər görmüş, əmək funksiyalarının xarakteri ilə əlaqədar “X3 haqqında” müqaviləni imzalamaqla, ona təhkim olunmuş mallara görə məsuliyyəti öz üzərinə götürmüşdür. X3 barədə müqavilə bağlandığı halda işçi dəymiş ziyana görə tam həcmdə, yəni faktiki vurulmuş zərərə görə məsuliyyət daşıyır. İnventarizasiyanın nəticələrinə dair aktlardan görünür ki, yoxlama zamanı mallar siyahıya alınmış, uçot göstəriciləri ilə faktiki göstəricilər üzləşdirilməklə əksikgəlmə hesablanmışdır. Cavabdehdən sonda tələb edilən məbləğ aşınma normaları tətbiq edilməklə hesablanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən əmək qanunvericiliyin normalarına əməl edilib, maddi ziyan tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. İddiaçı cavabdehə xəbərdarlıq göndərməklə vurulmuş ziyan nəticəsində yaranmış 2644,89 manat borc məbləğinin ödənilməsini tələb etmiş, yəni pretenziya qaydalarına riayət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci hissəsinə görə, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinin 1-ci hissəsinə görə, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192-ci maddəsinin 2-ci hissəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; 200-cü maddəsinin 1-ci hissəsinə görə, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 200-cü maddəsinin 5-ci hissəsinə görə, X3 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci hissəsinə görə, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 202-ci maddəsinin 2-ci hissəsinə görə, işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 203-cü maddəsinin 1-ci hissəsinə görə, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 203-cü maddəsinin 2-ci hissəsinə görə, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 205-ci maddəsinin 2-ci hissəsinə görə, əgər ziyan işçi tərəfindən X3 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərərin vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2644,89 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2644,89 (iki min altı yüz qırx dörd manat, səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar