Məhkəmə qərarları › İş №e-2(5-123)-107/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-107/2026

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-107/2026 13.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 500 (beş yüz) manat məbləğində əsas borcun, 45 (qırx beş) manat məbləğində faiz borcunun, 98,2 (doxsan səkkiz manat iyirmi qəpik) manat məbləğində komissiya haqqının və 352,5 (üç yüz əlli iki manat əlli qəpik) manat məbləğində cərimə borcunun olmaqla, ümumilikdə 995,7 (doqquz yüz doxsan beş manat yetmiş qəpik) manat kredit borcunun, habelə iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən yüksək məbləğdə cərimə borcu hesablandığını bildirmiş və bu səbəbdən cərimə borcunun və komissiya haqqının tutulmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı BOKT MMCnin nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, tərəflərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur və buna görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. İş materiallarından əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər:

1. xx.xx.2025-ci il tarixli, **********003 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 30 gün müddətinə, illik 60,85 faiz dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-yə xx.xx.2025-ci il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə 500 (beş yüz) manat məbləğində əsas borc, 45 (qırx beş) manat məbləğində faiz borcu, 98,2 (doxsan səkkiz manat iyirmi qəpik) manat məbləğində komissiya haqqı və 352,5 (üç yüz əlli iki manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 995,7 (doqquz yüz doxsan beş manat yetmiş qəpik) manat kredit borcu vardır.

3. İş materiallarına əlavə edilmiş məktubdan görünür ki, xx.xx.2026-cı il tarixdə Cavabdeh borcunu müəyyən edilmiş müddətdə ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa.

Məhkəmənin hüquqi qiymətləndirməsi:

İş materiallarından müəyyən olunur ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, **********003 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 30 gün müddətinə, illik 60,85 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan sübutlardan və maliyyə arayışından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə onun iddiaçı qarşısında borcu yaranmışdır. Bununla yanaşı cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən yüksək məbləğdə cərimə hesablandığını bildirmiş və cərimə borcunun, eləcə də komissiya haqqının tutulmamasını xahiş etmişdir. Məhkəmə işin hallarını, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, cavabdehin etirazlarını və təqdim olunmuş sübutları birlikdə qiymətləndirərək hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu və faiz borcu iddiaçı qarşısında mövcuddur və həmin məbləğin tutulması əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcu işin hallarına münasibətdə yüksək məbləğ təşkil edir və bu səbəbdən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən onun azaldılması məqsədəuyğundur. Cərimə məbləği əsas borcun həcmi, gecikmənin müddəti və kreditorun real zərəri ilə müqayisədə proporsionallıq prinsipinə uyğun qiymətləndirilməlidir. İddiaçı BOKT MMC-nin cavabdehdən müqavilə üzrə 352.5 manat məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 30 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh 500 (beş yüz) manat məbləğində əsas borcun, 45 (qırx beş) manat məbləğində faiz borcunun, 98,2 (doxsan səkkiz manat iyirmi qəpik) manat məbləğində komissiya haqqının və 30 (otuz) manat məbləğində cərimənin olmaqla, ümumilikdə 673,2 (altı yüz yetmiş üç manat iyirmi qəpik) manat məbləğində kredit borcunun, habelə iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində əsas borcun, 45 (qırx beş) manat məbləğində faiz borcunun, 98,2 (doxsan səkkiz manat iyirmi qəpik) manat məbləğində komissiya haqqının və 30 (otuz) manat məbləğində cərimənin olmaqla, ümumilikdə 673,2 (altı yüz yetmiş üç manat iyirmi qəpik) manat kredit borcunun, habelə iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi qərara alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikasının “Elektron məhkəmə” informasiya sistemi üzərindən yaradılmış elektron kabinetdən istifadə etməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar