Məhkəmə qərarları › İş №e-2(5-123)-137/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-137/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-137/2026 19.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 400 manat əsas borc, 41.25 manat faiz borcu, 91.7 manat komissiya haqqı və 217.25 manat cərimə borcu olmaqla, ümumilikdə 750.2 manat kredit borcunun, habelə 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı tələbinin əsası kimi göstərmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə **********002 nömrəli mikrokredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 30 gün müddətinə, illik 60,85 faiz dərəcəsi ilə 400 manat məbləğində kredit verilmişdir. İddiaçı bildirmişdir ki, müqavilə üzrə ödəniş cədvəlinə, hesabdan çıxarışa və borc barədə arayışa əsasən cavabdeh tərəfindən kredit öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, kreditin və hesablanmış faizlərin ödənilməsində gecikmələrə yol verilmişdir. İddiaçı həmçinin göstərmişdir ki, kredit məbləği cavabdehin hesabına köçürüldükdən sonra müqavilə üzrə ödənişlərin vaxtında və tam həcmdə həyata keçirilməməsi nəticəsində borc yaranmışdır. Cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsi səbəbindən iddiaçı məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə iddia tələbinə dair əsaslandırılmış etirazın və onu təsdiq edən sübutların təqdim edilməsi barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh tərəfindən yazılı etiraz və ya hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən təqdim olunmuş sübutlar Azərbaycan Respublikası MPM-in sübutlara dair müddəalarına uyğun olaraq hərtərəfli, tam və obyektiv qiymətləndirilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixdə **********002 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 30 gün müddətinə, illik 60,85% faiz dərəcəsi ilə 400 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən cavabdehin 400 manat əsas borc, 41.25 manat faiz borcu, 91.7 manat komissiya borcu və 217.25 manat cərimə borcu olmaqla ümumilikdə 750.2 manat borcu mövcuddur. Məhkəmə müəyyən edir ki, tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər mövcud olmuş, kredit məbləği cavabdehin istifadəsinə verilmiş və cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdeh borcun ödənilməsi barədə sübut təqdim etmədiyindən əsas borc və müqavilə üzrə hesablanmış faiz borcu iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə yerinə yetirməmişdir. Buna görə də müqavilə üzrə cavabdehin ödəmədiyi əsas borc və faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Cərimə məbləği əsas borcun həcmi, gecikmənin müddəti və kreditorun real zərəri ilə müqayisədə proporsionallıq prinsipinə uyğun qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC-nin cavabdehdən müqavilə üzrə 217.25 manat məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 40 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh 400 manat əsas borc, 41.25 manat faiz borcu, 91.7 manat komissiya haqqı, 40 manat cərimə borcu olmaqla, ümumilikdə 572.95 manat məbləğində kredit borcu, habelə 30 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 400 manat əsas borc, 41.25 manat faiz borcu, 91.7 manat komissiya haqqı, 40 manat cərimə borcu olmaqla, ümumilikdə 572.95 manat kredit borcu, habelə 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikasının “Elektron məhkəmə” informasiya sistemi üzərindən yaradılmış elektron kabinetdən istifadə etməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar